«Camaatı qızlar axtarır, mənisə...»
Elçin Əlibəyli: «Bütün müxbirlərə deyirəm, mən sizin arxanızam»
Bizim görüşümüz iki ovçunun toqquşmasına bənzədi. Mən ona müsahibə üçün müraciət edəndə, o özü hansısa müsahibəyə gedirdi. Onun uyğun olduğu vaxtda mən reportaja qaçırdım. Təxminən avqustdan başlayan zəngləşmə-vədələşmə, nəhayət dünən nəticəsini verdi. Ömrümdə ilk dəfə canlı-canlı gördüyüm Elçin Əlibəylinin – keçmiş aparıcı, veriliş müəllifi, hazırkı pedaqoq və publika.az saytının baş direktoru – efirdəkindən fərqli, müsbət enerjisi olduğu ilk baxışda sezilir. ATV-nin aqressiv Əlibəylisi sanki kimsə içindən alıb aparıb. Bu barədə bir az sonra...
Səhər saat 10.00-da redaksiyaya çatanda o, artıq liftin yanında idi. Alman dəqiqliyinə heyran qalsam da, məlum oldu ki, bu, mənə özəl deyilmiş. O, sadəcə işlədiyi bütün yerlərdə iş yerinə səhər saat 8.00-də gəlməyə vərdiş edib. Otağa keçib, bu iş sevgisinin təfərrüatlarına varırıq. Amma bu da nə? Müsahibim səhər-səhər enli bir qalstukla boğazına əzab verir. Üstəlik, bu rubrika müsahibəsində...
- Elçin bəy, əslində rubrikanın adı simvolik olaraq “Qalstuksuz”dur. Amma...
- (cümlənin davamını gözləmədən əlini atıb qalstukunu açır) Lap simvolik olsa da, qoy çıxarım qalstuku.
- Amma bu vaxta qədər sizi qalstukda görməmişəm sanki. Nəsə yadıma gəlmir.
- Yox, işə görə qalstuk taxıram.
- Jurnalisti sıxmır qalstuk? Biz axı nisbətən azad təbiətli insanlarıq.
- Mən buna jurnalist yox, məmurlaşmış jurnalist deyərdim. 20 yaşımdan “Soy”da baş redaktor olmuşam. Sonra CNF-də baş menecer kimi çalışmışam, ardınca da ATV-də bədii rəhbər olmuşam. Məcbur olmuşam qalstuk taxmağa.
- Nəsə mənə elə gəlir ki, yaylım atəşinin ortasındasız...
- Düzdür. Ümumiyyətlə, adam cərgədən geri qalanda gic, qabağa düşəndə bic deyirlər. Həqiqətən mən bunu öz üzərimdə hiss edirəm. Adətən yeni bir işə başlayanda belə zərbələr olur.
- Bu, ancaq yeni işə başlamanızla bağlıdır?
- Bilmirəm. Yəqin ki, bununla bağlıdır.
- ATV-dən uzaqlaşan ərəfədə hamı sizdən israrla bu addımınızın səbəbini soruşur, siz də eyni israrla “hal-hazırda reklam, televiziya layihələrim var deyirdiz “. Daha sonra elmi işimi yazmaq üçün gedirəm dediniz. Və gəldiniz publika.az-a. Publika.az elmdə sizə nə öyrətdi?
- Mən həqiqətən də söz verdiyim kimi elmi işlə məşğul idim. (Görüşün ilk dəqiqələrində mənə hədiyyə etdiyi “Televiziya nəzəriyyəsinin əsasları” kitabını yada salır -S.T) On günə üçüncü kitabım çıxacaq. Dördüncü kitabın hazırlıqları da başlayıb. Amma xarakterimdə xarizmatiklik, risklərə getmək olduğu üçün Aynur xanımın bu təklifini qəbul etdim. Bu ideya Aynur xanımın ideyası idi. Dəvət edib soruşdu ki, ola bilərmi? Mən də dedim ki, düşünmək lazımdır. Çünki heç vaxt portal rəhbəri kimi işləməmişəm. Mənim aləmimdə portal qəzetdən daha çox televiziyaya yaxındır. Dinamikliyinə görə. Eyni zamanda ruh etibarilə virtual həll olduğu üçün televiziyaya daha yaxındır. Ona görə də hesab elədim ki, məndə alınar. Riskə getdim.
- Media cameəsi dedi-qodu və versiyaya hər zaman meylli olub. Bu səbəbdən də sizin bura dəvətiniz rəqib portallardan olan lent.az-ın tanınan simalarından birinin transferi kimi qiymətləndirildi.
- Axı mən lent.az-ın siması deyildim.
- Ordakı layihələrdə var idiz, köşə yazıları ilə çıxış edirdiz.
- Bir layihədə var idim. O təşəbbüs Vüsalə xanımla (APA-nın baş direktoru V.Mahirqızı) Qabil bəyə(lent.az-ın baş redaktoru Qabil Abbasoğlu) məxsus idi. Hər ikisinə hörmətim var. Hesab edirəm ki, belə layihədə olmaq gözəl idi, pis də alınmırdı. Amma bunu gətirilmək kimi dəyərləndirməzdim. Çünki orda məsul vəzifədə deyildim. Bilsəm ki, bu, belə qiymətləndiriləcək, bu dəvəti qəbul etməzdim. Xarakter etibarilə belə şeyləri sevmirəm, intriqalardan uzağam.
- Publika.az-da “Üçbucaq” layihəniz var ki, ona bənzərini “Dörd valet”də edirdiz. Hər ikisində müsahibə iştirakçılarının öz missiyası, rolu var və sair. Bu ideyanı burda təkrarlamaq sizin təşəbbüsünüz idi, yoxsa...?
- “Dörd valet” ideyası tamam fərqlidir. Dörd kişinin bir qadınla söhbətidir. Orda bir “Qadın klubu” layihəsi var ki, o da maraqlıdır – dörd qadının kişiyə verəcəyi suallardır. Burda isə tok- şou tipli layihə edirik. Bütün dünya mətbuatında bu, var. Bir neçə sahənin adamları gündəmdə olan insanlara suallara verirlər. Bunu Murad Köhnəqala təklif etdi. Hətta düşündük ki, layihədə kimlər olsun və sair. Hətta bu gün sizin qəzetdə tanınmış köşə yazarları barədə də düşündük ki, bəlkə layihədə onlar olsun? Amma sonra dedik, bəlkə özümüz sınaqdan keçirək? Aynur xanıma təklif etdim, o da qəbul etdi. Bilmirəm, nə dərəcədə uğurludur, amma nəsə eləmək istədik. Öz baxış bucağımızı ortaya qoyduq.
- Saytlarınız arasında rəqabət faktını nəzərə alanda bu bənzərlik sizi narahat etmir?
- Yəni, ən azından ona görə oxşarlıq görmürəm ki, orda dörd kişi bir qadınla danışır. Burda isə gender məsələsi yoxdur, sadəcə, baxış bucaqları var. Bu, ona oxşayır ki, bütün kanallarda debatlar var, format eynidir, amma mahiyyət fərqlidir.
- “Yeni Müsavat” ın veb-redaktoru Xalid Kazımlı deyir ki, Elçin Əlibəyli televiziyada aqressiv obraz yaratsa da, həyatda çox mülayim insana bənzəyir. Sizi tanıyanların əksəriyyəti belə düşünür. Bilirəm, aqressiyanı özünüzün sosial maskanız hesab edirsiz. Televiziyada maskasız, olduğunuz kimi görünməyə nə mane olurdu ki? Bəlkə bu halda daha çox simpatiya toplayardınız? Yoxsa aqressiv və qıcıq doğuran tip daha çox reytinq toplayır?
- Aparıcının sosial maskası çox vacibdir. Bu, sənin funksionallığını göstərir. Sizə bir sirr açım. Mən çox düşündüm ki, necə maraqlı görünə bilərəm. Mülayim rəftar etsəydim, danışsaydım, Ayaz Salayevi xatırlada bilərdim. Bədən ölçülərimiz, görünüş baxımdan ən azı. Çünki kök adam insanda müsbət hiss oyadır. Ay Allah necə toppuşdur, filan deyirlər. (gülümsünür)Bundan çıxmaq üçün qərar verdim ki, bir az aqressiv tip yaradım. Açığı, Qardonun verilişlərinin də rolu oldu. Mən o verilişi illərdir izləyirəm. Onun aqressiyasının heç 50 faizi məndə yoxdur. Amma bu, ekranda baş verən bir şeydir. Mən həyatda belə deyiləm. Bəlkə də eləyəm, bilmirəm.
- Qardaşınız Oqtay bəydə də eyni aqressiya müşahidə olunur. “Yeni ulduz”un ən aqressiv jüri üzvü kimi yadda qalıb. (zarafatla) Bu, qardaşların vahid strategiyasıdır?
- Bir sirri açım ki, “Yeni ulduz” layihəsinin açılışında mən də iştirak edirdim. “SOY”un baş redaktoru idim. Bu layihənin digər ölkə telekanallarındakı versiyasına baxdıq və gördük ki, orada hər jüri üzvünün bir obrazı var. Oqtay məhz bu obrazı yerinə yetirməlidir. Dünya şou-biznesində prodüser aqressiv olanda ulduz daha çox uğur qazanır. Bu, layihəyə görə belə idi. Əslində isə Oqtay həyatda çox mülayimdir.
- Sizə qədər sayt daha durğun idi. Gəldiniz və sanki publika.az-ın ortasına atom bombası yerləşdirdiz. Material bolluğu, müsahibələr, layihələr... Hərdən adam bir az yorulur, çoxluq yaxşı yazıları da gözdən qaçırmağa şərait yaradır. Bu hədsiz bolluğu ancaq rəqabət diktə edir?
- Bilmirəm, bu, mənim faciəmdir, ya xoşbəxtliyim, amma harada işləyirsəmsə, ora öz ömrümü həsr edirəm. Hər gün saat 8-də işdə oluram. Bunu məndən heç kim tələb etmir. Sadəcə anlayıram ki, burda olmaq lazımdır. Hər axşam saat 9-da evə gedirəm. Gedəndən sonra da iPad yanımdadır, izləyirəm. Harda işləyirəmsə, işə vicdanlı münasibət əsas amillərdəndir. Əmək vicdanı deyilən anlayış var. Bu, həm də əmək şərəfidir. Ona görə də hesab edirəm ki, saytlara münasibət fərqlidir. Mənim yaratmaq istədiyim isə portaldır. Burada bolluq yaratmaq lazımdır. İstəyirəm, oxucu mənim portalıma daxil olsun və çıxa bilməsin. İndi yeni layihələr gəlir. Burda əyləncə də olacaq. Elə layihələr olacaq ki, bu günə qədər onlar edilməyib Azərbaycanda.
- Niyə medianı bu qədər maqazinləşdirdiniz? Publika.az-ı açanda gözə ilk dəyən yarıçılpaq qadın fotoları, intim həyatın sirləri xəbərləri və sairdir. Hətta hərdən yanında uşaq olanda saytı açmaq istəmirsən.
- İndi var o fotolar?
- İndi bir qədər azalıb, amma yenə də qalır. Maqazini niyə bu qədər ön plana çıxarırsız? Ya da o məşhur deyimlə desək, niyə oxucunun arxasınca gedirsiz?
- Publika.az bir portaldır, içində bir neçə sayt var. Onun tabloid.az bölməsi var. Bütün maqazin xəbərləri onun içindədir. Bizdə qadın səhifəsi var. Ya da teleqraf.com sırf siyasi xəbərləri verir. Mən məsələni başqa cür qoyardım. Maqazinləşmək başqadır, sensasiya arxasınca qaçmaq bir az başqa. Türkiyənin ən ciddi qəzetləri olan “Hürriyet” və “Milliyet”də bu yoxdur? Hər bir kəsin intim həyata, məsləhətə ehtiyacı var. Deyirsiz, uşağın yanında saytı aça bilməmək məsələsi var. Bəyəm evdar xanımın maariflənməyə ehtiyacı yoxdur? Onu da narahat edən suallar var ki, bəlkə onun cavabını tapıb, ailəsini dağıtmayacaq, boşanmayacaq? Demirəm ki, tamamilə düz edirik. Amma demirəm ki, tamamilə səhv edirik. Deyirəm ki, biz bu yolu seçdik. Niyə bütün saytlar bir-birinə bənzəməlidir? Bizdə analitik sayt yoxdur. Siyasi analitika ancaq siyasi müsahibələrdə özünü göstərir. Balansı götürsək, bizdə maqazin həyatı və intim mövzular cəmi 20 faiz i təşkil edir.
- Məhz sizin gəlişinizdən sonra şou biznes nümayəndələri həftədə bir dəfə gəlib, sizin saytda simvolik redaktorluq etdilər. İnciməyin, amma bunu deyəcəyəm. Damağında siqaretlə Aygün Kazımovanın gəlib anlamadığı, bəlkə də intellekt cəhətdən özündən qat-qat yüksək olan jurnalistlərə mövzu, istiqamət verməsi... mənə jurnalistlərin aşağılanması kimi göründü. Bəlkə publika.az-ın jurnalistləri bu durumdan məmnun idi, deyə bilmərəm. Amma onsuz da hər tərəfdən incidilən jurnalistləri bu formada, müğənninin əli altında, bir günlük də olsa, simvolik də olsa işlətmək məni ağrıtdı.
- İstəmirəm, o cür qəbul edəsiniz. Mənim görmək istədiyim nə idi? Mən istəyirdim, Azərbaycanın çox tanınmış simaları ilə jurnalistlər arasında bir körpü yaransın. Sözün doğrusu, sizin üçün maraqlı deyilmi ki, Aygün Kazımovanı hansı problemlər narahat edir? Nələrin yazılmasını istəyir? Tünzalə Ağayeva bizdə baş redaktor olanda elə ciddi siyasi mövzulara toxundu ki. Bir çox redaktorların fikrinə də gəlmirdi. Ya da Aygün xanım sənətlə bağlı elə ciddi məsələlər ortaya qoydu ki.
- Aygün Kazımovanı, ya da digərlərini narahat edən problemləri hansısa bir müsahibə ilə oxuculara çatdırmaq olmazdı? Vacib idimi ki, o, gəlsin və redaktor ədası ilə jurnalistlərə nəsə istiqamət versin?
- Yox axı. Müxtəlif jurnalistlər öz sahələrinə aid mövzular istəyir. Siyasət, iqtisadiyyat....
- (müdaxilə edirəm) Və onları Aygün Kazımova verir...
- Niyə? Aygün Kazımova insan deyil?
- Mən sadəcə bilmək istəyirəm ki, doğrudanmı Aygün Kazımovanın ağlına gələn mövzular, yanaşma bizim jurnalistlərin ağlına gəlmir?
- Yox, bu da bir formadır. Sizcə, bu, bir müsahibə kimi daha çox oxunardı, ya layihə kimi? Bu da bir yoldur. Biz heç kimin başının üstünə müğənni gətirmirik. Bu, rəmzidir. Sadəcə bayaq da dediyim kimi, geri qalanda gic deyirlər, qabağa gedəndə bic. Neyləyək indi? Nəsə bir şey edən kimi onsuz da danışacaqlar, yüz faiz xoşlarına gəlməyəcək. Amma fikirləri, tənqidləri nəzərə alıram. Azərbaycanda ən çox tənqid olunan insanlardan biriyəm. İlham Tumas, Aysel Əlizadə... onlar məni ən çox tənqid ediblər.
- Antireklam da reklamdır.
- Mən buna reklam kimi baxmırdım. Dost qınağı kimi baxırdım.
- Haqqında nə qədər çox danışırlarsa, bir o qədər varsan. Deyəsən, belə idi o söz hə?
-Əslində mən istəmirəm, haqqımda danışsınlar. Bax, indi bu müsahibə oldu, yenidən diqqət mərkəzində olmaq, barəsində danışılmaq.... Mən bunları istəmirəm. Həyatımı yaşamaq istəyirəm.
- Elçin Əlibəyliyə ən böyük zərbə elə bu manıs tayfasından dəymədimi? Onlarla bir məclisdə iştirak edib, sonra onların “qara piar”ının qurbanına çevrildiyinə görə? Söhbət “Sarı gəlin”i erməni dilində oxumanızla bağlı yayılan şayiədən gedir. Niyə onları bu qədər işin içinə gətirirsiz, onlarla işləyirsiz?
- Mən onlarla işləmirəm. Siyasətçilərlə hansısa layihəni işləmək mümkündür? Məmurlarla mümkündür? 2000-ci ildə “Space” kanalında “İşdən sonra” verilişim var idi. O verilişə Tağı Əhmədov gəldi, ştanqa qaldırdı. Bir tamaşadan parça ifa etdi. Vurğun Əyyub, Etibar Məmmədov, Əbülfəz Qarayev gəlmişdi. İndi bunların hansındansa müsahibə almaq mümkündürmü? Elm adamları o cümlədən. Bəs yaxşı nə edək?
- Manıslarınmı ümidinə qalmışıq?
- Bəli, əgər məmuru, ziyalısı mediadan qaçırsa, media nə eləsin? Siz istəməzdiz “Qalstuksuz” söhbəti hansısa nazirlə edəsiz?
Bu yerdə Elçin bəylə xeyli dartışırıq. Mən tənqid etdiyimiz halda maqazini işimizin mərkəzinə gətirməyimizdən şikayətlənirəm, müsahibim alternativ variantları sorğulayır. Hər ikimiz “media maqazinin qucağında oturmasın” desək də, sonucda öz yanaşmamızı dəstəkləyirik.
- Əməkdaşlarınız müsahibi razı sala bilməyəndə siz dövriyyəyə girirsinizmi?
- Bəli, onlara yardım etməyə çalışıram. Bütün müxbirlərə deyirəm ki, mən sizin arxanızam. Hansısa probleminiz olanda bilin ki, mən varam. Bu, işlədiyim hər yerdə belə olub. Heç vaxt imkan vermərəm ki, kimsə yanımda çalışan müxbirə ağır, aşağılayıcı nəsə desin. Çünki onun qüruru mənim qürurumdur.
- Müxbirlərinizin arxasında dayandığınızı deyirsiz. Bəs sizin arxanızda kim dayanır?
- Çox maraqlı sualdır. Mənim dayım olmayıb. Həm sözün birbaşa, həm də dolayısı mənasında. Heç vaxt heç kimə güvənməmişəm. Ancaq özümə güvənmişəm. Ən çətin anlarda kimdənsə məsləhət, dəstək almaq da olmayıb.
- Qadınlarla işləmək çətindir? Xüsusən də qadın rəhbərlərlə. Sizin belə təcrübələriniz olub.
- Çox rahatdır. Qadının öz hökmü, düşüncəsi var. İki kişi birgə işləyəndə daha çox qoçun toqquşmasına oxşayır. Deməzdim, ciddi probnlemlər olur. Bizim fikir ayrılıqlarımız bəlli mövzularda olur. Qadın baxışı başqadır, kişi baxışı başqa.
- Səhər saat 8-dən axşam 9-a qədər dediz iş qrafikinizi. Doğrudanmı ailə sizi paylaşmaqda çətinlik çəkmir?
- Təbii ki, hamının ailəsində belə suallar çıxır. Amma həyat yoldaşım artıq məni seçib. O məni seçəndə bilirdi həyat tərzimi. O mənə alışıb. Bəzən gecəyə qədər elmi işimi işləyirəm. Mənim üçün yatmaq faciədir. Niyə yatım ki? Yatmağa vaxt var.
- Bəs bu arada uşaqlar sizdən xəbərsiz böyüyür kimi təəssürat formalaşmır?
- Onların hamısını düşünsək, gərək evdən bayıra çıxmayaq. Amma mənim yoldaşın bu missiyanı üzərinə götürüb. Sözün doğrusu, bunu da ləyaqətlə həyata keçirir. Məsələn, bu il qızım məktəbə gedir. Özüm də təəccüblənirəm ki, bu niyə belə tez baş verdi? Təəssüf, barışa bilmədiyim şeydir. Amma onu da bilirəm ki, oturub bunları düşünsək, gərək çalışmayaq.
- Telekanallarda aparıcıların pərəstişkar ordusu olur. Müsahibələrə gedəndə dəfələrlə müşahidə etmişəm ki, gənc qızlar kanalların qapısı ağzında oturub, sevdiyi aparıcının gəlişini gözləyirdilər. Sizin belə ordunuz var idi?
- Yox, fanat ordum deməzdim. Başqa aparıcıları gənc qızlar daha çox bəyənirdi. Mənim təbəqəm isə 30 yaşından yuxarı kişilər idi. İnanırsız, nə qədər mənə zəng gəlirdi onlardan. Düşünən insanları daha çox maraqlandırırdı mənimlə ünsiyyət. Gənc qızın nəyinə gərək mənim dediklərim? O, hələ ailə qayğısı görməyib, həyatdan bir-iki dəfə şillə almayıb. O o cür qəhrəman axtarır. Hərdən zarafatla deyirdim ki, camaatı gənc qızlar axtarır, məni isə qoca kişilər. (gülür)
- Siz tez-tezmi qaltsuksuz olursuz?
- Hə, dostlarımla, qohumlarımla açıq oluram hər zaman. Qalstuk mənim üçün sadəcə aksesuardır.