«Yəqin sümükləri soyuğa davamlıdır»
Cırıq şalvarlı qızlar və şalvarı düşük oğlanlar!
Son vaxtlar addımbaşı gözümüzə girən «cırıq» şalvarlı gənclərə tamaşa etmək məcburiyyətində qalırıq. Mövqeyimizi etiraz formasında bəyan edəndə, oluruq, demokratiyaya buxov salmaq istəyən kütlə.
Axı niyə? Cırıq geyimdə gəzənlər nə zamandan Azərbaycan cəmiyyətinin dəb ikonasını formalaşıdırıb?! Ola bilsin ki, biz geridə qalmışıq. Nə isə...
Bu il havalar bir az tez soyumağa başlasa da, dizi cırıq şalvarlıların mövsümü bitməyib, əksinə deyəsən hələ yeni başlayıb...
Bayırda payıza xas olmayan soyuq az qala iliyimizə işləyir, amma şalvarlarının dizini «it qapanlar»ın sanki vecinə də deyil. Belə görünür ki, onların sümüyü soyuğa çox davamlıdır.
Ya da ola bilsin ki, onlar Bakının göbəyində yeni geyim mədəniyyəti formalaşdırır və biz də müasir tələblərdən xəbərsizik.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Jalə Əliyeva Modern.az-a açıqlamasında son zamanlar bəzi gənclərin bu tip geyimlərinə qarşı olduğunu deyib.
«Düşünürəm ki, bu cür neqativ halların səbəbini ailələrin özündə axtarmaq lazımdır. Gülüş və ikrah doğuracaq dərəcədə geyimlə küçəyə çıxırıqsa, öncə bizi çıxdığımız evin sakinləri görür. Əgər bizi evdən harasa cırıq şalvarda yola salan valideyn bu geyim formasına irad tuta bilmirsə, biz nədən danışa bilərik?!. Maarifləndirmə mütləq olmalıdır. Məktəblərdə də müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki yeniyetmə və gənc beyni çox qarışıq və dəliqanlı olur. Şərt deyil ki, bu cür geyimləri geyinənlərə qarşı qəti qadağa tətbiq etmək lazımdır. Əksinə, bunun heç bir faydası olmayacaq. Pedaqoqikada da belə bir təsir üsulu yoxdur. Pedaqoqikada izah etmək, nümunə gətirmək var. Yəni əvvəla, qızım, hava soyuqdu. Bayırda 6-7 dərəcə isti var. Belə havada dizi açıq, balağı cırıq şalvarla küçəyə çıxmazlar. Bu həm səhhətinə ziyandır, həm də bu soyuq havada bədənin niyə görünməlidir?! Həmin gənclərə digər həmyaşıdlarının yaxşı işlərini də nümunə göstərmək olar».
Xanım deputat, qızlarla yanaşı, oğlanların da geyim mədəniyyətinin korlandığını bildirib.
«Yeniyetmə oğlanların da geyim mədəniyyətinə toxunmaq istərdim. Sabah bu gənc bir ailə başçısı olacaq. Bir nəslə rəhbərlik edəcək. Bir də görürsən ki, küçədə gəzən bəzi oğlanların şalvarları belindən xeyli aşağıda dayanıb. Sanki o şalvarlar bu saat sürüşüb əyinlərindən düşəcək kimi... Kəməri lap aşağıdan taxırlar, ya da heç taxmırlar. Bu cür geyimli gəncləri görəndə fikirləşirsən ki, xarici görünüşlərini niyə görə korlayırlar?! Bu cür halları vaxtında deməliyik. Bir məqam var ki, hər nə qədər qloballaşmadan, dünyəviləşmədən söhbət gedirsə, müəyyən mənada milli ənənələrimizi, tarixi kökümüzü də unutmamalıyıq. O demək deyil ki, hamı çıxıb 15-ci 16-cı əsrlərdəki kimi milli geyimlərdə gəzməlidir. Söhbət bundan yox, mənən aşınmadan gedir. Yəni bunun baş verməməsi üçün nə etməliyik? Eyni zamanda, bu, demoqoqiya kimi anlaşılmasın».
Millət vəkilinin sözlərinə görə, bu cür nöqsanlara irad bildirmək heç də demokratiyaya qarşı çıxmaq deyil.
«Bayaqdan bəzi gənclərin əcaib geyim formasından danışırıq. Elə anlaşılmasın ki, cəmiyyətimizdə gənclərlə bağlı hər şey qaradır. Biz sadəcə olaraq, istisnalardan danışırıq. Fəxr edə biləcəyimiz gənclərimiz də çoxdur. Biz bu cür nöqsanları görəndə susmamalıyıq və gənclərimizə izah etməliyik ki, sən evdən çıxandan sonra artıq cəmiyyətə məxsussan.
Eyni zamanda, azad cəmiyyətdə yaşayırıq. İnsanların sərbəst düşünmək, hərəkət etmək haqları var. Təbii ki, vətəndaşların istəklərinə də heç kəs qarışmır».