vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ANALİZ  
15:04 | 7 iyun 2017 | Çərşənbə Məqaləyə 3683 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD terrorundan İran mühafizəkarları qazandı

Lakin bu, gələcək itkilərin anonsu idi

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentində və imam Xomeyni türbəsində törədilən terror aksiyası ilə bağlı ilk ağlıma gələn iki ehtimal oldu:


1. Terror İran hakimiyyətinin mühafizəkar qolu tərəfindən cəmiyyətə nəzarəti gücləndirmək üçün törədilib.

2. PKK-nın İran cinahı Pejak tərəfindən reallaşdırılıb. 


Lakin terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürəndən hər iki ehtimal öz hökmünü itirdi. Bununla belə, bütün hallarda baş vermiş hadisə İİR hakimiyyətinin son seçkilərdən məğlubiyyətlə çıxmış mühafizəkar cinahının mövqelərini və cəmiyyətə nəzarəti gücləndirmək imkanlarını artıracaq. İran türk və kürd hərəkatlarının, ərəb və bəlucların artmaqda olan fəallığının qarşısını almaq üçün İran islam hakimiyyətinin mühafizəkar və islahatçı qanadları arasında ciddi fikir ayrılıqları hökm sürür. İnqilab Keşikçiləri Korpusuna söykənən dini mühafizəkar tərəf etirazların hərbi güc metodu ilə önləməyin tərəfdarıdırsa, islahatçı kəsim isə xırda güzəştlər-«islahat» simulyasiyaları ilə önləməyi düzgün hesab edir. Sona aylar İran məclisində türk fraksiyasının yaradılmasına razılıq verilməsi, prezident Ruhaninin milli və etnik azlıqlar üzrə müşaviri Əli Yunisinin məktəblərdə milli azlıqların ana dilində təhsil ala biləcəkləri barədə açıqlamaları da sonuncu qrupun taktiki manevrlərinin tərkib hissəsi sayıla bilər. 

Terror aktını İŞİD törədibsə, bu hadisə yeni adı çəkilən dini terror qruplaşmasının arxasında duran güclərin İranı terror əyləmlərinə hazırlığını yoxlamaq üçün kəşfiyyat gedişi də ola bilər ki, qonşu dövlətin bu yoxlamadan «zəif» qiymət aldığını söyləmək olar. 

Terror hadisənin məhz parlamentdə və İran islam İnqilabının banisi olan imam Xomeyninin məqbərəsində baş verməsi isə əslində İrana verilmiş mesaj idi: Artıq terror əvvəllər olduğu kimi İranın əyalətlərində deyil, islam-şiə respublikasının mərkəzində, özü də dövlətin və cəmiyyətin müqəddəs və ideoloji istinadgahında və qanunverici orqanında baş verir.

Terrorun ABŞ prezidentinin bölgədəki müttəfiqlərini ziyarət edərək İranın əsas düşmənlərindən biri olan Səudiyyə Ərəbistanına 11 milyard dollarlıq silah satılmasına dair anlaşmanın əldə olunmasından və Qətər ətrafında baş verən son hadisələrdən sonra reallaşması da diqqətçəkicidir. Hələ ki, güclü olan İranın zəiflədilməsi üçün ABŞ çoxistiqamətli gedişlər edir. Bir tərəfdən İranı Suriyada, qismən Yəməndə ərəb dövlətlərindən yaratdığı ittifaqla müharibəyə çəkir, digər tərəfdən İranın tərəfdaşı Qətəri cəzalandırır və beləliklə, İran ətrafındakı dairəni daraltmağa çalışır. İİR-in münaqişələrə cəlb edilməsi əvvəlki illərə zəifləməkdə olan iqtisadiyyatının çöküşünü sürətləndirə bilər. 

Haşiyə çıxaraq İran islam inqilabı ərəfəsində baş vermiş bir hadisəni diqqətə çatdırmağı uyğun bilirəm. 1979-ci ildə İranda islam hərəkatının tüğyan etdiyi bir zamanda Ağ Ev departamentinə İran üzrə mütəxəssislərinə tapşırılır ki, prezident C. Niksona təqdim olunmaq üçün şah İranındakı son durum barədə ətraflı hesabat hazırlasınlar. Xatırladım ki, o zaman ki, şah İranı ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri idi və Ağ Ev administrasiyası İranda baş verən hadisələrdən ciddi narahatlıq keçirir və baş verənlərin mahiyyətini bilərək uyğun addımlar atmaq barədə ciddi müzakirələr aparırdı. Həmin hesabatı hazırlayan Morqan soyadlı gənc mütəxəssis qeyd edir ki, Şah İran büdcəsinin 80 faizini silahlanmaya xərcləyir və bu gedişlər iqtisadiyyat çökə, yaranmış inqilabi şərait dərinləşə bilər və bu da prosesləri qarşısıalınmaz edə və Orta Şərqdəki neftlə zəngin müttəfiqin itirilməsi ilə nəticələnə bilər. O zaman prezident C. Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Zbiqnev Bzejinski həmin hesabatı rədd edir və gənc mütəxəssisin dəyərləndirmələri ilə razılaşmır. Və bir neçə aydan sonra İranda inqilab baş verir. Bzejinski isə səhvini başa düşəndə artıq çox gec idi və böyük strateqin ozamankı səhvi həm ABŞ, həm də region üçün bu gün də ciddi təhlükə mənbəyi olaraq qalır. 

Haşiyədən öncəki fikrimi davam etdirərək nəzərə çatdırım ki, ABŞ-ın İranı irimiqyaslı regional müharibəyə çəkilməsi də əvvəlki illərdə müqayisədə zəifləməkdə olan iqtisadiyyatının, zəncirvari olaraq cəmiyyətin digər sahələrində də böhranla nəticələnə bilər. Belə ki, onsuz da dini diktaturadan əziyyət çəkən cəmiyyət iqtisadi böhranla bağlı heç şübhəsiz ki, etirazlar başlanacaq. İran hakimiyyətinin milli və etnik siyasətindən narazı qalan qeyri-farsların hərəkatlarını da nəzərə alsaq, İran İslam dövlətinin düşəcəyi durumu təsəvvür etmək çətin olmaz. İranın qərbindən silahlı etnik kürdlərin, cənub-şərqindən isə silahlı bəlucların müqavimət hərəkatını, xüsusən də Güney Azərbaycan türklərini milli hərəkatını da etiraz aksiyaları fonunda daha da canlanacağını da nəzərə alaq. Son dövr fəallaşan etnik ərəbləri də diqqətdən qaçırmamaq lazımdır. İran İslam dövlətinə ciddi müxalifət hərəkatı sayılan və xaricdə faəliyyət göstərən Mocaheddin-e Xəlq kimi təşkilatların da mübarizələrini gücləndirəcəyi də şübhəsizdir. Son terror olayı da göstərdi ki, İranın başına yeni bəla gəlir və hələ görəcək günləri qabaqdadır. (Yeri gəlmişkən, həmin terror aktı baş verən zaman paytaxtda daha bir neçə terror təşkilatının zərərsizləşdirildiyi barədə rəsmi məlumat yayılıb.) 

Ancaq qeyd edim ki, bütün bu proqnozların çox yaxında reallaşacağını düşünmürəm. İran İslam Respublikası hələ ki, güclüdür və ehtimallarımın gerçəkləşəcəyini şərtləndirən amillər tam mövcud deyil və yaxşı ki, elədir. Çünki millət olaraq baş verəcək qarşılıqlara adekvat cavab vermək üçün tam hazır deyilik. Milli hərəkatlar o zaman uğur qazanır və məqsədlərinə nail olur ki, onu önündə güclü avanqard təşkilat və əksəriyyətin inandığı və dəstəklədiyi xarizmatik lider olur. Şimali Azərbaycandakı milli azadlıq hərəkatının dərslərini unutmayaq. SSRİ məkanında 1980-ci illərin sonlarında başlayan etiraz dalğaları bizi qəfil yaxaladı. O zaman nə güclü vahid təşkilatımız, nə liderimiz var idi. Ermənilərin isə həm xaricdə, həm də daxildə ciddi xarici və daxili dəstəyə malik, böyük maliyyə qaynaqları olan təşkilatı var idi. Ona görə də milli hərəkatların qarşısını almaq üçün SSRİ xüsusi xidmətlərinin yaratdığı etnik qarşıdurmada ermənilərə uduzduq, hərəkatın nailiyyəti zəif, torpaqlarını itirmiş dövlət oldu. İranda da təxminən eyni vəziyyətdir. ETTELAAT milli və etnik hərəkatların qarşısını almaq üçün şübhəsiz ki, xalqlar arasında münaqişə ocağı yaradacaq və bu mübarizədən isə bizim alacağımız zərbələr çox sarsıdıcı ola bilər İtkilərimiz qazancımızdan çox olar. Yaxud da yaxın keçmişimizdə olduğu kimi, qazancımız ancaq tarix kitablarına inqilabçı xalq kimi düşməyimiz olar. 

P.S. Yazı tələsik yazılıb, hərf və üslub səhvlərinə görə, üzr istəyirəm.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)