vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜSAHİB  
17:47 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu oyunu ciddi qəbul etməməliyik»

«Ötən il ticarət iki ölkə arasına ticarət dövriyyəsi 5 milyard avroya çatdı»

Ayaz MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Eurasia Diary» beynəlxalq analitik informasiya portalı İtaliyanın Azərbaycandakı səfiri cənab Ciampaolo Kutillo ilə özəl müsahibə hazırlayıb. Müsahibə əsnasında səfir Amerika Birləşmiş Ştatlarında baş tutan seçkilərdən tutmuş, ən çox sevdiyi futbol komandasına qədər maraqlı açıqlamalar verib. Səfir bir sıra siyasi və iqtisadi məsələlərə də toxunub və şərh edib.

- Hörmətli cənab Səfir, siz İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq əməkdaşlıq naziri  Paolo Gentiloninin Azərbaycana  son səfərini necə şərh edə bilərsiniz? Görüşlərdə iştirak edən diplomat kimi bizə məlumat verə bilərsiz? Səfər zamanı Azərbaycan və İtaliya arasında hansı əsas məsələlər  müzakirə olunub?

- Paolo Gentiloninin Bakıya mühüm və uğurlu səfəri oldu. O, cənab Prezident İlham Əliyev və Xarici işlər naziri Elmar Məmmədyarovla görüşmək şansı əldə etdi. Bundan başqa, biz energetika naziri Natiq Əliyevin  müşayiəti ilə bir sıra italyan şirkətləri ilə görüş keçirdik. Müxtəlif məsələlərdə geniş və hərtərəfli danışıqlar aparıldı. İlk öncə, əlbəttə İtaliya və Azərbaycan arasındakı ikitərəfli əlaqələr günün əsas mövzusu idi. Bildiyiniz kimi, İtaliya və Azərbaycan çox yaxın tərəfdaşdır. Biz  Cənub Qaz Dəhlizi layihəsində bərabər işləyirik. İtaliya naziri layihədə öhdəliklərini təsdiqlədi. Digər tərəfdən, biz Azərbaycan ilə maraqlanan bir neçə italyan şirkətini də dəvət etdik. İtaliya neft kimya sektorunda da mühüm tərəfdaşdır və bu tərəfdaşlığa həmçinin kənd təsərrüfatı, nəqliyyat, logistika, infrastruktur  və bir sıra perspektivli sahələr də aiddir. İtalyan şirkətləri Azərbaycanla əməkdaşlığa həmişə hazırdır. Biz həmçinin bir çox beynəlxalq məsələləri də müzakirə etmək şansı əldə etdik. Buraya  İtaliyanın  2018-ci ildə ATƏT-ə həmsədrlik etməsi məsələsi də daxildir. Təbii ki, cənab nazir üçün onun kolleqasının bu məsələyə, Avropadakı vəziyyətə münasibəti çox mühümdür. Həmçinin bir sıra dondurulmuş münaqişələrə, sözsüz Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Demək olar ki, bütün məsələlərdə  çox faydalı, səmimi və konstruktiv müzakirə aparıldı. Bu görüş  bir daha İtaliya və Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyətini və yüksək səviyyəsini göstərir.

 

- Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Azərbaycana səfəri sizdə hansı təəssürat oyatdı? Bu tarixi səfər sizin üçün bir İtaliya vətəndaşı kimi nə ilə yadda qaldı?

- Əlbəttə, Papanın Azərbaycana səfəri prezident İlham Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisədir. Çünki bu səfərin əhəmiyyəti olduqca aydındır.  Papa Xristian aləminin mənəvi dünyasının rəhbəridir və onun Azərbaycan kimi ölkəyə gəlməsi onu göstərir ki, Azərbaycanda tolerantlıq və dini azadlıq hökm sürür. Azərbaycan qarşılıqlı dialoqu və  multikulturalizmi təşviq edən ölkədir. Həmçinin Papanın Heydər Əliyev mərkəzində çox mühüm çıxışı oldu. Bu baxımdan Papanın səfəri  çox mühüm tarixi hadisədir.

 

- Mümkündürsə, biz  sizdən bir peşəkar diplomat  kimi, Amerikada baş tutan və dünən yekunlaşan prezident seçkiləri haqqında soruşmaq  istərdik. Bildiyimiz kimi ABŞ-da böyük bir İtaliya lobbisi var. İtalyan əsilli vətəndaşlar  ABŞ-ın daxili və xarici siyasətində, iqtisadi inkişafında ciddi  rol oynayırlar. Məhz bu səbəbdən soruşmaq istərdik ki, Donald Trampın seçilməsi həm Avropa Birliyinin vacib ölkəsi kimi İtaliya ilə Amerika arasında, həm də Amerikadakı böyük İtaliya lobbisi üçün hansı məna daşıyır?

- Onu demək istəyirəm ki, ABŞ-da italyan icması ənənəvi olaraq güclü icmalardan biridir və çox geniş, mürəkkəb, multikultural və çoxmillətli cəmiyyətin bir hissəsidir. Amerika siyasətinə də müəyyən dərəcədə təsir göstərən icmadır. Prezident seçimi məncə ağır zəhmət tələb edən uğurlu kampaniyanın sonunda gələn nailiyyətdir. Biz bunun şahidi olduq. Fakt budur ki, Amerikanın indi yeni prezidenti seçildi və Avropa, eləcə də İtaliya kimi bir çox dövlətlərin rəhbərləri tərəfindən təbrik edildi. Əlbəttə ki, Amerika Birləşmiş Ştatları, İtaliya həmçinin Avropa İttifaqı üçün çox mühüm tərəfdaşlardan biridir. Şübhəsiz ki, biz bundan sonra da Amerika ilə ən azı son 70 ildir ki, izlədiyimiz yolu - bizi bir aya gətirən eyni dəyərlər, prinsiplər və  maraqlar əsasında əməkdaşlığımızı davam etdirəcəyik. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik və arzu edirik ki, prezident Donald Tramp öz ölkəsinin maraqları əsasında gələcəkdə yalnız öz ölkəsi üçün yox eləcə də bütün beynəlxalq ictimaiyyət üçün yaxşı işlər görəcək.

 

- İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsi necədir, son maliyyə böhranı və neftin qiymətinin aşağı düşməsi nəzərə alınaraq  hansı sahələrdə  ticarət artırılmalıdır? Azərbaycan və İtaliya arasında ticarət və biznes əlaqələrində hansı inkişafları görürsünüz? Belə ki,  bu iki ölkə arasında biznes və ticarət əlaqələrini necə təkmilləşdirmək olar?

- 2015-ci ildə İtaliya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 5 milyard avroya çatdı. Bu çox böyük məbləğdir və bu göstərici İtalyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunun sübutudur. Azərbaycanın nefti bizim üçün çox əhəmiyyətlidir və bundan başqa bir çox digər sahələrdə də tərəfdaşlıq edirik. İtaliyanın ixrac etdiyi məhsullar son  üç və ya dörd il ərzində bu ölkədə artmaqdadır. Əlbəttə ki, 2015-ci ildə maliyyə böhranı və manatın devalvasiyası baş verdiyi üçün çətin il oldu və bu haradasa ticarət dövriyyəsinin azalmasına təsir etdi. Görünür, ilin sonunda ticarət dövriyyəsinin 50 faizə qədər azalacağını müşahidə edəcəyik. Düşünürəm ki, bu müvəqqətidir və gələn il biz yetərincə inkişaf görəcəyik və bu inkişaf bizim ənənəvi əməkdaşlıq sahəmiz olan enerjidən başlayaraq bütün sahələrdə müşahidə olunacaq və Azərbaycan iqtisadiyyatının bir çox sahələrdə şaxələnməsi üçün çalışacağıq. Əvvəlcə də qeyd etdiyim kimi, Azərbaycanın kənd təsərrüfatı və sənaye bazası üzrə yeni planların tətbiqi bir çox texniki avadanlıqlar tələb edir və bu baxımdan ölkədə italyan texnikası çox yaxşı mövqedədir. Gələcəkdə iqtisadi əməkdaşlığımızın artması və davam etməsi üçün uğurlu göstəricilərin şahidi olacağıq.

 

- Azərbaycanda İtaliyanı bilməyən və ya bu ölkə haqqında nəyisə xoşlamayan adam çətin ki, tapıla. Siz Azərbaycana səfir kimi təyin olunmazdan əvvəl ölkəmiz haqqında təsəvvürləriniz necə idi və sonra nə dəyişdi?

- Əgər nəsə dəyişibsə, yaxşıya doğru dəyişib. Mən bura gələndə bu ölkənin Avropa ilə Asiyanın arasında Qərblə Şərqin yolayrıcı ölkəsi olduğunu bilirdim. Mən özümü burada qarışıq, mürəkkəb və qədim ölkə görməyə hazırlamışdım.  Eyni zamanda, mən həqiqətən sürətli addımlarla inkişaf edən ölkə gördüm. Əgər biz Bakı şəhərinə nəzər salsaq, yolda tam transformasiya olduğunu görə bilərik. Deməliyəm ki, mən burada özümü rahat hiss edirəm və mən hesab edirəm ki, bura  mənim üçün peşə baxımından çox maraqlı yerdir. Eyni zamanda bura mənim ailəm üçün də xoş bir yerdir və mən burada olmağımdan çox şadam.

 

- Azərbaycana ilk səfəriniz zamanı  sizin üçün nəyə alışmaq çox və ya az dərəcədə çətin idi?

- Mənim dillə bağlı problemim oldu. Bu mənim günahım idi, çünki mən heç vaxt Azərbaycan dilini  öyrənməyə cəhd eləməmişəm. İtalyanlar və Azərbaycanlılar ümumi dili bölüşməsələr də  həmişə ünsiyyətdə yol tapıblar. Bundan başqa, mənim gündəlik həyatımda heç bir xüsusi problem hiss olunmadı. Mən burada İtaliyadakı kimi  xüsusi diqqət və rəğbət edilən şəxs qismində, dost ölkənin nümayəndəsi kimi özümə qarşı səmimiyyəti, istiliyi hiss edirəm.

 

- Ümum fikirlərə əsasən, İtaliya Avropada dəyişiklikləri izləməyən ölkələrdən biridir. Məsələn, mən eşitmişəm ki, İtalyanlar  xarici dildə az danışan  xalqdır? Bu, doğrudurmu? Siz burada yaşayan zaman Azərbaycan  dilində nəsə öyrəndiniz?

- Bilmirəm, bu doğrudur, ya yox.  Bu ümumi bir yerə aid ola bilər. Dünyada xarici dillərdə səlist danışmayan insanların bəziləri bu mövzuda çox uğurludurlar. Əgər siz İngiliscə danışanlardansınızsa və millətiniz  ingilis dillidirsə, sizin  bəxtiniz gətirib. Sizə başqa heç nə öyrənmək lazım deyil. Mən ingilis dilindən başqa, faydalı dillərdən olan fransız və ispancanı öyrənmişəm. Təəssüf ki, mənə Azərbaycan dilində heç nə öyrətmədilər və etiraf edim ki, bu, yalnız mənim səhvimdir.

 

- Bir millət kimi, bizim bir çox xüsusiyyətlərimizin  İtalyanlara çox yaxın olduğu deyilir. Hətta biz axtarsaq  bir çox ümumi cəhətlər tapa bilərik. Bəs siz kənardan baxanda, bənzərlik görürsünüz?

- Mən  həyata baxışda, ailədə, cəmiyyətdə dostluq və qonaqpərvərlikdə oxşarlıq görürəm. İtalyan və Azərbaycanlı birlikdə dost kimi eyni masa arxasında əyləşəndə biznes müzakirələri aparırlar və ya sadəcə, yaxşı vaxt keçirirlər, mümkün qədər bir-birindən çox faydalanmağa çalışırlar. Siz onların həyata münasibətdə eyni ruhlu olduqlarını görə bilərsiniz.  Hətta onlar ciddi məsələlər haqqında danışanda da bu, o demək deyil ki, onlar qaşqabaqlı görünürlər, ya da həyatdan zövq almırlar. Həyatdan zövq almaq üçün  yaxşı anlar həmişə var. Ədalətli və düz yolda irəliləmək baxımından İtalyanlar və Azərbaycanlılar arasında  ümumi yanaşma var.

 

-  Bu gün Azərbaycanın turizm sahəsində sürətli inkişaf  haqqında planları var və onun qarşısında İtaliya kimi yaxşı nümunə var. Sizcə, Azərbaycanın  bu sahədə hansı cəhətləri İtaliyadan nümunə götürə bilər?

- Azərbaycan artıq çox işlər görüb. Əgər ölkədə infrastruktur, mehmanxanalara nəzər salsaq görərik ki, böyük potensial hələ də mövcuddur. Azərbaycan xaricdən turistlərin ən çox gəldiyi gözəl ölkədir. Mən hesab edirəm ki, İtaliya ilə turizm əlaqələrinin gücləndirilməsi baxımından hava əlaqələri inkişaf etməlidir. Bu kifayət qədər birmənalı deyil. Milana yalnız iki həftəlik reyslər var. Bizə Romaya birbaşa reys lazımdır. Bu ona görə vacibdir ki, əgər 3 və ya 4 gün Bakıya gəlib və şəhərin gözəlliyindən zövq alan İtalyan istəyirsinizsə, sizə birbaşa reys lazımdır. Bura 3 və ya 4 günlük  gəlmək kifayət etmir.

 

- Bəs siz Azərbaycanın hansı regionlarında istirahət etmisiz?

- Təəssüf ki, mən səyahətə elə də çox çıxa bilmirəm, çünki aktiv həyat tərzi keçirirəm. Lakin Qubada, Şahdağda olmuşam və daha çox yerləri  görmək istəyirəm. Əlbəttə, Bakı, Qobustan və digər bütün şəhərətrafı yerləri görmüşəm. Mən dağlarda bəzi mənzərələri görmək üçün qışı səbirsizliklə gözləyirəm və gələn ilin yazında yəqin ki, bütün ölkəni gəzəcəyəm.

 

- Hansı ölkələrdə olmusunuz? Sizin heyran olduğunuz elə bir ölkə var ki, siz təkrarən ora dönmək istəyərdiniz?

- Mən Hindistan, Pakistan və Cənubi Amerikada yaşamışam. Bu ölkələrdə yaşamaqla, oraya səyahət etmək çox fərqlidir. Mənim bütün bu ölkələrdə intensiv təcrübəm var və əgər  digər ölkələrə nəzər salsam, həqiqətən də bir sıra səbəblərdən mənə təsir edən ölkə məhz  Yaponiya olub. Bundan başqa, Buddistlərin cənnəti olan səma Butan mədəniyyətinin insanları çox mehribandır. Bura çox gözəl və sakit bir yerdir. Bundan başqa ölkələrə səfərim olmayıb. Ümidvaram ki, Asiyanı daha çox görmək şansım olacaq. Məsələn, heç vaxt Çinə səfərim olmayıb. Ora getmək istədiyim ən sevimli yerlərdən biridir.

 

-  Əslində bir İtaliyana bu sualı verməmək böyük günahdır. Futbol haqqında nə deyə bilərdiz? Hansı futbol  klubuna azarkeşlik edirsiz?

- Mən Neapolda doğulmuşam və orada böyümüşəm. Dieqo Maradona o zaman orada oynayırdı.  Mən Napolinin güclü tərəfdarıyam. Mən uşaq olanda da, indi də Napoli komandası udanda xoşbəxt oluram. Əlbəttə, futbol elə bir oyundur ki, biz bunu ciddi qəbul etməməliyik. İtaliyada bir çox güclü komandalar var. Yuventus, yəqin ki, ən yaxşısıdır. Mən futbolu  gənclərə ilham verən bir dəyər  kimi görməyə çalışıram. Təəssüf ki, bu həmişə belə deyil,  amma mənim həyat fəlsəfəmdə  idman və futbolun yeri ayrıdır. Onu da qeyd edək ki, Yuventus gənc uşaqlar üçün Bakıda futbol akademiyası da açıb. Mən əminəm ki, bu, çox uğurlu bir layihə olacaq.

 

- Sonda  Cənab səfir, oxucularımıza nəyi çatdırmaq istəyərdiniz?

- Hər şeydən əvvəl, bu ölkədə olmaqdan çox şadıq və mən həqiqətən bu ölkədə olduğuma görə bir italiyalı olaraq özümü xoşbəxt hiss edirəm. Bu ölkədə italiyalılar üçün bu cür rəğbət və hörmət var. Digər tərəfdən, mənim müraciətim ondan ibarətdir ki, bizim münasibətlərimiz çox müsbət istiqamətdə inkişaf edir. Mən hesab edirəm ki, biz mütləq daha çox uğurlar əldə edəcəyik, çünki həm İtaliya  Azərbaycanın mühüm tərəfdaşıdır, həm də Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaş hesab edilir.