vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
DİASPOR  
17:09 | 20 iyun 2013 | Cümə axşamı Məqaləyə 2668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentdən TDƏŞ rəhbərlərinə müraciət

İlham Əliyev: “Qloballaşan dünyanın diktə etdiyi hazırkı reallıqlar...”

AzerTAc

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I forumuna müraciət etmişdir. Müraciətdə deyilir:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I forumuna

Hörmətli forum iştirakçıları!

Sizi Azərbaycanda ürəkdən salamlayır və forumun işinə uğurlar arzulayıram.
Fərqli coğrafi məkanda məskunlaşmış, keşməkeşli inkişaf yolu qət etmiş türkdilli xalqlar bəşəriyyətin çoxəsrlik təkamül prosesində daim mühüm rol oynamış, öz zəngin mədəni ənənələri ilə tarix səhnəsində öncül yerlərini qoruyub saxlamışlar. Türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər.
Qloballaşan dünyanın diktə etdiyi hazırkı reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir. Bu istiqamətdə xalqlarımızın diaspor təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin qurulması və inkişafına yönəlmiş təşəbbüslər təqdirəlayiqdir. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında, ortaq mənafelərimizin etibarlı qorunmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rolu xüsusi əhəmiyyətə malikdir. Azərbaycan hər zaman həmin təşəbbüsləri dəstəkləmiş və gələcəkdə də bu siyasəti davam etdirmək əzmindədir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Bakı forumunun keçirilməsi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq soykökünə, tarixinə, milli mənəvi dəyərlərinə ehtiram, doğma vətənin maraqlarına bağlılıq nümayiş etdirən diasporun formalaşmasının bariz nümunəsidir. Düşünürəm ki, biz bu potensiala güvənərək siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsi, regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verə bilərik.
Bir daha forum çərçivəsindəki müzakirələrin və qəbul ediləcək qərarların dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə dərin inamımı ifadə edir və hər birinizə bu yolda uğurlar diləyirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2013-cü il.