

Sentyabr ayında bazara çıxarılan “iPhone 17” seriyasının ABŞ və Çin bazarlarında ilk 10 günlük satış dövründə “iPhone 16”-nın 14% geridə qoyduğu məlumatları “Apple” hissələrini rekord səviyyəyə qaldırdı. Vaxt.AZ xəbər verir ki, bu məlumatlar “Counterpoint” araşdırma şirkəti tərəfindən hazırlanıb.
Bu xəbərin təsiri ilə “Wall Street”də “Apple” hissələri 3,94% artaraq günü 262,24 dollardan tamamladı. Şirkətin bazar dəyəri isə 3 trilyon 891,74 milyard dollara yüksəldi.
“Counterpoint”in baş analitiki Menqmenq Janq, “Əsas model “iPhone 17” istehlakçılar üçün çox cəlbedici və dəyərinə uyğun təklif təqdim edir. Daha yaxşı çip, təkmilləşdirilmiş ekran, yüksək əsas yaddaş, ön kamera yenilənməsi – bütün bunlar ötən ilki “iPhone 16” ilə eyni qiymətə təqdim olunur. Kanal endirimləri və kuponlar əlavə edildikdə, bu cihazı almaq məntiqli bir seçim olur”, – deyib.
“Loop Capital” investisiya bankı “Apple”ı “Al” səviyyəsinə
yüksəldib və hissə hədəf qiymətini 226 dollardan 315 dollara qaldırıb. “Loop
Capital”dən Ananda Baruah dünən müştərilərə göndərdiyi qeyddə,
“"Wall Street” “iPhone 17” məhsul ailəsindən müəyyən performans gözləsə də,
2027-ci ilə qədər birja gözləntilərini üstələyəcək əhəmiyyətli potensialın
olduğunu düşünürük”, – yazıb.
“Evercore” analitiki Amit Daryanani isə dünənki qeyddə bildirib ki, “iPhone Air”in Çin bazarındakı populyarlığı “Apple” hissələrinə dəstək verə bilər. Analtiklər “Apple”ın gələcək həftə açıqlanacaq gəlir hesabatında güclü rəqəmlər təqdim etməyə hazır olduğunu vurğulayıblar.
2025-ci ildə “Apple” hissələri təxminən 5% artaraq “Nvidia”, “Meta”, “Microsoft” və “Alphabet” kimi böyük qazananların arxasında qalmışdı, lakin son üç ay ərzində 24% yüksəlmə göstərib.