vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
10:00 | 10 mart 2017 | Cümə Məqaləyə 2826 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Reanimasiya var!

«İki adaxlısı» olan Palata artıq yoxdur, əvəzində ...

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 ili tamam oldu. Beləki, 10 mart 2016-cı il tarixdə Prezident Palatanın Nizamnaməsini təsdiq etdi və Direktorlar Şurasının sədrini təyin etdi. Elə həmin dövrdə demişdim ki, Palata ya xəstə maliyyə sektorumuzu sağaldacaq, ya da reanimasiyaya, sonra isə morqa çevriləcək. Son həftələr ərzində Palata maliyyə sektorundakı vəziyyətin müsbət tərəfə dəyişməsi haqda bəyanatlar verərək bir illik fəaliyyətinin qənaətbəxş olduğunu göstərmək istəyir. Lakin reallıq əksini göstərir: Palata artıq yoxdur, Reanimasiya var!

Əslində, Palatanın problemləri elə Nizamnaməsindən başladı. Onun 11.2-ci bəndində «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi» əvəzinə «Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyi» yazılması kimi texniki səhvləri demirəm. Halbuki, ola bilər ki, kimsə Xəzinədarlığın Maliyyə Nazirliyinə mənsub olmasını təsadüfən yox, qəsdən «unutmuşdu» (bəlkə də planda Xəzinədarlığın Maliyyə Nazirliyindən ayrılması var idi).

Nizamnamənin daha ciddi problemlərindən biri idarəetmədə ikitirəliyin yaradılması idi. Belə ki, Direktorlar Şurası ilə yanaşı Palatada İdarə Heyəti də var, amma problem bunda deyil: nəzarət və icra orqanlarının mövcudluğu normal haldır və korporativ idarəetmə prinsiplərinə uyğundur. Problem ondadır ki, Direktorlar Şurasının üzvləri ilə yanaşı İdarə Heyətinin də rəhbərini (Baş icraçı direktoru) Prezident təyin edir. Başqa sözlə, o, nəzarəti altında olduğu Direktorlar Şurasından asılı deyil. Üstəgəl Nizamnaməyə əsasən Palatada ortaq imza səlahiyyəti prinsipi tətbiq edilir. Yəni hətta nəinki Direktorlar Şurasının qərarlarını, həmçinin dövlət qurumlarına ünvanlanan məktubları da Direktorlar Şurasının sədri ilə yanaşı Baş icraçı direktor da imzalamalıdır. Bir sözlə, Palatanın «iki adaxlısı» var! Azərbaycan şəraitində hər hansı qurumun faktiki iki rəhbərinin olması səmərəli deyil. Yeni yaranan quruma isə hər yerdə adətən vahid rəhbər lazımdır. Böhran şəraitində isə hər yerdə və həmişə vahid rəhbərlik tələb olunur. Dərin böhran içində olan maliyyə sektorumuza nəzarət etməli olan yeni qurum (Palata) isə ikitirəli doğuldu və səmərəsiz fəaliyyəti öncədən bəlli oldu. Təsadüfi deyil ki, bir il ərzində Palatanın nə normal strukturu, nə də adekvat kadr resursu var. Hətta kadr axını da müşahidə olunur. Direktorlar Şurası da tam formalaşmayıb. Prinsipcə, Rüfət Aslanlıdan başqa Palatada yüksək səviyyəli mütəxəssis yoxdur. Müavini Nigar Məmmədova isə əvvəllər Mərkəzi Bankda işləyib və ölkənin valyuta sisteminin bərbad hala düşməsinin əsas günahkarlarından biridir.

Yeri gəlmişkən, ötən il ərzində Palatanın ən böyük uğursuzluğu əsas rəqibi Mərkəzi Banka məğlub olmasıdır. Təbii, Mərkəzi Bank Palatanın yaradılmasından ən çox uduzan qurum oldu: nəzarət səlahiyyətlərini itirdi. Buna görə də il ərzində əsas işi Palataya badalaq vurmaqdan ibarət oldu. Elman Rüstəmov banklara kredit verilməsini kəskin azaldaraq onların dirçəlməsinin qarşısını aldı. Xatırladıram ki, həm Mərkəzi Bank, həm də Palata dövlət büdcəsindən maliyyələşdirilmir. Mərkəzi Bank banklara verdiyi kreditdən, komisyon haqlardan və valyuta ehtiyatlarının idarə edilməsindən gələn gəlir hesabına dolanır. Palatanın isə belə imkanları yoxdur, o, rəsmi olaraq bankların əlinə baxır. Bankların isə vəziyyəti günü-gündən ağırlaşır.

Palata ötən il üç dəfə bəyanat verdi ki, daha heç bir bank bağlanmayacaq. İlk dəfə bunu apreldə etdi, amma iyulda 4 bankı bağladı (və faktiki dedi ki, ötən illər ərzində bu banklar Mərkəzi Banka təhrif edilmiş hesabatlar verib və Mərkəzi Bank da buna göz yumub) və dedi ki, daha banklar bağlanmayacaq. Lakin oktyabrda öncə sağlamlaşdırmaq istədiyi Bank Standardı da bağlamalı oldu (bu bank dövlət qurumları arasındakı intriqaların qurbanı oldu!) və yenə dedi ki, daha bank bağlanmayacaq. Lakin artıq aydındır ki, bu ildə azı bir neçə bank müflis elan ediləcək. Görünən odur ki, Mərkəzi Bankdan Palataya miskin miras qalıb. Belə şəraitdə ən düzgün yol bütün pis bankları təcili bağlamaq (oğruları cəzalandırmaq şərti ilə), məsuliyyəti illər boyu onlara nəzarət etmiş Mərkəzi Bankın üzərinə qoymaq və yerdə qalan banklarla işi davam etdirmək idi. Lakin ən azı Palatadakı ikitirəlik buna imkan vermədi. Problemli kreditlərin həcmi günü-gündən artır, bəzi banklar əmanətləri qaytarmaqdan yayınır, lakin Palata oğru bank sahibləri və dələduz bank inzibatçılarına qarşı heç nə edə bilmir, geniş yoxlamalara cürəti çatmır. Hətta müflis olmuş banklarda da bunu edə bilmir və həmin banklarda kreditorların ümumi yığıncağının yaradılmasını uzadır, ümumiyyətlə, onların ləğv edilməsini prosesini qeyri-şəffaf aparır.

İş o yerə çatıb ki, bu gün Palata nəzarətlə deyil, daha çox Beynəlxalq Bankın idarə edilməsi ilə məşğuldur. Çünki Beynəlxalq Bank nə qədər bərbad vəziyyətdə olsa da, dövlət dəstəyi hesabına real pul ancaq orada var. Buna görə də həmin bankın quldurcasına manat kreditlərini müştərilərindən geri tələb etməsinə də göz yumur, bəlkə də elə özü rəvac verir. Təki pul olsun! Bununla bank sisteminə (həm əmanətçilər, həm də borc alanlar tərəfindən) və milli valyutaya etimadın tam sarsıldığı artıq heç kəsi maraqlandırmır. Halbuki Palata məhz bu etimadı bərpa etmək üçün yaradılmışdı...

P.S. Palatanın sığorta sektoru və qiymətli kağızlar bazarı üzrə fəaliyyətinə toxunmadım. Əslində, heç bank sisteminin də bir sıra probleminə burada yer vermədim, çünki vaxtaşırı bu barədə onsuz da yazıram. Amma sığorta sektoruna da yaxında diqqət ayıracağam. Qiymətli kağızlar bazarına gəldikdə isə, o, onsuz da yox kimidir. SOCAR-ın istiqraz oyunları barədə isə fikirlərimi dəfələrlə bildirmişəm...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)