Naxçıvan qayğanağı 17, ...
... kənd səhər yeməyi menyüsü isə 12 manatdır
Sevinc TELMANQIZI, musavat.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
12.6 kiloqramlıq “cinayətkar”
Məmur pendirə hökm oxudu və sonra ...
-
Pendir yemək xeyirlidir, ya yox?
Artıq çəki istəməyənlərə məsləhət...
-
Quru ilə təbii südün fərqi
İstehsalçılar istehlakçıları aldadırlar, yoxsa...
-
Eşşək südü deyib keçməyin
Kiloqramı 2000 manata olan super sağlam qida
-
«Nurçu əməliyyatı» başlayır
Səfərdən sonra nurçu rəhbərin «məktubunda» ermənilərə «dəstək» təklifləri var
-
Sim-Sim kababının tilsimi
Baksell və Nar şirkətinin əməkdaşları bunu oxumasın!
-
Mehriban Əliyevanın adından iftar süfrəsi
Pakistanda tikilən məktəbə 1-ci xanımın adı verilib
-
Pendirli və kartoflu balıq kotleti
Balıq filesini, pendiri, yaşıl soğanı
Ağzının dadın bilməz bu daddan doyan
«Bu səhər yeməyi evdə yox, kafedə yeyək...» Ailənin başçısına belə bir təklif etmək Azərbaycanda o qədər də adi qarşılanmır. Dərhal «beşaçılan» kimi ironik cümlələr dalbadal sıraya düzülür: «Bu da təzə çıxıb? Pendir-çörək yemək üçün durub şəhərin o biri başına gedəcəm? Onlar da mənə 20 qəpiklik yumurtanı 5 manata, kilosu 4 manata olan pendirin bir dilimini elə 4 manata sırıyacaqlar... Ad da o olacaq ki, ailəliklə səhər yeməyi yedik. Bəh-bəh...»
Bəli, elə bu sözləri eşitmək yetərlidir ki, siz səhər yeməyi süfrəsi arxasına keçmədən «doyasınız». Çünki Azərbaycanda səhər yeməyini kafe-restoranda yemək ənənəsi o qədər də geniş yayılmayıb. Amma son vaxtlar sayı sürətlə artan kafelər artıq maraqlı səhər yeməyi menyüləri tərtib ediblər. İş adamlarını, dostları həftə içi bir araya gətirən menyülər sayəsində insanlarımızda bu ənənə yavaş-yavaş formalaşıb. Bəzi restoranlar isə ancaq bazar günləri açıq bufet sistemi ilə müştərilərinə seçim verir ki, bundan da daha çox ailələr istifadə edir. Xarici ölkələrdə səhər yeməyi bir rituala çevrilib. İnsanlar bəzən iş görüşlərini səhər yeməyinə təyin edərək, vaxtdan qazanmağa çalışırlar. Azərbaycan restoranlarına bu ənənə isə Türkiyədən gəlib. Elə ona görə də bu sayaq restoranlarda səhər yeməyi yeyənlərin əksəriyyəti türkiyəli və ya xarici iş adamları, ya da əhalinin nisbətən imkanlı təbəqəsi olur.
ADI KƏND SƏHƏR YEMƏYİ, QİYMƏTİ «EVROPEYSKİ»...
Ötən həftə redaktorumuzun «redaksiya hesabına həm səhər yeməyi yeyib, həm də Bakının səhər yeməyi menyüləri, bu ənənə barədə reportaj hazırlamaq istəyən kim varsa, əlini qaldırsın» təklifini də elə bu səbəbdən bəndəniz havadaca tutdu. Çünki çoxdan müşahidə etdiyim bu mənzərə barədə gördüklərimi bir daha dəqiqləşdirib, oxuculara məlumat vermək heç də pis ideya deyildi. Odur ki, öncə qısa araşdırma apardım: Şəhərdə hansı restoran səhər yeməyi menyüsü tərtib edib? Qiymətlər neçəyədir, menyüdə nələr var?
Bəndəniz öncə şəhərdə səhər yeməyi məkanı olaraq son illər məşhurlaşan «Mado» restoranlar şəbəkəsinə baş çəkdi. Daha dəqiq desək, restoranın bir neçə ay öncə Fəvvarələr meydanında açılmış filialına. Burada səhər yeməyi üçün iki menyü var: Maraş kənd səhər süfrəsi və Mado klassik səhər süfrəsi.
Hər birinin tərkibinə daxil olan təamlara və qiymətlərə diqqət yetirək.
Maraş kənd səhər süfrəsinə ağ pendir, otlu pendir, Helim pendiri, Kaşar pendiri, Maraş pendiri, bal, qaymaq, albalı mürəbbəsi, kərəyağ, zeytun növləri, gözleme, basdırma, pomidor, xiyar, qayğanaq Sucuklu qayğanaq, pomidor yumurta (menemen), qızarmış sucuk, çörək növləri, simit, süd (və ya çay) daxildir. Bu menyünün qiyməti 12 manatdır.
Mado klassik səhər süfrəsinə isə Maraş pendiri, ağ pendir, Kaşar pendir, su borəyi, kərəyağ, bal, çiyələk mürəbbəsi, zeytun növləri, soyutma yumurta, pomidor, xiyar, çörək növləri, simit, çay daxildir. Bu menyünün qiyməti isə 8 manatdır.
Amma bu səhər süfrəsi menyüsünü (ya da içindəkiləri çox hesab edib) menyüdən seçim etmək də mümkündür. Börəklər, qayğanaq çeşidləri, şirniyyatlar, içi pendirli kökə çayın yanında yaxşı səhər yeməyi seçimi də sayıla bilər.
Məsələn, mən bunlardan birincisini, Maraş Kənd Səhər Süfrəsi menyüsünü eçdim. Açığı, yeyib «bitirdikdən» sonra məlum oldu ki, yeməklərin 80 faizi padnosda qalıb. Çünki bir insanın bir oturumda 5 növ pendir, sucuklu yumurta (nəzərə alaq ki, türklərin sucuklarında spesifik və bizim damaq zövqümüzə yad dad olur), qaymaq, bal yeməsi praktiki olaraq mümkün deyil. Amma yenə də iştahlı insanlar üçün bu seçim uğurlu sayıla bilər.
Bu arada onu da deyim ki, səhər yeməyi menyüsünə görə bu restoranın metronun «Nərimanov» stansiyası yaxınlığında yerləşən filialı daha çox xoşluq vəd edir. Belə ki, bu filialda açıq bufet sistemi tətbiq olunur. Orda da həm çeşid bolluğu, həm istəyə uyğun, gözünün qabağında qayğanaq bişirilməsi mümkündür.
UŞAQLAR PULSUZ, SAAT 12-dən TEZ VƏ QEYRİ-BAZAR GÜNÜ OLMAZ...
Keçək şəhərin məşhur restoranlarından olan «Sultans» restoranına. Rus Dram Teatrı ilə üzbəüz olan bu restorana isə həftənin şənbə günü, saat 10.00-da ayaq basanda məlum oldu ki, onlar hələ restoranı açmayıblar. İkincisi, səhər yeməyi saat 12.00-dan sonra verilir. Açıq bufet səhər yeməyi isə ancaq həftənin bazar günləri, saat 10.00-14.00-da olur.
Amma yenə də detallarla maraqlandım. Məlum oldu ki, bu restoranda səhər yeməyi menyüsünə ağ pendir, qara zeytun, yumurta, kərə yağı, bal, pomidor, xiyar, çay, qayğanaq (6 cür qayğanaq seçimindən yalnız biri seçilir - sadə, tərəvəzli, pendirli, sucuklu, basdırmalı) daxildir. Burada isə birnəfərlik menyünün qiyməti 18 manatdır. Amma bir güzəşt var - uşaqların menyüsü pulsuzdur. Yəni 4 nəfərik ailə restoranda səhər yeməyi yeyirsə, bunun üçün 36 manat ödəyir.
«Azərbaycan» kinoteatrı ilə üzbəüz yerləşən «Künefe evi»ndə də iki cür menyü var. «Mado»da olduğu kimi, kənd səhər süfrəsi və klassik səhər süfrəsi. Birinci 12 manat, ikincisi isə 8 manatdır. İçindəki çeşidlər də «Mado»da yazdığımızla eyni olduğu üçün təkrarçılığa varmayacağıq.
MİLLİ SƏHƏR YEMƏYİ - BİR QAYĞANAQ 17 MANAT, PENDİR DİLİMLƏRİ 10 MANAT
Bəs görəsən, heç milli restoranlarımızda belə menyülər yoxmu? Məlum oldu ki, səhər yeməyi əksər restoranlarda təklif olunsa da, bu, vahid menyü formasında olmur. Sadəcə siz seçiminizi edirsiz. Məsələn, internetdə axtarış zamanı öyrəndik ki, «Naxçıvan» adlı restoranda Naxçıvan təamlarından ibarət səhər yeməyi təklif edilir. Zəng edib maraqlandıqda məlum oldu ki, bu, yalnız bazar günləri üçün nəzərdə tutulub. Menyüdə isə qaymaq, şor, nehrə yağı, Naxçıvan pendirləri assorti), blinçik kəsmiklə (2ədəd), Naxçıvan çöçəsi, Ordubad ruleti, Naxçıvan balı, qaynadılmış kənd yumurtası (2 ədəd), əncir mürəbbəsi, şəkər-çörək, təndir çörək/lavaşı, ordubad qayğanağı, pomidor yumurta, firni.
Hər bazar günü 9:00-dan 12:00-a kimi.
Ayrı-ayrı qiymətlərə gəlincə, məsələn, Naxçıvan pendiri üçün 10 manat, Ordubad qayğanağı üçün 17 manat ödəmək lazımdır. İki nəfərlik səhər yeməyi ən yaxşı və qənaətcil olduğunuz halda sizə 50 manata başa gələ bilər.
FAST FOOD OLANDA NƏ OLAR, ORDA DA SƏHƏR AÇILIR
Fast Food restoranları da bu məsələdə öz «məharət»lərini nümayiş etdirirlər. KFC-də səhər yeməyi - 1.50 manatdır. Menyüyə isə ya Tvister, ya 2 stripcs, ya da tortla bir çay (amerikano da ola bilər) daxildir. Daha dəqiq desək, bunlardan birini yemək üçün 1.50 manat ödəmək lazımdır.
McDonalds kafesində moruq və ya albalı piroqları ilə bir çayın qiyməti 50 qəpikdir.
YEMƏKLƏR BİR OLMUR, ATAM BALASI...
Necə deyərlər, biz yedik doyduq, Allah acları da doyursun... İndi isə maraqlandıq ki, görəsən, dünyada insanlar necə səhər yeməyi yeyir? Onların «kahvaltı süfrə»sini nələr bəzəyir? Bizim kimi pendir-çörək, yoxsa...?
Özümüzün və osmanlı türklərinin səhər yeməyi seçimindən danışdıq. Keçək digər xalqlara...
Ruslarda - çar dönəmində olduğu kimi, indi də süfrədə kürü və balıq yeməklərinə rast gəlinir. Ruslar səhərlər şirniyyata deyil, əsasən bol ədviyyatlı yeməklərə üstünlük verirlər. Kalorisi yüksək balıq, ət yeməkləri və «rus yumurtası» süfrəyə hökmrandır.
İspanlarda - kolbasa, balıq, zeytun və sarımsaqdır. «İberia» adlanan zeytunlu çörəklə «Bocadillo con tomato» adlı pomidorlu çörək süfrənin əsas nemətlərindəndir. «Cafe con leche» - südlü qəhvə və bir fincan «Cortido» - espressosu ilə ispan süfrəsi tamamlanır.
İngilislərdə - ingilis axşam və günorta yeməyindən imtina edə bilər, amma səhər yeməyindən heç vaxt! Ingilislərin süfrəsini qızardılmış çörək, çeşidli cemlər, marmelad və bal bəzəyir. Yumurtanın istər soyutma, istər qayğanaq formasında hazırlanması, istərsə də kolbasa ilə qızardılmış halda yemək ingilis süfrəsinin ayrılmaz hissəsidir. Süfrə gözəl ətirli ingilis çayı ilə tamamlanır.
İtalyanlarda - burada da qızardılmış çörəklər və «Tramezzini» adlı üçkünc tost çörəklər kapuççino və espresso ilə yeyilir. Mozarella pendiri və pomidoru italyan süfrəsinin gözü sayılır.
Fransızlarda - səhər yeməyi bir sənətdir. Sadə səhər süfrəsində müxtəlif çeşidli çörək və pendir olur. Fransızların hətta belə bir məsəli var: «Pendirsiz süfrə bir gözü olmayan qadın kimidir». Süfrə fransız kruasanları, fransız cem çeşidləri və «pain comlet» adlanan çörəklə bəzənir. «Cafe au lait» südlü qəhvəsi ilə fransız «Petit dejenuer» yəni səhər yeməyi tamamlanır.
Hollandlarda - süfrəni holland pendiri ilə yanaşı, siyənək balığı da bəzəyir. Holland süfrəsini ətirli çay və ya qəhvəsiz bitirmək mümkünsüzdür.
İsveçlərdə - səhər süfrəsində əsas üstünlük balıq nemətlərinə verilir. Sousda basdırılmış balıq yeməkləri şüyüd və digər göyərtilərlə yeyilir. Süfrəyə şirniyyat da əlavə olunur. Bunlardan kişmişli çörəyin üzərinə cem əlavə olunaraq yeyilən keks - «Blaber-Klöben» isveç süfrəsinin əsas dadlarındandır.
Portuqallarda - səhər süfrəsi daha çox ispanların süfrəsinə bənzəyir. Ancaq portuqallar səhər yeməyinə çox əhəmiyyət verirlər. Doyumlu olmasına çalışırlar. Süfrədə dəniz yeməkləri, yumurtalı çörək və «Vasco da Gama» adlanan üzümlü çörək üstünlük təşkil edir. Portuqallar içki olaraq portağal, greyfrut şirələrinə və çaya meyllidirlər.
Bəs alimlər nə deyir? Səhərlər sıyıq, yumurta, pendir-çörək kimi qidaların qəbul edilməməsi ürək-damar xəstəlikləri və maddələr mübadiləsinin pozulması riskini artırır, piylənmə və diabetə yol açır. Bütün bu patologiyalar vaxtsız ölümlərin əsas səbəbləri siyahısına daxildir.
Tasmaniya Universitetinin mütəxəssisləri ilk dəfə səhər yeməyi yeməməyin uzunmüddətli təsiri üzərində araşdırma aparıblar.
Elmi işin müəlliflərindən biri olan Kayli Smitin fikrincə, səhər yeməyi artıq çəki ilə ən mühüm mübarizə üsuludur: «Biz sübut etdik ki, səhər yeməyi ürəyin və endoktrin sisteminin düzgün işləməsi üçün son dərəcə vacibdir. (Xüsusilə insulin istehsalı və xolestrinin düzgün mübadiləsi üçün). Özü də bu, bədənin çəkisindən və piyin miqdarından asılı deyil».
Universitet tərəfindən aparılan araşdırmada on mindən artıq avstraliyalı iştirak edib. Onların təxminən 2000 nəfərinin mütəmadi olaraq səhər yeməyi yemədikləri ortaya çıxıb. 20 illik müşahidə ərzində onların əksəriyyətində patoloji əlamətlər görünməyə başlayıb. Bu əlamətləri həkimlər məhz qida rejiminin pozulması ilə əlaqələndiriblər.
Avstraliyanın Qida Komitəsinin göstəricilərinə görə, ölkə əhalisinin ən azı 23 faizi hər gün səhər yeməyi yemir.
Sonda... Filolosofluq çıxmasın, amma səhər yeməyinin harada və necə yeyilməsinin xüsusi bir əhəmiyyəti yoxdur, məncə. Əsas odu, ağız dadı ilə, sevdiklərinin əhatəsində və gözəl əhvalda yeyəsən. Həmin vaxt adi pendir-çörəklə şirin çay belə sənə «köy kahvaltısı»na daxil olan 50 çeşid təamı əvəz edəcək. Səhərlər gözəl və xoşbəxt oyanandan sonra hər təam ləzzətlidir...