vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
12:51 | 19 may 2014 | Bazar ertəsi Məqaləyə 2700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 milyon dollarlıq «daxma» …

… Və ya «Azerenerji» rəhbəri sahibkara necə kələk gəlib?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bizim yol» qəzetinin ötən saylarında Elbrus Məmmədov adlı iş adamı ilə «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev arasında əmlak davasından yazmışdıq. Bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov bildirmişdi. Onun sözlərinə görə, E.Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə «Azərenerji» ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.

F.Məmmədov yazıb ki, E.Məmmədova məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə, mülkiyyət real qiymətindən aşağı - 800 min manat məbləğində göstərilib və səbəbini də «vergidən yayınma məqsədi» ilə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş «Azərenerji» sədrinin qaynı Hikməti günahlandırıb. 

 

Müflis milyonçu evini girov qoydu 

 

Məsələni daha geniş araşdırmaq üçün əvvəlcə E.Məmmədovun hüquqi nümayəndəsi  F.Məmmədovla ofisində görüşdüm. O, E.Məmmədovun da ofisdə olduğunu dedi. Lakin, oraya gələndə şikayətçi məni gözləməyib çıxıb getmişdi. Nümayəndə dedi ki, artıq E.Məmmədov yazı dərc olunduğuna görə qorxur. Ailəsində də hər kəs bir-birinə dəyib. Çünki, bibisi oğlunun oğlu E.Pirverdiyevə məxsus «Express» bankda kredit şöbəsinin müdüridir və onun işdən çıxarılması təhlükəsi var. 

Nümayəndə E.Məmmədovun qonşusu olan E.Pirverdiyevin bankın dolayısıyla sahibi olduğunu deyir. F.Məmmədovdan öyrəndim ki, E.Məmmədov fiziki şəxs kimi metal biznesi ilə məşğüldür, SOCAR-a qonşu ölkələrdən metal avadanlıqlar gətirir, orada işləyən Arzuman Əliyev, şərikləri Sərraf Məmmədov və Aləm Əkbərova təhvil verirmiş. Lakin, dediyinə görə, verdiyi məhsulun müqabilində pullarını ala bilməyən E.Məmmədov 4 mərtəbəli evini «Express» banka girov qoyub, 700 min manat pul götürərək yenidən qonşu ölkələrdən dəmir borular gətirib. Malı A.Əliyev və onun komandasına təhvil versə də, yenə pullarını tam ala bilməyib. Dediyinə görə, onu banka xeyli borclandıran A.Əliyev sonradan E.Məmmədova vəd verib ki, şəriki olduğu «Viktoriya 313» MTK-nın tikdiyi evdə ona mənzil verə bilər, o da qarşılığında prokurorluqda gedən istintaqı dayandırsın.

Lakin, sonra özü də E.Məmmədova qarşılıqlı iddia ilə çıxış edib. Beləliklə, bankdan götürdüyü vəsaitin də faizi ilbəil şişib, cərimələrlə birlikdə yüksək borclar yaranıb. Bank günbəgün onu sıxışdırıb. Ev girovda olduğuna görə, özünün 4-4,5 milyon manat qiymətləndirdiyi mülkü Pirverdiyevə ucuz satmağa məcbur olub. Mülk yüksək səviyydə təmirli, qiymətli inventarları ilə birlikdə satılıb. Cənab Məmmədovun sözlərinə görə, alıcı tərəf olan E.Pirverdiyev özü, yoldaşı, qaynı gəlib evə baxıblar, son nəticədə 2,3 milyon manata razılaşıblar, əşyalar da 100 min manata satılıb.

 

2.3 milyonluq müqavilə 800 min manata bağlandı 

 

Əlimdə olan, E.Məmmədovun adına 2009-cu il sentyabrın 24-də alınmış Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda sözügedən ünvanda torpaq sahəsi 0,02602 ha göstərilir. 4 mərtəbəli 10 otaqlı evin yaşayış sahəsi burada 413,84 kv.m, köməkçi sahə 412,37 kv.m-dir. 2011-ci il iyulun 7-də bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsində isə 0,04400 ha torpaq sahəsində istifadədə olan mülkün ümumi sahəsi 826,21 kv.m-dir.

Müqavilədə alıcı tərəf Pirverdiyeva Pərvanə Hacəmməd qızını etibarnamə ilə Xammədov Hikmət Hacəmməd oğlu təmsil edib. Alqı-satqı müqaviləsinin qiyməti bu sənəddə 800 min manatdır. Müqaviləni Bakı şəhərinin notariusu Rəşadət Sadıqov təsdiq edib. Alqı-satqıdan notariat kontoruna 110 manat rüsum və 16,50 manat da xidmət haqqı ödənilib. Nümayəndənin sözlərinə görə, 800 min manat vəsait müvəkkilinə bank vasitəsilə, yerdə qalan 1.5 milyon manat nağd şəkildə verilib. Və həmin vəsaitdən də banka olan borclarını ödəyib.

Alqı-satqıdan tutulan vergi rüsumları ilə maraqlandım. F.Məmmədova görə, vəsaitin 0,4 faizi qədər vergini əmlakı alan tərəf olan pirverdiyevlər ödəməli idi. Hüquqi nümayəndə olduğunu deyən F.Məmmədovun məsələ barədə çox məlumatlı olduğunu deyə bilməyəcəm. Mənim suallarımın çoxuna cavab verə bilmir, Elbrusun dostuna zəng vurub soruşurdu. Heç özü ilə də əlaqə saxlaya bilmirdi.  

 

Mülkü geri qaytarmaq istəyən kimdir?

 

Sonra nümayəndə «Camal müəllim» deyə müraciət etdiyi biri ilə telefonla danışdı. Uzun müddət qulaq asıb, sonra deyir: «Qaytarır daha yaxşı, 800 minə qaytaracaqsa, yenə satacaq da. Alqı-satqı müqaviləsi 800 min göstərilib. 800 mini qaytarsın, təzədən evinə, əmlakına sahib olsun. Hazırda yanımda 6 jurnalist var (orda sadəcə mən vardım-H.H.), müsahibə verirəm, Elbrus da qorxub, qaçdı. Ona demişəm ki, sənin arxanda mənim kimi dağ oğlan durub, sən hansı torpağın suyunu içmisən?»

Telefon söhbəti bitəndən sonra mənə deyir: «Mənə zəng çalan bir rayonun prokurorudur, bilir ki, bu işin içindəyəm, Elbrus isə qorxaq adamdır, qaçır. O da deyir ki, Elbrusun abrını ətəyinə bükərəm ki, niyə qorxundan qaçırsan? Camaat sənə iş görür, sən əmlak sahibi, pulu batan adam qorxub qaçırsan? Elbrus artıq məqalədən qorxur və bunu boynuna alır. Siz onunla əlaqə saxlasanız, «xanım, başına dönüm, yazma» deyəcək».

Nümayəndənin telefon danışığından belə görünürdü ki, ortada evin müqavilədəki qiyməti ödənməklə mülkün geri alınma niyyəti var. Lakin, bu niyyət onun özünə aid idi, yoxsa mülkün sabiq sahibinə, bilmədim. 

 

Milyonluq mülk nə ilə alınıb?

 

Haqqında müharibə gedən milyonluq mülkü maraq elədim. Rəhim Məmmədov küçəsi «Milyonçular məhəlləsi» deyilən Teymur Əliyevə paralel küçədir. Buradakı evlərin qiyməti milyonlarla manat dəyərindədir. Bundan başqa məhəllədə bir çox məmurlar, iş adamları yaşayır, səfirliklərin iqamətgahı yerləşir. Ona görə də burada ətraf müşahidə kameraları, polis məntəqələri ilə doludur. Mühafizənin gözündən yayınıb Pərvanə xanımın ərinin ona hədiyyəsi olan 2.3 milyon manatlıq iqamətgahını öndən 3 dəfə çəkə bildim və dərhal oradan uzaqlaşdım. 

 

«Azərenerji» Səhmdar Cəmiyyət olsa da, səhmləri 100 faiz dövlətə məxsusdur və E.Pirverdiyev dövlət məmurudur. Qanunvericiliyə görə, dövlət məmuru bizneslə məşğul ola bilməz, bu, birmənalıdır. E.Pirverdiyevin korrupsiyaya bulaşdığı haqqında mətbuatda xeyli yazıya rast gəldim. Amma bunlara fikir verməyəcəm. Ona görə də mən 2,3 milyon manatlıq mülkün pulunu E.Pirverdiyevin halal maaşından hesablayacam.

Nəzərə alsaq ki, ölkədə baş nazirin maaşı 2230 manat, I müavini 1960 manat, nazirin digər müavinləri 1870 manat, nazirlər 1750 manat, komitə sədrləri yenə 1750 manat, millət vəkilləri 1575 manat, Prezident Aparatı rəhbəri 2200 manat, dövlət müşaviri 1925 manat, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının maaşı 1750 manatdır və sair, Pirverdiyevin əməkhaqqını gəlirlə işləyən bir təşkilata rəhbərlik etdiyi üçün ən yaxşı halda baş nazirin I müavininki qədər fərz edək. Qısası, mənim ədalətli hesablamama görə, E.Pirverdiyev 100 il «Azərenerji» prezidenti işləyərək baş nazirin I müavini qədər əməkhaqqı alsa, yeməsə-içməsə şəkildə gördüyünüz bu iqamətgahı halal maaşı ilə ala bilərdi. Cənab Pirverdiyevin hələlik 125 yaşı olmadığına görə də belə məntiqi nəticəyə gəlirəm ki, bu evi halal pula almayıb. 

 

Satılan mənzillərin qiyməti vergidən yayınmaq üçün azaldılır

 

Əslində, paytaxtın ən prestijli, bahalı rayonlarından olan Teymur Əliyev küçəsinə paralel və «milyonluq evlər»inə görə ondan heç də geri qalmayan Rəhim Məmmədov küçəsində belə bir mülkün 2011-ci ildə 800 min manata satılması inandırıcı deyil. Əmlak İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlıdan həmin ərazidə real qiymətlərlə maraqlandıq. Cənab Osmanlı iqamətqahı vizual olaraq şəkil əsasında 2.2-2.5 milyon manat arası qiymətləndirdi. İcraçı direktor rəsmiləşdirmənin aşağı qiymətlə göstərilməsini vergidən yayınma məqsədi ilə əlaqələndirdi, Azərbaycanda alqı-satqı müqavilələrinin böyük əksəriyyətinin qiymətlərinin azaldılaraq imzalandığını dedi. 

 

Bankın müflis etdiyi milyonçunun Pirverdiyevlə sövdələşməsi 

 

Nəhayət, hüquqi nümayəndəsi və dostu Rüfətin israrları ilə E.Məmmədov qorxusuna birtəhər qalib gəlib jurnalistlə söhbətə özü təşrif gətirdi. Amma, açığı, müsahibəni də burnumdan tökdü. Diktofonu axıra qədər gözü ilə «yedi». Hər sualdan sonra göz-qaşla işarə ilə «onu söndür» deyirdi. Ağzından sözü kəlbətinlə alırdım:

 

- Elbrus müəllim, Rəhim Məmmədov küçəsindəki evinizdə neçə il yaşamısız? (Bu sualın mənasını sonra biləcəksiz - H.H.)

- 2010-cu ildən 2011-ci ilədək. 2009-cu ildə evin çıxarışı alınıb, ondan sonra orada yaşamışıq. 2011-ci ilin iyulunda da alqı-satqı müqaviləsi bağlandı. Uzaqbaşı il yarım orada yaşadım. 

 

- Evi nə vaxt girov qoydunuz?

- Elə çıxarış alandan sonra, oktyabr-noyabr aylarında orda yaşaya-yaşaya evi «Express» bankda girov qoydum, 700 min manat götürdüm, 500 min manat bir dəfə, sonra da 200 min manat. 

 

- Hansı ehtiyacdan mülkünüzü girov qoydunuz, 700 min manatı götürüb hara xərclədiniz?

- Evin tikintisində müəyyən xərclərim, borclarım vardı, 200 min manat ora verdim, mebel, əşyalar aldım. Biznesimə də sərmayə qoydum.  

 

- Bank mülkü neçəyə qiymətləndirmişdi?

- 2.5 milyon manata.

 

- Bəs evin real bazar qiyməti neçəyə idi?

- O ev hazır olanda 4,5 milyon manat da təklif edən oldu, satmadım. Şəhərin belə bir yerində 4,4 sot ərazisi olan yüksək təmirli, bahalı əşyaları, birinci mərtəbəsində saunası, hovuzu, qarajı, mühafizə otağı olan bir mülkdür. 3 mərtəbədə yaşayış vardı.  

 

- Neçə müddət kredit ödədiniz və hansı faizlə? 

- 1 il ərzində 26 faizlə kredit ödədim. Fikirləşirdim ki, tezliklə pulu qaytararam, vəziyyətdən çıxaram. Çünki alacaqlarım vardı, ümidliydim. Lakin, bir ildən sonra krediti bağlamadığıma görə bankın müqavilə şərtlərinə əsasən faiz məbləği ikiyə vuruldu, illik 52 faizlə ödəməyimi tələb etdilər. Adətən banklar istəsələr, güzəştə gedir, müqavilənin vaxtını uzadırlar. Amma məndə bunu eləmədilər. Nə qədər çalışdım, müdiriyyətin yanında oldum, xeyir eləmədi. İnsanları düşünən kimdir, banklar camaatı faizlə yükləyir, ancaq öz gəlirlərini fikirləşirlər. Biznes şəraiti yaratmaq marağında deyillər. Müəyyən müddətdən sonra müştəriləri bilərəkdən sıxışdırırlar. Biri əgər bahalı mülk qoyubsa, onu müflisləşdirməyə, mülkü əlindən çıxarmağa çalışırlar.   

 

- Necə oldu ki, «Express» banka getdiniz? Dediniz faizlər yüksək idi, götürəndə də bunu bilirdiniz. Niyə başqa bank seçmədiniz?

- Tanışlıqla oraya getdim. Həm də başqa banklarda o qədər yüksək məbləği birdən-birə vermirdilər. Gərək daim işlədiyiniz bank ola. Mənə isə pul lazım idi. Məcburiyyət qarşısında götürdüm. Bank mənə heç bir güzəşt etmədiyinə görə məcbur oldum evimi bir qohumum vasitəsilə Pirverdiyevin qaynı Hikmətə təklif elədim. Çünki, Pirverdiyevlər divar qonşum idi. 

 

- Sövdələşməyə pirverdiyevlərdən kimlər gəlmişdi?