Ədəbi dil tariximizin görkəmli tədqiqatçısı
Dilçi, ədəbiyyatşünas, tərcüməçi Tofiq Hacıyev bir çox araşdırmaların müəllifi olub
Azərbaycan dilçilik elmində və türkologiyada akademik Tofiq Hacıyevin adı hörmətlə çəkilir. Elmdə özünəməxsus dəst-xətti ilə seçilən alim dili estetik zənginlik baxımından, üslub, sənətkarlıq və poetika mövqeyindən araşdıran, Azərbaycan dilçiliyində məktəb yaradan görkəmli tədqiqatçılarımızdan olub.
Tofiq İsmayıl oğlu Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya göz açıb. Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsinə qəbul olunur. Bu təhsil ocağını 1958-ci ildə fərqlənmə diplomu ilə bitirir və universitetin aspiranturasında saxlanılır. Akademik Məmmədağa Şirəliyevin elmi rəhbərliyi altında 1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik dissertasiyasını (fəlsəfə doktoru) müdafiə edir. Cəbrayıl şivəsində Azərbaycan dilinin qərb və cənub ləhcələrinin xüsusiyyətlərinin olmasını əsaslandırır.
Gənc alim 1962-ci ildə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Dillər Universiteti) pedaqoji fəaliyyətə başlayır. 1968-ci ildə isə Azərbaycan Dövlət Universitetinə (BDU) dəyişilir.
1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. İki il sonra professor elmi adı alır. 1984-cü ildə universitetin Türkologiya kafedrasının müdiri təyin olunur. Görkəmli alim səmərəli elmi-pedaqoji fəaliyyətlə yanaşı milli kadrların yetişdirilməsi sahəsində də böyük səy göstərir.
Xalqın dili və tarixi məsələlərini vəhdətdə araşdıran alimin yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi mühüm yer tutur. Dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxsaylı araşdırmaları türkologiya elminin nailiyyətləri hesab edilir.
Araşdırmalarda qeyd edilir ki, görkəmli alimin “Satira dili”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”, “Sabir: qaynaqlar və sələflər”, “Molla Nəsrəddin”in dili və üslubu” adlı kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Ədəbi dil tarixi mütəxəssisi kimi tanınan T.Hacıyevin filologiya elmləri doktoru, professor Kamil Vəliyevlə birgə hazırladığı “Azərbaycan dili tarixi”, “Azərbaycan ədəbi dili tarixi”, filologiya elmləri doktoru, professor Zərifə Budaqova ilə müştərək yazdıqları “Azərbaycan dili” kitabları Azərbaycan filologiya elminə diqqətəlayiq töhfələrdir. Görkəmli alim Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı fikirlərini ölkədə baş vermiş tarixi, ictimai-siyasi və mədəni hadisələrin fonunda öyrənib. Bütün bunları bütöv bir tarixi-dilçilik hadisəsi kimi dəyərləndirib. Azərbaycan ədəbi dilini ümumtürk ədəbi dilinin tərkib hissəsi olduğunu vurğulayan tədqiqatçı bildirib ki, ədəbi dilimiz müəyyən mədəni yüksəlişin məhsuludur. Onun fikrincə, dövlətlərin yaranması, dövlətlər arasında yazışmaların başlanması, ümumiyyətlə, yazılı nitqin qeydə alınması ilə ictimai-mədəni hadisə kimi ədəbi dil müəyyənləşir. Ədəbi dilin dövrləşdirilməsi məsələsindən bəhs edərkən alim Azərbaycan-türk ədəbi dilinin tarixini iki dövrə bölür: yazıyaqədərki dövr, yazılı dövr. Birinci dövrə aid daşlar üzərindəki yazılar, folklor nümunələri, onomastik vahidlərin etnik tərkibi və digər faktlar qeyd olunur. Ədəbi dilin II dövründə isə şair və yazıçıların əsərləri üzərində araşdırma aparılır, eyni zamanda klassik lüğətlərin dil materialları təhlilə cəlb edilir. Ədəbi dilin üslub və normaları məsələsi də ətraflı şəkildə araşdırılır.
Akademik T.Hacıyevin Azərbaycan ədəbi dil tarixi ilə bağlı ən sanballı elmi araşdırması, “Azərbaycan ədəbi dilinin tarixi” ikicildlik dərslik-monoqrafiyasıdır. 900 səhifəyə yaxın olan bu araşdırma təkcə tələbələr üçün deyil, həm də ədəbi dil tarixi sahəsində çalışan araşdırıcı və mütəxəssislər üçün də nəzərdə tutulub.
Azərbaycan türklərinin ölkəmizdə aborigen xalq olması məsələsinə də toxunaraq yazır: “Azərbaycanlılar etnik və dil kökünə görə türkdür. Bu türkcə heç bir başqa sistemli dilin assimilyasiyası deyil”.
Alim yaradıcılığında dilçiliklə yanaşı, ədəbiyyatşünaslığa da müəyyən yer ayırıb. Onun “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı monoqrafiya və kitabları qorqudşünaslığın inkişafına dəyərli töhfədir. “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin I cildindəki “Kitabi-Dədə Qorqud”, II cildində yer alan Orxon-Yenisey kitabələri, Yusif Xas Hacibin “Qutadqu-bilig” əsərləri haqqındakı oçerk-portretləri böyük əhəmiyyət daşıyır.
Tərcümə sahəsinə də diqqət ayıran alim türkologiya və tarixi dilçiliklə bağlı bir sıra dəyərli əsərləri görkəmli qumuq alimi Murad Adcının “Qıpçaq çölünün yovşanı” və “Dünya və türk: munis tariximiz”, B.Serebrennikov və N.Hacıyevanın birgə müəllifləri olduğu məşhur “Türk dillərinin müqayisəli qrammatikası” və s. elmi əsərləri ruscadan dilimizə tərcümə edib.
Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə bağlayan T.Hacıyev uzun müddət Bakı Dövlət Universitetinin professoru kimi çalışıb, yüksəkixtisaslı kadrların hazırlanması üçün böyük səy göstərib. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə və elmlər doktoru hazırlanıb. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Onun çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb.
Görkəmli türkoloq alimin dilçilik sahəsindəki səmərəli fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, 1999-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülür. 2009-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunur. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilir. Həmçinin Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü olan alim 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin edilir.
Azərbaycan dilçilik elmində məktəb yaradan, mahir pedaqoq, akademik Tofiq Hacıyev 27 noyabr 2015-ci ildə, ömrünün 80-ci ilində vəfat edib.