vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
11:36 | 19 may 2017 | Cümə Məqaləyə 2606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ÜAK problemi Rusiyanın vasitəçilik missiyasına xələl gətirir

Kremlin addımı ona qarşı etimadsızlığa gətirib çıxara bilər

Bəxtiyar MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının Rusiyanın Ədliyyə Nazirliyinin təqdimatı ilə Ali Məhkəmə tərəfindən ləğv edilməsi Azərbaycanda birmənalı qarşılanmır. Çünki Azərbaycan Rusiyaya sadəcə qonşu dövlət kimi deyil, həm də dost ölkə olaraq münasibət sərgiləyib.

Eyni zamanda Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edib. Uzun illərdir Rusiya həmsədr olaraq ABŞ və Fransa ilə birgə Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində vasitəçilik missiyası həyata keçirir. Bu çərçivədə rəsmi Moskva münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanın rəhbər şəxslərinin, nəticəsi olmasa belə, görüşlərinin keçirilməsinə nail olub. Lakin bütün Rusiyanı əhatə edən ÜAK-ın qeydiyyatının ləğvi bu ölkənin vasitəçilik missiyasına xələl gətirməklə yanaşı, həm də etimadsızlıq mühitinin yaranmasına gətirib çıxarıb.

Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, ÜAK böyük bir təşkilatdır və bütün Rusiya ərazisində fəaliyyət göstərirdi: «Bu təşkilat təkcə azərbaycanlıları yox, hətta Rusiya vətəndaşları olan aparıcı elm və ictimaiyyət xadimlərini də özündə birləşdirirdi. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinə, hər iki ölkənin inkişafına təkan verən bir qurum idi. Bunun birdən-birə ləğvi, əlbəttə ki, müəyyən mənada həm münasibətlərə təsir edəcək, həm də onun Minsk qrupundakı həmsədrlik funksiyasına. Çünki biz onsuz da Minsk qrupunun fəaliyyətindən razı deyilik və hər zaman narazılığımızı dilə gətiririk. Amma eyni zamanda Rusiyanın belə hərəkəti ona qarşı etimadsızlığa gətirib çıxara bilər. Əslində mövcud reallıq budur. Həmçinin Rusiya strateji tərəfdaşımız idisə, belə bir addım atmamalı idi. Bu ölkəyə bir həmsədr kimi münasibətimiz dəyişə bilər. Yəni, bu ölkəyə etimadsızlığın, etibarsızlığın, inamsızlığın yaranması mümkündür».

F.Sadıxov əlavə etdi ki, ÜAK rəhbərliyi geri durmamalı və məhkəmə qərarından apellyasiya şikayəti verməlidir: «Yox, əgər onun fəaliyyətini bərpa etmək mümkün olmayacaqsa, bunun bazasında yeni təşkilat yaratmaq lazımdır. Yəni, bu qurumu yeni ad ilə qeydiyyatdan keçirmək olar. Çünki belə bir təşkilatın ümumiyyətlə sıradan çıxmasına imkan vermək olmaz».

Politoloq Natiq Mirinin sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı siyasəti bütün zamanlarda ona hesablanıb ki, Azərbaycan bu ölkənin nüvəsi ətrafında fırlanan orbitdə olsun: «Dünən də elə olub, bu gün də belədi və sabah da Rusiya buna çalışacaq. Ancaq Azərbaycan müəyyən mənada müstəqil siyasət yürütdüyü üçün müxtəlif zamanlarda problemlərlə üzləşir. Təbii ki, bu məsələnin içərisində Dağlıq Qarabağ məsələsi var. Məhz buna görə də Dağlıq Qarabağ məsələsi artıq 24 ildir ki, həll olunmur. Çünki Rusiya Azərbaycandan əmin olmadığı üçün bu münaqişəni bir təzyiq vasitəsi olaraq saxlayır ki, ölkəmiz ən azından, strateji seçim anında Qarabağ problemini düşünmək məcburiyyətində qalsın. Bu gün təbii ki, Dağlıq Qarabağ problemi Rusiyanın əlində bir vasitə kimi Azərbaycana təzyiq mexanizmi olaraq düşünülüb. Ölkəmiz bütün dövrlərdə bunu nəzərə almaq məcburiyyətindədir. Hətta bu gün Rusiyanın ATƏT-in Minsk qrupu həmsədri kimi nüfuzuna xələl gəlmiş olsa belə, Azərbaycan bu faktı qəbul etmək məcburiyyətindədir. Çünki Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı Rusiyadır. Bu problemi yaratmaqla bərabər, indi prosesi idarə edən də bu ölkədir. Çox təəssüflər olsun ki, digər həmsədr dövlətlər bu prosesin idarə olunmasını hələ də Rusiyanın öhdəsinə buraxıblar. Ona görə də Rusiya Dağlıq Qarabağ problemi ilə bütün zamanlarda, eləcə də indi də manipulyasiya ilə məşğuldur. Son günlər erməni hərbçilərinin işğal olunmuş torpaqlarda aktivləşməsini də bu kontekstdə dəyərləndirmək lazımdır».

N.Miri qeyd etdi ki, ÜAK-ın qeydiyyatının ləğv olunmasını da haradasa Azərbaycana təzyiq vasitəsi kimi dəyərləndirmək lazımdır: «Çünki bütün bu məsələlər bir-biri ilə bağlıdır və bunlar Azərbaycanın son aylarda atdığı müstəqil siyasi addımlarla bilavasitə əlaqəlidir. Buraya ölkəmizin Avropa ilə strateji saziş imzalamaq məsələsindən tutmuş, Azərbaycanın konstitusiya referendumu keçirməsi, yeni vitse-prezidentlik institutunun yaradılması, struktur dəyişikliyi və gələcək perspektivə hesablanan islahatlar, regionda Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsinədək kompleks məsələlər daxildir. Bunlar təbii ki, Rusiyanı qıcıqlandırır. Ona görə də məsələyə məhz bu kontekstdə yanaşmaq lazımdır. Düşünmək lazım deyil ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması hansısa bir qrup Azərbaycan əleyhinə olan qüvvələrin işidir. Qətiyyən bu belə deyil, çünki Rusiyada prezidentin iradəsindən kənarda bu cür strateji hüquqi addımlar atılmır. Düşünürəm ki, Rusiyada iki-üç milyon azərbaycanlını özündə birləşdirən bir təşkilat ləğv olunursa, biz də ölkəmizdə fəaliyyət göstərən mədəniyyət və media mərkəzlərinin fəaliyyətinə yenidən baxmalıyıq».