vaxtlı-vaxtında oxuyun! Bazar, 16 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
HƏYATIN DİBİ  
19:44 | 15 mart 2025 | Şənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İt naminə üç dəqiqə”

Yaxud 10 ildən artıq “dəmir ağciyər”lə nəfəs alan adam

Y.CƏFƏRLİ

Pol Aleksander 1946-cı ildə ABŞ-ın Dallas şəhərində anadan olub. Atası Yunanıstan, anası Livan kökənlidir. 6 yaşında poliomelitə yoluxub və boynundan aşağı iflic olub. Onu “Iron lung” deyilən barokameraya yerləşdiriblər. 18 ay xəstəxanada qalandan sonra evə aparılıb.

Onunla məşğul olan fizioterapevt “qlossofaringeal tənəffüs” deyilən üsula alışdırmağa çalışır. Bu üsulla ağıza hava alınır və dilin köməyi ilə ağciyərlərə ötürülür. Bir ildən sonra bu üsulla barokameradan kənarda 3 dəqiqə qala bilir və valideynləri ona hədiyyə olaraq küçük alırlar. Üç ildən sonra isə aparatdan kənarda bir neçə saat qalmağı bacarırdı.

Pol 13 yaşında distant təhsil almağa başlayır. 21 yaşında bütün fənlərdən əla, biologiyadan yaxşı olmaqla məktəbi bitirir. Bundan sonra əvvəlcə Cənub metodist universitetini, sonra da Texas universitetini bitirir. 38 yaşında hüquq elmləri doktoru olur. 40 yaşında imtahan verərək vəkil kimi fəaliyyətə başlayır.

O, yetərincə fəal həyat tərzi keçirirdi. Restoranlarda, klublarda, diskotekalarda olurdu, səyahət edirdi. Amma yaşa dolduqca aparatdan kənarda keçirə bildiyi vaxt azalırdı. 74 yaşından etibarən isə aparatdan kənarda qala bilmirdi.

2020-ci ildə “İt naminə üç dəqiqə. “Dəmir ağciyər”də yaşayan insanın əhvalatı” adlı kitabı çap olundu.

Pol Aleksander 2022-ci ildə “dəmir ağciyər” aparatından ən çox istifadə edən şəxs kimi “Ginnesin rekordlar kitabı”na salındı. 2024-cü il martın 11-də 78 yaşında vəfat etdi.

Onun ölümündən sonra “dəmir ağciyər” barokamerasında yaşayan bir nəfər məlumdur – Marta Lillard. Marta 1953-cü ildən sözügedən aparatda yaşayır. Müstəqil tənəffüs funksiyalarını itirən sonrakı xəstələri ağciyərlərin süni tənəffüsü aparatına (solunum cihazı) qoşurlar.