vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
23:05 | 4 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öncə insanlıq...

Hər məsələyə birtərəfli baxırıq

Elman SADIQOV

Məktəbdə bir şagirdin digər şagirdi döyməsi gündəmi zəbt etdi. Açığı o videonu gördükdən sonra fikir bildirmək, məsələyə daha dərindən yanaşmaq istədim.

Əvvəla sosial şəbəkələrdə faktlara deyil, hisslərə əsaslanan subyektiv yanaşma və təhlillər sonradan bir çox həqiqətlər, o cümlədən döyən şagirdin valideyni haqqında məlumatlar üzə çıxdıqdan sonra azaldı. Məsələyə daha fərqli bucaqdan baxaq.

Əvvəla cəmiyyət olaraq hamımız günahkarıq. Çünki, övladlarımız haqqında düşünərkən qiymət, diplom, geyim, qidalanma (fiziki ehtiyacları və həm də öz eqolarımızı təmin etmək) haqqında düşünürük. Onun mənəvi aclığına, ehtiyaclarına göz yumuruq. Övladlarımıza soft skills deyilən yumşaq bacarıqları (danışıq tərzi, empati qurmaq, başqalarını hiss edə bilmək, dinləmək bacarığı, alicənablıq, çətin vəziyyətdən çıxış yolu tapmaq, çətinliyə, stressə təslim olmamaq və sair) öyrətməyi, bunların təlimlərini verməyi çox düşünürük? Təəssüf ki, xeyr.

Hər iki şagirdin buna ehtiyacı var. İlk zərbədən sonra özünü toparlamalı, müdafiə etməli olan, qürurunu yedirməyən, qorxuya üstün gəlmək, qorxunun üzərinə getməyi öyrənməli olan döyülən oğlanın da, həmin o aqressiv, empati qurmağa, dostluq, zəif insanı əzməyin güclülük deyil, zəiflik və şərəfsizlik olduğunu öyrənməyə ehtiyacı olan həmin o aqressiv şagirdin də qeyd etdiyim yumşaq bacarıqları öyrənməyə ehtiyacı var.

Biz həmişə nələri düşündük? Məktəbi yaxşı oxumaq, universitet diplomu almaq, CV-yə yazılması üçün xarici universitetlərdən birinin 1 illik formal sertifikata bənzər “diplomu”na sahib olaraq vəzifə əldə etmək həyatın mənasına çevrilməyib? Çevrilib. Kim zəmanət verə bilər ki, insanlığı olmayan dahi bir kimyaçı şəfa verən dərman əvəzinə “yüksək keyfiyyətli” narkotiklər, viruslar kəşf etməyəcək? İnsanlığı olmayan dahi həkim sağlığı deyil, orqan satmaqdan tutmuş ən rəzil hərəkətlərə yol verməyəcək? İnsanlığı olmayan dahi informasiya texnologiyaları mütəxəssisi dövlətinə, işlədiyi şirkətə, cəmiyyətə xidmət əvəzinə hakerlik yoluyla bank, şirkət, şəxsi hesabları qırıb pulları öz hesablarına köçürməyəcək? İnsanlığı olmayan dahi maliyyəçi maxinasiyalar yolu ilə milyardlar qazanmağı düşünməyəcək? Biz peşə, ixtisas sahibləri, diplom alıcıları yetişdirməyi daha çox düşünürük, nəinki valideynləri, vətəni üçün layiqli, dürüst, vicdanlı övlad yetişdirməyi...

Hər məsələyə birtərəfli baxırıq. Video yayıldıqdan dərhal sonra ilk fikirlər həmin döyən şagirdin hansısa qudurğan məmurun övladıdır fikirləri idi. Amma əksi oldu. Unuduruq ki, insanlıq və ya şərəfsizlik kasıba, varlıya, gəncə, yaşlıya baxmır. Cəmiyyət olaraq hər məsələyə birtərəfli yanaşmağımız övladlarımızın da düşüncə tərzinə təsir edir. Rüşvət, maxinasiya məsələlərində 25-30 yaşlarında gənclərimiz vardır ki, 50-60 yaşında təcrübəli məmurların bir çoxlarına dərs keçər. Məsələn, ADA, ADİU (UNEC) Universitetlərində tanıdığım tələbələr vardır ki, ataları, babaları yüksək vəzifələrdədir, amma həmin tələbələrin dünya görüşləri, özlərindən böyüklərlə az qala utanaraq, çox mədəni şəkildə ünsiyyət saxlamaları, tükənməz öyrənmək istəkləri, öz üzərlərində işləmələri şəxsən məndə gələcəyimizə böyük ümidlər formalaşdırır. Biz cəmiyyət olaraq insanlara kasıb, varlı, hansısa regiondan, millətdən, dindən olmasından asılı olmayaraq 2 cür yanaşma sərgiləməliyik: kamil insan, cahil insan (Allah dahi Nəsimiyə rəhmət eləsin!). Kamil insan özünü yetişdirərək bizə əziyyət verməz. Üzərimizə düşən vəzifə cahil insanları cəmiyyətə qazandırmaqdır.

Bizim gözəl, tərbiyəli, düzgün danışıq tərzi, empati qurmaq bacarığı olan gənclərimiz var. İlk dəfə ayrı-ayrı deyil, toplum olaraq belə gəncləri 2012-ci ildə Eurovision mahnı müsabiqəsində gördüm. Onları Etika Akademiyasının təsisçisi Günel İbrahim hazırlamışdı. Hər biri fəxr ediləcək pırıl-pırıl gənclər idi. Sonra Avropa Oyunlarında, İnternet İdarəçiliyi Forumunda könüllülərin davranışları, çox gənc, həyat təcrübələrinin az olmasına baxmayaraq keçdikləri təlimlərdə yetişərək mədəniyyətdə, davranışda örnək olan həmin gənclər insanı fərəhləndirirdi. Bu könüllüləri də Etika Akademiyası hazırlamışdı. Deməli, mümkündür. Biz bugünkü videoya görə gəncliyimizi linç edə bilmərik. Bizim dəyərli gənclərimiz var.

Amma arxayın otura da bilmərik. Narkotika cəmiyyətə dərin nüfuz edib. Gənclərimiz üçün ən böyük təhlükədir. Biz yeniyetmələrimizə, gənclərimizə tədrislə, elmlə yanaşı insanlığı, daha yumşaq desək yumşaq bacarıqları (davranış, mədəniyyət, danışıq tərzi, dürüstlük, empati, stress altında davranış, xaos vəziyyətində düzgün çıxış yolu tapmaq, bədən dili və sair) öyrətməli, qanlarına, sümüklərinə hopdurmalıyıq. Yuxarıda qeyd etdiyim tədbirlərdə olan könüllülər kimi, əlavə olunan şəkillərdə təlim keçərək gələcəyə həm də əsl vətəndaş kimi hazırlaşan məsələn ASAN Xidmət könüllüləri kimi...

P.S. Yumşaq bacarıqların müxtəlif sahələrdə əhəmiyyətləri haqqında yenə yazılarım olacaq. Növbəti dəfə peşə, ixtisas seçimi, sonra isə sahibkarlar üçün yumşaq bacarıqların olmamasının hansı risklər daşıması. Nəhayət, xidmət sektorunda yumşaq bacarıqların olmamasının ölkəmizin iqtisadiyyatı, ayrı-ayrı xidmət sahələrinə (turizm və sair) mənfi təsirləri haqqında fikirlərimi bölüşəcəm.

P.S.S. Gənclərimizlə bağlı pessimist olmayaq. Onları düzgün inkişaf etdirmək, daha mükəmməl bir nəsil yetişdirmək üçün sadəcə prioritetlərimizi düzgün müəyyən edək...