vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:59 | 30 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 1964 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AB ilə saziş imzalasaydıq...

… Yaxud canavardan qorxan meşəyə getməz

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması haqlı olaraq ölkədə çox böyük müzakirələrə səbəb oldu.

Əslində çoxdan qəbul olunmalı olan bu qərar, ümumiyyətlə, viza problemini gündəmə gətirdi və media əhli bir daha müxtəlif ölkələrdəki viza rejimindən, bu sahədəki islahat və sadələşdirmələrdən, keçmiş sovet məkanının hansı ölkələrinin vətəndaşları üçün dünyanın daha açıq olmasından dəyərli yazılar yazdılar və Azərbaycanın bu sahədəki növbəti addımlarını çözdülər və belə qərarın İranla da qəbul edilməsinin zəruriliyini gündəmə gətirdilər.

Amma bir məsələ sanki diqqətdən qaldı. Bu da Avropa Birliyi ilə bəzi keçmiş sovet ölkələrinin imzaladığı assosiasiya sazişidir. Məsələn, qonşu Gürcüstan belə sazişi imzaladığından gürcülər Avropanın təxminən 30 ölkəsinə sadələşdirilmiş viza rejimi əsasında səyahət edə bilir. Heç sözsüz ki, belə vəziyyət həmin sazişi imzalamış Ukraynaya və Belarusa da şamil olunur.

Keçmiş sovet ölkələrinin arasında bu sahədə rekordçular isə artıq Avropa Birliyi üzvü olan Baltik ölkələridir. Məsələn, Litva vətəndaşları dünyanın 180 ölkəsinə viza almadan səyahət edə bilərlər.

Təəssüf ki, Azərbaycan hələ AB ilə nəinki assosiasiya sazişi, ümumiyyətlə, hər hansı saziş imzalamayıb və bu “igidliyinə” görə hazırda Belarusla bir cərgədə dayanır. Amma maraqlısı budur ki, üç GUAM ölkəsi AB ilə assosiasiya sazişi imzalayarkən bizim rəsmi Bakı da sanki “şeytanın qıçını sındıraraq” sadələşdirilmiş viza rejimi haqda xüsusi saziş imzalamışdı. Amma sonradan prosesin inkişafını görə bilmədik və məlum olmadı ki, sadələşdirilmiş viza rejimi bizim vətəndaşlar üçün işləyirmi və yaxud, heç olmasa, nə vaxtsa işləyəcəkmi?

O ki qaldı bizim Avropa Birliyi ilə assosiasiya sazişi, ümumiyyətlə, saziş imzalamağımıza, məsələ sanki düyünə düşübdü. Assosiasiya sazişi haqda, ümumiyyətlə, danışmağa dəyməz, çünki elə ilk anlardan məlum oldu ki, rəsmi Bakının bunun üçün nə cəsarəti, nə də həvəsi və yaxud da istəyi yoxdur.

Əlbəttə, əsas səbəb kimi Rusiyanın mümkün təzyiqləri dilə gətirilir və hətta bəzi siyasət və ictimaiyyət adamları belə iradlarda bulunurlar ki, guya AB ilə saziş imzalamaq bizə problemdən savayı heç nə verməyəcək, əvəzində Rusiya ilə münasibətlərdə sərinlik yaradacaq. Nə demək olardı bu xüsusda? Məsəl var, deyirlər ki, canavardan qorxan meşəyə getməz. Sazişin bizim vətəndaşlara verə biləcəyi üstünlüklərdən isə yazının lap əvvəlində yazdıq. O ki qaldı Rusiyanın təzyiqlərinə, hətta Ermənistan da, AB ilə assosiasiya sazişi olmasa da, hər halda əməkdaşlıq sazişi imzaladı və buna görə İrəvanda on iki bal gücündə zəlzələ olmadı və Kreml məsələnin üstündən sükutla keçdi.

Bakının AB ilə assosiasiya sazişi imzalamasını siyasi təhlilçilər hətta nəzəri olaraq müzakirə etmirlər, aydın məsələdir ki, rəsmi Bakı heç vaxt bu addımı atmaz, təkcə ona görə yox ki, Kremlin dəstəyini itirər, həm də ona görə ki, belə addım bizim hakimiyyətin maraqlarına cavab vermir, çünki AB ilə yaxınlaşmaq siyasi-iqtisadi islahat, avropalaşmaq səmtində mühüm addım deməkdir, bizim hakimiyyətin isə avropalı insanları idarə etmək sahəsində təcrübəsi yoxdur, üstəlik, bunu heç istəmir də, çünki hakimiyyətimiz üçün belə daha yaxşıdır.

Əlbəttə ki, biz bunu böyük təəssüf hissi ilə deyirik və Avropa ilə təmaslar məsələsində ölkəmizin Belarusla eyni cərgədə qərarlaşması ürək ağrısından savayı digər bir assosiasiya yaratmır.

Amma rəsmi Bakı AB-yə tamam yox da deyə bilmir və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində neçə illərdir ki, guya xüsusi bir strateji əməkdaşlıq sazişi bağlayacağını vəd edir. Hətta bu ilin mayında belə sazişin imzalanacağı güman edilirdi, fəqət, təxirə salındı və belə məlum oldu ki, guya müvafiq saziş payızda imzalanacaq, amma gəl ki, bu xüsusda hər hansı yəqinlik yoxdur, mümkündür ki, heç payızda da belə saziş imzalanmasın.

Odur ki, vaxtilə bizimlə “eyni bir köynəkdən çıxmış” ölkələrin - Ukraynanın, Gürcüstanın və Moldovanın vətəndaşlarının qazandıqlarını bizim insanlarımızın da qazanacağını, ən azı tezliklə qazanacağını düşünmək üçün elə bir əsas yoxdur, əksinə, Azərbaycan getdikcə daha çox tipik bir Şərq ölkəsinə çevrilir, nəinki Avropa ölkəsinə.

Şərq ölkəsi məsələsi də belədir ki, hələ Hegel yazırdı ki, Şərqdə heç vaxt insanlar əsl azadlığın nə olduğunu bilməyiblər.

Əlbəttə, biz belə kateqorik yanaşmanın tərəfdarı deyilik, amma böyük hesabla götürəndə bu sözlərdə böyük də həqiqət var: parlament, müasir, müstəqil məhkəmə sistemi, hesabatlı hökumət, insan haqlarının üstünlüyü -bütün bunlar bu günədək əksər Şərq ölkələri üçün əlçatmaz xəyallardı, hamısı da ona görə ki, Avropada Russodan və Monteksyödən başlanmış suverenlik adlı siyasi fəlsəfədən şərqli insanlar xəbərsizdir, onların heç ağlına da gəlmir ki, hakimiyyət deyilən məsələnin mənbəyi əslində cəmiyyətlər, xalqlar və yaxud da millətlərdir və dövlət özü ictimai müqavilənin bir formasıdır və odur ki, böyük məsələlərlə bağlı qərarı da onlar özləri verməlidirlər - demokratik seçkilər, referendumlar və plebistitlər yolu ilə...