vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜBHƏM  
23:47 | 1 mart 2025 | Şənbə Məqaləyə 188 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Üç Anrinin savaşı”

2-4 milyon adamın ölümünə səbəb olan məzhəb qırğınları

Y.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

1520-ci illərdə Fransada protestantlıq yayılmağa başladı. Onun əsas təbliğatçısı Jan Kalvin idi. Kral I Fransisk bu yeniliyə əvvəlcə dözümlü yanaşdı, sonra kilsənin təzyiqi ilə mövqeyini dəyişdi. Kalvin də Cenevrəyə köçməli oldu.

Sonrakı 30 il ərzində Fransada məhz onun ideyaları – protestantlığın kalvinizm cərəyanı yayıldı. Tərəfdarlarına hugenotlar deyilirdi. Prosesi önəmli edən əsas cəhət o idi ki, kalvinizmi qəbul edənlər arasında Fransa aristokratiyasının yüksək təbəqəsinin nümayəndələri vardı. Məsələn, hakim Valua sülaləsinin ən yaxın qohumu olan Antuan Burbon və onun arvadı, muxtar Navarra krallığının kraliçası Janna d'Albre, Burbonların daha bir nümayəndəsi şahzadə Konde və başqaları. Bu dövrdə Navarra hugenotların istinadgahına çevrilir.

1559-cu ildə Fransa kralı II Anri öldü. Taxta 15 yaşlı II Fransisk çıxdı. Yeni kralın azyaşlı olmasından istifadə edən Giz ailəsi dövlət işlərinə müdaxilə etməyə başladılar. Hersoq Fransua de Giz və qardaşı, Lotaringiya kardinalı Şarl de Giz hugenotlara qarşı daha barışmaz mövqe tuturdular. Vassi qırğını da məhz hersoqun iştirakı ilə baş vermiş və 50-dən çox hugenotun öldürülməsi ilə nəticələnmişdi. Vassinin ardınca başqa şəhərlərdə də hugenot qətliamları baş verdi və Birinci məzhəb müharibəsi başladı.

XVI əsrdə doqquz məzhəb müharibəsi oldu. Bəzən bir müddət fasilə yaranırdı, bəzən də biri konflikt bitən kimi növbəti başlayırdı.

Birinci (1562-63)

İkinci (1567-68)

Üçüncü (1568–70)

Dördüncü (1572–73)

Beşinci (1575–76)

Altıncı (1576–77)

Yeddinci (1580)

Səkkizinci (1585-89)

Doqquzuncu (1589-98)

Bu düşmənçiliyin ən qanlı hadisəsi 1572-ci il avqustun 24-də baş verən Varfolomey gecəsi idi.

Vəziyyəti ağırlaşdıran daha bir amil isə hakim Valua sülaləsinin tükənməsi idi. Kral III Anri (1574-1589) Valua sülaləsinin yeganə kişi nümayəndəsi idi və övladı yox idi. Taxta hüququ çatan ən yaxın qohumu isə hugenotların lideri, Antuan Burbon və Janna d'Albrenin oğlu Anri idi.

Əlbəttə radikal katoliklər belə aqibətlə barışmaq istəmirdilər. Onlar Valua sülaləsinin tükəndiyi halda hersoq Gizi kral görmək istəyirdilər. Məzhəb məsələlərinə barmaqarası baxan III Anri Valua isə özündən sonra qohumunun kral olmasının tərəfdarı idi və deyirdi ki, varislik insanların deyil, Tanrının seçimi ilə olur.

Bu zaman Giz ailəsinə Fransua Gizin oğlu Anri Giz rəhbərlik edirdi. Beləcə, ortada üç Anri vardı: Fransa kralı III Anri Valua, Navarra kralı Anri Burbon və hersoq Anri de Giz. Nəticədə məzhəb müharibələrinin daxilində “Üç Anrinin savaşı” deyilən daha bir konflikt yaşandı.

Gizlər sanki qələbəyə yaxın idilər. Amma III Anri sui-qəsd təşkil edərək 1588-ci il dekabrın 23-də Anri Gizi, ertəsi gün də qardaşı kardinal Lui de Gizi öldürtdü. Amma katoliklər də borclu qalmadılar: 1589-cu il avqustun 2-də kral III Anri katolik rahib tərəfindən öldürlüdü.

Beləcə, Anri Burbon IV Anri adı ilə Fransa kralı oldu. Amma buna faktiki nail olması bir müddət çəkdi. O, 1593-cü ildə krallıq xətrinə katolikliyi qəbul etdi və yalnız 1594-cü ildə Parisə daxil ola bildi.  1598-ci ildə verdiyi Nant edikti ilə hugenotların etiqad azadlığı tanındı və məzhəblərarası sülh qismən bərqərar oldu.

Fransa məzhəb müharibələri zamanı bilavasitə zorakılıqdan, eləcə də konfliktin səbəb olduğu aclıq və xəstəliklər üzündən 2-4 milyon adamın öldüyü təxmin edilir. Hamısı da “mənim imanım daha səmimidir, məzhəbim daha kamildir” deyərək “Tanrı naminə” edilirdi.