vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
08:40 | 26 noyabr 2022 | Şənbə Məqaləyə 628 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Brüssel prosesi iflas etdi?

Pərdəarxasından Fransa və Rusiya arasında gizli işbirliyi görünür

Rusif MƏMMƏDSOY

Bu gün bölgədəki mövcud gərginlik fonunda ölkə başçısı bir sıra maraqlı, eyni zamanda hədəfli açıqlamalarla yadda qaldı. Məlum olur ki, dekabr ayının ilk ongünlüyündə Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq. Buna səbəb isə Fransanın kiçik bacısı Ermənistandır. Nikol Paşinyan Şarl Mişelə bildirib ki, bizim şərtimiz var. Şərt isə ondan ibarətdir ki, Emmanuel Makron da bu görüşdə iştirak etsin. Ölkə başçısı bu səbəbdən görüşdən imtina edib və Fransanın vasitəçi olmadığını bir daha diqqətə çatdırıb.

Fransanın o masaya oturması kimə lazımdır? 

Fransa rəhbəri aylardır ki, bu istiqamətdə durmadan “çalışır”. Məqsəd isə Cənubi Qafqaza daxil olmaq, söz sahiblərindən birinə çevrilməkdir. Hətta istisna etmirəm ki, pərdəarxasında Fransa və Rusiya arasında gizli işbirliyi də mövcuddur. Bundan öncə də parlamentində “Artsaxı” tanıyan Fransa hansı missiya ilə masaya əyləşmək istəyir? Məlumdur ki, Fransa da Rusiya kimi bu prosesin dayanmasında maraqlıdır. Brüsseldə dəfələrlə görüşlər keçirilib ortada nəticələr var. Ən azından Rusiyada keçirilən görüşlərə nisbətdə. Bu nəticələr isə həm Rusiyanın, həm də Fransanın Cənubi Qafqazla bağlı maraqlarına cavab vermir. Bunun üçün də durmadan bu istiqamətdə açıqlamalar verən Kreml bölgədə vəziyyəti gərginləşdirmək üçün hər şeyi edir. Eyni zamanda Fransa da bunda maraqlıdır. Xüsusilə də Praqada keçirilən görüşdə Makron müşahidəçilərin bölgəyə gəlməsi ilə bağlı təklif verdi. Azərbaycan tərəfi həmin nümayəndə heyətinin Azərbaycana gəlməsinə imkan vermədi, müddət isə 2 ay nəzərdə tutulmuşdu. Həmin müddət dekabr ayının əvvəlində bitir. Bu müddət ərzində Ermənistan tərəfi hər gün, gün ərzində bir neçə dəfə atəşkəsi pozur, Şuşanı, Tərtəri atəşə tutmaqdan çəkinmir. Fransanın təşəbbüsü ilə bölgəyə gələn nümayəndələr bütün bunları qeyd edirmi? Yoxsa onlar da gözləyir ki, Azərbaycan əsgəri adekvat cavab tədbirləri görsün və sənədlərdə də məhz bunlar qeyd edilsin? Hər halda bu ritorik sualdır və cavabı da bizə bəllidir. 

Hesab edirəm ki, Fransanın tutmuş olduğu bu yol ümumilikdə Avropa İttifaqının geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Məsələn, Makron bundan öncə də televiziya vasitəsilə Azərbaycanı təcavüzkar adlandırmaqdan çəkinməmiş və bir sıra ittihamlar səsləndirmişdi. Daha sonra aparıcı sual verir ki, “Azərbaycan ilə enerji mübadiləsi necə olacaq?”. Makron isə riyakarcasına bildirir ki, “Bizim Azərbaycandan hər hansı enerji asılılığımız yoxdur”. Bu zaman sual olunur ki, bəs Aİ-nin digər üzv ölkələrinin necə? Hansı ki, ölkə başçısının ard-arda bir neçə səfəri oldu. Balkan, Şərqi Avropa ölkələri ilə enerji ixracı ilə bağlı sənədlər imzalanır. Bir neçə ay öncə Aİ-nin ən yüksək səviyyədə nümayəndə heyəti Bakıya gəldi ölkə başçısı ilə görüşdü. Nəticədə qərara alındı ki, Azərbaycan TANAP vasitəsilə perspektivdə qaz ixracını ikiqat artırsın. Sadəcə Şərqi Avropa ölkələri deyil, eyni zamanda ümumilikdə Aİ-nin 9 ölkəsi ilə bu kimi strateji tərəfdaşlıq haqqında sənədlər var. Bu isə həmin ölkələrin, Avropa Birliyinin Fransaya qarşı etirazları ilə qarşılanacağını düşünürəm. 

Bundan əlavə Fransa Birləşmiş Ştatların da oyununu pozur. Birləşmiş Ştatlar situativ olaraq Azərbaycan əleyhinə addımlar atırlar, doğrudur. Lakin, ABŞ yekun sülh sənədində olduqca maraqlıdır. Yekun sülh sazişi, bölgədə sülh Birləşmiş Ştatlara ona görə lazımdır ki, bu zaman Rusiyanın bu bölgədə varlığına səbəb qalmayacaq. Məqsəd də məhz budur. Dünyanın beynəlxalq təhlükəsizlik arxitekturası yenidən cızılır və Rusiya kimi təhlükə vəd edən ölkələrin bu dünyada yeri yoxdur. Ən azından indiki Rusiya kimi. Məqsəd Rusiyanı gücdən salmaq, təhdid halına gəlməyəcək vəziyyətdə saxlamaqdır. Bunun üçün, Rusiyanın Ermənistandan çıxması üçün plan da işləyir. Amerikanın ən böyük səfirliklərindən biri də təsadüfi deyil ki, məhz İrəvandadır. İşçilərin sayı 2000-dən yuxarı olan bu səfirlikdə məlumdur ki, hər biri sadə səfirlik işçisi deyil. Ortada nəticə də var. Ermənistan cəmiyyətində antirusiya əhval-ruhiyyəsi artan xətt üzrə inkişaf edir. Əlbəttə Rusiyanı Ermənistandan çıxarmaq o qədər də sadə deyil. Lakin, Azərbaycan və Türkiyə ilə barışıq olandan sonra ən azından Rusiyanın hərbi bazasına ehtiyac qalmayacaq. Bu fikri qüvvətləndirmək adına bir detalı da diqqətinizə çatdırım. Xatırlayırsınızsa, ötən ay erməni ekspert açıqlama verərək bildirdi ki, İran Ermənistana birgə hərbi təlimlərlə bağlı təklif verib. Nikol Paşinyan isə bunu qəbul etməyib. Onun bu təklifi qəbul etməməsinə səbəbkar isə Birləşmiş Ştatlar olub. O zaman ABŞ rəsmilərindən olan Con Bolton deyib ki, qəti şəkildə bunu etməyin və Türkiyə ilə Azərbaycanla münasibətləri normallaşdırın. Elə bu faktın özü onu göstərir ki, Birləşmiş Ştatlar məqsədi münaqişənin başa çatmasıdır. Lakin, Fransanın bu addımları erməniləri daha da ürəkləndirməklə yanaşı, həm də bölgədə gərginliyin artmasına, Rusiyanın bölgədə varlığına bəhanələrin yaranmasına səbəb olur. Bu isə əlbəttə Amerikanı narahat edir. Bunun nəticəsidir ki, yaxın günlərdə Entoni Blinken bütün bunlarla bağlı Paşinyana telefon zəngi etdi və iddialara görə bu danışıq olduqca sərt keçib.