vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
18:59 | 15 dekabr 2015 | Çərşənbə axşamı Məqaləyə 3852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın bütün müsəlman ölkələri birləşir?

İran istisna olmaqla yaradılan islam koalissiyasında Amerikanın rolu nədən ibarətdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Politoloq Şahin Cəfərli sosial şəbəkədəki səhifəsində 34 müsəlman dövlətinin birləşərək antiterror koalisiyası yaratmasını şərh edib. Vaxt.az analitikin həmin şərhini təqdim edir.

Təcrübə göstərir ki, müsəlmanlar yığışıb nəsə yaradırsa, onun effektivliyinə şübhə ilə yanaşmaq lazımdır. Adətən yaradılan birliklər, qurumlar deklarativ xarakter daşıyır, amorf struktur olmaqdan uzağa gedə bilmir və ciddi praktik nəticələr ortaya qoymur. Lakin bu dəfə ortada Amerika amili də var.

Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 müsəlman dövləti terror əleyhinə hərbi koalisiya yaradıb. (Başqaları da qoşula bilər, o cümlədən biz.) Hələlik o məlumdur ki, Ər-Riyadda birləşmiş operativ komanda mərkəzi fəaliyyət göstərəcək. Koalisiyanın vahid hərbi kontingentinin olub-olmayacağı və belə bir kontingentin yaradılacağı təqdirdə, onun terrorçulara qarşı hansı şəkildə və harada mübarizə aparacağı kimi vacib suallar hələ açıq qalır. Diqqət çəkən məqam ondan ibarətdir ki, koalisiyada İran kimi əsas regional aktyorlardan biri olan böyük müsəlman dövləti təmsil olunmur. İraq da yoxdur. Bu səbəblə yeni koalisiyanı gələcəkdə hansısa praktik nəticə ortaya qoyub-qoymayacağından asılı olmayaraq «Böyük sünni ittifaqı» kimi də qiymətləndirmək mümkündür, hərçənd bu dövlətlərin bəziləri arasında (məsələn, Türkiyə-Misir) ciddi ziddiyyətlər mövcuddur və bu amil effektivliyə neqativ təsir edə bilər. Koalisiya ölkələri yəqin ki, ilkin olaraq Suriya məsələsi ilə əlaqədar öz aralarında koordinasiyanı həyata keçirəcək (Türkiyə, Səudiyyə Ərəbistanı və Qatar arasında belə bər əməkdaşlıq artıq mövcuddur) və İranın son vaxtlar xeyli güclənmiş təsirini minimallaşdırmaq istiqamətində addımlar atacaq. Bu, eyni zamanda Əsədin arxasındakı digər ciddi qüvvə olan Rusiyanın bölgə siyasətinə də müəyyən problemlər yaratmaq gücündə olan bir ittifaqdır – təbii ki, fəaliyyətində effektivlik olarsa.

Bəs Amerikanın burada rolu nədən ibarətdir? Obama deyir ki, Yaxın Şərq ölkələri öz bölgələrindəki problemlərin həllində daha çox rol almalı və daha çox məsuliyyət daşımalıdır. Yəni, Amerikanın əvvəlki müdaxiləçi-ekspansionist siyasətinin yanlışlığını etiraf edir və bildirir ki, bundan sonra hər şeyi Amerikadan gözləməyin, öz həyət-bacanızı özünüz təmizləyin, biz də böyük hərbi kontingent göndərərək hərbi əməliyyatlara bilavasitə qatılmaq xaricində sizlərə hər cür dəstəyi verəcəyik. Amerika Suriya məsələsinə özünün həyati maraqlarının olduğu bir problem kimi yanaşmır, Rusiya və İranın bu konfliktə müdaxiləsinə etiraz etmir və İŞİD-ə (terrora) qarşı ortaq mübarizə maraqları çərçivəsində bu məsələyə geniş baxır. Lakin bu o demək deyil ki, ümumən bölgə Amerika üçün önəmini itirir. Suriya məsələsi ətrafında böyük bir xaosun yarandığı və nəzərlərin oraya yönəldiyi bir məqamda Amerika Türkiyədəki İncirlik aviabazasını yenidən özünün (NATO-nun) Yaxın Şərqdəki ən böyük dayaq məntəqəsi halına gətirməkdədir və bazanın «soyuq müharibə» dövründəki imkan və qabiliyyətlərini tədricən bərpa edir. (Orada taktiki nüvə silahı da var.) İlk baxışdan belə anlaşılır ki, bunlar İŞİD təhlükəsinə qarşı görülən tədbirdir və orada toplanan aviasiya qruplaşması terrorçulara qarşı əməliyyatlarda istifadə olunmaq üçün cəlb olunub. Lakin aviaqruplaşmanın tərkibinə nəzər saldıqda bunun heç də belə olmadığı aydınlaşır. Bazaya «Tornado» ağır qırıcı-bombardmançıları (bu tip təyyarələr Türkiyə Hava Qüvvələrində yoxdur) və hava döyüşü üçün nəzərdə tutulan F-15 qırıcıları göndərilərək iki aviaqrup formalaşdırılıb. Halbuki hazırkı açıq düşmən və əsas hədəf - İŞİD-in aviasiyası və hava hücumundan müdafiə sistemləri yoxdur ki, onlara qarşı bu keyfiyyətdə qüvvə cəmləşdirilməsinin izahı olsun.

Bu addımlar indiki məqamda Rusiyanın Suriyada cəmləşdirdiyi «Su-30» ağır bombardmançılarına və digər hərbi vasitələrə qarşı Türkiyəni qorumaq və Rusiya aviaqruplaşmasına üstünlük qurmaq məqsədi güdür. Daha uzunmüddətli strategiya çərçivəsindən yanaşdıqda isə, Amerikanın Ukrayna böhranından bəri həyata keçirdiyi Rusiyanı hərbi bazalarla əhatələmək, NATO-ya ikinci nəfəs verərək onu genişləndirməyə davam etmək siyasəti var ki, «İncirlik»in gücləndirilməsini də bu çərçivəyə oturtmaq yanlış olmaz. Rusiyanın Ukrayna və Suriyaya müdaxilələri bu rakursdan baxdıqda Amerikaya əl verir - nə qədər paradoksal səslənsə də. (Gələcəkdə Putinin CİA agenti olmasına dair komplo teoriləri yayılsa, şaşırmayın.) NATO-nun gələn il keçiriləcək Varşava sammiti çox önəmlidir. Gürcüstana «Üzvlük üçün Fəaliyyət Planı» (MAP) verilsə, bölgəmizdə tamam başqa mənzərə yaranmağa başlayacaq. Türkiyənin dünən Gürcüstana bu planın verilməsini tam dəstəklədiyini bəyan etməsi də təsadüf deyil.

Başqa bir məsələ İran problemidir. Siz ötən yay Vyanada imzalanan anlaşmaya baxmayın, hamı bilir ki, nə İran nüvə silahı yaratmaq niyyətindən vaz keçib, nə də Amerika və yəhudilər (İsrail dövləti də daxil olmaqla) İran təhlükəsinə qarşı preventiv tədbirlər görməkdən imtina edib. (İsrailin vaxtilə Rusiyanın Kipr yunanlarına satdığı və Türkiyənin kəskin etirazlarından sonra Yunanıstana göndərilmiş C-300 kompleksini bu ölkədən müvəqqəti götürərək Rusiyanın İrana göndərməyə hazırlaşdığı bu sistemlərə qarşı mübarizəni sınaqdan çıxarmasını xatırlatmaq yerinə düşər.) Potensial İran təhdidi baxımından Türkiyədəki hərbi bazalar (İncirlik, Diyarbəkir) Amerika üçün çox əhəmiyyətlidir və mühüm çəkindirici faktordur. Son günlər Türkiyə və İsrail arasındakı qarşılıqlı müsbət siqnalları da bölgədəki son gəlişmələrin kontekstinə bağlaya bilərik.