vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
10:04 | 2 dekabr 2017 | Şənbə Məqaləyə 3938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kişiyə əzgil demədim mən Dədə Qorqud!

... Yaxud yaxşı pul qazanan, santexnik və montyor işlərini bilən, idmançı cüssəli, daşınmaz əmlak sahibi potensial qatil

Xalid KAZIMLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Əgər sosiologiya elmində hələ də «Azərbaycan kişisi» adlı ayrıca bir termin yoxdursa, çox heyf, amma gec də olsa, yaratmaq vaxtıdır. Əks təqdirdə bizim cəmiyyətdə sosial-ictimai münasibətləri normal dərk etmək mümkün olmayacaq. Çünki hər şeyin kökü gedib bu mürəkkəb və mücərrəd məxluqa – Azərbaycan kişisinə dayanır.

Azərbaycanda kişi olmaq mənsubiyyət deyil, məsuliyyətdir. Daha dəqiqi, yerinə yetirilməsi apriori mümkünsüz funksiyalara görə insana yüklənmiş məsuliyyət olduğu üçün, potensial baş qaxıncıdır. Çünki kişiliklə birbaşa əlaqəsi olmayan nə qədər problem varsa, hamısını ancaq gətirib kişilik məsələsinə bağlayacaqlar.

Əgər bəxtin gətirməyib və Azərbaycanda kişi doğulmusansa, dəxli oldu-olmadı, «Kül sənin kişi başına!» nidası, «Sən nə kişisiən e?!» suallı nidası və «Sənin kimi kişinin...» təyini kimi qrammatik formalarla qarşılaşmağa hər an hazır olmalısan.

Azərbaycanlı kişi ömür boyu mənəvi təzyiq altındadır. Bu səbəbdən, stress onun üçün adi həyat tərzidir, o dərəcədə ki, istənilən an dünyanın ən qəliz stress-testini tum kimi çırtlayb, kənara ata bilər. Bütün sosial-ictimai-iqtisadi problemlərin hamısına görə kişi məsuliyyət daşıyır. Hansısa birini həll edə bilməsə, «Sən nə kişisən?!» tənəsi qapaz kimi başının üstündə startda durub və enəcəyi anı gözləyir.

Bütün bunlara görə, Azərbaycan kişisi bığ yeri tərləyəndən ta ki, qocalıb suyu çəkilənə qədər elə əzilir ki, əgər Dədəm Qorqud sağ olsaydı, «Kişiyə əzgil demədim mən Dədə Qorqud» deyibən, qopuzunu birdəfəlik qırardı.

 

Adam kirayə qalır – Nə kişidir ki, evi yoxdur?!

İş tapa bilmir - Nə kişidir ki, işləmir?!

Maaşı azdır – Nə kişidir ki, ailəsini dolandıra bilmir?

Kanalizasiya tutulub – Sən nə kişisən, aça bilmirsən?!

İşıqlar yanmır – Qonşunun kişisi gəlib düzəltməlidir?!

Bacısına metro basabasında kimsə sürtüşüb – Sən nə kişisən, qeyrətin hanı?!

Arvadına/qızına sataşan olub – Get öldür, kişi kimi gir içəri!

 

Yəni ümumiləşdirsək, Azərbaycanda kişi sayılan erkək cinsli «homo sapiens»in ictimai portreti belədir: Yaxşı pul qazanan, santexnik və montyor işlərini bilən, idmançı cüssəli, daşınmaz əmlak sahibi potensial qatil. Amma bu, sadəcə, portretin eskizidir. Rənglər hələ qabaqdadır.

Rənglərə keçməzdən öncə onu da deyim ki, əminəm: bu yazını oxuyanların bir qismi artıq «Heç kişi də belə şey yazar!?» suallı nidasını təntənəli şəkildə tələffüz ediblər.

Azərbaycan kişisi nəslindəki bütün qadınlara görə cavabdehdir. Xalasının baldızı qızını haradasa yad kişi ilə görüblərsə, kül onun kişi başına, qeyrəti götürür də...

Azərbaycan kişisi əgər uğursuz ailə qursa və boşanmalı olsa, pencəyini götürüb, evdən getməlidir. Niyə? Çünki Azərbaycan kişisi it kimi bir şeydir: ona qalmağa yer-filan lazım deyil, özü üçün tinlərdə sülənəcək.

Azərbaycan kişisi həm uşaqlarını, həm də valideynlərini saxlamalıdır. Nə ilə?! İctimai rəyə görə fərqi yoxdur, getsin, nəsə daşısın. Və bunu deyənlərin o «nəsə daşımaq» işinə verilən bazar qiymətindən heç xəbərləri də yoxdur, bilmirlər ki, onunla kimisə saxlamaq olarmı?!

Azərbaycan kişisi 41 dərəcə qızdırmalı, yaxud onurğasından təzəcə əməliyyat keçirmiş olsa belə, ictimai nəqliyyatda otura bilməz, qadının ən yüngül yükü daşmasına icazə verə bilməz. Yoxsa – Bu nə kişidir?!

Azərbaycanlı kişi savadlı olsa, «Oxumaqdan başı xarab olub», savadsız olsa «Hırnan zırı qanmır».

Mən hərdən təəccüblənirəm, nə əcəb, Afrika samurunun nəslinin kəsilməsi kimi ciddi bir qlobal problemi də Azərbaycan kişisinin qüdrətli çiyinlərinə şəlləməyiblər: «Kül başına, sən nə kişisiən ki, Afrikada samurların kökü kəsilir?!»

Ən dəhşətlisi odur ki, bütün bunlardan sonra xanımlar durub hiddətlə bəyan edirlər: «Azərbaycanda kişi var?!» Öz fantastik meyarlar sisteminizlə imkan verirsinizmi ki, olsun? Təsəvvür edin ki, bir kişi evlənmək üçün podiumda 35 santimetrlik dikdaban ayaqqabı və Armani-dən qısa paltar ilə gəzə-gəzə bir əlində kartof soyan, o biri əlində tutduğu telefonla biznes planlarını müzakirə edən, paralel olaraq ağzındakı bıçaqla xəngəl doğrayan, qulağına taxdığı karandaşla isə uşağın ev tapşırıqlarını həll edən bir qadın axtarır. Tapa bilməyəndə də bəyan edir ki, «Azərbaycanda qadın yoxdur!»

Azərbaycan kişisinin ən böyük problemi Azərbaycan qadınının ona utilitar nəzərlə baxmağıdır. Nə zaman ki, bizim qadınlar bizim kişilərə istifadəçi gözü ilə yox, xanım gözü ilə baxacaqlar, onda çox problemlər həllini tapacaq. Amma nə qədər ki, məsələ düzəlməyib, mən Azərbaycanda qadınlara guya şiddətin olması haqqında heç nə eşitmək istəmirəm. Baş verənlər qadına təzyiq deyil, belinə şəllənən çəkilməz psixoloji yükün altında əzilən yazıq Azərbaycan kişisinin məişət səviyyəsində dirənişidir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)