vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
21:27 | 19 iyun 2019 | Çərşənbə Məqaləyə 2179 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu seçkidə kim uddu, kim uduzdu?

İmamoğlu-İldırım debatında kim ziyanlı çıxdı

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə 17 illik fasilədən sonra siyasi rəqiblər arasında seçkiqabağı debat baş tutdu. Sonuncu debat 2002-ci il parlament seçkiləri öncəsi Ədalət və İnkişaf Partiyasının (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) liderləri Rəcəb Tayyib Ərdoğan və Dəniz Baykal arasında olmuşdu. Hər iki partiya o zaman müxalifətdə idi. Seçkidə AKP qalib gəldi, CHP isə ikinci oldu və ana müxalifət funksiyasını üzərinə götürdü.

AKP iqtidarı dönəmində debat praktikasına son qoyuldu, hər seçkidən əvvəl müxalifət liderlərinin bu barədə çağırışları iqtidar tərəfindən rədd edilirdi. Səbəb bu idi ki, Ərdoğan bütün sorğularda böyük fərqlə öndə olduğunu bilirdi və çox rahat idi, debata ehtiyac duymurdu. 31 mart bələdiyyə seçkiləri öncəsi də debata ehtiyac hiss etmədilər, baxmayaraq ki, müxalifətin böyük şəhərlərdə gücünü artırdığı, hətta böyük ehtimalla paytaxt Ankaranı qazanacağı bəlli olmuşdu. Görünür, iqtidar cəhbəsi Ankaranın itirilməsini mövcud iqtisadi böhran şəraitində nisbətən məqbul və həzm edilə biləcək itki kimi qəbul etdi. İstanbuldakı seçki kampaniyasına isə AKP özgüvəni çox yüksək şəkildə başlamışdı, çünki namizəd partiyanın və dövlətin ikinci adamı, ölkənin ən tanınmış siyasətçilərinin ilk üçlüyünə daxil olan şəxs idi. Rəqib isə nəinki ölkə və şəhər miqyasında, hətta öz partiyasının daxilində belə lazımi səviyyədə tanınmırdı. Əkrəm İmamoğlunun namizədliyi açıqlanarkən bir çox CHP üzvü və tərəfdarı sosial mediada buna dodaq büzdü, niyə Muharrem İncənin namizədliyi verilmədi deyə partiyanın rəhbərliyi tənqid olundu. Keçirilən ilk rəy sorğuları da göstərdi ki, İmamoğlunun xalq arasındakı tanınma səviyyəsi cəmi 16 faiz təşkil edir və Binəli İldırım öz reytinqinə görə onu 15% qabaqlayır. Bu fərqi qapatmaq qeyri-mümkün görünürdü. Ona görə də Ə.İmamoğlunun debat çağırışları cavabsız qaldı, B.İldırım isə aktiv kampaniya aparmağa lüzum görmədi. 31 mart gecəsi və ondan sonra baş verənlər hər kəsin yaddaşındadır: İstanbulun periferik rayonunda (Bəylikdüzü şəhər mərkəzi sayılan Taksimdən 43 km uzaqdadır) bələdiyyə başqanı olan və ilin əvvəlində kimsənin tanımadığı sıradan bir siyasətçinin ulduzu parlamağa başladı. O, ölkənin ən böyük şəhərində 25 ildən bəri kök atmış və 17 ildir ölkə üzrə iqtidarı əlində saxlayan gücün dayaqlarını laxlatdı və lokal miqyaslı siyasətçidən Türkiyə miqyaslı siyasi liderə çevrildi.

Sözü uzatmadan qeyd edim ki, B.İldırımı debata çıxmağa sövq edən əsas faktor hakimiyyətin geriləmə trendinə girməsi və rəqibin önə keçməsi ilə bağlıdır. İkinci səbəb isə budur ki, ölkə rəhbərliyi 23 iyun seçkilərinin ölkə daxilində və beynəlxalq çevrələrdə onlara etimad referendumu kimi qəbul olunmasını əngəlləmək istəyir, çalışır ki, uğursuzluq halında uduzanın Tayyib Ərdoğan yox, yalnız Binəli İldırımın özü olduğu qənaəti hasil olsun. Prezidentin “seçkidə sadəcə bir bələdiyyə başqanı seçiləcək, nəticəyə hörmət göstərilməsi şərtdir” sözləri də özünü bu yarışdan kənara çəkmək və şəhər miqyasında partiyalararası mübarizənin fövqündə göstərmək cəhdi idi. Halbuki 31 martdan sonra Ərdoğanın İstanbul seçkiləri ilə bağlı mövqeyi, müttəfiqi Dövlət Bahçeli ilə birlikdə YSK üzərində qurduğu basqı və nəticələri ləğv etdirməsi, həmçinin iqtidar mediasının İmamoğlu əleyhinə indiyədək Türkiyədə misli görünməmiş miqyasda apardığı əks-təbliğat bunun heç də belə olmadığını göstərir. Ölkə iqtisadiyyatının bel sütununu təşkil edən, ÜDM-in üçdə birini verən, şəxsən Ərdoğan üçün siyasi və mənəvi əhəmiyyəti böyük olan (“İstanbulu qazanan bütün Türkiyəni qazanar”) bu meqapolisin itirilməsini həzm edə bilmədilər. Ona görə də, bu mərhələdən sonra İstanbuldakı yarışı “sadəcə bir bələdiyyə seçkiləri” səviyyəsində lokallaşdırmağı ictimaiyyətə və dünyaya qəbul etdirmək mümkün deyil. Qələbə Ərdoğanın qələbəsi, məğlubiyyət isə Ərdoğanın məğlubiyyəti kimi qiymətləndiriləcək.

Debata qayıdaq. Qərbdən əxz olunmuş bu siyasi mədəniyyət praktikasına 17 ildir fasilə verildiyini yuxarıda qeyd etdik. Bu amilin debatın sönük keçməsində (bu, həm Türkiyədə, həm də Azərbaycandakı izləyicilərin ortaq rəyidir) xüsusi rol oynadığını düşünürəm. Hətta dekorasiyanın primitivliyi 90-cı illərin telestudiyalarını xatırladırdı. Debatın təşkilində moderator və onun çalışdığı media qurumu deyil, partiyalar (AKP və CHP) söz sahibi oldular. Hətta onlar məsələnin texniki tərəfləri ilə bağlı 1 səhifəlik razılaşma da imzaladılar. Türkiyəli köçə yazarlarından biri haqlı olaraq bildirmişdi ki, bu razılaşmanın hüquqi əsası nədən ibarətdir, tutaq ki, tərəflərdən biri buna əməl etməsə, cəzası nə olacaq, bəlkə təzminat-filan ödənəcək? Moderatora müstəqillik verilməmişdi və ölkədəki kəskin qütbləşmənin təsiri, sosial media linçinə məruz qalmağın qorxusu ilə İsmail Küçükkaya rəqib siyasətçilərdən daha stresli görünürdü. Müzakirəni sakit və problemsiz yola vermək onun üçün ictimaiyyəti maraqlandıran suallara cavab almağa, debatın canlılığını təmin etməyə çalışmaqdan daha prioritet vəzifə idi. Sonda tərəflərdən “moderatorluğumu necə qiymətləndirirsiniz” deyə soruşması, hətta B.İldırımdan israrla təşəkkür qoparması da bu sözlərimizi təsdiqləyir. Sönüklüyün digər səbəbi isə Əkrəm İmamoğlunun gərginliyin dozasını sürəkli ayarlamağa çalışmasından, ehtiyatlı ritorikasından irəli gəlirdi. AKP-nin 23 iyun seçkiləri ilə bağlı taktikası belədir: İmamoğlunun pozitiv kampaniyasını neqativə çevirmək (Ordu hava limanındakı kiçik insident bu məqsədlə şişirdildi) və məsələni AKP-CHP rəqabəti müstəvisinə çəkib, ötən seçki kampaniyalarında olduğu kimi, mühafizəkarları, bütün sağ spektri AKP ətrafında konsolidasiya etmək. B.İldırım debatda bu taktikaya uyğun davrandı və qarşı tərəfin müvazinətini pozmağa, onu radikal çıxışlara yönəldəcək gedişlər etdi. İmamoğlu bunu bildiyi üçün sərt cavablar verməkdən, birbaşa AKP-ni və prezident Ərdoğanı hədəf almaqdan yayındı. Məsələn, FETÖ mövzusunda müxalifətin deməyə çox sözü var, çünki 2012-ci ilə qədər ölkəni faktiki olaraq fətullahçılarla müttəfiqlik şəraitində idarə etdiyini AKP özü də inkar etmir, bu, faktdır. Şəxsən B.İldırım dəfələrlə fətullahçıların tədbirlərinə qatılıb, onların Türk dili olimpiadalarında çıxışlar edib, F.Gülənin qardaşının yas mərasimində öndə dayanıb və s… İmamoğlu bunları bildiyi halda, söyləmədi. B.İldırımın CHP-ni hədəf alan bəzi ittihamları da (məsələn, bələdiyyələrin tələbələrə burs verməsinin CHP tərəfindən əngəllənməsi) İmamoğlu tərəfindən cavabsız buraxıldı. Çünki sərt və aqressiv cavabların qarşı tərəfin əlinə oynamaqdan başqa hər hansı təsiri olmayacaqdı. İmamoğlunun öz tərəfdarlarını mobilizasiya etməyə, onların tələb və gözləntilərinə uyğun çıxışlar etməyə ehtiyacı yoxdur, bu insanlar onsuz da qərarını verib və İmamoğlunu dəstəkləyəcək. Əsas məqsəd AKP-nin üzv və tərəfdarlarının motivasiyasını aşağı salmaq və onların 23 iyun üçün səfərbər olmasına yol verməməkdir.

Şəxsi qənaətimə görə, debatda aşkar şəkildə udan və ya uduzan tərəf olmadı. B.İldırımın gözləntilərə uyğun, Ə.İmamoğlunun isə yuxarıda qeyd etdiyim səbəblərdən tərəfdarlarının gözləntilərindən bir az aşağı performans sərgilədiyini qeyd etmək olar. 23 iyun axşamı seçilən tərəfin qələbəsinin səbəbləri arasında debatın ən son sırada dayanacağını düşünürəm. Bugünkü qütbləşmiş Türkiyə reallığında bu tip diskussiyaların seçicilərin rəyinə ciddi və həlledici təsir göstərəcəyinə inanmaq doğru olmaz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)