««Xəzər Lənkəran»ı məhvə kim sürüklədi?»
Ağ-yaşılların rəsmisi Hüseyn Cəbrayıloğludan tükürpədici açıqlamalar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
FHN-ə çox vacib hədiyyə
Mübariz Mənsimov nazirliyə sualtı qayıq bağışladı
-
«Palmalı» daha bir tankeri dənizə buraxdı
Mənsimov nəhəng gəmiyə babasının adını qoydu
-
Ötən gün Türkiyə mətbuatında «Palmali» Şirkətlər Qrupunun baş direktoru vəzifəsindən qovulan Alaatdin Aykaç haqqında ciddi ittihamlarla dolu yazılar ölkə mətbuatını da «bəzədi».
Uzun illər adıçəkilən şirkətdə az qala «ikinci adam» statusunda görülən, «Şirkətə maddi ziyan vurmaq, şirkətin adından qatıldığı tenderlərdə rəqib şirkətlər lehinə tenderlərdən çəkilmə» kimi ciddi ittihamlarla haqqında hüquq mühafizə orqanlarına şikayət olunacaq Alaatdin Aykaç futbola da yad isim deyil.
Allatdin Aykaç həmçinin Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr üzrə İdarə Heyətinin üzvüdür. Ölkə futbolsevərləri bu şəxsin adını «Xəzər Lənkəran»la yanaşı da çox eşidiblər. Çünki cənub klubunun sükanı arxasında olan Con Toşak və Mustafa Dənizlinin ölkəmizə gəlməsində Aykaçın rolu olub ki, hər iki mütəxəssisin vaxtı ilə açıqlamlarında bunu etiraf etməsi unudulmayıb. Görəsən, bu gün haqqında ciddi ittihamlar səslənən Aykaçın «Xəzər Lənkəran»la bağlılığı daha hansı səviyyədə olub?
Bu barədə «Xəzər Lənkəran» klubunun keçmiş mətbuat xidmətinin rəhbəri, hazırda «Palmali» Şirkətinin Bakı ofsisinin mətbuat katibi vəzifəsini icra edən Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Yaxşı ki, Hüseyn bəyi danışdırdıq. Sandıqda nələr varmış, nələr... Yaxın oturun və heç yerdə səslənməyən, eşitmədiyiniz mətləblərlə tanış olun:
- Hüseyn bəy, Alaatdin Aykaç haqqında səslənən ittihamlar nə dərəcədə doğrudur?
- Bəli, ittihamlar doğrudur. Şirkətimizdə baş direktor vəzifəsini icra edən Aykaç işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən 8 ay öncə azad olunub. Hazırda onun haqqında müvafiq ittihamlarla sənədlər toplanır və hüquq-mühafizə orqanlarına yaxın günlərdə müraciət olunacaq.
- Razılaşırsız ki, uzun illər şirkətdə çalışan birinin, həm də az qala ikinci rəhbər şəxs statusu daşıyan şəxsin birdən-birə ağır ittihamlarla suçlanması gözlənilməz oldu?
- Razıyam. Ancaq yarandığı gündən böyük yüksəliş tarixinə sahib şirkətimiz bəzi rəqibləri üçün əlçatmaz olduqca bizə qarşı təxribatlar da az olmayıb. Elə son dövrlərdə bizim üçün nələr demədilər? Təsəvvür edin ki, mətbuat xidməti olaraq biz faktlarla dezinformasiya olduğunu sübut edirdik, amma hücumlar ara vermirdi. Düzdü, mənim şirkətdə çalışmağım qısa müddətə söykənir. Amma hər birimiz «Palmali»nin sırasına qoşulanda onun tarixi ilə tanış oluruq və deyim ki, az qala hər bir daşımaçılıq tenderində şəriksiz qalib gözüylə baxılan, donanmasında gəmilərinin sayı ilbəil artan «Palmali»ni zəiflətmək üçün hər bir atılan qaraniyyətli addım puça çıxdıqca, bu dəfə şirkəti içərimizdən sarsıtmaq istədilər. Çox böyük layihələrdə «Palmali»ni görmək istəmədilər. Bunun üçün atılan addımlar ucuz, biznes maraqlarına zidd və utandırıcı idi. Hazırda ölkə xaricində bu sahədə istənilən böyük şirkət yenə də «Palmali»yə etibar edir. İnsan nəfsinin qurbanına çevrilə bilər, amma yediyi qaba nə olur-olsun, tüpürməməlidi. Bu gün uzun illər ona çörək verən, yüksək vəzifə etibar edənləri satan, sabah hazırda sığındıqlarını satacaq. Buna kimsənin şübhəsi olmasın. Aykaçın haqqında xəbərləri bəzi mətbuat orqanlarından yığışdırmağa cəhdlər belə, kənardan gülünc görünür. Azərbaycan mətbuatı sağ olsun ki, hadisələrə doğru və düzgün yanaşır.
- Alaatdin Aykaçın «Xəzər Lənkəran»la bağlılığı sirr deyil. Səhv etmiriksə, Mustafa Dənizlini Lənkərana məhz o gətirmişdi.
- Bəli... Ondan öncə Con Toşak transferini də Aykaç həyata keçirmişdi. Bilirsiz yuxarıda şirkətlə bağlı danışarkən bəlkə də pafos hiss oluna bilər. Amma «Xəzər Lənkəran»la bağlı hər hansı məsələdən danışmaq mənə çox rahatdır. Çünki bütün hadisələr gözümün önündə baş verib. Toşakla birgə çalışmışam və deyim ki, onun hesabat verdiyi şəxs yalnız Alaatdın Akçay idi. Burda kimsə onun işinə qarışmırdı. Hətta 2013/14 mövsümünün əvvəlində Con yanlış transferlər həyata keçirəndə belə, klub rəhbərliyi məsələyə müdaxilə etmək istəmədi. Sonrası isə hamıya məlumdur.
- Belə çıxır ki, Aykaç qeyri-rəsmi kənardan klubu idarə edib?
- Tam olaraq elə deməzdim. Klubun sahibi və prezidenti var idi. Amma biz hamımız şirkətin mövcud qaydalarına riayət edirdik. Adını çəkdiyiniz adam şirkətin baş direktoru idi və fəxri prezident qarşısında klubu daha böyük uğurlara daşımağa söz vermişdi. Toşaka da demişdi ki, «yalnız mənə hesabat ver, kimsəni eşitmə!». Düzdü, klub prezidenti ilə Toşak arasında hər şeyə rəğmən, qarşılıqlı hörmət və ehtiram vardı. Con Toşak sıradan bir mütəxəssis deyildi və hamımız onunla işləməkdən zövq alırdıq. Tam məsuliyyətimlə deyirəm ki, klub prezidenti və ya digərləri Conun işinə müdaxilə etmirdi. Rəhbərlik sadəcə tapşırıq vermişdi ki, «baş məşqçinin istəklərini yerinə yetirin!». Bununla belə, Con, belə desək, başı üzərində Aykaçı görürdü. Lazımi anda isə Toşak Aykaçı tapa bilmirdi. Əslində, ortada böyük yalnışlıq vardı. Mövcud rəhbərlik nöqsanlara rəğmən, 2012-ci ilə kimi böyük uğurlara imza ataraq, daxili arenada mümkün bütün titullara sahiblənmişdi. Nəticələr göz önündədi: bir çempionluq, üç dəfə ölkə kubokunun qalibi, beş dəfə ölkə kubokunun finalçısı, «Birlik kuboku»nun qalibi və iki dəfə gümüş medalçı. Belədə Alaatdin Aykaçın birdən birə «Xəzər Lənkəran»ı daha böyük zirvələrə daşımaq istəyi və müdaxiləsi yersiz və düşündürücü idi. Amma fakt faktlığında qalır ki, 2012-ci ildən sonra məhz onun müdaxiləsi «Xəzər Lənkəran»ı məhvə sürüklədi.
- Məsələn?
- Ondan sonra uğursuzluqlar ard-arda gəldi. Toşakdan sonra Mustafa Dənizli komandaya baş məşqçi gətirildi. Dənizlini Alaatdin Aykaç özəl təyyarə ilə Lənkərana gətirdi. O, klubun bazası ilə tanış olandan sonra dəniz kənarında çay stolu arxasında oturduq və söhbət zamanı Alaatdin bəyin «azerilerde sanki her kes futbolu anlıyor» kimi millətimizə istehzalı ifadəsinə görə aramızda qısa da olsa, kəskin dialoq yaşandı. Bu adam klubun fəxri prezidenti, sahibi Mübariz Mənsimovun etimadını xəyanətkarcasına xərcləyirdi. Mübariz bəyin gərgin iş qrafikindən, özünün dediyi kimi, futbola marağının az olmasından lazımınca istifadə edirdi. Mən müqavilənin şərtləriylə tanış deyildim, amma təqribi 3-5 milyona yaxın transferinə pul xərclənən baş məşqçiylə biz faktiki dibə oturduq. Təsəvvür edin, qarşısında istədiyi oyunçunu transfer etmək hüququ olan baş məşqçilərlə biz heç nə edə bilmədik. Ümumilikdə Alaatdin Akçayın müdaxiləsi ilə iki il ərzində klub on ilə bəs edəcək büdcəsini xərclədi. Hələ transferlərdə nələr yaşanıb... (susur) Bu, dəhşətdir...
- Maraqlıdır, bəs klubun sahibi Mübariz bəy niyə müdaxilə etmirdi?
- Klubun sahibi «Xəzər Lənkəran» üçün hər şeyin ən yaxşısını istəyirdi və edirdi. O, sadəcə klubun beynəlxalq arenada daha yaxşı çıxış etməsini arzulayırdı ki, Alaatdin Aykaç da bunu öz üzərinə götürmüşdü. Amma əvəzində nəinki beynəlxalq arenada uğurlu çıxış etdik, yerli çempionatda belə, çıxışımızın sonuna gəldik.
- Transferlər dediniz, Alaatdin bəyin transferlərə müdaxiləsi hansı səviyyədə idi?
- O vaxt xatırlayın, Gökhan Güləc adlı türk futbolçu vardı. Toşakın zamanında «türk ulduz» adı ilə onu komandaya sırıdılar. Bəli, məhz sırıdılar. Toşak kimi məşqçini bura göndərən adam sonra ona ulduz adı ilə futbolçu sırıyırdı. İnsani keyfiyyəti yüksək olan Güləc futbolçu kimi bərbad vəziyyətdə idi. Sizə deyim ki, transferinə böyük pullar sərf olunan Güləc kimi bizim əvəzedici heyətdə 5-10 futbolçu vardı. Dənizlinin zamanında kluba son dünya çempionatında İran millisinin şərəfini qoruyan qapıçını təklif etdilər. Dənizliyə bunu dedikdə, o, çox ucuz qiymətə olan həmin qapıçını yox, türk menecerlərin təklif etdiyi Tomiçi yüksək pullar müqabilində « Xəzər Lənkəran»a cəlb etdi. Yaxud, Elias Ribeyro. Klubun meneceri Mario Souza israrla deyirdi ki, Elias formada olan futbolçu deyil, karyerasının eniş dövrünü yaşayır. Amma Dənizli onu eşitmədi, Souzaya «sən mənim nəticə qazanmağımı istəmirsən» damğasını vurdu və 1 milyon 350 min civarında pula transfer olunan Eliası demək olar alıb ehtiyatda oturtdu. Bütün bunlara Alaatdin Aykaçın nəzarətində olan menecer şəbəkəsi nəzarət edirdi. Hətta Elias özü bizə sonradan etiraf etdi ki, ona transferində yazılan rəqəmin 1/3-i çatıb. Mənim kimsəyə yarınmaq xislətim olmayıb və tam səmimi deyirəm ki, klub prezidenti mənim yanımda çox hörmət bəslədiyim Toşakdan, daha sonra Dənizlidən daha güclü transferlər həyata keçirməyi israrla tələb etsə də, bu baş vermədi. Çünki klubun tədricən məhv olmasını istəyən qüvvələr vardı. Hər iki təcrübəli məşqçi isə pul üçün bura göndərilmişdi. Lazım gəlsəydi, daha səviyyəli transfer alınmasında onlara kömək edib nəticə qazandırardılar.
- Sizin təbirinizcə desək, bu qüvvələrin daha hansı əməlləri var ki, onu ictimaiyyət bilmir?
- Sizə bir fakt deyim. Bu faktı gələcəkdə yazacağım kitabıma saxlasam da, indi etiraf edirəm. Mustafa Dənizlidən sonra klub rəhbərliyi hərəkətə keçdi. Uğursuzluq hamını bezdirmişdi. Mais Mənsimov azarkeşlərin çox sevdiyi Mirça Redniki yenidən Lənkərana gətirmək istəyirdi. Bunun üçün klubun vitse-prezidenti Tuyqun Nadirov Redniklə təmasa keçdi. Artıq tarixi unutsam da, həmin ərəfədə bazar ertəsi Rednik vizasını alıb ölkəmizə gəlməli idi. Cümə günü mənə zəng olundu ki, Rednikin qarşılanması üçün lazım olan tədbirlər planını tərtib edim. Hətta ölkənin aparıcı idman saytı içərimizdə olan dostlarının məlumatı əsasında «Rednik « Xəzər Lənkəran»da» xəbərini də yaydı. Amma iki gün sonra yerli futbol qurumlarında bizi istəməyən insanların məhz Akçay kimilərlə birgə hərəkəti sonunda Rednikin ikinci gəlişi baş tutmadı. Güclü « Xəzər Lənkəran»ı görmək istəməyənlər vardı.
- Kimlər idi bu qüvvələr, Hüseyn bəy?
- Bu gün faktiki olaraq biri üzə çıxıb. Mən futbol sahəsində bildiklərimi dedim. Alaatdin Akçay «Xəzər Lənkəran»ı məhv olunmasını istəyən birinci adamdı və bunu canlı olaraq zamanla yaşamışam, görmüşəm, hiss etmişəm.Aydın məsələdi ki, bunu yerli futbol qurumlarından kimlərinsə sifarişi və dəstəyiylə həyata keçirib. Çünki faktiki olaraq klub rəhbərlyi ölkədəki vahid transfer bazarına nəzarət edən insanlarla iş birliyindən imtina edib sərbəst formada bir başa futbolçularla təmasa keçərək oyunçu alırdı. Mirça Rednikə ona görə «ölkədən qovun» təzyiqi var idi ki, o, özü futbolçu alırdı və şəxsi meneceri vardı. Bütün bunlar gözlə görünməyən gizli «vahid transfer bazarı»na ciddi zərbə idi. Çünki o vaxt ən çox transfer edən klub «Xəzər Lənkəran» idi. Biz nə vaxt ayağa durmaq istəyəndə, süni əngəllər ortaya çıxırdı. Kluba sponsor tərəfindən maaşların gecikməsi heç vaxt olmamışdı. Amma son vaxtlar bu hal yaşanırdı və nəticədə son dönəmlərdə bir neçə futbolçu maaş gecikməsi səbəbindən bizdən ali quruma şikayət etdi. Son araşdırmalardan sonra aydın olub ki, klubun vəziyyəti, maaşların nə səbəbdənsə gecikməsi və lazımi müdaxilələr barədə tədbirlər planı klubun fəxri prezidentinə vaxtında və düzgün təqdim olunmayıb. Biz elə Babək Quliyevi də belə itirdik...
- Necə? Doğrudan, Babək Quliyevin təyinatı nə qədər gözlənilməz idisə, onun istefaya göndərilməsi də ictimaiyyət üçün qaranlıq qaldı…
- Babək Quliyevi idman direktoru təyin etməklə «Xəzər Lənkəran» nə qədər azad klub olduğunu isbat etdi. Babək müəllimlə çalışmaq həqiqətən maraqlı idi və Quliyev ürəklə işinə yanaşırdı. Amma klubun məhz futbol qurumlarında olan dirnaqarası dostları Quliyev barədə yanlış, iftira dolu məlumatları baş ofisə çatdırıb onun istefasını istədilər. Şərt qoydular ki, o mütləq işindən azad olunmalıdı. Yoxsa guya ölkə futbolunun imici zədələnirdi.
- Yaxşı, bundan sonra necə olacaq? Hamını düşündürən sual: «Xəzər Lənkəran» qayıdacaqmı?
- Hazırda «Palmali» Şirkətlər Qrupu gündən-günə böyüyür. İçərimizdən birilərinin satın alınması belə, bu böyük şirkəti getdiyi yolda dayandıra bilməz. Dünyaca ünlü «Clarksons» amerikan analitik şirkətinin son hesabatında «Palmali»ni dünyanın 3500 şirkəti arasında ən böyük 10 gəmi daşımaçılıq şirkəti sırasına daxil etməsi buna sübutdu. Adıçəkilən şirkətin London Fond Birjasının FTSE 250 indeksində uzun müddət yer alması ciddi nüfuzunun göstəricisidi. Onlar hesabat zamanı uzun və dərin araşdırmalara söykənirlər. Bu mənada qardaş ölkə Türkiyənin tarixində ilk kəs bir türk daşımaçılıq şirkəti bu uğura sahib çıxır. Ona görə də məşhur «Clarksons» şirkətinin hesabatına Türkiyə mediası ilə yanaşı Rusiya mediası da çox geniş yer verdi. Şirkətimizin sahibi Mübariz Mənsimovun məşhur «Harada şəffaflıq varsa, orada «Palmali» var!« deyimi var. İnşallah, şəffaf bir şəraitdə «Xəzər Lənkəran» da geri dönər. (sport7.az)