vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ARAŞDIRMA  
13:02 | 12 iyun 2013 | Çərşənbə Məqaləyə 3529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Məni raykom katibi xilas etdi”

“Rus dili müəllimimizi qaçırdılar, müəllimsiz qaldıq”

lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

“Məktəbi bitirənə qədər riyaziyyatçı olmağı istəyirdim. Son anda riyaziyyat müəllimimin ədalətsizliyindən bezib qəflətən fikrimi dəyişdim, filoloq oldum”. Azərbaycanın məhşur bir riyaziyyatçısını itirdimi, ya yox, indi bu barədə danışmağın yeri yoxdu. Niyə? Niyəsini özü danışacaq. Lent.az-ın “Məktəb illəri”nə...Millət vəkili, partiya sədri, gözəl şair Sabir Rüstəmxanlı...

“Atla, öküzlə çaydan daş daşıyıb, o məktəbi tikmişdilər”

- 1952-ci ildə altı yaşımda Yardımlı rayonu Hamarkənd 7 illik orta məktəbinə getmişəm. Yaman tələsirdim məktəbə getməyə. Hələ beş yaşım olanda mənim üçün məktəb kitabları almışdılar. Amma  hələ balaca, beş yaşım olduğuna görə, məni qəbul etmədilər. Bir il sonra isə xüsusi razılaşma ilə altı yaşımda məni məktəbə qəbul etdilər. Sentyabrın biri günü ala toranlıqda qalxıb, məktəbə getdim. Sübhdən,  saat 4-5 olardı.  Böyük sevinclə məktəbə çatanda gördüm ki, məktəbdə məndən başqa kimsə yoxdu (Gülür). Kənd uşaqları üçün məktəb məbəd idi. Çox təəssüf ki, bizim kəndlərin mədəniyyət evi, insanların toplaşa biləcəyi ocaqlar, əyləncə yerləri yoxdu. İndinin özünə qədər də yoxdu. Axşam oldu, hər kəs öz evinə gedir. Yenə indi hamını bir-birinə bağlayan televiziya, internet var. O vaxt belə şeylər yox idi, adamlar ancaq toyda, yasda, mərasimlərdə bir yerə yığışırdı. Məktəb hamını bir-birinə bağlayan tək yer idi.
Məktəbimiz kəndin ən yaraşıqlı binası idi. Bizim məktəbi 30-cu illərdə xüsusi layihə ilə tikmişdilər. Məktəbin özündə, dəhlizlərində ilk baxışdan insanı cəlb edən  şeylər vardı: iri pəncərələr, yüksək tavanlar, işıqlı sinif otaqları, divar sobaları. Hətta kəndə maşın işləməyəndə belə,  insanlar atla, öküzlə çaydan daş daşıyıb, o məktəbi tikmişdilər. Kəndin hər tərəfindən baxanda məktəb binası görünürdü. Qapısından bir kotan parçası asılmışdı. Dəmirlə kotana vururdular. Bu da bizim zəngimiz idi. Kotan parçasının səsi bütün ətrafda olan 5-6 kəndən də eşidilirdi. O vaxtlar Yardımlıda cəmisi 4 məktəb vardı. Qonşu kəndlərdən uşaqlar bizim məktəbə gələrdilər. O səs hələ indi də mənim qulağımda cingildəyir. Dünyanın harasına getmişəmsə, o səs həmişə məni geri kəndə, o xatirələrə çəkib.
Məktəb bizim doğrudan da sevgimiz idi. O vaxtlar dağ kənd məktəblərinə müxtəlif rayonlardan müəllimlər gəlirdi. Çünki yerli müəllimlərin sayı azı idi. O müəllimlər vasitəsi ilə biz Azərbaycanın bölgələrini tanıyırdıq. Məsələn, mənim ibtidai sinif müəllimin Lənkərandan Məmməd müəllim idi, xanımı Nina rus dili müəlliməmiz idi. Məmməd müəllim həm də gözəl tar çalırdı. Bir az yuxarı siniflərdə ədəbiyyat müəllimim Səməd Vurğunun kəndlisi Cavad Məmmədov oldu. Elə Səməd Vurğunla uzaqdan qohumluğu da vardı, üzdən bir az ona oxşayırdı. Cavan oğlan idi, ali məktəbi təzə bitirib gəlmişdi. Şeri, təbiəti bizə o öyrədib, sevdirib. Bizi tez-tez dağlara, meşələrə gəzməyə aparırdı. O vaxt Azərbaycana Rusiyadan bir neçə rus dili müəlliməsi gətirmişdi. Bizim məktəbə də Saratovdan rus dili müəlliməsi göndərilmişdi; Anna Zoloxova. Geyimi, zərifliyi ilə hamının diqqətini cəlb edirdi. Anna müəllimə bizim kəndə tək gəlsə də, tək qoymadılar, qaçırtdılar. Beləliklə, biz qaldıq rus dili müəlliməsiz (gülür).

“Dedim burda bir müəllim tapılmadı mənə dörd yazsın?”

- Lovğalıq kimi çıxmasın, birinci sinifdən onuncu sinfə qədər köhnə cədvəllə götürsək, beşdən aşağı bir dənə də qiymətim olmayıb. O vaxt bizim məktəb yeddi illik olduğundan son dörd ili M. F. Axundov adına Yardımlı qəsəbə 11 illik məktəbdə təhsil aldım. Bu məktəb istehsalat tipliydi, burda əlavə sənətlər - traktor sürmək, dülgərlik, mexaniklik  öyrədirdilər. Gənc idim, gənclərdə o yaşda bir az lovğalıq olur. On birinci sinifdə oxuyanda dedim ki, burda bir müəllim tapılmadı mənə dörd yazsın. Bu sözümdən sonra riyaziyyat müəllimim Şahvələd Mustafayev  müəllim mənimlə şərt kəsdi ki, sənə 5 -10 sual verəcəyəm. Bir suala belə cavab verə bilməsən bir başa jurnala iki yazacağam. Ona görə də sonuncu sinifdə jurnalda üç, dörd yox, beşlərdən çox olmasa da ikilərim oldu. Sonradan bundan sui-istifadə edib, mənə qızıl medal verməmək üçün onu ortaq qiymət götürdülər. İki fəndən triqonometriya və fizikadan ortaq qiymətim aşağı olduğu üçün  qızıl medal ala bilmədim. Direktor atama dedi ki, müəyyən məbləğ pul ver,  gedim Bakıdan oğlunun qızıl medalını alım, gətirim. Atam da dedi ki, əgər oğlum layiqdirsə, gedin alın gətirin, əgər layiq deyilsə, mən pulla medal istəmirəm.

“Fəza həndəsəsi, triqonometriya, riyaziyyatın ən mürəkkəb sahələrinə baş vururdum”

- Ən sevdiyim fənlər səkkizinci sinfə qədər ədəbiyyat, ondan sonra riyaziyyat olub. Əslində orta məktəbi qurtaranda ədəbiyyatçı olmağı düşünmürdüm. Xüsusi proqramlarla, Moskva jurnallarının viktorinaları ilə Şahvələd müəllim məni hazırlaşdırırdı. Fəza həndəsəsi, triqonometriya, riyaziyyatın ən mürəkkəb sahələrini mən çox sevər və qətiyyətlə Moskva Dövlət Universitetinin riyaziyyat fakültəsinə  hazırlaşırdım. Məktəbi bitirən vaxtı Şahvələd müəllim fizika və triqonometriyadan qiymətimi dörd etdi. Baxmayaraq ki, triqonometriyanı doqquzuncu sinifdə qurtarmışdı və mənim qiymətim beş idi. Müəllimim direktorun göstərişi ilə mənim qiymətimi dəyişmişdi. Fizikadan buraxılış imtahanında Şahvələd müəllim dörd yazdı. Ona görə də ondan incidim, Bakıya gəldim. Birdən-birə qərarımı dəyişib getdim filologiyaya. Peşmanammı? Bunu həmişə düşünürəm. Bilmirəm nə qazanmışam, nə itirmişəm. Tale, qismət. Peşman olsam nə dəyişəcək?

“30 ildən sonra sinif yoldaşımı tapdım”

- İlk müəllimim Əliməmməd Dadaşov toyda cıdır vaxtı at çapanda, sərt döngədə özünü atın üstündə saxlaya bilməyib, yıxılmışdı. Aran adamı olduğu üçün bir az təcrübəsiz idi. Ayağı üzəngidə qalıb, at onu arxasınca sürümüşdü. Ayağı ombadan çıxmışdı. Uzun müddət müalicə oldu, sonra işə qayıtmadı. Onun oğlu Yusiflə qızı Züleyxa bizim sinifdə oxuyurdu. Bəzən üçümüz bir partada otururduq. Məktəbdə ilk dostlarım onlar idi. Sonra onlar köçüb, getdilər, mən isə gəldim Yardımlı məktəbinə. Üstündən uzun illər keçdi, amma onlar yadımdan çıxmadı. Sovetlər birliyinin dağılmasına az qalmışdı. Şair dostum Vahid Əziz  Mərkəzi Komitədə işləyirdi. Bir gün o mənə dedi ki, komitədə bir oğlan var, səninlə çox maraqlanır. Dedim kimdi? Dedi, Yusif. Nəsə şübhələndim. Dedim sənin yanına gələndə bizi görüşdürərsən. Və mən getdim. Qapını açdı, baxdım. Özünü təqdim etməsəydi əlbəttə ki, mən tanımazdım. Məlum oldu ki, bu elə həmin Yusifdi. Üstündən 30 il keçə tale bizi yenə qarşılaşdırdı. Qucaqlaşdıq, görüşdük. Mən nəşriyyatın baş redaktoru, o isə Mərkəzi Komitədə Maşınqayırma şöbəsində işləyirdi.
Sevimli müəllimlərim çox olub. Hamarkənd orta məktəbində ədəbiyyat müəllimim Cavad Məmmədov, sonra Yardımlı orta məktəbinin direktoru, ədəbiyyat müəllimim Kamil Əliyev, onun yoldaşı Nilufər müəllimə. Nilufər müəllimə müəlliməlikdən əlavə mənim on bir illik şagird həyatımda qayğıkeşliyinə görə, ən çox sevdiyim adam olub. Yaxşı oxuduğuma görə, mənim cığallıqlarım olardı. Həmişə mənim müdafiəçim olub, özü də çox sərt şəkildə. Bir dəfə pedaqoji şurada tərbiyə söhbəti müzakirəyə qoyulanda o qapını vurub, çıxdı: “Tərbiyəsiz özləridir, bizim uşaqlara tərbiyəsiz deyirlər”. Sonradan yoldaşı ilə Bakıya köçdülər. Bakıda olduqları müddətdə onlarla tez-tez görüşürdüm. Bir də riyaziyyat müəllimim Şahvələd müəllim vardı. Baxmayaraq sonralar mənim qiymətimi kəsib, qızıl medal almağıma mane olub. O, həm də sərbəst güləş üzrə dərəcəli idmançı idi. Rayon cavanlarına sərbəst güləşi öyrədirdi. Bir salonu vardı, şagirdlərindən yalnız mənə orda məşq etməyə icazə verirdi. Mən həmişə müəllim sənətinə rəğbətim olub. Dərs deməyini bəyənmədiyim müəllimlərə belə sayğım olub.
Müəllimlərə həddindən artıq suallar verdiyimdən vaxtaşırı aramızda problemlər yaranırdı. Bir dənə kişi müəllimimiz vardı, şagirdləri çox döyərdi. Bir dəfə onuncu sinifdə oxuyanda ona dərsdə çox sual verdim. Məni yanına çağırdı. Bilirdim ki, məni vuracaq, onda mən onu vurub qaçdım. Sonradan mənim bu davranışım müzakirəyə qoyuldu. Müəllimlərin bir hissəsi etiraz etdilər ki, şagirdi o yerə gətirmək lazım deyildi. Şagirdləri çox pis vururdu, şagirdlər də şikayət edirdilər. Amma sonradan peşman olmuşdum.

“Direktor dedi ki, sən sovet məktəbinə qarşı üsyan qaldırmısan?”

- Yardımlıda oxuyanda kəndlərdən gələn uşaqlar o yataqxanada qalırdı, eləcə də mən. İnternat tipli idi. Bizə orda yemək də verirdilər. Qışda hər gün evə gedib - gəlmək mümkün olmurdu. Həftədə bir dəfə evə gedib, paltarlarımı təmizlədib, gəlirdim. 8-10 uşağın bir yerdə qaldığı böyük otaqlar idi. Dağ çayının qırağında qızdırıcı olmayanda gecə şaxta çökürdü. Bəzən olurdu bizə odun vermirdilər. Şagirdlərin arasında mənə qarşı xüsusi rəğbət vardı, sözümü eşidirdilər. Bir gün uşaqları toplayıb, dedim: “Sabah dərsə getməyəcəyik. Gələnlərə mən cavab verəcəyəm, narahat olmayın”.
Səhər heç kəs yatağından durmadım. Birinci dərs keçdi, ikinci dərs keçdi...böyük tənəffüsdə bir də gördük ki, Zöhrab əlində də bir ağac gəlir. Zöhrab bizim yataqxananın komendantı idi. Qayıtdı ki, niyə durmursunuz? Cavab verdim ki, gecə soyuq olub, hamımız donub yapışmışıq çarpayıya. “Məni dolayıbsız?” deyib, başladı əlindəki ağacla uşaqları vurmağa. Mənə toxunmadı. Görünür məktəbdə mənim xüsusi bir statusum vardı. Birini yavaşca vurur, o qalxır guya geyinməyə , o birini qaldırmağa keçəndə o biri təzədən uzanır çarpayısına. Beləliklə, uşaqların birini qaldırır, o birisi yatır. Yarım saatdan çox çalışdı, amma uşaqlar yerindən durmadı. “Məktəb direktoruna deyəcəm”, deyib, getdi. Sonra özümüz durub, geyinib, dəstə ilə yollandıq məktəbə. Məktəbə çatdıq ki, bütün məktəb yığışıb “üsyankar qrup”u gözləyir. Direktor məni otağına çağırıb: “Sən sovet məktəbinə qarşı üsyan qaldırmısan?” Mən yenə eyni cavabı verdim: “Bizim imkanımız yoxdu, gecə soyuq olub, donub yapışmışıq çarpayıya”. Direktor qəzəbləndi və məsələni pedaqoji şuraya qoydu. Mənim təşkil etdiyimi bilib, məktəbdən qovmaq istədilər. Onda məni Yardımlıda raykomun birinci katibi Səfər Verdiyev xilas etdi, yoxsa məktəbdən qovacaqdılar.

“Anam dünyasını dəyişəndən sonra sandığından qara üzlü dəftərim çıxdı”

- Hər kəsin həyatında ilk sevgi olur. Məktəb vaxtı o söhbətlərə heç marağım olmayıb. Sinif yoldaşlarım, dostlarım ilk eşqdən, sevgidən danışanda mən həmişə hirslənib, “boş verin, işinizlə məşğul olun” deyirdim. Ancaq oxumaq, ancaq gələcək haqqında düşünürdüm. Bir gün qəflətən mənim öz həyatımda belə hadisə oldu. Və onların hamısından da daha güclü. Qısa müddətlə bütün rayon xəbər tutdu. İlk sevgilərin çoxu kimi uğursuz oldu, baş tutmadı.  Məktəbdə ən yaxın dostum İbad İbrahimov olub. Yardımlının bir kilometrliyində, Gilar kənddə yaşayırdı. Bəzən o mənə görə gəlib yataqxanada qalırdı, bəzən mən onlarda. O vaxt ki ölçülərə görə, çox geniş evləri vardı. İndi baxıram ki, elə də böyük deyilmiş. İbadın gözəl səsi vardı, muğam oxuyurdu. O səsi ilə məni ovsunlamışdı. Ən darıxdığım günlərdə onlara gedir, İbadı dinləyirdim. Bütün duyğularımı sanki o ifadə edə bilirdi. Sonra Yaşar vardı, fizika-riyaziyyatı yaxşı bilirdi. Həmişə dava-dalaşımız olurdu. Aşağı siniflərdə mən heç vaxt dəftərimi köçürtməyə vermirdim. Yuxarı siniflərdə o əhəmiyyətini itirdi (Gülür).
Son zəngimi demək olar ki, xatırlamıram. Çünki medal məsələsinə görə, çox əsəbi idim. Kədərli bir günüydü. Amma yeddi illik Hamarkənd məktəbini bitirəndə lövhəyə üç bəndlik şer yazdım. Anam dünyasını dəyişəndən sonra onun sandığından qara üzlü dəftərim çıxdı. Mən elə bilirdim itib, amma anam götürüb saxlayıbmış.

”Dünyada cavabını tapmadığım sualların cavabını kənddə tapıram”

- Məktəb illərim çox ağır illərdi. Bir dəfə atın belində çayı keçəndə sel atı vurdu, yıxdı. Mən özümü itirmədim, atın belindən hoppanıb, kənara çıxdım. At da çırpınıb, çıxdı çaydan. Palçıqlı yolar, qışda qar adama boy vermir. Axşamlar meşələrin, kənd qəbiristanlıqlarının içi ilə tək gedib-gəlirdim. Bunlara baxmayaraq, bu gün içimdə tər-təmiz, insanlara, vətənə sevgim, heç nədən sınmamaq, gücünə inam varsa, məktəb illərimdən gəlir. Ona görə də,  həyat nə qədər çətin olsa da, məni sındırmadı. Yardımlıda oxuyan hər şənbə, bazar, hər dəfə yeddi kilometrlik bu yolu ölçürdüm.  Yollar mənim ömrümün əfsanəsi, mənim ömrümün bir başlanğıcıdı.

Dağların döşünə düşmüş o yollar,
Burda qəm görüşüb, sevinc görüşüb.
Yağış damlallaYağış damlaları qarışıb selə
Bəlkə də yol deyil, buluddan düşüb,
Şaxəli ildırım sərilib yerə.

Bu yollar dağların arasında dünyaya aparan yeganə ümid yolu, körpüydü. O balaca mühitdən böyük dünyaya çıxmalıydım. Və çıxdım. Antraktidadan başqa dünyanın bütün qitələrində olmuşam. Antraktidaya səfər olsa, ora da gedərəm (gülür). Onlarla ölkələr, az qalsın qarış-qarış şəhərlər gəzmişəm. Amma bütün bunlara baxmayaraq, o yollar məni geri çağırır. Dünyada cavabını tapmadığım sualların cavabını kənddə tapıram. Düşünürəm ki, dünyanı dərk etmək üçün dünyanı gəzmək lazım deyil. Əgər onu dərk etmək istəyirsənsə, dünyanı bir kənddə də oturub dərk etmək olar. Əksinə dünyanı gəzdikcə adamın beyni, fikirləri qarışır. Bu necə bir dünyadı? Hansı qanunlarla idarə edilir? Hər şey nədən başlayır, harada qurtarır? Niyə bu qədər ədalətsizlik var? Niyə insanlar bir-birinə düşməndi? Halbuki bir kənddə bu suallar yaranmazdı. Ömrünün müəyyən hissəsini tərki dünya olub, gəzən böyük insanlar əslində dünyada nə isə tapacağına inanmayıblar. Onlar özlərini kəşf etməyə çalışıb. Dünyanın bir çox suallarının cavabı hər kəsin içindədir. Bir qum dənəsi əslində bir kainatın modelidi. Bir insan əslində tanrının bir parçasıdır. Kiçiyin özündə də elə böyüyü dərk etmək mümkündür.