vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜBAHİSƏ  
21:53 | 8 mart 2014 | Şənbə Məqaləyə 1909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AKP-nin şok yaşayacağına əminəm»

«Xalq daxili çaxnaşma yaradan, Türkiyəni xarici güclərlə üz-üzə qoyan bir hökumətin bundan daha artıq iqtidar olmasına imkan verməyəcək»

Aygün MURADXANLI, musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Üç həftə sonra Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. 17 dekabr Böyük Rüşvət əməliyyatı ilə sarsılan ölkədə budəfəki seçkilərin çox ciddi dəyişikliklərə səbəb olacağı ehtimal edilir. Seçki prosesi, ölkədəki siyasi ab-hava ilə bağlı suallarımızı Türkiyə Böyük Millət Məclisinin MHP-dən olan üzvü Atilla Kaya cavablandırıb.

 

- Atilla bəy, seçki prosesi necə gedir? İndidən hansısa proqnozlar səsləndirmək mümkündürmü?

- Əsl durum təbii seçki qutuları açıldıqdan sonra bəlli olacaq. Amma Türkiyənin AKP qəlibindən qurtulacağı artıq indidən bəllidir. Xalq Türkiyədə həm daxili çaxnaşma yaradan, həm də ölkəni xarici güclərlə üz-üzə qoyan bur hökumətin bundan daha artıq iqtidar olmasına imkan verməyəcək. Martn 30-da AKP-nin şok yaşayacağına əminəm.

 

- Ancaq baş nazir Ərdoğan çox əmin danışır. Hətta seçkini qazanmasa siyasətdən gedəcəyini də dilə gətirir. Bu əminliyə sizcə bir səbəb varmı?

- Bu, Rəcəb Tayyib Ərdoğanın son seçim dönəmində  sərgilədiyi və gerçəkliklə heç bir bağı olmayan performansıdır. Son seçkilərdə AKP səslərin təxminən 49 faizini almışdı. Ərdoğan çox gözəl bilir ki, partiyası bundan sonra heç bir zaman seçicilərin yarısının səsini ala bilməyəcək. Ancaq özünə haqq qazandırmaq və seçicinin gözündə özünə əminliyini göstərmək üçün belə ciddi bəyanatlar səsləndirir. Fikrimcə, AKP bu seçkilərdə ümumi səslərin 30 faizinə yaxının ala bilər. Ancaq bölgələrə görə, bu rəqəm dəyişə bilər. Ola bilər, hansısa regionda AKP birinci olsun, başqa birisində isə indiyə qədər qazandığı ən aşağı səs faizini toplasın.

 

- Bu seçimlərlə AKP-nin tam çökəcəyi mümkündürmü?

- Mən belə düşünmürəm. AKP-nin birdən-birə çökməsi inandırıcı deyil. Ancaq hakim partiyanın çox ciddi bir geriləmə yaşayacağı ortadadır.

 

- İstanbul Türkiyədəki bələdiyyə seçkilərinin kompasıdır – orada qazanan partiya Türkiyəni qazanır deyə bir ifadə işlədilir. Bu gün İstanbulda seçkiöncəsi durum necədir?

- Təbii, İstanbul seçkilərdə çox önəmli bir mövqedir. Rəsmi rəqəmlərlə 15 milyon əhalisi olan bir şəhərdə favorit olmaq hər bir partiya üçün çox böyük şanslar vəd edə bilər. İstanbul Böyük Şəhər bələdiyyəsinin tərkibində 86 bələdiyyə var. İstanbul bələdiyyələrinin ümumi büdcəsi 9 nazirliyin büdcəsinə bərabərdir. Bu baxımdan, İstanbul Türkiyədə keçirilən istənilən seçki prosesi üçün çox önəmli bir nöqtədir. 1994-cü ildən bəri İstanbul bələdiyyələri «Rifah» Partiyası və onun davamçısı olan AKP-dədir. Böyük ehtimalla bu seçkilərdə mənzərə önəmli dərəcədə dəyişəcək.

 

- Ötən seçkilərdə seçki siyahıları ilə bağlı ciddi problemlər yaşanmışdı. MHP-nin, CHP-nin hesabatlarında Türkiyənin müxalifətçiləri dəstəkləyən şəhərlərində minlərlə seçicinin öz adını seçici siyahılarından tapmadığı bildirilirdi. Bu il durum necədir?

- Çox təəssüf, bu seçkilərdə də belə halları müşahidə etmişik. Xüsusən, güney Anadolu, güney-doğu Anadolu bölgələrində seçici siyahıları xeyli ixtisarlarla hazırlanıb. Həmin bölgələrdə PKK tərəfdarlarının seçkini saxtalaşdırmaq cəhdlərini bu gün də müşahidə edirik. Ancaq təbii, hüquq çərçivəsində müxalifət partiyaları bu çatışmazlıqları aradan qaldırmağa çalışır. Ancaq bu dəfəki seçkilərdə bu saxtakarlıqların seçkinin nəticələrinə təsir edəcək gücdə olacağını düşünmürəm. Çünki xalqın seçki prosesində çox ciddi şəkildə iştirak edəcəyinə və öz səslərini sonadək qoruyacağına əminik.

 

- Ötən gün Türkiyədə önəmli gəlişmələr oldu. Türkiyə tarixinin ən səs-küylü istintaq prosesində həbs edilən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ 2 il 2 aydan sonra həbsdən azad edildi. Hrant Dink cinayətində şübhəli bilinərək həbs edilən şəxs azadlığa çıxdı. Ergenekon istintaqı üzrə həbs edilən daha bir neçə yüksək rütbəli zabitin həbsdən azad ediləcəyi gözlənilir. Sizcə bu, AKP iqtidarının seçkidən öncə öz şanslarını artırmasına xidmət edən qərarlardırmı?

- Təbii biz İlkər Başbuğ başda olmaqla, suçsuz olduqları halda illərdir həbs həyatı yaşayan bütün zabitlərin dərhal azad edilməsini istəyirik. Ergenekon istintaqı başlayan günlərdən indiyə qədər Milliyyətçi Hərəkat Partiyası bu tələblə dəfələrlə çıxış edib. Heç bir şübhə yoxdur ki, bu həbslər Türkiyənin məhkəmə sisteminə hakimiyyətin çox ciddi basqıları ilə baş verib. AKP hakimiyyəti indi bu yanlışlıqlarını düzəltməyə cəhd edir. Ancaq bu o demək deyil ki, İlkər Başbuğ və digər günahsız insanları həbsə atanların özləri ədalət məhkəməsindən yalnız yanlışlıqlarını düzəldərək can qurtara bilməlidirlər. Əgər bu bir kampaniya deyilsə, o zaman günahkarlar həbs edilməli və onların cəza evlərindəki yerini insanları haqsız yerə həbs etdirənlər tutmalıdır.

 

- Bu gün Türk dünyasının gündəmində həm də Krım məsələsi var. Krım tatarları təhlükəsizlikləri üçün Abdullah Gülə müraciət edib. Türkiyə bu gün Krım üçün nələr edə bilər?

- MHP olaraq biz bu məsələdə açıq və net mövqeyimizi ortaya qoymuşuq – Ukraynanın ərazi bütövlüyü toxunulmazdır və Rusiya beynəlxalq hüquq normalarına əməl edərək dərhal qoşunlarını Ukrayna torpaqlarından çəkməlidir. MHP başqanı Dövlət Baxçalı də bu məsələyə son günlərdəki bütün çıxışlarından mövqe bildirib. MHP Krım məsələsi ilə bağlı rəsmi bəyanat da verib. Biz Türkiyənin Krım türklərinə sahib çıxmasını çox istəyirik və düşünürük ki, bu, Türkiyənin mənəvi borcudur. Qərb dünyası Ukraynanı böhrandan çıxarmaq üçün ciddi səylər göstərir və Türkiyə dövləti həmin səylərə beynəlxalq arenada dəstək verməyə hazır olduğunu bildirib. Türkiyə də digər dövlətlər kimi Rusiyadan işğalçı siyasətinə son verməsini tələb etməlidir.