vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
İNCƏSƏNƏT  
16:21 | 20 fevral 2025 | Cümə axşamı Məqaləyə 328 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Boşluq”dan qalan təəssürat

Öz ruhunda iki dünyanı birləşdirən sənətkar

Şirin MƏLİKOVA,
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru

Dünən Muzeyimizdə ötən ilin oktyabr ayında bizə Aydan Salahova tərəfindən hədiyyə edilmiş “Boşluq” adlı əsərin təqdimatı keçirilib. Hər bir muzey üçün yeni eksponat mühüm hadisədir, xüsusilə də belə bir sənətkara məxsus əsərdirsə, o zaman hadisənin əhəmiyyəti ikiqat artır.

Aydan Salahova müasir incəsənətin tanınmış nümayəndəsi, Rusiya Federasiyasının Əməkdar rəssamı, rəngkar, heykəltəraş, qalereyaçı və pedaqoqdur. O, mükəmməl akademik təhsil alıb və yaradıcılıq axtarışlarını müasir dövrün dərinliklərinə yönəldərək özünü aktual incəsənətə həsr edib. Bu yanaşma təkcə onun üsullarında deyil, eyni zamanda toxunduğu mövzularda da özünü göstərir. Bu mövzular bəzən müəyyən bir cəsarət tələb edir.

Aydan Salahovanın yaradıcılığında öz şəxsiyyətinin timsalında olduğu kimi Şərq və Qərb bir-biri ilə qırılmaz vəhdətdədir. O, öz ruhunda bu iki dünyanı birləşdirən sənətkardır. Qərbin mədəni mühitində yaşamasına baxmayaraq qanındakı Şərq genetikası bu iki dünya arasında unikal sintez yaradır. Şərqin geometrikliyi və çoxqatlılığı ilə Qərbin açıqlığı və sərbəstliyi Aydan Salahovaya Şərq dünyasında aşkar şəkildə müzakirə olunmayan mövzuları özünəməxsus tərzdə gündəmə gətirməyə imkan verir.

Aydan xanım görkəmli Azərbaycan rəssamı, dünyaşöhrətli Tahir Salahovun ailəsində anadan olub və atasından parlaq rəssamlıq istedadını miras alıb. Fürsətdən istifadə edərək xatırlatmaq istəyirəm ki, 2018-ci ildə böyük sənətkarımız Tahir Salahov da Ümummilli Lider Heydər Əliyevin portretini muzeyimizə hədiyyə edib.

Aydan Salahovanın əsərləri Rusiya, Böyük Britaniya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin sərgi zallarında nümayiş etdirilib, 1991 və 2011-ci illərdə Venesiya Biennalesində təqdim olunub. Əsərləri Moskvada Dövlət Tretyakov Qalereyasında, Bakıda Müasir İncəsənət Muzeyində, həmçinin Roma və Nyu-Yorkun nüfuzlu qalereyalarında və şəxsi kolleksiyalarda qorunub saxlanılır.

Aydan Salahovanın təkrarsız yaradıcılığının qiymətli bir parçası muzeyimizin kolleksiyasına daxil edilməsi ilə biz Aydan xanıma öz dərin minnətdarlığımızı bildiririk.