««Space» pulumuzu qaytarmayıb»
Tahir İmanov bütün gizlinləri açdı: «Belə şeyə Bəhramın da cəsarəti çatmazdı»
Söhbətləşdi: Niyam ŞİRİNOV, Fotolar: Nurlan GÜLMƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Dünya yuxutək əriyir”
Tiflisdə Leyla Əliyevanın şeirləri əsasında tamaşa səhnələşdirilib
-
“Azərbaycan xalçası-ilmələrin rəqsi”
Yeni xalı kolleksiyası təqdim olunub
-
Kürdəxanılılar arzusuna çatdı
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
-
«Nə bacardımsa...»
Bəhram Bağırzadə sosial şəbəkədə paylaşım etdi
-
“Bəhram sağalacaq!”
Mehriban Əliyeva: “Hər kəsdən bu xəstəliyin ciddiliyini dərk etməsini xahiş edirəm”
-
Leyla Əliyeva çimərlikləri xalqa qaytarır
Kölgəliklər, duş, soyunub-geyinmə kabinləri, sanitariya qovşaqları, futbol-voleybol meydançaları və daha nələr
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Birinci vitse-Prezident Gəncəyə səfər edib
Mehriban Əliyeva şəhərin problemləri ilə yaxından maraqlanıb
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
-
Fonddan Qardabaniyə hədiyyə
-
Məmmədxanovlar ailəsində sevinc
Anar Məmmədxanovun qızı məşhur iş adamının oğlu ilə ailə həyatı qurdu
Müsahibədə göstərilən diqqət və dəstək üçün 28 Mall «Mado» rəhbərliyinə təşəkkürlərimizi bildiririk. Ölkə.Az saytının qonağı əfsanəvi «Parni iz Baku» KVN (Şən və hazırcavablar klubu – red.) komandasının aktyoru, «Planet Parni iz Baku» teatrının rəhbəri, Azərbaycanın əməkdar artisti Tahir İmanovdur.
- Son günlər Bakı yağışın əsirinə çevrilib. Sizin Hacıbala Abutalıbovu parodiya edib canlandıran biri kimi Bakının bu durumu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Biz hər konsertdə bu mövzulara toxunuruq. İstər yağış, istər şəhərin su basması mövzularına dəfələrlə bizim konsertlərimizdə toxunulub. Bundan artıq nə deyə bilərəm ki? Davam edəcəyik yenə.
- Yeni filminiz olan «Ölülər»dən danışaq. Maneçilik edən olmadı sizə?
- Yerli komandalarla, qruplarla, filmlərlə rəqabət aparmırıq. Biz bu sahədə çoxdan varıq. İndiki kino çəkənlər o vaxt balaca olublar, yaxud da bu sənətdə olmayıblar. Amma yadınızdadırsa, 2003-cü ildə «Məhəllə» filmi ilə Azərbaycan kino sənətinə yeni nəfəs verdik. Çox böyük uğur qazandıq. O vaxt müasir kinoteatrlar yox idi. «Məhəllə»nin birinci hissəsi Heydər Əliyev sarayında iki zal, ikinci hissəsi isə üç zal adam topladı. Bu, o vaxt üçün böyük rekord idi.
- «Məhəllə»dən söz düşmüşkən 3-cü hissəsi haqqında soruşaq. Planda varmı? Çünki o vaxt az büdcə ilə çəkilən film partlayış etmişdi. İndi daha müasir texnika və daha çox büdcə ilə həmin uğuru təkrarlamaq və hətta rekordu təzələmək olmazmı?
- Filmin ərsəyə gəlməsi üçün 17-18 min dollar pul lazım idi. Biz o vaxt «Beynəlxalq Bank»a müraciət etdik. Girov istədilər və mən də 3 otaqlı mənzilimi qoydum. Az olduğunu bildirdilər. İkinci bir mənzili də girov kimi qoyduqda bunun da az olduğunu dedilər. Üçüncü bir mənzilə isə imkan yox idi, razılaşmadıq. Daha sonra bir dostumuz bizə o pulu borc olaraq verdi və dedi ki, nə vaxt imkanınız olsa, qaytararsınız. Elə alındı ki, təqdimat mərasimindən sonra onun pulunu qaytardıq. O filmdə texniki cəhətdən problemlər ola bilər, amma aktyor cəhətdən əsla. İkinci filmimizdə isə bütün problemləri aradan qaldırmağa çalışdıq. Yavaş-yavaş gəldik çıxdıq «Ölülər»ə... Bu film isə sırf beynəlxalq komanda tərəfindən ərsəyə gəlib. Quruluşçu operatoru Litvadan, səs rejissoru Moskvadandır. Post-prodakşının əsas hissəsi xaricdə həyata keçirilib. Yazıçılar Birliyinin rəhbəri Anar müəllim də bizim təqdimatımızda iştirak etdi. Mən bunu gözləmirdim. Bundan əlavə təqdimat mərasimində Fuad Poladov, Fəxrəddin Manafov kimi böyük aktyorlarımızın iştirakı mənim üçün çox böyük şərəf oldu. Adlar çəkdim, amma adını çəkmədiklərimdən üzr istəyirəm. Hamısına ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. «Ölülər» ölməz bir əsərdir, satirada 1 nömrədir. Film də öz növbəsində çox uğurlu alınıb.
- Siz bu sənətə gənc yaşda başlamısınız və hazırda da komandanızda xeyli sayda gənc var. Gənclərlə çalışmaq necədir?
- Çox çətindir. 100 nəfərdən iki, yaxud üçünü seçmək olur. Gənclərin bir çoxu səhlənkardır. Söhbət bizimlə işləyən, kollektivimizdən keçənlərdən gedir. Məsuliyyətsizdirlər, nizam-intizam qaydalarını pozurlar. Mənim üçün istedad ikinci plandadır. Əsas nizam-intizam qaydalarıdır. Bu bir komanda işidir. Komanda işi məsuliyyəti tələb edir. Çünki burada sən tək yox, komanda iləsən. Kim bunu başa düşmürsə, o zaman başlayırlar Tahir İmanovun arxasından danışmağa, şərləməyə. Deyirlər ki, Tahir İmanov qəddardır. Kim işləyə bilmirsə, bu cür deyir, amma işləyə bilənlər susur və bizim qoyduğumuz qaydalara əməl edir. Nizam-intizam qaydalarına əməl etmək mütləqdir. Bu qaydaları mərhum Anar Məmmədxanov qoyub. O vaxt heç kim bu qaydalardan kənara çıxa bilmirdi, hamı riayət edirdi. KVN aləmində (red: beynəlxalq aləmdə) bizim komandadan daha güclüləri var. Amma onlar çempion olmayıb. Çünki hər şey daxildən və nizam-intizamdan asılıdır. Məsələn, digərlərində məşq zamanı xəbərdarlıq etmədən gecikən olur, çünki artıq özünü ulduz hesab edir. Başqa bir «udluz» hesab edir ki, oyun günü spirtli içki içmək olar. Amma Anar Məmmədxanovun komandasında belə şeyə Bəhramın da cəsarəti çatmazdı ki, etsin. Ona görə Bəhramı misal gətirdim ki, o bizim vizit-kartımızdır, ən istedadlımızdır. Ona görə də Anarın komandası özündən güclü komandaları məğlub edərək, hər yerdə qələbə qazanırdı. Bundan sonra elə nəsil böyüdü ki, onlar üçün məsuliyyət hissi sıfır dərəcəsinə endi. Bu haqda çox danışmışam, gecikmək, məşqə gəlməmək, bəhanələr və s. Elə adam var idi ki, məşqə gəlmirdi, xəbər də etmirdi. Soruşurdum niyə gəlmirsən? Deyirdi ki, yasa getmişdim. Mən demirəm yasa getmə, hamımızın yası düşə bilər, itkisiz kimsə yaşamır. Amma bir kəlmə zəng edib hörmət əlaməti olaraq xəbər vermək lazımdır. O, mənə, Bəhrama, Cabirə zəng edib xəbər etsəydi icazə verməyəcəkdik? Təbii ki, verəcəkdik, hətta lazım olsa, özümüz də iştirak edəcəkdik. Yeni nəsildə can yandırmaq məsələsi yoxdur. Bunlar vacib məsələlərdir. Elə məşq eləmək lazımdır ki, tər axıdasan, məşqdən sonra halın qalmamalıdır. Bax, o zaman deyə bilərsən ki, bu adam can yandırır. Bu kimi səbəblərdən teatrın sıraları yeni aktyorlarla dolmur. 5-6 il öncə «Yumor kuboku» layihəmizdən çıxan aktyorlardır gənclərin çoxu. Anar Məmmədxanovun həmin qaydalarını indi də yaşadırıq.
- ANS telekanalı sizə onların formatına uyğun gəlmədiyinizi bildirmişdi. Səhv etmirəmsə bir ədavət var idi aranızda. ANS-in bağlanmasına münasibətiniz necə oldu?
- Təbii ki, ANS telekanalının bağlanmasına görə məyus oldum. Düzdür ki, vaxtilə bizim qurumun ünvanına təhqiredici ifadələr işlədiblər. Mən belə anda hər şeyi unudub onların bağlanmasına kədərləndim. Biz də öz növbəmizdə onlara dəstək olduq. Bir çox yaradıcı insanların cənab prezidentimizə ANS-in yayımının bərpası üçün müraciət məktubuna «Planet Parni iz Baku»nun da aparıcı üzvləri öz imzasını atdı. Yəni ki, biz kinli insan deyilik. Bu qurumun rəhbərliyi ilə isti münasibətlərimiz var. Həm Vahid, həm də Mirşahinlə dostluğumuz var. Vahidlə biz çoxdan dostuq. Onunla dostluğumuz 1992-ci ildən başlayıb. O, bizim Moskvada keçirilən bütün oyunlarımızı işıqlandırırdı. Onunla 1993-cü ilin yanvarında Qarabağa səfər etmişik. Anar Məmmədxanovun rəhbərliyi altında Ağdərədəki hospitalda yaralı əsgərlərimizin qarşısında çıxış etmişik. Həmin çıxışı da Vahid Mustafayev lentə almışdı. Mən təhqir olunmağımız məsələsində niyə Vahiddən incimədiyimi də açıqlayım. Çünki o təhqir dolu sözləri müxbir etmişdi. Problem yoxdur, mən onu keçirəm. ANS müstəqilliyimizlə yaşıddır. Bir vətəndaş kimi yenidən fəaliyyətə başlamasını istəyərəm. Elə biz də - «Planet Parni iz Baku» olaraq müstəqillimizlə yaşıdıq. Bu il 25 illiyimizi qeyd etdik. Amma heç bir telekanal 1 dəqiqəlik də olsa sujet hazırlayıb bizi təbrik etmədi. Eybi yox, onlar bunu etməsə də, dövlətimiz bizi təbrik etdi. Mən bunu konsertdə də demişdim, indi də deyirəm ki, biz bu dövlətin və Heydər Əliyev kursunun əsgərləriyik. Bizə TV kanallarını ömürlük qadağa etsələr də, biz həmişə dövlətə və dövlətçiliyə sadiq olacağıq. Mən bilirəm ki, bu oyundur. Hansısa məmurun oyunudur. Sonda özlərini tələyə salacaqlar. Cənab prezidentimiz əsl həqiqəti biləndən sonra bu məsələ öz həllini tapacaq. Onlar da bilirlər ki, biz həqiqətləri çatdıra bilmirik, belə alınır və bundan istifadə edərək qadağaları daha da şiddətləndirirlər. Hal-hazırda cənab prezidentlə birbaşa əlaqə qurmağa imkan yoxdur, qarşımızı kəsən əngəllər var. Nəsibə xanımın 100 illiyi ilə bağlı sənədli filmdə çıxış etməyim üçün İTV-dən mənə bir müxbir zəng etdi. Cavabında isə böyük məmnuniyyətlə gələ biləcəyimi, amma əvvəlcə rəhbərlərindən mənim o telekanalda çıxışıma qadağanın götürülüb-götürülmədiyini soruşmasını bildirdim. Həmin müxbirə yəqin ki, yox cavabı veriblər, o da sonra məni yığmadı. Ən azından hörmət əlaməti olaraq zəng edib deməliydi. Həm də bir haşiyə çıxmaq istərdim, jurnalistlərin ailəmlə bağlı yazmasını istəmirəm. Və halal da etmirəm. Həm sizin sayta, həm də digər saytlara. Həyat yoldaşım və ailəm haqqında heç bir şey yazılmasın. Hər şey halallıqla olmalıdır.
- Dediniz ki, Prezident İlham Əliyevlə birbaşa əlaqə qurmaqda əngəl törədənlər var. Kimdir bunlar və nə məqsədlə belə edirlər?
- Yumor və satiranı dərindən başa düşməyən, gülüşdən uzaq olan məmurlarımızdır. Tənqidi qəbul edən insanın yumoru güclü olmalıdır. Söhbətimizin bu əsnasında ümummilli liderimiz Heydər Əliyevin sözlərinizi diqqətinizə çatdırmaq istəyirəm: «Biz ölkəmizdə və cəmiyyətimizdə olan nöqsanları aşkar edib, onlarla mübarizə aparmalıyıq. Çox adam hesab edir ki, bu mübarizənin əsas yolu inzibati yoldur. Bu, heç də belə deyil. Yumor və satira cəmiyyətimizdə olan nöqsanların aradan qaldırılmasına kömək edir. Mən hesab edirəm ki, sizin bu tamaşalarınızın hər bir nömrəsinin özünəməxsus qiyməti var. Heç kimdən və heç nədən qorxmayın. İstəyirəm ki, siz bu işi davam etdirəsiniz». Bunu Heydər Əliyev bizə 2000-ci ildə qəbulunda olarkən demişdi. Bu misralar öz aktuallığını qoruyur. İndiki olaylara baxın. Bizi sıxışdırmaqları bu sözləri bir daha təsdiq edir. Heydər Əliyev sanki hiss edirdi ki, bizə nə zamansa qadağa qoyacaqlar. Bu sözləri elə-belə deməyib. Biz hamımız bir kursa xidmət ediriksə, liderimizin sözlərini yaddan çıxarmayaq.
- Ümumilli lider Heydər Əliyev sizin əksər konsertlərinizdə iştirak edib. Sizə simpatiyası olub. Hətta özü sizdən tələb edirdi ki, filan-filan məmurları parodiya edin. O zaman məmurlar da bunu normal qarşılayır, hətta gülürdülər. Heydər Əliyevin vəfatından sonra isə məmurlar artıq sizə narazılıqlarını bildirməyə, konsertlərə gəlməməyə, qadağalar qoymağa, təhdidlər etməyə başladılar. Bu zaman kəsiyində nə dəyişdi?
- Siz ilk jurnalistsiz ki, mənə bu sualı verirsiniz və bu söhbəti analiz edib tutdunuz. Çox şadam. Doğrudan da heç nə dəyişməyib. Tənqid həmin tənqiddir. «Parni iz Baku» həminkidir və eyni səpkidə fəaliyyət göstərir. Həmin göstərdiyimiz nömrələr belə 20 il əvvəlin adını daşıyır, sadəcə hadisələr və günümüzə uyğun proseslər dəyişib. Heç məmurlar belə dəyişməyib. (gülür) Həmin məmurlar qalıb. Dəyişən odur ki, biz yiyəsiz qalmışıq. Ölkə rəhbərliyi bizim konsertlərimizə gəlmir. O məmurlar da bilir ki, bizim cənab Prezident İlham Əliyevə birbaşa çıxışımız yoxdur. Ona görə də istədiklərini edirlər. Amma 90-cı illərdə ən böyük dəstəyi İlham Əliyevdən almışıq. Onun sayəsində bir çox problemimiz həll olunub. O, şəxsən mənim 2 problemimi həll edib; evlə təminat və universitetə yenidən bərpamı. Mən həyatımın sonunacan ona minnətdar olacam.
- Hacıbala Abutalıbovla ulduzlarınız barışmır. Deyəsən, ən çox probleminiz olan məmur odur. Çox parodiya etdiyiniz üçün sizdən inciyib?
- İlk dəfə onu parodiya edəndə üstündən 1 həftə keçmişdi ki, mənə zəng etdi. Dedi ki, səni görmək istəyirəm. Düşündüm ki, yəqin hədə-qorxu gələcək. Yanına gələndə böyük hörmət-izzətlə qarşıladı. Təşəkkür də etdi. Hətta Hacıbala Abutalıbov mənə dedi ki, çox sağ olun ki, məni reklam etdiniz. Bəlkə, də burada Heydər Əliyev faktoru var. Amma indi bilmirəm nə baş verib. Bu qadağaların bir çoxu Bakı Şəhər İcra Hakimiyyətindən gəlir. Bu qadağaları görəndə ilk növbədə qələbələr yada düşür. Azərbaycanımızı ən çətin günlərində təmsil edib bayrağımızı qaldırdığımıza görə belə edirlər? Biz artıq-əksik heç nə eləməmişik. Biz nə etmişiksə, hamısını Heydər Əliyevin xeyir-duası ilə etmişik.
Bizi digər narahat edən isə bu qadağalara görə bütün saytlar susur. Siz Ölkə.Az saytı olaraq ikinci saytsınız ki, bu qadağalar və digər məsələlər barədə yazacaqsınız. O biri Oxu.Az idi. Ölkə rəhbərliyi konsertimizə gələndə bizi bütün qəzetlər manşetlərə çıxarırdı. Həmin aktyorlar, həmin komandayıq. Ölməyimizi gözləyirsiniz ki, bizdən yazasınız, çəkəsiniz? Daha sonra Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın da bizə çox dəstəyi olub. Prezidentimizdən sonra ən çətin vaxtlarımızda onun ailəsindən də dəstək gəldi. Leyla xanım 25 illiyimizi qeyd etdiyimiz konsertimizə qonaq olmuşdu. Bizə çox böyük dəstək oldu. Hətta üstəlik Leyla xanımın baş redaktoru olduğu «Baku» jurnalında bizim haqqımızda böyük bir məqalə çıxdı. Həmin məqalədə bizim bu qədər uğurlarımıza rəğmən qadağa altında olduğumuz vurğulanmışdı. Mən onu görəndə çox təəccüb və sevinc hissləri keçirdim. Çox təşəkkür edirəm ona özüm və komandam adından. Yeri gəlmişkən, ASAN FM radiosuna da dərin təşəkkürümü bildirirəm.
- Müğənnilərin və sənət adamlarının bir çoxu sizin onları parodiya etməyinizi kəskin şəkildə qarşılayır, irad bildirir. Bunlar nədən irəli gəlir?
- Müğənnilər öz elmini və savadını artırsın, ondan sonra bu haqda danışaq. Söhbət hamısından yox, əksəriyyətdən gedir.
- Nazirlər və digər vəzifəli məmurlarla münasibətiniz, yaxınlığınız varmı? Niyə onlar bu qadağaların götürülməsinə yardımçı olmur bəs?
- İndi hansısa nazirin və məmurun adını çəksəm, düzgün olmaz. Ad çəksəm, bizə qadağa qoyan məmurlar sonra elə başa düşər ki, biz kiminsə sifarişi ilə səhnəciklər tərtib edib hazırlayırıq. Bu heç də belə deyil. Bəli, bir çoxu ilə dostluq münasibətlərim var. Onların çoxu indi də konsertlərimizə gəlir. Onların niyə bizə yardım etməməsini isə bilmirəm. Mən heç vaxt heç kimdən yardım ummamışam. Bir dəfə olmaqla nəyisə xahiş edə bilərəm, amma görsəm ki, xahişim cavabsız qaldı, ikinci dəfə ağız açmaram. Hər halda bizim vəziyyətimizi görürlər. İstəsələr yardım edərlər. Naxçıvanda bizim konsertin kinoteatrda yayımlanmasına qadağa qoyulub. Hörmətlə qarşılayıram. Niyə? Çünki, ora Muxtar Respublikadır. Öz qayda-qanunları var. Televiziyalarımızın da çoxu bizə qadağa üstünə qadağa qoyur. «Space» kanalının rəhbəri Vaqif müəllim mənə bir söz dedi və mən mat-məəttəl qaldım. O, dedi ki, sizin qurum polisləri tənqid etməklə cəmiyyətdə polislərə qarşı mənfi fikir formalaşdırır. Bunu vaxtilə cəmiyyətdəki nöqsanları tənqid edən və bunun bariz nümunəsi kimi «Yaramaz» adlı filmi çəkən biri deyir. Sən demə günahkar bizik. «Youtube»da polislərin qüsurları haqqında olan minlərlə video heçnədir. Bu mənə çox toxundu. Heç nə demədim ona, ağsaqqal kişidir. «Space» kanalı bizə borcludur. İndiyənədək pulumuzu qaytarmayıblar.
- Vurğuladığınız kimi etdiyiniz parodiyalara görə bir çox təhdid və təhqirlər olunub ünvanınıza. Ən yadda qalanları hansılar olub?
- Ədalət Şükürov onu parodiya etdiyimiz üçün zalı tərk etmişdi. Müğənni Rəqsanənin prodüseri zəng edib hədə-qorxu gəlmişdi. Milli Bankın sədri Elman Rüstəmov qrim otağına qalxıb yüksək səs tonu ilə etirazını bildirib, əsəbiləşib. Ən sonuncunu danışım sizə: Bakı Şəhər İcra Hakimiyyəti reklam bannerlərimizi şəhərin küçələrində yerləşdirməyə icazə vermədi. Səbəb kimi isə konkret bir şey demirlər. Eləcə icazə vermirlər. Bu da məlum məsələdir ki, Hacıbala Abutalıbovu parodiya etdiyimiz üçündür.
- Əsasən siz güldürürsünüz. Bəs sizin izləyib maraqla güldüyünüz biri varmı?
- Var, Fərda Xudaverdiyevi izləyəndə gülürəm. «Stand-up»ları çox gözəl alınır. Azərbaycanda ilk dəfə olaraq bunu Fərda edib. Onun «Selfinaz» adlanacaq yeni konserti var, bu münasibətlə də onu təbrik edib, uğurlar arzulayıram.
- Gələcək planlarınızdan söz açardınız..
- Konsertlərin taleyi bilinmir. Olub-olmayacağı qadağalardan asılıdır. Amma film olacaq. Yeni komediya filmimiz olan «Ağanatiq»in çəkilişləri bitmək üzrədir. Komediya filmidir. Baş rolda taksi sürücüsü Ağanatiqdir. Taksi sürücüsünün əhvalatlarından bəhs edən filmdir. Gələn il kinoteatrlarda olacaq.