

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra gözlər istər-istəməz yaxın coğrafiyamıza yönəldi. Obama hakimiyyəti dövründə pisləşən ABŞ-Rusiya münasibətlərinin necə olacağı, yeni prezidentin İrana qarşı mövqeyinin Yaxın Şərqdə yeni bir böhrana yol açıb-açmayacağı bu gün hər kəsi maraqlandıran əsas suallardandır.
Türkiyənin Ankara Yıldırım Bəyazid Universitetinin professoru, Rusiya və Avrasiya məsələləri üzrə mütəxəssis Salih Yılmazın qələmə aldığı «İran-Rusiya ittifaqının perspektivi və Tramp siyasəti» adlı məqalə bu və buna bənzər bir sıra suallara aydınlıq gətirir. Məqalənin aktuallığını nəzərə alıb VAXT.AZ oxucularına təqdim edirik:
Rusiya 2015-ci il sentyabrın 30-dan rəsmi olaraq Suriyaya müdaxilə qərarı verməklə İranın Suriyaya göndərdiyi İnqilab Keşikçiləri qüvvələrinə və «Hizbullah»a da, bir növ, legitimlik qazandırdı. Onun İranın rəhbərliyi altındakı quru qüvvələrini təsirli şəkildə istifadəyə başlamasından sonra ABŞ da Türk ordusunun piyada gücündən faydalanaraq, bölgədə üstünlük qazanmağa çalışmış, lakin bunu bacara bilməmişdi. Həmin ili noyabrın 24-də Rusiya ilə yaşanan təyyarə böhranında Türk Silahlı Qüvvələrinin Suriyada əməliyyata vadar etmək strategiyası da vardı. Obamanın hakimiyyətdən getməmişdən əvvəl söylədiyi «Türkiyənin əlində böyük və güclü bir quru ordusu vardı, amma bunu Suriyada istifadə etmədi» ifadələri də Rusiyanın İran «kozırına» qarşı ABŞ-ın da Türkiyədən istifadə etmək istədiyinin göstəricisidir. Bəlkə də 15 İyul çevriliş cəhdinin ən mühüm səbəblərindən biri də elə bu idi-Rusiyanın İran dəstəyilə əldə etdiyi üstünlüyə qarşı Qərbin TSQ-dən faydalanmaq arzusu.
Rusiya Suriyada əməkdaşlıq etdiyi İranı həm Avrasiya İqtisadi Əməkdaşlıq, həm də Şanxay Əməkdaşlıq Təşkilatı üzvlüyünə cəsarətləndirməsi onu özündən daha da asılı hala gətirdi. Lakin bu strategiya Rusiya baxımından da təhdid meydana gətirdiyindən, heç bir nəticəyə çatmadı. İranın bu blokda iştirak etməsi Rusiya və Çini tamamilə ABŞ, AB və İsrailin hədəflərinə istiqamətləndirməsi səbəbindən həmin strategiya hələlik tətbiq olunmur. Buna baxmayaraq, İranın rəsmi təbliğatlarda bu hədəf sanki həyata keçirilmiş kimi göstərilir. İranın «Şərq Tərəfdaşlığı» xəyalı eynilə Türkiyənin illərlə AB tərəfindən başının qatılması strategiyasına bənzəyir.
Obama İrana imtiyazlar verərək İsraili cəzalandırmaqmı istəmişdi?
Obamanın prezidentliyi dövründə İranı Rusiyanın nəzarətindən çıxarmaq üçün ona həm İraqda, həm də digər bölgələrdə açıq sahələr yaradıldı. Nüvə razılaşmasıyla embarqoların qismən aradan qaldırılması sayəsində İranın Qərbə yaxınlaşacağı və Rusiya ilə Çinin himayəsindən imtina edəcəyi düşünülmüşdü. Hətta İranın bölgədəki fəaliyyətini artırmaqla İsrailin də, başda Fələstin olmaq üzrə, Yaxın Şərqdə sülhə yaxınlaşması hədəflənmişdi. Lakin Obamanın bu siyasəti Rusiyanın Suriya manevrasıyla hədəflənənin tam tərsinə bir vəziyyət ortaya çıxartdı. ABŞ İrana imtiyazlar verərək, Rusiyadan uzaqlaşdırmağa çalışarkən, Suriya əməliyyatına başlayan Rusiya İranı bölgədə ən əhəmiyyətli aktyor halına gətirdi. İran yalnız Suriyada yox, Yəmən və İraqda da öz hərbi gücünü göstərdi və başda Səudiyyə Ərəbistanı olmaqla, körfəz ölkələri üçün təhdid meydana gətirməyə başladı. Bu təhdid sayəsində Rusiyanın bölgə ölkələrinə ciddi miqdarda silah satdığını da söyləyə bilərik.
Suriya konstitusiyası Rusiya-İran ittifaqının sonumu?
2017-ci ilin yanvarında Astanada reallaşan Suriya sülhünə dair toplantılardan sonra Rusiyanın «yeni Suriya konstitusiyası» adıyla əvvəldən tərtib etdiyi 85 maddəlik bir mətni danışıqlarda yer alan tərəflərə təqdimi kiçikmiqyaslı böhrana səbəb oldu. İran Suriyada mərkəzi hakimiyyəti zəiflədəcək bütün addımlara qarşı olduğunu yüksək səslə dilə gətirərək, Rusiyanın hazırladığı konstitusiyanı qəbul edə bilməyəcəyini üstüörtülü şəkildə elan etdi. Bu baxımdan, Rusiyanın üzərində çalışdığı konstitusiya layihəsinin ən əsas dəstəkçisi İran tərəfindən belə, qəbul edilməməsi Suriyada sülhün Rusiyanın istədiyi kimi sonlanmayacağının bir işarəsi kimi ortaya çıxır. Rusiya hər nə qədər Tramp rəhbərliyi öz postunda tam möhkəmlənməmişdən əvvəl Suriyada sülhü bərqərar etməyə çalışsa da, bunun asan olmayacağı aydınlaşdı. ABD-sız bir Suriya barışını Türkiyəni ortaq seçərək qısa müddətdə reallaşdırmaq istəyən Rusiya üçün İranın mövqeyi hazırda aşılması lazım olan ən önəmli maneə kimi qarşıda durur.
İran ABŞ prezidenti Trampın açıqladığı «etibarlı bölgə», «uçuş qadağası» kimi təklifləri qəbul etməyəcəyini bildirərək, bir növ, həm də Rusiyanın hazırladığı yeni konstitusiyaya eyham vurdu. İran Obama dövründə əldə etdiyi boşluqdan faydalanaraq, həm də Tehrandan Aralıq dənizinə qədər genişlətdiyi təsir sahəsini Rusiyanın siyasətinə qurban verməyəcəyini vurğulamaq istəyir.
Tramp İranı niyə hədəf seçir?
24 noyabr təyyarə böhranının aradan qaldırılmasına yol açan Türkiyə- Rusiya əlaqələrinin normallaşması Trampın iş başına gəlməsiylə ABŞ-Rusiya münasibətlərinin nizamlanacağına dair işarələr İranı yenidən hədəf halına gətirdi. Çünki başda embarqoların aradan qaldırılmasıyla Rusiyanın Suriyadakı mənfəətlərinin zəmanət altına alınması strategiyası İranın tədricən Trampa təslim ediləcəyinə dair təxminləri gücləndirir. Bu sayədə həm Rusiyanın ABŞ ilə əlaqələri düzəlmiş olacaq, həm də İran Rusiyaya daha çox məhkum bir ölkə halına gələcəkdir. Hər iki ehtimalda da, bu vəziyyətdən Rusiya qazanclı çıxan tərəf olacaq.
Obamanın beynəlxalq təbii qaz boru kəmərlərində Rusiyanı oyundankənar vəziyyətə salmaq səylərinə qarşı, Rusiyanın İran ilə əməkdaşlıq və Suriyada boru kəmərlərinin keçəcəyi sahələri bağlamaq siyasəti uğurlu oldu. Obama İrana açıq sahələr buraxarkən, əslində onun əlindəki zəngin təbii qaz ehtiyatlarını Qərb şirkətlərinə açmasını istəmişdi. Lakin Rusiyanın ağıllı hücumları bu hədəfi uğursuzluğa düçar etdi. İsrailin son 3 ildir tez-tez Şərqi Aralıq dənizindəki təbii qaz ehtiyatlarını gündəmə gətirməsi əslində, Obamaya verdiyi bir mesaj olsa da, Obama bu mesajları görməməzlikdən gələrək, seçimində İrana üstünlük verdi.
Tramp isə hələ seçki prosesi dövründə İran və Çini ABŞ-ın maraqlarına qarşı ən böyük düşmənlər olaraq xarakterizə etdi. O, bir tərəfdən, Rusiya ilə yaxşı əlaqələr qurub İran və Çini hədəfə alaraq, Rusiyanın bu iki ölkə ilə strateji əməkdaşlıq içində olduğunu nəzərdən qaçırırdı. Halbuki Rusiya Trampın İrana yönəlik təhdidlərinə qarşı mövqeyini İranın xeyrinə müəyyənləşdirərək, ABŞ liderinə bu işin asan olmayacağını xatırladırdı.
Bəs, bundan sonra nə olacaq? Əgər Tramp Rusiya maneəsini aşıb özü birbaşa İranı hədəfə almasa, bunu İsrail vasitəsilə həyata keçirəcək kimi bir təəssürat yaradır.
Rusiyanın İranın xeyrinə mövqe tutmasından sonra ABŞ-ın BMT-dəki səfiri Nikki Haleynin «ABŞ Ukraynadakı vəziyyəti qınayır və rusların Krım işğalına dərhal son verilməsini istəyir. Krım Ukraynanın bir hissəsidir. Rusiya yarımadanın idarəsini Ukraynaya verənə qədər, Krımla əlaqədar sanksiyalarımız qüvvədə qalacaq» şəklindəki şərhi təsadüfə oxşamır.
Obama dövründə ABŞ-ın İsrail siyasətinin neqativ hal aldığını hamımız bilirik. Hazırkı İsrail rəhbərliyinin Trampın seçilməsi üçün ciddi investisiyalar qoyduğu da sirr deyil. İsrailin ən böyük gözləntisi isə İrana qarşı hərbi əməliyyat keçirmək və ya onu mühasirə altına almaqdır. İsrail öz səyləriylə Azərbaycan, Özbəkistan və Qazaxıstan kimi ətraf ölkələrdə əhəmiyyətli hərbi investisiyalar qoyaraq, İranı əhatəyə almağa çalışmaqdır. Tel-Əviv əsas zərbəni Trampdan gözləməkdədir. Bu əməliyyat istər isti bir təmasla, istərsə güclü bir embarqoyla olsun, mütləq reallaşacaq kimi görünür.
Tramp həm İran, həm də Çin ilə eyni anda mübarizə apara bilərmi?
Trampın İranı hərbi, Çini isə iqtisadi olaraq hədəf göstərməsi heç də tətbiq oluna bilən siyasət təsiri bağışlamır. Çünki Trampin bir tərəfdən daxili siyasətdə öz iradəsini tam möhkəmlədə bilməzkən bir də xaricdə ciddi problemlər yaradacaq hərəkata başlaması mümkün deyil. Trampa görə, ABŞ-da mövcud iqtisadi durğunluq və dolardaki manipulyasiyanın səbəbi Çindir. Onun Çinə qarşı Tayvan və Yaponiya kozırlarından istifadə edəcəyi düşünülərkən, Çinin iqtisadi güzəştlərə gedəcəyinə dair gözləntilər var. Çin Cənubi Çin dənizindəki ərazi münaqişəsinin böyüməsindən narahatlıq duyur. Bu anlaşılmazlıqdan ABŞ-ın silah kimi istifadə etməsi və qarşıdurma yaşanması halında Çində böyük bir iqtisadi böhranın çıxması da ehtimal olunur. Lakin Çindəki böhran ABŞ-a da mənfi təsir göstərəcək. ABŞ illərdir Çinin ən böyük bazarıdır və ucuz mal təminatı dolayısıyla, Çin əslində ABŞ iqtisadiyyatı üçün faydalı bir rol oynayır.
Tramp Şanxay Əməkdaşlıq Təşkilatınımı hədəfə alır?
2010-ci ildə başlayan «ərəb baharı», Liviya hadisələrindən sonra Rusiyanın sahəyə dönməsiylə qarmaqarışıq hala gəldi. Rusiya özünün NATO üzvləri tərəfindən Liviyada aldadıldığını elan edərək, daha aktiv bir siyasət yürütməyə başladı. 2014-cü ildə Krımın ilhaqı və 2015-ci ildəki Suriya müdaxiləsi NATO ilə Rusiya arasındakı mübarizəni xeyli gərginləşdirdi. Hətta NATO ölkələri arasında Rusiyaya qarşı təsirli mübarizə edilmədiyi kimi mövzular müzakirələr olundu. Bu müzakirələr ictimaiyyətdə Rusiyanın NATO-nu dağıtmağa çalışdığı barədə şübhələrə yol açır. Obamanın NATO-nu Rusiyanın açıq hücumuna məruz buraxdığı istiqamətində tənqidlərə qarşı, Trampın Şanxay Əməkdaşlıq Təşkilatını hədəf alacağına dair qorxular var. 1970-ci illərin əvvəllərində Nikson-Kissincer strategiyasıyla ABŞ-ın Çinə yaxınlaşaraq, SSRI-ni təsirsizləşdirdiyi kimi, indi də əks bir hərəkətlə, Rusiyadan Çin və İrana qarşı istifadə olunduğu barədə ehtimallar gündəmə gəlir. Lakin bunun üçün Rusiyanın irəli sürdüyü şərtlər qəbul ediləcək mühtəvaya sahib deyil.
Trampın Rusiya ilə əməkdaşlıq planı AB-ni parçalaya bilər
Rusiya ABŞ-a əməkdaşlıq üçün Krımın Rusiyaya aid olduğunu qəbul etməsini, Yaxın Şərqdə Rusiyanın maraqlarının yerinə yetirilməsini, embarqoların aradan qaldırılaraq, AB ilə əlaqələrin normallaşdırılmasını ön şərt olaraq irəli sürür. Trampın bu şərtləri qəbul etməsi isə AB-nin dağılmasına səbəb ola bilər. AB üzvlərindən Polşa, Rumıniya və Baltik ölkələri Rusiyaya qarşı özlərini təhlükəsiz hiss etmədiklərini, NATO-nun lazımi tədbirləri artırmasını istəyirlər. Trampın Rusiya ilə razılaşması halında, bu ölkələrin AB-dəki yerlərinin müzakirəsi gündəmə gələ bilər. Bu şəraitdə Almaniyanın AB-i qorumaq üçün Rusiya əleyhdarı mövqe ortaya qoyması lazımdır.
Kissincerın 1970 illərdəki Çini öz yanına çəkərək, SSRİ-ni dağıtmaq strategiyası, indi Rusiyanı yanına çəkərək, Çini təsirsizləşdirmək planına çevrilmiş kimi görünsə də, bunun üçün mühüm güzəştlərin verilməsi məcburiyyəti yaranacağından, bu planın asanlıqla həyata keçirilməsi gözlənilə bilməz. Planın həyata keçirilməsi halında ABŞ-ın AB-ni də fəda etməsi lazım olacaq. Hərçənd İngiltərənin AB-dən ayrılması əslində AB-nin çoxdan fəda edildiyi ehtimalını da ağla gətirir… (strateq.az)