vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
12:21 | 15 aprel 2017 | Şənbə Məqaləyə 2402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siqaret satışı ilə bağlı qanunvericilik sərtləşdirilir

Faydası olacaqmı?

Şəbnəm MEHDIZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, yetkinlik yaşına çatmayanların tütün ticarətinə cəlb edilməsi qadağan edilir, bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq. Parlamentin yeni qəbul etdiyi «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» qanun layihəsinin 13-cü (Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışının və tütün istifadəsinin qadağan edilməsi, bu prosesə uşaqların cəlb olunmasının qadağan edilməsi) maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağan edilir. Maddədə göstərilir ki, tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddədə həmçinin bildirilir ki, alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, alıcının şəxsiyyətini təsdiq edən və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmədikdə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməyə borcludur. Maddənin sonunda o da qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir».

Bununla yanaşı, qanuna digər bir dəyişiklik də edilib.  Belə ki, Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanacaq. Bununla bağlı həmin radio və ya televiziya Milli Televiziya və Radio Yayımı Şurasına hər ay hesabat verəcək. Qeyd edək ki, sözügedən qanun layihəsi 17 maddə 3 fəsildən ibarətdir və  dünən  Milli Məclisdə səsə qoyularaq, birinci oxunuşda qəbul olunub.

Bəs görəsən qanunvericilik aktına edilən bu dəyişikliklər ölkədə siqaret çəkənlərin ümumi sayına təsir edəcəkmi? Ümumiyyətlə, sanksiyaları sərtləşdirməklə bu problemi həll etmək mümkündürmü?


Dəyişikliklər nəticəsində bu məsələyə daha da aydınlıq gətirilmiş olacaq


İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov  mövzuya dair fikirlərini bölüşərək, qeyd etdi ki, atılan addımlar siqaretin əlçatımlığını azaldacaq ki, bu da ölkədə siqaret çəkənlərin sayına əhəmiyyətli təsir göstərəcək: «Qanuna əsasən 18 yaşına çatan şəxslərə siqaretin satışı qadağan olunub. Amma burada qanun birmənalı olaraq bildirmirdi ki, 18 yaş necə müəyyən edilsin. Edilən dəyişikliklər nəticəsində bu məsələyə daha da aydınlıq gətirilmiş olacaq. Bir neçə il bundan öncə biz də bu məsələyə toxunduq və sorğu həyata keçirdik. Sorunun nəticələrdən belə bəlli oldu ki, Azərbaycanda demək olar ki, heç bir market və köşklərdə azyaşlılardan yaşını müəyyən etmək üçün sənəd tələb olunmur. 5 yaşında biri ilə 18 yaşında birini təyin etmək asan məsələdir. Amma 15-16 yaşlarında olan yeniyetmələrin 18 yaşının tamam olub-olmadığını təyin etmək çətin məsələdir. Ona görə də hesab edirəm ki, qanunvericiliyin sərtləşdirilməsi və daha doğrusu aydınlaşdırılması müsbət nəticə verəcək və siqaret çəkənlərin sayına təsir göstərəcək. Bu, bütün dünya ölkələrində də belədir. Məsələn, Avropada siqaret satılan xüsusi elektron köşklər var ki, hətta həmin elektron köşklərdə belə sənəd tələb olunur. Bu vaxtında atılan addımdır və öz müsbət təsirini göstərəcək. Ola bilsin ki, dəyişikliyin böyüklər üçün əhəmiyyətli təsiri olmasın,  lakin azyaşlıların siqaretə olan meylliliyini və siqaretin əlçatımlığının azalması baxımından çox əhəmiyyətli bir addımdır». 


«25-ci kadrla tamaşaçının beyninə siqaretin zərərlərini, fəsadlarını yeritmək vacibdir»


Sosioloq Lalə Mehralı bu dəyişikliyin faydalı olacağını düşünmür: «Şəxsiyyəti təsdiq edən sənədə  onsuz da ehtiyac yoxdur, çünki mağazaların əksəriyyətində siqareti 13-15 yaşlı yeniyetmələrə satırlar. Bu günə qədər görünüşündən 12-13 yaşlı uşaq olduğu dəqiqliklə bilinən birinə «sənin yaşın siqaret almaq üçün münasib deyil» deyən bir mağaza görmədik, çətin ki bu gündən sonra da görə bilək. Yaşının az olduğunu görə-görə siqaret satan bir müəssisə, alıcısından şəxsiyyəti təsdiq edən vəsiqə istəməyəcək, çünki ona satış etmək sərfəlidir. Yeniyetmə və uşaqlar adətən kiçik dükanlardan, qəzet köşklərindən ədədlə siqaret alırlar, ona o siqareti dənə-dənə satan da bilir ki, cəriməsi var, amma etinasız yanaşır. Necə ki, qadağan olunmuş yerlərdə siqaret çəkənlər üçün cərimələr nəzərdə tutulub, eynilə də yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan müəssisələrə də cərimə tətbiq etmək ədalətlidir. Məncə yeniyetmə və uşağa siqaret satan satıcı və mağazaya yüksək məbləğdə cərimə tətbiqi daha effektiv ola bilər. Gün ərzində 50-60 qutu siqaret sataraq bu cərimənin qat-qat artığını qazanan bir müəssisə üçün bu cəriməni ödəmək o qədər də çətin deyil. Ona görə də cərimənin məbləğini yüksəltmək lazımdır. Məktəb dalanlarındakı, yaxın küçələrdəki mağazalarda siqaret alveri günü-gündən «çiçəklənir», künc-bucaqlarda siqaret tüstülədən şagirdlərin sayı hər gün artır». 

Sosioloq bəzi məqamları da vurğuladı: «Efirə bir yazı qoyub «siqaret çəkmək sizin sağlamlığınıza ziyandır» yazmaq sosial çarx deyil. Bunun üçün psixoloqlar, sosial işçilər, həkimlər birlikdə işləməli, dəyərli bir rejissor işi ortaya qoyulmalıdır. Siqaretin aldığı canlar, onun çarəsiz xəstəliyə yoluxdurduğu insanlar bu çarxlarda çəkilməli, göstərilməlidir. Bir az qəddarcasına səslənsə də, gözü çıxan qardaşdan dərs almalıdır tamaşaçılar. Hamımız yazırıq, araşdırma edirik, amma onu neçə nəfər oxuyur? Gənclər oxuyurmu, ümumiyyətlə? Efirin gücü böyükdür, təsir dairəsi genişdir, siqaretə aludə olan yeniyetmələrə birbaşa nüfuz edə bilir. Düşünürəm ki, televiziyalar bunu ictimaiyyətə borcludur. Subliminal mesajları bu cür sosial çarxlarda gizlətmək lazımdır, 25-ci kadrla tamaşaçının beyninə siqaretin zərərlərini, fəsadlarını yeritmək vacibdir».