vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KİNO-TEATR  
16:09 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çadırdan Şuşa”ya baxış

Yaxud sözün açığı, mən sizi başa düşmürəm!

Kərim KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ayaz Salayev bir film çəkmişdi: “Палаточная Шуша”.

(O vaxt da, indi də, ha çalışsam da filmin adını Azərbaycan dilinə dəqiq tərcümə edə bilmədim. “Çadır Şuşa”, “Mağar Şuşa”, “Şuşa çadırı”, “Şuşa mağarı”, “Çadırdan Şuşa”, “Mağardan Şuşa”, “Çadırda Şuşa”, “Mağarda Şuşa”, “Şuşa çadırda”, “Şuşa mağarda” və s. və b. Filmin müəllifləri özləri "Çadırdan Şuşa" kimi tərcümə etmişdilər.)

Uzun illər bundan əvvəl, məcburi köçkünlüyün ağır vaxtlarında...

Filmin təqdimatına məni də dəvət etmişdilər.

Təxminən 35-40 (bəlkə də az) dəqiqəlik baxışdan sonra müzakirə başladı.

Film ibarət idi ondan ki (klassiklərimiz demişkən), Bakının Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində şuşalıların məskunlaşdığı binaların qarşısında bir mağar tikilir.

Yox, qoy lap başdan dəqiq deyim. Deməli, filmin əsas qəhrəmanı indi artıq rəhmətlik olan, Şuşa camaatının hörmətlə xatırladığı Çayçı Rafayıl özünə məxsus olan avtomobildə gəlir həmin məhəlləyə, orda maşını saxlayır və maşından xeyir-şər mağarını yerə düşürdüb köməkçiləri ilə başlayır burada bir mağar qurmağa. Sonra masaları düzür, sonra samovarları qaynadır və mağara yığışan camaata çay verir. Sonra camaat dağılır və Rafayıl kişi başının dəstəsi ilə mağarı söküb yığır avtomobilə və sürüb çıxıb gedir.

Filmin əsas “hadisə”lərindən biri də budur ki, Rafayıl kişi mağarı tikdikcə və sökdükcə, həmçinin çay qaynadıb payladıqca danışır.

Yəni Şuşada, işğaldan qabaq başına gələn əhvalatlardan və eşitdiyi bildiyi lətifələrdən danışır və Azərbaycan dilində danışdığını sonra erməni dilinə, yaxud əvvəlcə erməni dilində danışdığını sonra da bizim dilə tərcümə edir.

Yəni monoloq hər iki dildə gedir.

Dediyim kimi, müzakirə başladı və çoxsaylı təqdimat iştirakçıları çoxlu da sual verdilər.

Mən də dəstədən geri qalmadım və icazə alıb bir sual verdim:

– Ayaz müəllim, sizin bu filmi çəkməkdə məqsədiniz nədir? Yəni bu filmlə nə demək istəmisiniz, yaxud istəyirsiniz?

Təəccüblə üzümə baxıb:

– Sən başa düşmürsən mən burada nə demək istəyirəm? – deyə soruşdu.

– Hörmətli Ayaz müəllim, – təmkinimi qorumağa çalışaraq dedim, – tanımadığınız adama “sən” deyə müraciət etməyinizə şüurlu şəkildə göz yumaraq xahiş edirəm ki, mənim sualıma sualla deyil, cavabla cavab verəsiniz.

Duruxub xeyli müddət üzümə baxdı və çiyinlərini çəkib, həmin anlarda dağınıq olan saçını barmaqları ilə geri darayıb, başını buladı.

– Yəni filmdə nə demək istədiyinizi deyəsiniz... – deyə əlavə etdim.

Hörmətli rejissor az qala bağıra-bağıra dedi:

– Filmdə demək istəmişəm ki, yəni… – duruxdu… – yəni, demək istəmişəm ki, Şuşada vaxtilə təkcə ermənilər yaşamayıb, ermənilərlə yanaşı azərbaycanlılar da yaşayıb!

Bir daha təkrar edirəm, məhz belə dedi: “ERMƏNİLƏRLƏ YANAŞI AZƏRBAYCANLILAR DA YAŞAYIB!”

…Və eyni tonda davam elədi:

– Sən bunu başa düşmədin?!

– Ayaz müəllim, – yenə də hörmətlə və sakitcə deim, – bir şəhərdə əhalinin tam əksəriyyəti azərbaycanlı, yalnız 6 faizi, lap onların iddia etdiyini qəbul etsək, 11 faizi erməni olarsa, bu halda, sizin fikrinizcə, “ermənilərlə yanaşı azərbaycanlılar da yaşayıb” ifadəsi düz olar, yoxsa “azərbaycanlılarla yanaşı ermənilər də yaşayıb” demək?

Yenə də bir az duruxdu, üzümə key kimi baxdı, başını buladı və olduqca konkret bir cavab verdi:

– Честно говоря, я вас не понимаю! (Sözün açığı, mən sizi başa düşmürəm!)

Əlbəttə, müzakirə bir az da uzandı, amma elə də əhəmiyyəti olmadığından daha ardını yazmıram.

İndi Ayaz müəllimin dilimiz barədə deiklərini düşünəndə ona “öz dilində” cavab vermək keçir adamın könlündən:

– Hörmətli Ayaz müəllim, «честно говоря, я вас не понимаю!»

P.S. Ancaq onu da deyim ki, bu əhvalat mənim ona qarşı "Yarasa"ya görə yaranmış hörmətimi azalda bilmədi, o hörmət yerində qalır.