Mənasızlaşan “rus dünyası” konsepti
Ukraynanı xarabazara çevirib, “denasifikasiya” işləri aparmaq istəyənlər kimdir?
Etimad BAŞKEÇİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
Sonuncu Ukrayna hadisələri ilə bağlı insanların bir-birinə verdiyi sualların çoxu təxminən bu cür ümumiləşdirilə bilər: Rusiya durduğu yerdə niyə Ukraynaya hücum etdi?
Məlum olur ki, milyonlarla auditoriyası olan blogerlərdən tutmuş, BMT-nin baş katibinə qədər, çoxları son anacan Rusiyanın Ukraynaya girəcəyinə inanmırmış. Onları qınamalı deyil, çünki Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü iddialar, həqiqətən də, mənasız, hətta absurd görünürdü. NATO təhdidi, rusların sıxışdırılması, millətçilərin meydan sulaması və s. kimi əsassız bəyanlara söykənib qanlı müharibəyə başlamaq ağıl karıdırmı? Borşu rus mətbəxinə aid edən kulinariya kitabını yasaqladığına görə Ukraynanı faşist dövləti elan edib, türklər demiş, özünü qaza gətirməyin adı nədir?
Amma və lakin, bilməliyik ki, səbəb və nəticə sadəcə fəlsəfi kateqoriyalar deyil və səbəbiyyət prinsipi bütün zamanlar üçün keçərlidir. Elə isə, Rusiyanın Ukraynaya hücumunu şərtləndirən nədir? Əsl səbəbdən söhbət gedir, Solovyov və Skobeyeva kimi propaqanda bülbüllərinin söylədiklərindən yox.
Məsələnin kökü dərindədir, dostlar!
Hər şey 16-cı əsrdə yaşamış pskovlu keşiş Filofeydən başlayıb. Həmin Filofeydən ki, İvan Qroznının atası III Vasiliyə yazdığı məktubla tarixdə qalıb. III Vasili, bildiyimizi kimi, “rus torpaqlarını toplayan” çar epiteti ilə məşhurdur.
Filofeyin çara yazdığı məktubu internetdən tapıb oxumaq olar, belə dini mistisizm janrında yazılmış adi məktubdur. Amma şeytan təfərrüatda gizlənir: maraqlıdır ki, Moskva çarına yazılan məktubda nə Moskvanın adı keçir, nə Rusiyanın. Əvəzində “Romey (yəni Roma” çarlığı” ifadəsi işlənir.
Rahib Filofey rusları “erməni xəstəliyi”nə yoluxdurmuş adam, Rusiyanın bütün fəlakətlərinin banisi sayıla bilər. O, “Müqəddəs Roma” analogiyasından çıxış edərək rus dövlətini üçüncü Roma çarlığı elan edir, tamamilə cəfəng mülahizələrə söykənərək, ruslara yer üzündə xüsusi missiya yerinə yetirdikləri barədə yalan-palan təlqin edir, müstəsnalıq hissləri aşılayır. Nəticə etibarilə bu ideyalar rus dövlətinin rəsmi idelogiyasına çevrilir.
Müstəsnalıq ideyası başqa mədəniyyətlərdə olub, amma heç yerdə Rusiyadakı qədər ifrat şəkil almayıb, bütün hallarda özünü apriori doğru sayan bir zehniyyətə çevrilməyib.
Rus ədəbiyyatında, folklorunda, xüsusən də, dini kəsimin dilində bir “Müqəddəs Rusiya” ibarəsi var ki, hər yerdə işlədirlər. “Müqəddəs Rusiya” dedikdə Tanrının seçdiyi metafizik məkan nəzərdə tutulur, belə Avalon və ya Çənlibel kimi bir yer. “Yeni Yerusəlim”, “Yeni İsrail”, “Məsih çarlığı”, “Səma Yerusəlimi” – bütün bunlar “Müqəddəs Rusiya”nın hər fürsətdə zikr edilən adlarıdır. Yəni təvazökarlıqdan əziyyət çəkmir “müqəddəs məkan”ın “seçilmiş” insanları. Heç bir xalqda, heç bir mədəniyyətdə bu cür qeyri-rasional diskursun analoqu yoxdur.
“Böyük xalq inanmalıdır ki, dünyanı yalnız və yalnız o xilas edə bilər; xalqlara rəhbərlik etməli, onları özündə birləşdirib, son hədəfə doğru aparmalıdır” – İstanbulu almaq arzusu gözündə qalan Dostoyevskinin sözləridir. Dostoyevski də “rusçuluq” dininin adeptlərindəndir, özünü yer üzünün əşrəfi sayan zehniyyətin yetirməsidir.
İş bununla bitmir.
“III Roma” ideyası iflasa uğrayandan sonra yeni simulyakr axtarışına çıxan “yeniyerusəlimlilər” bu dəfə “slavyanofilçilik” ideyasına tapınmağa qərar verdi. İçlərində tatardan azma Aksakovun və Dostoyevskinin də yer aldığı slayanofillər “xüsusi mədəniyyət tipi”, “Rusiyanın öz yolu”, “ayrıca sivilizasiya”, “icma şüuru”, “rus ruhunun dirçəlişi”, “slavyan birliyi” və s. kimi ibarələrlə dolu bir ritorikadan istifadə edirdilər.
Amma çox keçmədi, hər yerdə hər şeyə müdaxilə edən, “səni sevəcəyəm sən sevməsən də” prinsipi ilə xalqları zorla xoşbəxt eləməyə çalışan Rusiya, demək olar, bütün slavyan xalqlarını özünə düşmən elədi. Slavyanofilçilik ideyası, istər-istəməz, öz məntiqi sonluğuna çatdı.
Sözügedən zehniyyətin sonuncu fişkası “russkiy mir” ideyasıdır. “Russkiy mir” – yüz illərə dayananan müstəsnalıq zehniyyətinin yeni şəkli, xortlamış variantıdır. Hər şeydən əli üzülmüşlüyün ifadəsi, bütün dünyanı atom bombası ilə təhdid edən aqressiv təzahürüdür. Qatı millətçilik, konspirologiya, qərb düşmənçiliyi, çox zaman özlərinin də izah edə bilmədiyi doqmatizm və fetişizm – bu ideyanın tapındığı dəyərlər bunlardır. Mahiyyəti etibarilə “russkiy mir” ideyası zaman-zaman şəkildən-şəklə düşən əvvəlki müstəsnalıq ideyalarından heç nəylə fərqlənmir, eyni nəqəratı başqa-başqa havalarda çalmaq praktikasını davam etdirir.
Məlumunuz olsun ki, “russkiy mir” konsepti Rusiya Federasiyası dövlətinin rəsmi doktrinasıdır. Bu ideyaya görə “rus dünyası” sivilizasiyasının mayasını rus, belorus və ukrayna xalqlarının birliyi təşkil edir. Bu üç komponentdən bir olmadan “rus dünyası” konsepti mənasını itirir.
Ona görə, Rusiyanın Ukraynaya hücum etməsi yalnız zaman məsələsi idi. Yəni bu, baş verməyə bilməzdi. Hər şey Çexovun dəfələrlə sınaqdan çıxmış məşhur formulu əsasında oldu. Xatırladaq: “Pyesin əvvəlində divardan tüfəng asılıbsa, sonunda mütləq atəş açacaq”.
Yeri gəlmişkən, sözügedən anlayış – müxtəlif dövrlərdə necə adlanmasından asılı olmayaraq – öz daxili strukturu etibarilə bir dini inanc sistemi, hətta sekta kimi formalaşdırılıb. Göründüyü kimi, bu sistemin öz abstrakt idealı, öz peyğəmbəri, həvariləri, imamları və adeptləri var. Və bu adeptlərdən bizdə də var. Onları tez-tez görürük, hər vəchlə təcavüzə, irticaya haqq qazandırmağa, haqsız tərəfin əl-üzünü yumağa çalışan, Roma papasından daha çox xristian olmağa həvəs göstərən sənətkarlardır bunlar. Mən hələ 5-ci kolon və muzdla mövqe sərgiləməli olanlar haqqında danışmıram. Onları dərdi başqadır və bu barədə ayrıca danışmaq lazım. Hələlik isə, həşəmətli Toynbidən misal gətirməklə kifayətlənmək istəyirəm, çünki mövzumuz başqadır. Toynbi “Sivilizasiya tarix məhkəməsi qarşısında” əsərində dolaysı ıilə onlardan söz açır. O, yazır ki, özündən güclü dövlətin hərbi və itisadi basqısına məruz qalan istənilən cəmiyyətdə iki cərəyan formalaşır: İrodizm və zelotizm. İkincilər ənənəvi həyat tərzini qoruyub-saxlamağa çalışanlardır. İrodçular isə, Bibliyadan tanıdığımız İrod (Herod) kimi yadellilərə qucaq açan, öz qövmünün maraqlarını satan kollaborasionistlərdir.
Dediyim kimi, bu ayrı söhbətin mövzusudur. Ona görə, Ukrayna ətrafında baş verənlərlə bağlı sadəcə sonuncu ştrixi əlavə etmək istəyirəm.
Ukraynanı xarabazara çevirib, “denasifikasiya” işləri aparmaq istəyənlər kimdir? Onların ilhamçısı, ideya dəstəkçisi kimdir? Eşitməmiş olmazsınız – İvan İlyin, müasir Rusiyanın Filofeyi.
Bu həmin İvan İlyindir ki, ismi qonşu ölkənin bütün isteblişmentinin dilinin əzbəridir. Hər il Peterburqda “İlyin oxu günləri” keçirilir, heykəlləri qoyulur, adına medallar, mükafatlar təsis edilir. Ən üst səviyyədə “Russkiy mir”dən söhbət düşəndə mütləq İlyindən sitatlar gətirilir. Bu, həmin İlyindir ki, faşistlər Almaniyada hakimiyyətə gələndə onlara elmi üslubda “Nasional-sosializm. Ruhun dirçəlişi” adlı böyük bir mədhiyyə, Hitlerə təmtəraqlı bir təbriknamə yazmışdı. Xatırladım ki, bu sənətkar Rusiyadan savayı heç yerdə böyük hörmət sahibi deyil. Yerin altından da, üstündən də xəbər verən “Britannik”də ümumiyyətlə adı keçmir.
İndi denasifikasiya aparılmalı olan yer Ukraynadımı sizcə?