vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
İNCƏSƏNƏT  
12:01 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 2961 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Zamanında...” – bu dəfə Bakıda

Rus avanqard rəssamlarının əsərlərinin sərgisi

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 18-də Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb.

Ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi barədə danışıb. O, sərginin ölkəmizdə ilk dəfə keçirildiyini diqqətə çatdıraraq layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sərginin fevralda açılmasının təsadüfi olmadığını vurğulayan Anar Ələkbərov bildirib ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri nümayiş olunan Kazimir Maleviçin 140 illik yubileyi qeyd edilir.



Heydər Əliyev Mərkəzinin direktoru layihənin reallaşmasında Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Borodanın və sərginin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanovun xidmətlərini xüsusi vurğulayıb.



Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda sərgi barədə məlumat verib. Qeyd edib ki, layihə Heydər Əliyev Mərkəzi, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyinin birgə səyləri nəticəsində mümkün olub. “Azərbaycan Prezidentinin həyata keçirdiyi tolerantlıq siyasətinə hər zaman böyük hörmətlə yanaşılır. Bu cür layihələrin gələcəkdə də reallaşacağına əminik”, - deyə o bildirib.


“Çox sevinirəm ki, bu gün rus avanqardı Bakıya gəlib”, - deyən layihənin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanov vurğulayıb ki, sərgidə az tanınan rəssamların da əsərləri nümayiş olunur.

Çıxışlardan sonra qonaqlar sərgilənən əsərlərlə tanış olublar.


Ekspozisiyada avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş klassiklər – Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərlərinin yaradıcılığından nümunələr təqdim olunub. Ümumilikdə 60 əsərin yer aldığı ekspozisiya özündə 2016-cı və 2017-ci illərdə Moskvada nümayiş olunan “Zamanında. Birinci hissə” və “Zamanında. İkinci hissə” sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin ortalarında formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir.



Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 ilində rus incəsənətindəki əsas üslubları nümayiş etdirməkdir.

Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.