vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ANALİZ  
13:52 | 21 iyun 2016 | Çərşənbə axşamı Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əlavə dinamika»

Sankt-Peterburq görüşünün əsas nəticəsi

Elxan ŞAHİNOĞLU, «Atlas» Araşdırmalar Mərkəzi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə iyunun 20-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nəticə çıxmadı. Müzakirələrin nəticəsiz qalacağını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun görüşdən bir neçə saat əvvəl mesaj xarakterli «Sankt-Peterburq görüşünün əsas məqsədi hərbi əməliyyatların bərpasından sığortalanmaqdır fikri də təsdiq edirdi. Bu faktiki o demək idi ki, hazırki mərhələdə Kreml sahibinin məqsədi münaqişəni həll etmək yox, atəşkəsin ömrünü uzatmaqdır. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur.

Rusiya prezidenti Sankt-Peterburqda ilk olaraq erməni həmkarı Serj Sərkisyanla görüşdü. Sərkisyan görüşdə bildirdi ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq. «Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik» deyən Sərkisyan bu istiqamətdə danışıqların aparılmasının işgüzar əhval-ruhiyyə yaradacağını iddia etdi. Yəni Putin kimi Sərkisyan da Sankt-Peterbuqrda yalnız atəşkəsin ömrünün uzanmasından danışmağa hazır idi. Bu mənada Kremllə İrəvanı ancaq bir sual düşündürür: Necə edək ki, atəşkəs daimi olsun və Azərbaycan cəbhə bölgəsində hərbi gücünü nümayiş etdirməsin?

Azərbaycan prezidenti İlham Əliyev Putinlə görüşdə problemin əsas məğzini iki cümlə ilə ifadə etdi: «Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzdir və erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır». İlham Əliyev Sərkisyandan fərqli olaraq «atəşkəsin uzanması» və ya «insidentlərin araşdırılmasl» kəlmələrini işlətmədi. Yəni prezidentlərin keçmiş görüşlərində olduğu kimi Sankt-Peterburqda da mövqeləri bir-birindən 180 dərəcə fərqlənirdi.

3 prezidentin birgə görüşündən də real nəticə çıxmadı. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı isə göstərir ki, nə Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Rusiya prezidenti bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür. Bir neçə cümlədən ibarət birgə bəyanat məna yükü az olan ifadələrdən ibarətdir. Sadəcə, «prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafına şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər" – cümləsinin sonuncu hissəsi diqqəti çəkir.

Görəsən, o hansı «məsələlərdir» ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib? Yəqin prezidentlər cəbhə bölgəsində eskalasiyaya yol verməyəcəklərini bəyan ediblər. Bunun da adını qoyublar «bır sıra məsələlər». Prezidentlərin bundan əvvəlki Paris görüşündə də «bir sıra məsələlər» razılaşdırılmışdı. Ancaq Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi, Azərbaycan hərbçiləri işğalçı qüvvələrin helikopterini vurdu. Bununla da Paris «razılaşmalarının» üstündən xətt çəkildi.

Buna baxmayaraq, prezidentlərin Sankt-Peterburq görüşünün yekunu ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri nikbin açıqlamalar verdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

«Əlavə dinamika» kəlməsinin heç bir mənası yoxdur. Keçmiş illərdə prezidentlərin görüşlərindəki ortaq bəyanatlarda bundan da güclü ifadələr işlənib. Sonrası bəllidir. Lavrovun ardınca, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da oxşar açıqlama verərək bildirib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. Aydındır ki, Azərbaycan rəsmiləri Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə «müzakirələr konstruktiv keçmədi» ifadəsini işlətməzdilər. Əslində bütün görüşlər «konstruktiv» qiymətləndirilir. Ancaq ortada nəticə yoxdur.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın «görüş uğurlu keçdi» kimi eyni açıqlama vermələri əslində ziddiyyətdən xəbər verirdi. Görüş hər iki tərəf üçün uğurlu keçə bilməzdi. Çünki münaqişənin həllinə baxışda Azərbaycanla Ermənistanın mövqeyi 180 dərəcə fərqlidir və bu fərq Sankt-Peterburda ortadan qaldırılmadı.

Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa İttifaqı Rusiyanı əsas vasitəçi olmasına etiraz etmirlər. Tam əksinə, Avropa İttifaqının əsas dövlətlərindən biri və ATƏT-in hazırki sədri Almaniyanın kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas açar dövlət hesab edir. Ancaq bu o deməkdirmi ki, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə hazırdır?

Vladimir Putin hakimiyyətdə olduğu 16 ildə (4 illik baş nazirliyi dövrü də prezidentlikdən fərqlənmədi) ölkə xaricində heç bir problemin həllində müsbət rol oynamadı, əksinə onun siyasəti yaxın və uzaq ölkələrə yeni problemlərə yol açdı. Hazırda Rusiyanın ABŞ, Avropa Birliyi və Türkiyə ilə münasibətləri ən soyuq dövrünü yaşayır. Bu illərdə Abxaziya və Cənubi Osetiya zorla Gürcüstandan qopardıldı (yenə Putinin baş nazirliyi dövrünə təsadüf etsə də, keçmiş prezident Dmitri Medvedyev onsuz addım ata bilmirdi), daha sonra Krım ilhaq olundu, Donbass da faktiki Ukraynadan qopardıldı. Bütün bu neqativ nümunələr varkən, hakimiyyətdə olduğu dövrdə Putinin ilk dəfə özünü pozitiv nəticəyə kökləyəcəyini, işğal altındakı torpaqlarımızı Ermənistandan alıb Azərbaycana qaytaracağını gözləmək problematikdir.

Buna baxmayaraq, Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, münaqişə həll olunmasa belə tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Atəşkəs yenidən pozulsa Putin simasını itirəcək, sözü yerə salınmış kimi görsənəcək. Ancaq Putin onu da anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil. Bunu aprel döyüşlər də göstərdi. Sankt-Peterburqda heç bir hüquqi sənəd imzalanmayıb. Yəni Azərbaycan üzərinə hansısa hüquqi öhdəlik götürməyib. Rəsmi Bakı və rəsmi İrəvan Sankt-Peterburqda razılaşdırılan «əlavə dinamika» ifadəsini fərqli dəyərləndirəcəklər. Əgər rəsmi İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, rəsmi Bakı bu ifadəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək. Demək, belə şəraitdə atəşkəsin qorunacağına zəmanət yoxdur.

Müqayisə üçün 2008-ci ilin noyabrın 2-də Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Moskva yaxınlığındakı «Mayn Dorf» iqamətgahında 5 bəndlik bəyanata imza atmışdılar.

Həmin bəyanatdakı ifadələr Sankt-Peterburqda razılaşdırılan bəyanatdakı ifadələrdən daha güclü idi. Məsələn, «Mayn Dorf» bəyannaməsində deyilirdi ki, tərəflər münaqişənin siyasi yolla həllini təmin etməlidirlər, yüksək səviyyəli təmasları intenvisləşdirməlidirlər, etimadın möhkəmləndirilməsi üçün tədbirlər reallaşdırılmalıdırlar. «Mayn Dorf» bəyannaməsi kağız üzərində qaldısa, bir az sonra unudulacaq Sankt-Peterburq bəyanatı niyə yerinə yetirilməlidir ki?