vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
17:37 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 2845 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azəriqaz»da «qara dəlik»

Milyonlarla manatlıq qaz niyə itkiyə gedir…

Ülviyyə XUDIYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi bu günlərdə Dövlət Statistika Komitəsi 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qaz itkisinin olduğunu açıqlayıb. Bu, kifayət qədər böyük rəqəmdir, ancaq əvvəlki illərin qaz itkisi ilə müqayisədə dəfələrlə az hesab oluna bilər. Çünki bir neçə il əvvələ qədər «Azəriqaz» ildə 700-800 milyon kubmetr qazı «itki» kimi rəsmiləşdirirdi.

Bəs qazpaylayıcı sistemin yenilənməsinə, abonentlərin smart tipli sayğaclarla təchiz olunmasına dövlət büdcəsindən böyük vəsaitlərin yönəldildiyi halda qaz itkisini aradan qaldırmaq niyə mümkün olmur? Üstəlik bu qış Bakıda qaz qıtlığı açıq-aydın hiss olunurdu və «Azəriqaz» bunu gah təmir işləri, gah hansısa qəzalarla və ya şəbəkənin yenilənməsi ilə əsaslandırırdı.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı hesab edir ki, ARDNŞ «Azəriqaz»a əhalinin tələbatını ödəyəcək qədər qaz verir, lakin verilən qaz həcminin bir hissəsi hələ də itkiyə gedir və «Azəriqaz» abonentlərin smart tipli sayğaclarla təmin olunmasına, qazpaylayıcı şəbəkənin yenilənməsinə xərclənən vəsaitlərə baxmayaraq «qaz itikisi»ni hələ də aradan qaldıra bilməyib. Nəticədə təzyiqin azaldılması ilə qaz itkisinin yerini doldurmağa çalışırlar.

«Azəriqaz» İstehsalat  Birliyi qaz itkisini əsasən yeraltı xətlərdə qaz sızmaları və artıq istismar müddətini bitirmiş nasaz avadanlıqla əlaqələndirir. Amma nasaz avadanlıqların yenilənməsinə  milyonlarla manat ayrılıb və beləliklə bu arqumentdən sonra həmin milyonlarla manatın təyinatı üzrə xərclənib-xərclənmədiyi sualı yaranır», - M.Qəhrəmanlı virtualaz.org saytına açıqlamasında deyib.

M.Qəhrəmanlı hesab edir ki, qaz uçotu işinin düzgün qurulmaması, iri müəssisələrə uçotsuz qazin ötürülməsi, sayğacların xarab olması qaz itkisinin səbəbləri sırasındadır. «Əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Lakin  əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Qaz emal olunmamış vəziyyətdə ötürüldüyündən sayğacın sərf qeyd edən diafraqmaları tozdan zir-zibildən tutulur və bu zaman sayğac sərfi qeyd etmir», -hüquq müdafiəçisi əlavə edib.

Qaz itkisinin səbəbləri arasında cari təmir işlərinin ümumiyyətlə aparilmaması da var. Bundan əlavə, G-250, G-400, G-1600 tipli böyük sayğaclarda qaz itir. «Sayğaclarda implus deyilən bir detal var, əksər hallarda onu açıb götürürlər. Bu halda saygac sərfiyyatı qeyd etmir. Bunu əsasən parniklərdə və böyük sənaye müəssisələrində edirlər. Sonra isə müəssisənin fəaliyyətinin dayandırılması haqqında sənədləşmə aparılır», - Mirvari Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, sayğacın üzərində qazın minimum hansi təzyiqlə verilməsi qeyd olunmalıdır və o zaman sayğac sərfiyyatı da qeyd etməlidir. Amma qazı 3 milli bar gücü ilə verirlər və sayğaclar da qaz sərfini qeyd etmir. Həmçinin qaz paylayici stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmadıqda və bununla bağlı qaz axını üzrə stasionar rejim pozulduqda da qaz itkisi baş verir.

M.Qəhrəmanlı deyir ki, sərf ölçən cihazlarin buraxma imkanı məhdudlasdirıcıdan keçən qaz axınına uyğun olmadıqda, cari təmir, sınaq, üfürmə, boşaltma və yükləmə işlərinin icra edilmədikdə, qaz kəmərlərinin torpağin aktivliyinin və azmış cərəyanların təsirindən güclü korroziyaya uğramasında, qaz kəmərlərinin qaynaq birləşmələri çat olduqda qaz itkisi yaranır. Lakin səbəblər bununla bitmir. Bağlayıcı avadanlıqların kipliyi pozulduqda, flyans birləşmələrində araqat materialı xarab olduqda, qaz kəməri mexaniki zədəyə məruz qaldıqda da qaz itkisi baş verir.

«Azəriqaz» İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev də qaz itkisi ilə bağlı ittihamlara cavab verib. O, YAP-ın saytında dərc olunmuş müsahibəsində ötən il cəmi 2,6 milyon  manatlıq qaz itkisinin olduğunu bildirir. Belə ki, ötən il ərzində «Azəriqaz» İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq «qüsur aktı» tərtib olunub. «Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 manat dəyərində dəymiş ziyan hesablanıb»-«Azəriqaz» rəhbəri bildirir.

Lakin «Azəriqaz» rəhbərinin açıqladığı itki rəqəmi ilə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər arasında kəskin fərqlər var…