vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
17:42 | 29 iyun 2022 | Çərşənbə Məqaləyə 1790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu

Qarabağda müharibə başlayır?

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son zamanlar Ermənistan tərəfindən səsləndirilən bəyanatlar regionda İrəvanla Bakı arasında davamlı sülhün olacağı ümidlərini xeyli artırsa da, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın son açıqlaması hər şeyin əslində planlı bir oyun olduğunu üzə çıxarır.

Belə ki, Saakyanın Qarabağda müqavilə əsasında Ermənistan hərbçilərin qulluq edəcəyinə dair dünənki bəyanatı Paşinyanın istər Laçını tərk etməyə hazırlaşdıqları, istərsə də sərhədlərin delimitasiyası və iki ölkə arasında sülhə hazır olduqları ilə bağlı tezislərinin əslində boğazdan yuxarı, qeyri-səmimi açıqlamalar olduğunu göstərir.

“Xidmətə yeni qəbul olunan çağırışçıların püşkatma mərasimi ərazi bölmələrində yayımlanır, valideynlər oturub bütün prosesi izləyirlər. Püşkatmada Qarabağ ərazisi yoxdur”, – deyən Saakyan gələcək çağırışçıların valideynlərinə xoş xəbər çatdırmağa tələssə də, Qarabağda müqavilə əsasında hərbçilərin qulluq edəcəyinə dair bəyanatı (“Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk” - red.) ilə Azərbaycan və Ermənistan arasında danışıqlar platformasındakı çətin vəziyyəti daha da gərginləşdirmiş oldu.

Yoxsa Baş Qərargah rəisinin müavini istəmədən bunu bildirdi?

Əlbəttə ki, hər şey planlı şəkildə ictimailəşdirildi. Ermənistanın yüksək vəzifəli hərbçisi çox yaxşı bilir ki, Azərbaycan ərazisinə erməni hərbçilərin gəlişini bəyan etmək rəsmi Bakı ilə İrəvan arasında vəziyyəti gərginləşdirəcək, hazırda mühüm irəliləyişlərin müşahidə edildiyi ikitərəfli dialoqlara ciddi mənfi təsirini göstərəcək, hətta danışıqlar prosesinin pozulmasına da səbəb ola bilər. Çünki Saakyan və onun ağası yaxşı bilir ki, Azərbaycan ərazisinə erməni hərbçilərin gəlişi Üçtərəfli Bəyanatın pozulması deməkdir.

Göründüyü kimi, Rusiya sülhməramlıları hərbi əməliyyatların bərpası risklərini və təhdidlərini minimuma endirmək və eskalasiya ehtimalını aradan qaldırmaq üçün nəzərdə tutulmuş belə bir vəziyyətə göz yumacaqlar. Belə nəticə çıxır ki, Rusiya öz təsir aləti - sülhməramlı kontingentinin köməyi ilə 10 noyabr üçtərəfli bəyanatın müddəalarını pozan birinci tərəfdir və İkinci Qarabağ müharibəsindən sonra formalaşmış status-kvonu hər cür gücləndirməkdə maraqlıdır.

10 noyabr üçtərəfli bəyanatında tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürərək Vətən müharibəsinin dayandırılmasında böyük pay sahibi olan Rusiya İrəvanın öhdəliklərini icra etməsi üçün məsuliyyət daşıdığını yaxşı bildiyi halda, 44 günlük müharibənin bitdiyi ilyarım ərzində Ermənistanı nəinki götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edə bildi, əksinə hayların manevr imkanın böyüməyinə, əl-qolunu açıb Azərbaycan torpaqlarında qanunsuz əməllərinə, təxribatlarına şərait yaratdı.

Şübhəsiz ki, bu isə, bölgədə yeni hərbi əməliyyat riskini artırır. İki gün əvvələ nəzər salsaq, Azərbaycan Prezidenti Kəlbəcərə səfəri zamanı oradan da bəyan etdi ki, “Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər”. Bunu bilə-bilə Ermənistandan ard-arda sərsəm bəyanatları eşidiriksə, bu artıq qarşı tərəfin keçmiş ritorikasından əl çəkmək istəmədiyini, regionda sülh istəmədiyini, Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaqlarını və revanş hissi ilə alışıb-yandıqlarını göstərir.

Amma İrəvan yəqin unudur ki, budəfəki müharibə təkcə Xankəndi ilə yekunlaşmayacaq. Bunu xüsusilə Rusiya daha yaxşı anlamalıdır. O Rusiya ki, hansısa bir Ermənistan rəsmisi heç nə olmamış kimi Laçın dəhlizi ilə Qarabağa muzdlu hərbiçilər gətirəcəyini bəyan edir. Demək ki, Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin onlara mane olmayacağından əmindir, demək ki, İrəvana bu məsələ ilə bağlı Moskvadan razılıq verilib. Çünki Laçın dəhlizində Rusiya sülhməramlılarının qurduqları blok-postlar fəaliyyət göstərir və onlar istər Qarabağdan Ermənistana, istərsə də Ermənistan ərazisindən Qarabağa kimin gəlib gedəcəyinə müvəqqəti də olsa qərar verən, səlahiyyət sahibidrlər.

Amma təəssüf ki, Rusiya deyəsən qaş düzəltdiyi yerdə göz çıxarmaqda, Bakını daha da qıcıqlandırmaqda israrlıdır. Belə olmasaydı ermənipərəst səyyah və bloger Aleksandr Lapşinin qanunsuz yolla yenidən Azərbaycan ərazisinə gəlib, Qarabağda erməni terroçu Monte Melkonyanın abidəsini ziyarət edilməsinə şərait yaradılmazdı. Maraqlısı burasındadır ki, Lapşin də Azərbaycan ərazisinə Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidən, onların blok-postlarından keçərək gəldi.

Buradan da aydın olur ki, Lapşin və erməni deputatların Qarabağa səfəri planlı, hazırlanmış bir səfərdir və bu səfərin Rusiya XİN başçısı Sergey Lavrovun Bakı səfəri ərəfəsində reallaşması nəinki təsadüfi deyildi, hətta məqsədli idi. Çünki Qarabağda yerləşdirilinən Rusiya sülhməramlılarının belə qısa zamanda ard-arda Qarabağa bu qədər qanunsuz səfərlərə icazə verməsinin başqa adı yoxdur.

Belə aydın olur ki, Rusiya çox yaxşı anlayır ki, Azərbaycan kontingentin 5 ilin tamamında bölgədən çıxarılması məsələsində qətidir. Elə bu səbəbdəndir ki, Lavrovun Bakı səfəri zamanı ermənipərəst bloger Lapşini və erməni deputatları qanunsuz olaraq Xankəndinə buraxaraq Azərbaycana meydan oxuyan rəsmi Moskva bölgədə sülhün əldə olunmaması, vəziyyətin gərgin olaraq qalması üçün bu dəfə muzdlu erməni terrorçularının Qarabağa keçidinə növbəti dəfə şərait yaradacağı ilə bağlı İrəvanla razılaşıb.

Çox təəssüf ki, bir neçə gün öncəyə, daha dəqiq desək Rusiya XİN rəhbəri Sergey Lavrovun 23-24 iyun tarixlərində Bakı səfəri zamanı səsləndirilən bəyanatlara və imzalanan sənədlərə nəzər saldıqda əslində rəsmi Moskvanın Bakı və İrəvan arasında münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğu təəssüratı yaratsalar da, əməldə nə Rusiya, nə də Ermənistan bunu nümayiş etdirir. Bir daha təsdiqini tapdı ki, Moskva Ermənistanla Azərbaycan arasında sülhün əleyhinədir.

Bunu təsdiq edəcək növbəti faktın isə elə iki gün əvvəl şahidi olduq. Belə ki, Bayramov-Lavrov arasında imzalanan informasiya təhlükəsizliyi haqqında sənəddə hər iki ölkənin mediasında bir-birinə qarşı qərəzli informasiyanın yayılmasının qarşısının alınması əsas məqsəd kimi qeyd edildi. Sənədə əsasən “Azərbaycanın ərazi bütövlüyünə qarşı informasiyanın yayılmasının qarşısı alınmalıdır” bəndi xüsusi qeyd edildi. Lakin cəmi 3 gün sonra razılaşma elə rəsmi Moskva tərəfindən pozulur.

Erməni media mafiyasının əsas dayaq nöqtələrindən olan Solovyov kanalı vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurmaq üçün qondarma qurumun özünü xarici işlər naziri adlandıran ünsürünü efirə çıxardı. Beləcə, Vladimir Solovyov Azərbaycana qarşı növbəti təxribat törətmiş oldu.

Verilişinə qondarma rejimin qondarma naziri David Babayanı dəvət edərək “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etməsi azmış kimi bu üzdənirağın efirdə revanşist, Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq bəyanatlar səsləndirməsinə imkan yaradıldı.

Bəs Rusiya Azərbaycanla informasiya təhlükəsizliyi barədə saziş imzalamışdı?!

Niyə Rusiya hakimiyyəti Kremlin əsas trollarından hesab edilən Solovyovun Babayanı efirə çıxarıb Azərbaycana qarşı təhdidvari çıxışına imkan yaratdı, buna mane olacaq hər hansı bir  addım atmadı?

Bu hadisəni bir neçə həftə öncə “Ria-Novosti” təxribatından heç nə fərqləndirmir. Moskva Bakıda imzalanan informasiya təhlükəsizliyi ilə bağlı sənədi unutqanlıqdan gələrək ermənipərəst Solovyovun növbəti dəfə Azərbaycana qarşı təxribata əl atmasına imkan yaratdı. Rusiya anlamalıdır ki, məlum efirdəki süjet fevral və iyun ayında imzalanan ikitərəfli sənədlərə tamamilə ziddir və bu təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq üçün növbəti təxribatlardır.

Qonşu dövlətlər, indiki məqamda xüsusilə Rusiya başa düşməlidirlər ki, 44 günlük müharibəyə qədərki dövrdə olduğu kimi hazırda da bölgəni alova qərq edə bilərlər. Alovun azərbaycanlılar üçün simvolik əhəmiyyət daşıdığını isə unutmasınlar.

İlham Əliyevin Kəlbəcərdə Komando Hərbi Hissəsinin açılışı zamanı səsləndirdiyi bəyanatlardan (“Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq” – red.) da anlaşıldı ki, rəsmi Bakı Ermənistanla münaqişənin həlli ilə bağlı istənilən təşəbbüsə skeptisizmlə yanaşılmalı olduğunun, vaxt itirmədən konkret nəticələr tələb edilmənin fərqindədir. Sülhməramlılar vasitəsilə Rusiyanın bölgədə Azərbaycanın maraqlarını nəzərə almadan öz mənafeyi xatirinə sui-istifadə cəhdləri ara verməzsə, Azərbaycan adekvat addımlar atmaq hüququndan istifadə edərək 44 günlük müharibəyə dayandırıldığı yerdən davam edəcək.

İstər Ermənistan, istərsə də ona havadarlıq edən qüvvələr unutmamalıdırlar ki, müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Dövlət başçısı da bir daha bəyan etdi ki, Azərbaycan bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacaq: “Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər”.

Yaxşısı budur, Ermənistan 44 günlük müharibədəki səhvi təklrarlamaq, kənar qüvvələrə arxayın olub, Azərbaycana dil uzatmağa, təxribatlara cəhd etməkdənsə, ən başlıcası öz taleyini böyük mənada həll edəcək, onu uçurumun kandarından kənarlaşdıracaq davamlı sülh məsələsində Bakının tələblərinə, ümumi razılaşmanın şərtlərinə əməl etsin. Əks təqdirdə Ermənistan özünü yenə Azərbaycanın qarşısında tək görə bilər. O zaman isə heç bir təşkilat, güc mərkəzi zəmanət verə bilməz ki, hazırkı Ermənistan yenidən mövcudluğunu saxlayacaq. (Milli.az)