vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
22:43 | 27 yanvar 2017 | Cümə Məqaləyə 2854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şərifovun yeni qurbanı

«Buta»dakı toy niyə təxirə salındı?

Heydər OĞUZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son iki ildə ölkədə başlayan iqtisadi tənəzzülün əsas baiskarı kimi ittiham olunan Azərbaycan Beynəlxalq Bankın (ABB) sağlamlaşdırılması üçün hökumət əlindən nə gəlibsə, edib. Məlumata görə, bu müddət ərzində banka dövlətdən 7 milyard manat, Neft Fondundan isə 1 milyard dollar vəsait ayrılıb. Di gəl ki, Azərbaycanın illik büdcəsinin yarısına bərabər olan bu 8 milyard manat onun yenidən ayaq üstə dayanmasını təmin edə bilməyib.


Beynəlxalq Bankın sağalmayan xəstəliyi


Bəzi mütəxəssislərin fikrincə, sağlamlaşdırma tədbirləri üçün daha 10-20 milyard manat vəsait lazımdır. Əks halda, Azərbaycanın maliyyə gücünü yeyib bitirən bu bankı iflasdan xilas etmək  mümkün olmayacaq.

O halda, haqlı olaraq bəzi suallar ortaya çıxır: Əgər bankı «diriltmək» mümkün deyildisə, onda bu qədər vəsaitin göyə sovrulmasına nə ehtiyac vardı? Azərbaycan Beynəlxalq Bankında problemli aktivlərin həcmi nə qədərdir ki, yarımillik büdcəylə onun yaratdığı problemlərdən qurtulmaq mümkün olmur? Niyə müxtəlif mənbələrdən ayrılan külli miqdarda kapitalı dəyirman kimi üyütməsinə baxmayaraq,  ABB «sağlamlaşa» bilmir?

Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ötənilki məhkəmə prosesində səsləndirdiyi bəzi fikirlər müəmmaları daha da artırır. Sabiq bankirin dediyinə görə, onun rəhbərlik etdiyi dövrlərdə ABB-nin borcu o qədər də çox olmayıb: «Birinci devalvasiyada Beynəlxalq Bank kapitalının ən azı 20-25 faizini (130-150 mln manat) itirə bilərdi. Lakin bankın menecmenti tərəfindən görülən tədbirlər nəticəsində bu itki 7 milyon manat oldu».

Sabiq bankirin məhkəmə çıxışlarından məlum olur ki, ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirmiş. Elədirsə, təkcə ötən il banka ayrılan 8 milyard manat niyə onun «sağlamlaşmasına» kifayət etməyib? Belə çıxır ki, sabiq bankir  ayrılan vəsaitlərin «buxarlanması»nın bankdan kənar amillərlə bağlı olduğuna eyham vurur. C. Hacıyevin məhkəmədə səsləndirdiyi fikirlər də bu ehtimalı təsdiqləyir: «Manata və inflyasiyaya təsir edən faktorlardan biri rəsmi dövriyyədən, yəni bank sistemindən kənar qalan pul kütləsidir və bunun əsas mənbəyi Maliyyə Nazirliyidir. ABB-nin özəl layihələrə qoyulan investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunmalar üzrə 1-1,5 milyard dollar təşkil etdiyi təqdirdə, dövlətdən 7 milyard manat və Neft Fondundan 1 milyard dollar götürülən vəsait  hara sərf olunub, həmin layihələri sağlamlaşdırmaq adı ilə ayrılan milyardlar haradadır?»


Nazir-bankir ortaqlığını bitirən israfçılıq


Strateq.az-ın əldə etdiyi bəzi məlumatlar bu suallara müəyyən aydınlıqlar gətirir.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, hələ 1995-ci ildən başlayan Cahangir Hacıyev-Samir Şərifov rəqabəti sabiq bankirin məğlubiyyətilə başa çatdıqdan sonra Maliyyə nazirinin təqdimatı ilə onun yerinə Elmar Məmmədov gətirilir. Nairin ortağı olan Elmar Məmmədovun dövründə isə bankın fəaliyyətində nəinki dönüş yaranmır, əksinə israfçılıq halları daha da artır. Bildirilir ki, Elmar Məmmədov ayrılan bu pulları «qara bazar»da «əridir», dolları manata çevirib Maliyyə nazirinin yaxınlarına aşağı faizlə ipoteka kreditləri verirmiş. Məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Bankda cəmi 1 il 4 ay sürən rəhbərliyinin əsas səbəbi də budur: nazir Beynəlxalq Bankın sağlamlaşdırılması üçün ayrılan 9 milyard manatlıq (rahat anlaşılsın deyə, Neft Fondundan edilən 1 milyard dollarlıq transferti manatla əvəz etdik) «buxarlanmanın» məsuliyyətindən yaxa qurtarmaq üçün öz ortağını güdaza verməli olur.


«ABB-Moskva» - valyutanı xaricə qaçırmağın ən asan yolu 


Əldə etdiyimiz məlumatlardan o da anlaşılır ki, Elmar Məmmədovun təyinatından sonra ABB-yə ayrılan vəsaitlər təkcə Azərbaycan ərazisində göyə sovrulmayıbmış. Bank müxtəlif yollarla külli miqdarda kapitalı ölkədən çıxarmağı bacarıb və bu işdə «ABB-Moksva» filialının imkanlarından yetərincə istifadə olunub: ««ABB-Moskva» lüzumsuz və perspektivsiz layihələrə 100 milyon dollardan çox vəsait yönəltmişdir».

Moskva filialının bank üzərindəki yükü bununla da məhdudlaşmır. Bildirildiyinə görə, Azərbaycanın ağır iqtisadi böhran keçirdiyi, əlavə maliyyə mənbələrinə ehtiyac duyduğu indiki şəraitdə «ABB Moskva» baş ofisi öz ünvanını dəyişdirmək qayğısına qalmış, yerləşdiyi Pokrovka küçəsindən özlərinə (filialın rəhbər menecmentinə) aid yeni binaya köçürülüb. Yeni ofisin kirayəsi isə olduqca yüksək imiş.

Qeyd edək ki, «ABB-Moskva» Rusiya hüquq-mühafizə orqanları tərəfindən reputasiyasi  şübhəli bank kimi tanınır. Rusiya KİV-nin yaydığı məlumata əsasən, 2015-ci ilin sonlarında filialın Sankt-Peterburq şöbəsində axtarış aparılıb. Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi rayon üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyi Baş İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları tərəfindən həyata keçirilən axtarış külli miqdarda vəsaitin qanunsuz yollarla xaricə çıxarılmasının araşdırılması çərçivəsində baş tutub. O da bildirilir ki, yoxlamalar zamanı bank filialının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Mənbəmiz ABB-nin bu qədər şübhəli reputasiyaya malik olan filialına 100 milyon dollardan artıq vəsait ayrılmasının anlaşılmaz olduğunu düşünür: ««ABB-Moskva» Rusiyada fəaliyyət göstərən 100-dən artıq bank arasında problemli kredit göstəricilərinə görə ən «qabaqcıl» müəssisə kimi tanınır. Ötən ilin noyabr ayının yekunlarına əsasən, bank problemli kreditlərini 89,4 faiz artırıb. Belə olduğu halda, «ABB-Moskva»ya 100 milyon dollardan artıq vəsaitin yönləndirilməsi maraq doğurmaya bilməz».


Nazirə məxsus şirkətlər üçün yaradılan rəqabətsizlik mühiti


İnformasiya qaynağımızın iddialarında ən çarpıcı məqam isə ölkənin indiki ağır vəziyyətində Maliyyə naziri Samir Şərifovun öz şəxsi «təsərrüfatını» böyütməsi ilə bağlıdır. Məlumata görə, ABB-nin fəaliyyətindən və kart-xəzinə əməliyyatlarından əldə edilən gəlirlər hesabına Maliyyə naziri özünə məxsus «Qala Sığorta» şirkəti, «Qala Bazar» kimi restoranlar şəbəkəsi yaradıb: «Əvəzində isə bu biznes sahələrinin daha rahat fəaliyyət göstərmələri üçün rəqibləri sıradan çıxarılıb».

Qeyd edək ki, «Qala Sığorta» Azərbaycanın ilk sığorta şirkəti olan «AzRe Təkrarsığorta» ASC-nın səhmləri əsasında fəaliyyət göstərir. 2007-ci ildə yaradılan «AzRe Təkrarsığorta» həmin il «Qarant sığorta» ilə bərabər lisenziya alıb. Maliyyə Nazirliyinin 06.12.2007-ci il tarixli qərarıyla fəaliyyətə başlayan «AzRe Təkrarsığorta» 8 ildən sonra bütün səhmlərini «Qala Sığorta»ya satıb.

Bu fakt «Qala Sığorta"nın rəsmi saytında da etiraf olunur: «30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti – «AzRe Təkrarsığorta» ASC, Çartis Azərbaycan Sığorta Şirkətinin səhmlərinin 100 faiz almışdır və şirkət «Qala Sığorta» Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətə davam edir».

Maraqlıdır ki, «Qala Sığorta»nın ulduzu məhz Beynəlxalq Bankın sağalmaz bəlaya düçar olmasından sonra – 2015-cı ilin axırlarında parlamağa başlamışdır. Şirkətin İdarə Heyətinin sədri Vidadi Maniyev də 14 dekabr 2015-ci ildə «Trend»ə verdiyi açıqlamasında bu faktı etiraf edərək bildirib ki, şirkət 2016-cı ildən icbari sığorta xidmətləri göstərəcək.

Həqiqətən də, ötən ildən İcbari Sığorta Bürosunun üzvü olan «Qala Sığorta» avtomobillərin və digər mülkiyyətlərin məcburi sığortalanmasına haqqına qovuşduğu üçün öz imkanlarını günü-gündən artırır. Və bütün bunlar rəqabətsiz mühit yaradılaraq həyata keçirilir. «Qala Sığorta»nın sələfi «AzRe Təkrarsığorta»yla eyni gündə lisenziya alan «Qarant Sığorta» Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən, 23 sentyabr 2016-cı il tarixində, 36 növdə sığorta aparan və 4 icbari sığorta lisenziyasına sahib olan «Beynəlxalq Sığorta Şirkəti» isə 2016-ci ilin oktyabr ayında bağlanır. Beləcə, Maliyyə naziri S. Şərifova məxsus olduğu iddia edilən «Qala Sığorta» bu sektorda ölkənin əsas söz sahiblərindən birinə çevrilir.

Mənbəmiz «Qala Sığorta»nın birdən-birə parlamasının səbəbini Samir Şərifov-Elmar Məmmədov münasibətlərinin mahiyyətilə izah edir. Bildirildiyinə görə, 1990-cı illərin ortalarında başlayan bu dostluğa artıq ehtiyac qalmamışdı. Əvvəl ciddi özəl kapitalı olmayan Samir Şərifov «Sığorta Mamed»in oğluyla qurduğu ortaqlıq sayəsində xeyli imkanlar əldə etmiş və hakimiyyət pilləsində irəliləyə bilmişdi. Azərbaycanın maliyyə gücünə nəzarət etmək imkanına qovuşduqdan sonra isə onun qarşısında şəriksiz lider olmaq potensialı yaranmışdı. Bunun üçün isə əvvəl rəqiblər, daha sonra şəriklər sıradan çıxarılmalı idi. Neftin ucuzlaşması ilə gələn maliyyə böhranı nazirə bu idealını reallaşdırmaq üçün münbit şərait yaradır. Elmar Məmmədovla birləşib Cahangir Hacıyevi bitirən Samir Şərifov problemli banka rəhbər təyin etməklə öz şərikinin də sonunu hazırlayır.

1995-ci ildən bu günədək keçən 22 il ərzində ciddi maliyyə gücünə malik olmayan Samir Şərifovun bu yüksəlişinin sirlərindən danışan mənbəmiz bunu nazirin «incə düşünülmüş siyasi manevr»  qabiliyyətilə əsaslandırır: «O, istər 1995-2000-ci illərdə Milli Bankda, istərsə də 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru işlədiyi zamanlar xarici valyuta və kapital bazarında birbaşa iştirakçısı olmayıb. Həmin ehtiyatları idarə etmək üçün özünə bağlı xarici şirkətlər yaradaraq, müəyyən faiz qazanmaq şərtilə onları bu finans əməliyyatlarına cəlb edib. Maraqlıdır ki, həmin xarici şirkərlərlə danışıqları şəxsən özü aparıb. Riskli əməliyyatlar nəticəsində sözügedən dövrlərdə də Azərbaycan maliyyə sistemi az itkiyə məruz qalmayıb».

Mənbəmizin bildirdiyinə görə, həmin dövrlərdə Azərbaycana neft sektorundan külli miqdarda kapital axdığından, bu riskli əməliyyatların vurduğu zərər hiss olunmayıb: «Amma o dövrün maliyyə əməliyyatları ciddi şəkildə yoxlanılsa, itkilər rahatlıqla ortaya çıxar. Həmin dövrlərdə Beynəlxalq Valyuta Fondunun Respublikamıza ayırdığı kreditlərin idarə olunması birbaşa Samir Şərifov tərəfindən həyata keçirilirdi».


Elmar Məmmədovun pozulan büsatı


Mənbəmizin bildirdiyinə görə, nazirin keçmiş ortağı belə, 20 ildən uzun sürən «dostluqlarına» baxmayaraq, bu «incə düşünülmüş siyasi manevrlərin» qurbanına çevrilə biləcəyini yalnız vurulduqdan sonra anlaya bilib. Xüsusilə, ötən aydan etibarən, Elmar Məmmədov öz dəbdəbəli həyat tərzində bəzi korrektələr etməyə məcbur olub. Bu ehtiyatlı davranışlar hazırda Məmmədovlar ailəsini ən təbii haqlarını belə, reallaşdırmağa imkan vermir: «Elmar Məmmədov Samir Şərifov tərəfindən vurulduqdan sonra öz yeganə oğlunun  24 dekabr 2016-cı il tarixinə planlaşdırdığı toyunu təxirə salmalı oldu. Halbuki, toyun keçiriləcəyi «Buta Palase»nin bəzədilməsi üçün, o, Avropa şirkətlərindən birinə 500 min funt-sterlinq köçürmüşdü. Lakin sonradan artıq «qələminin qırıldığını» və iqtisadi tənəzzül dövrünü yaşayan Azərbaycanda bu qədər dəbdədəli toyun səs-küyə səbəb ola biləcəyini düşündüyündən, xeyir işi təxirə salır».


Taleyin ironiyası


Taleyin ironiyasına baxın ki, Maliyyə naziri öz ortağı sayılan Elmar Məmmədova da Cahangir Hacıyevin taleyini yaşadıb. Mənbəmizin bildirdiyinə görə, Cahangir Haciyevin vurulması üçün Elmar Məmmədovla birləşən Samir Şərifov Beynəlxalq Bankda son ilyarım ərzində baş verən «maxinasiyaları» ortağının ayağına yazmaqdan  çəkinmir: «Artıq bu istiqamətdə ciddi işlər aparılır. Qısa müddətdən sonra Elmar Məmmədov da barmaqlıqlar arxasından dünyaya baxmaq taleyilə üzləşə bilər. Elmar Məmmədov isə yaxın çevrəsiylə söhbətində Beynəlxalq Bankda işlədiyi müddət ərzində görülmüş bütün işlərdə naziri günahlandırır. Onun dediyinə görə, adi kadr məsələsini belə, nazirsiz həll edə bilmirmiş».

Qısası, görünən budur ki, yaxın gələcəkdə yeni bir maliyyə mübahisəsi ilə üzləşəcəyik…