vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:30 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 1385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransanın Qarabağ siyasəti dəyişməyəcək

Politoloqların fikrincə, həmsədr ölkənin Azərbaycanla münasibətləri pisləşdirməkdən heç bir qazancı olmayacaq

Bəxtiyar MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftənin sonunda Fransada prezident seçkilərinin birinci turu keçirilib. Namizədlər arasında ən çox səs toplayanlar «İrəli» hərəkatının təsisçisi Emmanuel Makron və Milli Cəbhə Partiyasının lideri Mari Le Pen olub. Bu seçkilər əslində Azərbaycan ictimaiyyətini də maraqlandırır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq vasitəçilərdən biri də ATƏT-in Minsk həmsədri kimi Fransadır. Bu mənada seçkilərin ikinci turuna keçən namizədlərin Dağlıq Qarabağ münaqişəsində tutacağı mövqe diqqətə alınmalıdır.

Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Fransanın bütün siyasi elitasının ürəyi ermənilərlə döyünür: «Bunu Azərbaycan tərəfi olaraq, biz də bilirik. Namizədlərdən biri Mari Le Penin artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinin şahidi olduq. O, Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı cəfəng fikirlər səsləndirib ki, ermənilər tərəfindən mümkün qədər səs toplaya bilsin. Mari Le Penin atası yəhudilərin soyqırımını inkar edir, amma özü guya türklər tərəfindən ermənilərə qarşı soyqırımının aparıldığını dilinə gətirir, 100 il əvvəl olmayan hadisələri yada salır. Şimali Kipr 50 ildir müstəqildir, onun müstəqilliyinin tanınmasından yox, Dağlıq Qarabağın Ermənistana birləşməsindən danışır. Buna baxmayaraq, Le Pen marginal siyasətçidir və indiyədək bacardığı səsləri toplaya bilib. Onun bundan artığını etmək imkanı yox kimidir. Böyük ehtimalla ikinci turda Makron qalib gələcək».

R.Musabəyov qeyd edib ki, E.Makron sistemli siyasətçidir: «Düşünürəm ki, o da ürəyində ermənipərəstdir. Amma hər halda çalışacaq ki, balanslaşmış mövqe ortaya qoysun. Çünki Fransanın Azərbaycanla münasibətlərinin pisləşməsində qazanc yoxdur».

Politoloq Mübariz Əhmədoğlu deyib ki, Fransadakı seçkilərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı pisləşməyə doğru təsiri olmayacaq: «Əvvəla, onu deyim ki, güclü xarici siyasət nəticəsində Azərbaycan Fransanın ermənipərəst mövqeyinin dəyişməsinə nail olub. Bizim müstəqillik dönəmində Ermənistanın ən uzunmüddətli dostu Jak Şirak olub. Onun maliyyə mənbələrindən biri «Alcatel» şirkətinin icraçı direktoru olan erməni idi. O, iki dəfə Jak Şirakı Ermənistana gətirtdi. Sonra Fransa prezidenti Sarkozi oldu və onun ailəvi dostu Patrik Dəvəçiyan idi. Dəvəçiyan Sarkozini hakimiyyətə gətirən partiyanın rəhbərliyində təmsil olunurdu. Buna baxmayaraq, Sarkozinin Dağlıq Qarabağ münaqişəsinə münasibətinin necə olduğunu gördük. Yəni, əvvəlki sərt mövqedən obyektiv mövqeyə doğru yaxınlaşma hiss olundu. Ermənilər etiraf edirlər ki, onların indiki prezident Ollanda da yaxşı əlaqələri olub. Fransa erməni icmasının rəhbəri Murad Papazyan açıqlamasında dedi ki, heç bir Fransa prezidenti Olland qədər bizə yaxın olmayıb. Onun fikrincə, indiki namizədlərin heç birinin erməni mövzusuna marağı yoxdur. Nə «erməni soyqımı»na, nə də Dağlıq Qarabağ məsələsinə münasibət bildirməyiblər, heç erməni icması ilə görüşmək arzularını da dilə gətirməyiblər. Bu günlərdə Fransadakı kiçik bir auditoriyası olan «Nouvelles d'Armenie» qəzeti namizədlərdən müxtəlif yollarla erməniləri maraqlandıran məsələlərə münasibət öyrənir. Amma ümumilikdə onların ermənilərin məsələlərinə marağı yoxdur».

M.Əhmədoğlu vurğulayıb ki, əvvəllər Fransa prezidentləri qatı ermənipərəst mövqe nümayiş etdirirdilərsə, indi bunu görmək mümkün deyil: «Çünki dünyada, o cümlədən Fransada erməni diasporu zəifləyib. Bunu nəzərə alaraq, onu deyə bilərəm ki, namizədlərin ermənilərlə bağlı indi səsləndirdikləri fikirlərin ciddi əsası yoxdur. Fransanın Qarabağla bağlı mövqeyinin dəyişməsinə gəlincə, burada iki məsələ var. Birincisi, Fransanın ATƏT-in Minsk qrupunda dövlət olaraq təmsil olunmur. Onlar Minsk qrupunda Avropa Birliyinin təmsilçisidir. Ona görə də dünya miqyasında özünü göstərmək üçün hökmən Dağlıq Qarabağ məsələsində ədalətli olmağa məhkumdur. Bunun da bəzi əlamətləri görünür».

Politoloqun fikrincə, əsas məsələlərdən biri də Azərbaycan prezidentinin apardığı siyasətdir: «Fransa ilə parlamentlərarası əlaqələrimiz inkişaf edib. Azərbaycanın xarici siyasəti çox həssas, operativ və çevikdir. Ona görə də Fransada yeni seçilmiş prezident nə isə deyəcəksə, Azərbaycan ona dərhal reaksiya verəcək. Hazırda prezidentlər üçün ən vacib məsələ Fransanın daxili sosial-iqtisadi vəziyyətidir. Fransa ilə Ermənistan arasında ticarət dövriyyəsi təxminən 160 milyon dollar həcmindədir. Amma Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi bundan dəfələrlə çoxdur. Bu amilləri ümumiləşdirib demək olar ki, Fransanın yeni prezidentinin fəaliyyətə başlaması ilə bu ölkənin Dağlıq Qarabağ münaqişəsinə münasibətində dəyişikliklər gözlənilmir. Əgər olarsa, çalışacaqlar ki, Azərbaycanla münasibətləri normallaşdırmaq kursunu seçsinlər».