vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
PROBLEM  
09:02 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 2511 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pirverdiyev dənizi pirə çevirib

Zirəlilər sahili hasarlatdıran «Azərenerji» prezidentindən ölkə başçısına şikayət etdilər

Fərahim İLQAROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Çimərlik mövsümünün başlaması ilə Bakının Zirə qəsəbəsinin sakinləri dəniz üzünə həsrət qalıblar. Qəsəbənin «Sahil» deyilən ərazisi hasarlanıb. Bu barədə «Yeni Müsavat»a da danışan zirəlilərin sözlərinə görə, iyunun əvvəllərindən başlayaraq «Sahil» deyilən ərazidə tikinti işlərinə başlanılıb. Onların sözlərinə görə, əvvəllər xalq çimərliyi kimi istifadə olunan həmin əraziləri qəfildən hasarlamağa başlayıblar. Zirə sakini Mahmud Məmmədovun sözlərinə görə, çəkilən hasarın uzunluğu 5 metri keçir. Məqsədləri isə burada istirahət mərkəzi tikdirməkdir.


Zirə sakini deyir ki, sovet vaxtı bu ərazi balıqçılar tərəfindən istifadə olunub: «Balıqçıların qalması üçün burda vaqonlardan düzəldilmiş səyyar evlər də var idi. Həmin vaqonlar 1998-ci ildə buradan yığışdırıldı və «Sahil» xalq  çimərliyi kimi istifadə olunmağa başladı. İndi də «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev  bu əraziləri alıb, öz dədə-baba mülkü kimi özəlləşdirib. Xalq da dəniz üzünə həsrət qalıb. Tikinti başlayandan məsələ ilə bağlı prezident İlham Əliyevə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa sakinlər adından yazılı müraciət etmişik. Amma indiyə kimi dövlət qurumlarından bir nəfər belə olsun bizim şikayətimizlə maraqlanan olmayıb. Rayon icra hakimiyyətinə də sorğu vermişik. Onlardan da cavab gəlməyib. Sakinlər sözü bir yerə qoyub. Növbəti günlərin birində yığışıb Xəzər Rayonu İcra Hakimiyyətinə gedəcəyik. Biri gəlir ağacımızı kəsir, o biri gəlir dənizimizi hasarlayır. Məmur özbaşınalığından bu ölkədə yaşamaq olmur. Xalqın qanını içən məmurlar açıq-aşkar deyirlər ki, dəniz də bizimdir».

Bir başqa Zirə sakini Həmid Rzayev isə bildirdi ki, məsələ ilə bağlı «Azərenerji» prezidentinə məktub yazıb: «Məktubda «Sahil»i hasarladığını və tikinti apararaq bizi dənizə həsrət qoymasını qeyd etmişəm. Ola bilər ki, doğrudan da bu tikintini Etibar Priverdiyev tikdirir və yaxud kimsə onun adından da istifadə edir. Məktubda «Azərenerji» prezidentindən xahiş etmişəm ki, şəxsən özü bu məsələyə aydınlıq gətirsin. Xalq çimərliyini hasarlayıb özü üçün istirahət mərkəzi tikdirən Etibar Pirverdiyev buna görə zirəlilərin qarşısında dayana bilərmi? Məmurların Xəzər dənizini hasarladıqları dəfələrlə deyilib, mətbuatda da yazılıb. Hətta deputat Zeynəb Xanlarova bu məsələni bir neçə dəfə Milli Məclisdə səsləndirib. Zeynəb xanım çıxışlarının birində demişdi ki, istəyirlər xalq qalxsın ayağa getsin külünglə o hasarları söksün. Görünən odur ki, indiyə kimi xalqın qəzəbindən nəticə çıxaran olmayıb. İstəyirlər ki, biz də, İsmayıllı və Quba sakinləri kimi ayağa qalxaq, harın məmurlara öz sözümüzü deyək».

Zirə sakinləri bildirdilər ki, balıqçılığa qoyulan qadağa səbəbindən dolanışıqları çətinləşib. Balıqçı Əhmədin sözlərinə görə, kateri suya buraxan kimi 5-6 dövlət qurumunun nümayəndəsi başının üstünü kəsdirib haqq istəyir: «Tutduğumuz balığın yarısını onlara veririk. Bəziləri də pul tələb edir. Əgər qanunla dənizdə balıq tutmaq qadağandırsa bunu bizə desinlər. Və yaxud dənizdə balıq tutmaq istəyənlər müəyyən dövlət rüsumu verməlidirlərsə bunu da desinlər həmin məbləği ödəyək. 5 manat qazanırıq, gəlib onu da tutub əlimizdən alırlar. Əvəzində nə bir çek, nə bir arayış verirlər. Dövlətin içində özləri üçün dövlət yaradıblar».

Məlumat üçün bildirək ki, torpaq haqqında qanunda deyilir ki, dənizin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında, dənizə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasarlana bilər.

Xəzər Rayon İcra Hakimiyyətindən məsələyə münasibət almaq cəhdlərimiz boşa çıxdı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.