vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜBAHİSƏ  
10:16 | 14 fevral 2013 | Cümə axşamı Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şeyx Əkrəm Əylislini mürtəd elan etdi

QMİ dindarlar adından bəyanat verib

AYGÜN

Şeyxülislam Allahşükür Paşazadə Əkrəm Əylislini Rusiyanın “Drujba narodov” dərgisində çap etdirdiyi “Daş yuxular” əsərinə görə “mürtəd” elan edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fevralın 13-də yaydığı bəyanatda bildirilir ki, bu qərar qurumun Elmi-Dini Şurası və Qazılar Şurasının toplantısında qəbul olunub.

“Azərbaycan dindarları Əkrəm Əylislinin üzdəniraq ”Daş yuxular" yazısını birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi qiymətləndirir, bu mənəviyyatsızlığın qarşılığında onun “Xalq yazıçısı” adından məhrum edilməsini ədalətli addım sayır. Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin “Şöhrət” və “İstiqlal” kimi ali dövlət təltifatlarını daşımağa heç bir mənəvi haqqı yoxdur. Peyğəmbərimizin mübarək hədisi-şərifində buyurulur: “Vətəni sevmək imandır”. Öz xalqına qarşı nankor çıxan, milli və dini mənsubiyyətini itirmiş yazarın mənəvi haqqı barədə danışması əbəsdir. Azərbaycan dindarları bu üzdəniraq romanı birmənalı olaraq təxribat, düşmən sifarişi ilə yazılmış qarayaxma kimi dəyərləndirir, onun müəllifini vətən xaini və mürtəd hesab edir. Bu ədalətsizliyə görə Əkrəm Naibov tezliklə həm Allah, həm də xalq, vətənimizin uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhu qarşısında cavab verəcək" - deyə QMİ-nin bəyanatında bildirilir.
Yada salaq ki, “Daş yuxular”da İslam dini ilə bağlı da bir neçə məqam yer alıb. Əsərdə İslam dinində vacib əməl kimi təsbit edilən sünnət haqqında qəhrəmanlardan biri belə bir ifadə işlədir: “İndi deyirsiniz, sizin Peyğəmbəriniz Allahdan çox bilir? Yəni Allah bilmir ki, nəyi necə yaratmalıdı?” Bu epizod Nardaran kəndində keçirilən sünnət mərasimində baş verir. Əsərdə bu fikrin müəllifinin “dərsini” nardaranlılar dərhal verir. Sonradan barışıq üçün kəndə Şeyxin göndərilməsi qərara alınır. Şeyx obrazı əsərdə də real həyatdakı kimi Allahşükür Paşazadə adlanır. İki obrazın barışıq haqqında dialoqu isə belədir:
- Şeyx də naxçıvanlıdır?
- Yox, talışdır.
Çox güman bu, Şeyxülislam A.Paşazadənin bir müddət öncə etnik kimliyi ilə bağlı açıqlamasına işarədir. Yada salaq ki, A.Paşazadə bir neçə il öncə talış olduğunu demişdi.
Dini ekspert Kənan Rövşənoğlu deyir ki, “mürtəd” İslamda “dinini tərk etmiş” anlamında işlənir: “Əgər bir şəxs müsəlman olub sonradan dinindən uzaqlaşırsa, o, mürtəd elan olunur. Cəzaya gəldikdə isə bu, islamiyyətin ilk illərində daha ağır formalarda olub. Sonralar dinin mürtəd elan etdiyi şəxslərlə məhkəmələr yalnız cəmiyyətdən bir neçə illik təcrid etmə qərarı çıxarıb. Son zamanlar bu, daha çox ictimai qınaq funksiyası daşıyır. Ona görə də ağır fiziki cəzalardan söhbət getmir. Məsələn, bir neçə il öncə İranda fars mənşəli şəxs xristian dinini qəbul etmişdi. Həmin şəxs məhkəmənin hökmü ilə bir neçə il azadlıqdan məhrum edilmişdi. Daha sonra həmin keşiş əfv olundu. Ancaq onun üzərindəki ”mürtəd" qınağı həmişə qalacaq".
“Daş yuxular”a İran mediasında da yer ayrılıb. İranın “Mehr” xəbər agentliyi bu haqda informasiyanı “Azərbaycan dövlətinin  yazıçının başına gətirdiyi bəlalar” başlığı ilə yayıb. Xəbərdə müəllifin həyat və yaradıcılığı ilə bağlı qısa informasiya veriləndən sonra “Daş yuxular”dan sonra onun yaşadıqları, ailəsinə edilən basqılar, eləcə də qulağının kəsilməsi ilə təhdid olunması haqda bilgi yer alıb.
Türkiyə mediası da ötən gün Ə.Əylislidən yazıb. Ölkənin ən böyük media quruluşlarından sayılan “Milliyet” Hafiz Hacıyevin “qulaq əməliyyatı” haqda yazıb: “Erməniləri düşmən olaraq göstərməyən hekayəsi ilə böyük etiraz dalğası yaradan məşhur yazıçı Əkrəm Əylisliyə təzyiqlər artır. Hafiz Hacıyev Əkrəm Əylislinin qulağını gətirənə 12 min 700 dollar mükafat verəcəyini qeyd edib. ”Xalq yazıçısı" titulu əlindən alınan və prezident təqaüdündən məhrum olan Əylisli təhdidlər davam edərsə, Azərbaycanı tərk edəcək".
“Roma papasından artıq katolik olmaq” cəhdi H.Hacıyevə də baha başa gəlib. Fevralın 13-də H.Hacıyev DİN-ə çağırılıb və “qulaqkəsmə çağırışı” ilə bağlı xəbərdarlıq alıb. H.Hacıyev isə bir neçə gün öncə Ə.Əylislinin qulağının kəsilməsi ilə bağlı qərarını geri götürüb. Qeyd edək ki, H.Hacıyev yazarın sağ qulağını kəsməyi partiyasının gənclər qoluna tövsiyə etmiş və bu işi görənə 10 min manat ödəyəcəyini demişdi. Bu açıqlamadan sonra H.Hacıyev ən sərt formada tənqid edilmiş, ölkənin hüquq-mühafizə orqanlarından onun haqda dərhal “terrora çağırış” maddəsi ilə cinayət işi qaldırılması tələb edilmişdi.
Dəqiqləşdirilmiş xəbərə görə, H.Hacıyev “qulaqkəsmə qərarı”nı geri götürməsini DİN-ə çağırılandan dərhal sonra açıqlayıb. Məlumatda deyilir ki, Hacıyev xüsusi toplantı keçirərək qərarı geri götürüb. Maraqlıdır ki, o, bundan öncəki qərarını “barbarcasına həll” adlandırıb: “Məsələnin bu cür barbarcasına həllinin əleyhinə olan bir qrup Ağsaqqallar Şurasının üzvü təkidlə məsələnin dayandırılmasını istəyiblər. Uzun müzakirələrdən sonra ağsaqqalların xahişi nəzərə alınıb. Qərara alınıb ki, qulaqkəsmə əməliyyatı dayandırılsın”.
Prezident İlham Əliyev Ə.Əylislinin “Xalq yazıçısı” fəxri adından və prezidentin fərdi təqaüdündən məhrum edilməsi haqda sərəncamlar imzalayandan sonra yazıçının “İstiqlal” və “Şöhrət” ordenlərinin geri alınması ilə bağlı tələblər səslənir. Ötən gün Qarabağ QHT Koalisiyası, qaçqın, məcburi köçkün, müharibə veteranları və şəhid ailələrini təmsil edən digər bir qrup qeyri-hökumət təşkilatı bir araya gələrək Ə.Əylislinin “Daş yuxular”da bir millətin şərəf və ləyaqətini təhqir etdiyinə, tarixi təhrif edərək dövlətə və xalqa böhtan atdığına görə onun məhkəməyə verilməsi, “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum olunması üçün prezidentə və Milli Məclisə müraciət edilməsi barədə qərar qəbul ediblər.
Sənəddə deyilir: “Əkrəm Əylisli əsl kimliyini bəyan edib, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını utanmadan göstərdi. O, ”İstiqlal" və “Şöhrət” ordenlərindən də məhrum edilməli, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməlidir".
Bu arada dünyaca ünlü kinodramaturq Rüstəm İbrahimbəyov Ə.Əylislini müdafiə edib. Hazırda ABŞ-da olan R.İbrahimbəyov contact.az saytında dərc olunan məqaləsində “mən Əylislinin tərəfindəyəm” deyib: “Bugünlərdə vətənimizdə Azərbaycan ədəbiyyatının canlı klassiki Əkrəm Əylislinin qarşılaşdığı qanunsuzluqlar öz kəskinliyi ilə fərqlənir. XXI əsrdə Şərqdə ilk demokratik dövlət quran ölkədə yazıçı orta çağ inkvizisiyasının amansızlığı ilə qətl edilir. Mən sözlərin dəyərini bilirəm və ”qətl" sözünü təsadüfən seçməmişəm. Hər kəsə bəllidir ki, bizim yüksək rütbəli məmurlar davamlı olaraq xalqımıza qarşı qorxunc cinayətlər işləyir; hakimiyyət Qarabağ probleminin çözümü üçün heç nə etməyib; çoxillik savaşda xəsarət alan hərbçilərə və onların ailələrinə haqq etdiklərinin kiçik hissəsi belə verilmir... Dövlətin cəza maşınının bütün potensialı yaşlı yazıçının üzərinə yönəldilib, həm də onun ürəyinin imkanlarının geniş olmadığının bilindiyi halda.
Əylisli Azərbaycanda tətbiq olunan total mənəvi terrorun ilk qurbanı deyil - kimisə banditlərin əli ilə aradan götürür, kimisə ölkədən getməyə məcbur edir, daha yaşlı və həssas insanları isə ürəklərinin partlama dərəcəsinə gətirirlər. Əylisliyə qarşı işə salınan təbliğat maşını Azərbaycanı dünyanın ən mənfur diktaturaları ilə bir sıraya qoyur. Hətta “Daş yuxular”ı oxumayanlar da bilir ki, Azərbaycanda yazarların qulağını kəsirlər.
“Daş yuxular” ətrafında yaradılan isterik durum toplumun diqqətini real, illərlə yığılıb qalan problemlərdən yayındırır ki, bu da Azərbaycanda mübahisəli kitablarla müqayisədə dəfələrlə çox ziyan vurur. “Sizin görüşlərinizlə razı deyiləm, ancaq sizin onları sərbəst ifadə etməyiniz üçün hər şeyə hazıram” düşüncəsini bölüşərək bildirirəm ki, Əylisli və Azərbaycanın indiki iqtidarı qarşıdurmasında mən Əylislinin tərəfindəyəm. Yazarı tənqid etmək olar, ancaq onu prezidentin fərmanı ilə məhv etmək olmaz. “Daş yuxular”ın müəllifi haqda sərəncamlar imzalayan prezident qüvvədə olan konstitusiyanın sərbəst fikir ifadə etmək azadlığı ilə bağlı 12-ci maddəsini pozub, eyni zamanda vəzifəsinin icrası zamanı içdiyi anda xilaf çıxıb. Üzücü həqiqət bir daha təsdiq olunur: bizim ölkədə konstitusiya ilə hətta onun qarantı olan şəxs də hesablaşmır".