vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
13:04 | 26 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağlanan bankın müştəriləri təlaşda

«Dəmirbank»dakı pulların aqibəti necə olacaq?

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən «Dəmirbank» Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən ləğv edildi. Bəs hazırda bu bankda əmanəti olanlar və ya maaşlarını bu bank kartları vasitəsilə alan müştərilər nə etməlidirlər?

Bank sektoru üzrə mütəxəssis, iqtisadçı, hüquqşünas Əkrəm Həsənov «Dəmirbank»ın bağlanmasının gözlənilən olduğunu dedi: «Dəfələrlə dediyim kimi, bank sisteminin vəziyyəti ağırdır və bağlanmalı xeyli bank var. Sadəcə, Maliyyə Bazarlarına Nəzarət Palatası subyektiv səbəblərdən məsələni uzadırdı və hələ də uzadır. Problemli banklar bağlanmalıdır ki, yaxşılar rahat nəfəs ala bilsin. Problemli bankların da bu vəziyyətə düşməsinin əsas səbəbi bəllidir - problemli kreditlərin həcminin artması. Həmin kreditlərin də əksəriyyəti elə bank sahibləri və inzibatçılarının öz yaxınlarına «gedər-gəlməz» prinsipi ilə verdiyi vəsaitlərdir. Həm «Dəmirbank», həm də onun günündə olan digər banklara qarşı Palata son dövrdə bir sıra təshih tədbirləri tətbiq edib. Yəni müəyyən fəaliyyət istiqamətlərini məhdudlaşdırıb. Məsələn, əmanət qəbul edə bilmirlər və s. Bununla da Palata həmin banklara təzyiq edir ki, ya birləşin, ya da banka əlavə sərmayə yatırın. Bank sahibləri də bunları etmir (edə bilmir və ya etmək istəmir). Sonuncular, sadəcə, fürsətdən istifadə edərək aktivlərinin bankdan çıxarılması ilə məşğuldur. Buna görə də əvvəl-axır Palata reaksiya verməli idi və verdi də. Böyük ehtimalla, yaxın vaxtda bankların bağlanması davam edəcək».

Əkrəm Həsənov«Dəmirbank»da pulu qalanlara gəldikdə isə iqtisadçı bildirdi ki, qanuna görə, Əmanətlərin Sığortalanması Fondu maksimum 6 ay ərzində sığortalanmış əmanətləri ödəməlidir: «Əvvəla, təəccüblü odur ki, son 2 ildə bankların bağlanması təcrübəsindən fərqli olaraq, bu dəfə bankda qalan vəsait, onun nə qədərinin sığortalı, nə qədərinin isə sığortası olması haqda məlumat hələ də açıqlanmayıb. Bu da öz növbəsində sui-istifadə, korrupsiya hallarına yol açır. Məsələn, sığortasız əmanəti müəyyən «hörmət» müqabilində sığortalı kateqoriyaya keçirə bilərlər və s. və i.a. Bir sözlə, hansısa pərdəarxası alverin getməsi istisna deyil və hüquq-mühafizə orqanları bu məsələni nəzarətə götürməlidir. Xatırladıram ki, faiz dərəcəsi manat əmanəti üzrə 15 faizi, xarici valyutada olan əmanət üzrə isə 3 faizi ötməyən əmanət qorunan əmanətdir. Bir qayda olaraq, maaş kartlarında olan vəsait də bura aiddir - bu şərtlə ki, bank hesabı işəgötürənin deyil, işçinin adına açılmış olsun. O ki qaldı sığortalanmayan əmanətlərə, habelə sahibkarların və hüquqi şəxslərin bankdakı hesablarında olan vəsaitlərə, bağlanan digər bankların təcrübəsi göstərir ki, həmin vəsaitlərin qaytarılması müşkül məsələdir».

İqtisadçının sözlərinə görə, əgər bank müflisdirsə, ləğvedici olan Əmanətlərin Sığortalanması Fondu onun əmlakını satmalı, verdiyi kreditləri isə qaytarmalıdır: «Bunun nəticəsində əldə edilən vəsaiti fond ilk növbədə sığortalanmış əmanətlərin kompensasiyası xərcinə aid edəcək. Yəni nə qədər xərci olubsa, həmin həddə vəsaiti özünə götürəcək. Sonra qalan məbləğdən ləğvetmə prosesinə çəkdiyi xərclərini bağlayacaq. Bundan sonra «Dəmirbank»ın işçilərinin maaşını və dövlətə qalan vergini ödəyəcək. Daha sonra nə isə qalsa, həmin vəsaiti digər kreditorlar arasında bölüşdürəcək. Göründüyü kimi, Azərbaycanda əmanətlərin sığortalanmasının çox əcaib sistemi mövcuddur. Faktiki olaraq fond heç bir xərc çəkmir. Əmanətlər digər kreditorlar, əsasən sahibkarlar və şirkətlərin hesabına qaytarılır. Elə buna görə də hazırda sahibkarlar banklarda pul saxlamağa qorxur. Bu gedişlə ölkədə sahibkarlığa neçə şərait yaradılacağı mənə qaranlıqdır».

Əkrəm Həsənov «Dəmirbank»ın sığortasız əmanətçilərinə və digər kreditorlarına bir neçə məsləhət verdi: «Onlar fonddan və Palatadan kreditorların ümumi yığıncağının çağırılmasını tələb etsinlər. Ən azı kreditorlar komitəsi yaradılmalıdır ki, ləğvetmə prosesinə ilk gündən nəzarət olsun. Yoxsa bankın olan-qalan varının başına da daş salacaqlar. Palatanın yarıtmaz fəaliyyəti göz qabağındadır. Nə etməli? Təcili bütün banklar yoxlanılmalı, bankirlərin mənimsədiyi pullar geri qaytarılmalıdır. Bağlanmalı olan banklar bağlanmalıdır. Sonra dövlət məsuliyyətli şəkildə bəyan etməlidir ki, sistemi təmizlədik, ona etibar etmək olar. Bunları etmək üçün də savadlı və dürüst kadlrar lazımdır...»

Qeyd edək ki, əmanətlərin qaytarılması ilə bağlı Əmanətlərin Sığortalanması Fondu da açıqlama yayıb. Açıqlamada bildirilir ki. «Dəmirbank» ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən «Əmanətlərin sığortalanması haqqında» Qanunda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq və bunun üçün Fondun kifayət qədər vəsaiti mövcuddur.