Dünyada ən təmiz havanın məskəni
Yalnız külək və su enerjisi ilə təchiz olunan ilk adada 6 ilə sonra bütün maşınlar elektriklə işləyəcək
Xristofor Kolumb 1492-ci ilə Amerikanı kəşfinə qədər, Avropalılara görə İspaniyanın Kanar adalarından biri olan El Hierro adası dünyanın ən ucqar qərb burnu hesab edilirdi.
El Hierro sahil qayaları və büsbütün vulkanik daşlardan ibarət qeyri-adi mənzərəyə sahibdir. 11 000 nəfərə yaxın əhalisi olan adada siz heç vaxt Tenerifdə olduğu kimi böyük və səs-küylü turist kütləsi ilə qarşı-qarşıya gələ bilməzsiniz. Çünki El Hierro sülh və sakitlik axtaranların adasıdır.
İndi isə artıq El Hierro başqa bir xüsusiyyətinə görə də fərqlənəcək. Bu ada dünyada alternativ enerji ilə tam təchiz olunan ilk ada olacaq. Külək turbinləri və hidroelektrik enerjidən istifadə adanın tükənən enerji mənbələrindən asılılığının bütünlüklə aradan qalxması anlamını verir. Sözügedən sistem iyun ayının sonlarından etibarən rəsmi şəkildə fəaliyyətə başlayacaq.
Əslində El Hierronun həqiqətən də alternativ enerji istifadəsinə keçid edən ilk ada olması haqda fikir ayrılıqları mövcuddur. Lakin, bir çox ekspertlərin fikrincə tükənən enerji mənbələrinin asılılığından tamamilə qurtulan və enerjiyə olan ehtiyacını yalnız alternativ enerji hesabına ödəyən ilk ada məhz El Hierrodur. Ümumiyyətlə, El Hierronun kənar elektrik şəbəkələr ilə heç bir zaman bağlantısı olmamışdır
Külək enerjisi ilə bağlı bəzi uyğunsuzluqlar hətta güclü küləkləri ilə tanınan Kanar adalarında belə problemlərə səbəb ola bilər. Bu problemlərdən ən çox adanın turizm sənayesinə zərbə dəyə bilər. Lakin El Hierroda tətbiq olunan yeni qaydalara əsasən qapalı külək və hidroelektrik sistemi hər hansı bir problemin baş verməməsinə dair əminlik yaradır.
Küləkdən gələn əlavə enerji 5 külək turbini vasitəsi ilə suyu, aktiv olmayan vulkan krateri daxilinə yığılmasını təmin edəcək. Küləklər sakitləşəndə bu su hidroelektrik sistemin turbinləri vasitəsi ilə aşağıya doğru axaraq kənarlaşdırılacaq. Beləliklə, küləyin əlavə enerjisi batareyalara ehtiyac olmadan saxlana biləcək.
Baxmayaraq ki, sistem bütün ağır sınaqlardan üzüağ çıxmışdır, yenə də adada gözlənilməz problemlərə qarşı yanacaq ehtiyatı saxlanılır. Hətta, yaxın gələcəkdə El Hierro daha davamlı inkişafa doğru addımlamağı düşünür. Adanın Nissan şirkəti ilə imzaladığı müqaviləyə əsasən yaxın 6 ildə adada olan nəqliyyat vasitələrinin hər biri elektrik avtomobillərlə əvəz olunacaq.
Eko-dostluq El Hierroda yeni bir fikir deyil. Bir müddət öncə ada UNESCO-nun Biosfer qoruğu elan edilmişdir. Belə ki, buranın əsrarəngiz təbiəti, unikal landşaftı və cəmi 10 faiz ərazisinin kənd təsərrüfatı üçün istifadə olunması bu adı daşımağa imkan verir. Karbon emissiyalarının azaldılması da öz növbəsində ada üçün bir çox müsbət təsirlərə zəmin olacaq.