vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
11:54 | 11 oktyabr 2011 | Çərşənbə axşamı Məqaləyə 3850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Verstan-Alstan oyunundan reportaj»

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol məni kiçik yaşlarımdan xəstələndirib. Stadiondan canlı izlədiyim oyunların sayını çoxdan itirmişəm. Televizorda futbol matçı başlayanda bizim evdə atəşkəs pozulur. ATƏT-in Minsk Qrupu yox a, lap BMT-nin Təhlükəsizlik Şurası da gəlsə, kanalı dəyişən deyiləm.

O gün kanallarımızın hansındasa futbol reportajı verirdilər. Belə fürsəti əldən qaçırarammı? Baş hakim fit çalmağa macal tapmamış şərhçi reportajını “xoda” saldı:
“Verstanla Alstan millilərinin oyundan canlı reportaja başlayırıq. Ölkəmizin baş arenasında oyuna start verilir. Ümumiyyətlə, son illər təkcə paytaxtda deyil, ayrı-ayrı bölgələrdə idman arenaları, stadionlar tikilir. Daha bir neçə stadionunun tikintisi planlaşdırılır. 
Komandaların heyətini diqqətinizə çatdırmazdan əvvəl sizləri baş hakim və onun köməkçiləri ilə tanış edim. Hakimlər briqadası Qarstandan gəliblər. Bu faktın özü də FİFA-nın, UEFA-nın bizim ölkədə idmanın inkişafına müsbət qiymət verdiyini göstərir. Əvvəllər bizim oyunlara Marstan, Sarstan kimi kiçik ölkələrdən hakimlər göndərilirdi. 
Təəssüf ki, oyunun əvvəli yığmamız üçün o qədər də yaxşı alınmadı. Artıq millimiz hesabda geri düşüb. Amma hamımız inanırıq ki, bu müvəqqətidi. Oyunun gedişində oyunçularımız dönüş yarada biləcəklər. Baş məşqçimiz də yəqin heyətdə müəyyən dəyişikliklər aparacaq. Çünki ölkəmizin hər yerində müsbət dəyişiklər gedir, uğurlu islahat aparılır. Bunu dünən oyun öncəsi mətbuat konfransında rəqib Alstanın baş məşqçisi də etiraf etdi. Dedi ki, bu mənim Verstana birinci səfərim deyil. Şəhərinizi tanımadım. Əmməli-başlı təəccübləndim. Bu cür tikinti-quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlməmişəm. Yaşıllığı qırıb yerində göydələnlər tikmək bacarığınıza heyran qaldım. 
Rəqib komandanın baş məşqçisi ilə razılaşmamaq olmur. Həqiqətən də inkişaf göz qabağındadı. Komandamız hələ ki, rəqibə ciddi müqavimət göstərə bilmir. Birinci hissə başa çatmaq üzrədi. Yəqin ki, həm millimiz, həm də rəqib futbolçular fasilədə yaxşı dincələcəklər. Çünki son illər ölkəmizdə gənclərin asudə vaxtlarının səmərəli keçirməsi üçün zəruri olan bütün tədbirlər görülüb. Turistlər də burada dincəlməkdən böyük zövq alırlar. Ölkəmizə turist axınının artması bunu bir daha təsdiq edir”. 
Verstanla Alstan arasında oyunun fasiləsinə evdəkilər digər kanallara fürsət tapdılar. Amma cəmi 15 dəqiqə. Stadionun görüntüləri efirə gələn kimi şərhçi işinin başına keçdi: “Yenidən stadiona qayıdırıq. Birinci hissədən sonra komandamız hələ ki, rəqibə uduzur. İndi operatorumuz bizə gündən-günə gözəlləşən şəhərimizin panoramını göstərir. Paytaxtımızın hər yerində ucaldılan göydələnlər adamda xüsusi ruh yaradır. Son illər tikinti-abadlıq və quruculuq işləri daha da vüsət alıb”.
Bu arada Alstan futbolçuları qapımıza daha bir top vururlar. Şərhçi isə halını pozmur: “Futbol elə oyundur ki, istənilən komanda məğlub ola bilər. O gün dünyanın ən güclü yığmalarından sayılan Tarstan millisi də heç-heçə etdi. Futbolçularımız üçün hər cür şərait yaradılıb. Artıq onlar təlim-məşq toplanışlarını ölkə xaricində keçirlər. Xaricdən söz düşmüşkən, son illər legioner həyatı yaşayan futbolçumuz demək olar ki, yoxdu. Bunun da obyektiv səbəbləri var. Ölkəmizin günü-gündən inkişaf etdiyini görən futbolçularımız xarici dövlətlərə getmək istəmirlər. Çünki burada insanların gözəl yaşaması üçün hər cür şərait yaradılıb və yaradılır. Necə deyərlər, Verstanda yaşamaq və işləmək gözəldir”. 
Verstanla Alstan millilərinin oyunu başa çatdı. Futbolçularımızın zəif oyunundan və növbəti məğlubiyyətindən cana doyan azarkeşlər stadionda “İstefa!”, “İstefa!” şüarları səsləndirməyə başladılar. Şərhçi səsini biz az da qaldırdı: “Ölkədə bütün sahələrdə, o cümlədən idmanda baş verən müsbət dəyişiklər insanların futbola marağını daha artırıb. 1992-93-cü illərdə insanlar axşam evdən küçəyə çıxmağa qorxurdu. Amma indi axşam saat 19-da stadionlara axışır, futbola rahat baxa bilirlər. Bu gün reportaja televiziya qarşısında oturub tamaşa edən azarkeşlər stadiona toplaşan fanatların səsini aydın eşidirlər. Tribunadakı azarkeşlər xalqımızı daha da bir olmağa, çəkici hamılıqla bir hədəfə vurmağa səsləyirlər”. 
Uşaq vaxtlarından bu günə kimi stadiondan və televizordan o qədər futbol oyununa baxmışam ki... Onların bəziləri təbii ki, yadımda qalmayıb. Görən Verstanla Alstan arasında oyunun reportajı yadımda qalacaqmı? 
Sözün açığı, belə qarşılaşmanın həqiqətən olub-olmadığını heç özüm də dəqiq bilmirəm...

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)