vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
09:37 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanın önəmi artıb»

Elxan Şahinoğlu: «Amma bu, o demək deyil ki, Avropaya daha çox qaz göndərəcəyiksə, hakimiyyət özünü tam arxayın hissə edə, insan haqları məsələsində daha da sərtləşə bilər...»

E.SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Krımı işğal etməsindən sonra yaranan beynəlxalq geosiyasi vəziyyət Avropanın Rusiyadan qaz asılılığının mümkün qədər azaldılması məsələsini ortaya çıxarıb. Qərb yeni alternativlər aramaqdadır. Alternativlər sırasında Azərbaycan qazının adı ön sıralarda çəkilir. Beləliklə, yaranmış vəziyyət Azərbaycanın Avropa üçün önəmini xeyli dərəcədə artırır.

«Atlas» Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bu mövzuda «Yeni Müsavat»a açıqlamasında Azərbaycanın Avropa üçünü əhəmiyyətinin həqiqətən də artdığını bildirdi. Onun sözlərinə görə, Rusiya Krımı işğal etdikdən sonra Avropa və Amerika düşünür ki, köhnə qitəni Rusiyanın qaz asılılığından necə qurtarmaq lazımdır: «Əsas müzakirə predmeti odur ki, ABŞ-ın sıxılmış qazını təcili olaraq istehsalına başlayıb Avropaya çatdırsın. Məsələ burasındadır ki, hələn bunun üçün gərək ABŞ-da müvafiq qanunlar qəbul edilə, infrastruktur, tankerlər qurula. Bütün bunlar vaxt aparacaq və hətta sıxılmış qazın qiyməti də yüksəkdir. İkinci variant kimi isə daha çox Azərbaycan qazının adı çəkilir. Artıq Avropa Birliyinin baş komissarı Barroza da bu barədə açıqlamalar verib. Yəni ölkəmizin əhəmiyyəti getdikcə artır».

E.Şahinoğlu Azərbaycanın əhəmiyyətinin tranzit rolunu oynayan ölkə kimi də artığından danışdı: «Digər ölkələrin qazı da Azərbaycan və Türkiyə üzərindən TANAP layihəsi vasitəsilə Avropaya ötürülə bilər. Bölgədə Azərbaycandan başqa qaz resursları böyük olan Türkmənistan, İran və İraq qazı da Azərbaycan vasitəsilə çatdırıla bilər. Çox yaxşı haldır ki, rəsmi Bakı bu istiqamətdə Türkmənistan və İraqla danışıqlara başlayıb. Türkmənistanın xarici işlər naziri Bakıya gəldi. Bundan öncə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Aşqabada səfərinin siyasi əhəmiyyəti də var idi. Düşünürəm ki, ilin sonuna qədər prezident İlham Əliyevin Aşqabada səfəri olacaq. Türkmənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, mübahisəli məsələlərin həlli o deməkdir ki, gələcəkdə türkmən qazı da Xəzərin dibi ilə Azərbaycan üzərindən dünya bazarına, Avropaya çatdırıla bilər. Avropa özü də maraqlıdır ki, iki dövlət arasında münasibətlər normallaşsın. İraq istiqamətdə də Azərbaycan hakimiyyəti bəzi addımlar atıb. Xarici işlər naziri Elmar Məmmədyarovun Bağdada bu yaxınlarda səfəri oldu. O orada açıq dedi ki, İraqın enerji resurslarının Azərbaycan üzərindən daşınmasında maraqlıyıq. Bu istiqamətdə işlər gedir. İranla bağlı da Avropanın müəyyən planları var. Mümkündür ki, İlham Əliyevin Tehrana səfərində bu məsələ də müzakirə edilsin».

Enerji bazarında Azərbaycanın rolunun artmasının Avropanın, ABŞ-ın Azərbaycanda demokratiya və insan haqları məsələsini arxa plana keçirəcəyi barədə deyilənlərə gəlincə, E.Şahinoğlu bildirdi ki, əvvəllər Azərbaycan hakimiyyəti Qərblə enerji məsələsində əməkdaşlıq edəndə Qərbdən daxili işlərimizə qarışmamaq istəyini ortaya qoyurdu. Bəzən bu siyasətin effekti olurdu, bəzən olmurdu. Ancaq hiss olunurdu ki, həqiqətən ABŞ və Avropa Azərbaycanla enerji təhlükəsizliyinə görə ölkədaxili məsələlərə bir qədər göz yumur: «Amma bu, o demək deyil ki, indi Azərbaycan Avropaya daha çox qaz göndərəcəksə, özünü tam arxayın hissə edə və demokratiya, insan haqları məsələsində daha da sərtləşə bilər.

Məncə, Azərbaycan hakimiyyəti belə edə bilməyəcək. Ona görə ki, Rusiya Krımı işğal edəndən sonra Azərbaycanın enerji mənbəyi kimi rolu artdığından Rusiyanın Azərbaycana müəyyən qədər qıcığı artıb. Mümkündür ki, yaxın gələcəkdə Rusiyanın Azərbaycana təzyiqləri artsın. Bu mənada Azərbaycanın qarşılıqlı olaraq ABŞ-ın və Avropanın dəstəyinə ehtiyacı yaranacaq. Bu dəstəyi almaq üçünsə Azərbaycan hökuməti daxildə demokratiya və insan haqları məsələsində mənfiyə doğru yox, müsbətə doğru addımlar atmalıdır.

Bu günlərdə Gəncədə QHT rəhbəri Həsən Hüseynlini qondarma ittihamla həbs etmişdilər. Fikir verdinizmi, bir gün sonra sərbəst buraxmaq məcburiyyətində qaldılar. Çünki beynəlxalq təşkilatların da müəyyən reaksiyası oldu. Azərbaycan hakimiyyəti bəzən beynəlxalq aləmin reaksiyası ilə hesablaşır.

Gələn Azərbaycanda Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Hakimiyyət çox çalışır ki, bu, çox yüksək səviyyədə keçsin və Azərbaycanla bağlı heç bir irad yaradan hallar olmasın. O da məlumdur ki, İlqar Məmmədovla Tofiq Yaqublunun həbsi beynəlxalq aləmdə mənfi reaksiyalar doğurub. Bir ehtimal kimi deyə bilərəm ki, hakimiyyət Avropa olimpiya oyunları ərəfəsində və həmin il demokratiya və insan haqları məsələlərində gərginlik yaradan addımlara getməməlidir. Eyni zamanda böyük ehtimalla Tofiq Yaqublunu və İlqar Məmmədovu sərbəst buraxmalıdırlar. Elə edilməlidir ki, dünya mediası Avropa olimpiya oyunlarından çox Azərbaycanda insan haqları və demokratiyanın durumundan yazmalı olmasınlar».

Ekspert sonda vurğuladı ki, enerjiyə görə Azərbaycanın Avropa üçün dəyərinin artması o demək deyil ki, Avropa və ABŞ ölkəmizin daxilində gedən proseslərə barmaqarası yanaşacaq. Həmsöhbətimiz düşünür ki, Azərbaycanın tədricən Avropa ailəsinin bir tərkib hissəsi olması istər-istəməz Azərbaycanda demokratiya və insan haqları məsələsinə də müsbət təsir edəcək. («Yeni Müsavat»)