vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KİNO-TEATR  
11:46 | 5 noyabr 2017 | Bazar Məqaləyə 4135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sovet filmlərindən niyə möhkəm yapışmışıq?

Bu prosesin passiv və aktiv iştirakçıları var

İlqar RƏSUL

MÖVZU İLƏ ƏLAQƏLİ

Seyrək də olsa, kinodan yazanlar da var – müntəzəm olmasa da, hər halda, rast gəlmək olur. Heç kimin əməyini kiçiltmək istəmirəm, di gəl, bir məsələni qeyd etməyi vacib bilirəm; kino və teatrdan yazan jurnalist bir şeydir, kinoşünas və ya teatrşünassa başqa...

Bu yazı da peşəkarlığa və ciddiliyə iddialı deyil, kinonu sevən bir insanın bölüşmək istədiyi təəssüratlardır. Əsl ciddiliyə və peşəkarlığa gəldikdə, yadıma «Retro» verilişinin ilk çağları, kinoşünas və rejissor Ayaz Salayevin şərhləri gəlir. O verilişi diqqətdən qaçırmazdım...

Bir detalsa, ümumiyyətlə, yadımdan çıxmır. Krımda təcrübədəydik. Bir dəfə qrup rəhbərimizlə müxtəlif şeylərdən danışırdıq. Onun həyat yoldaşı gürcü qadın idi və bu səbəbdən də tez–tez Gürcüstanda olurdu. Qərəz, mənə dedi ki, bilirsən, Gürcüstanda maraqlı telelayihə var, hər həftə seçmə xarici filmləri göstərir və maraqlı söhbətlər aparırlar. Dedim ki, biz də beləsi var, adı da «Retro»dur...

Açığı, onda mən bundan əməlli-başlı qürur duydum, çünki cəmiyyət kimi də irəlidə olmaq həmişə xoşdur.

Təəssüf, sonradan bu layihə davamlı olmadı. Bir ara onu digərləri apardı, sonra, ümumiyyətlə, olmadı... İndi də kino ilə bağlı bəzi oxşar cəhdlər və təşəbbüslər var. Amma onlar məndə ciddi təəssürat oyatmır, sönük və sxematik, həm də maraqsız görünür...

Bilirsinizmi, istənilən sahədə mütəxəssislə, tutaq, məlumatlı insanın fərqi nədədir? Mütəxəssis həmin sahəni hiss edir, duyur, məlumatlı isə sadəcə, başqalarının qarşısında danışmaq, «erudisiya»sını göstərmək və bəzən «həmsöhbət» ola bilmək üçün nəyisə əzbərləyir. Hələ onu demirəm ki, qeyri-peşəkar ömrü boyu əlləşir-vuruşur, amma heç vaxt fərqində də olmur ki, məsələn, əsl kino ilə bağlı nəyi görmək və duymaq lazımdır?..

Nə isə... Sözüm bunda da deyil. Sovet filmlərimiz haqqında bir–iki kəlmə demək istəyirdim. Bir daha deyirəm ki, bunlar adi tamaşaçının və ya kinosevərin dediklərindən artığına iddialı deyil.

Sovet filmlərimiz həmişə qalacaq. Azı tarix baxımından. Ona görə ki, milli kinomuz sovetin vaxtında yaranıb. Düzdür, bu tarixi bir az da irəli çəkmək cəhdləri var. Amma kinomuz əməlli-başlı hələ bir az da sonra yarandı. Bu, öz yerində...

Bu aspektdən yanaşanda kino, məsələn, ədəbiyyatımızdan fərqlidir. Bizim sovetlərə qədər də ədəbiyyatımız olub, hətta lazım gələrsə, sovet ədəbiyyatının böyük bir hissəsi olmadan da keçinmək olar – vacib deyil ki, hər yetmiş ildə «yeni» və «böyük» ədəbiyyat yaransın...

Fəqət, insanların heç də hamısı tarixi öyrənməyə maraqlı və hətta deyərdim, borclu da deyillər. Xüsusən də bu, spesifik sahələrin tarixi olanda. Həqiqətən də, niyə görə hamı milli mətbuatın, jurnalistikanın və yaxud Azərbaycanda, tutaq ki, kimya elminin tarixini bilməlidir?..

Bəli, ayrı–ayrı insanlar bunu bilməlidir, hətta bilməyə məcburdurlar da, ona görə ki, biri bundan, məsələn, dərs deyir, digəri hansısa formada bu məsələlərlə əlaqəlidir.

Belə sahəvi tarixləri hamımızın müəyyən qədər bilməli olduğumuz ümumi tarixlə qarışdırmayın – bəli, hamı, o cümlədən də indiki gənclik, dövlətimizin və millətimizin tarixini müəyyən dərəcədə bilməlidir...

Amma gəncləri məcbur etmək ki, məsələn, «Qatır Məmməd» və yaxud «Böyük dayaq» filmlərinə baxmalısan, çünki bu, da kinomuzun tarixidir, - bax, bunu qətiyyən anlamıram!

Bir də deyirəm ki, həmin gənc kinoşünas və rejissor, ya da aktyor olmağa hazırlaşırsa, bunu haradasa, qəbul etmək olar, amma yenə də böyük mübahisə ilə. Ümumi halda isə, bunun gənclik üçün heç faydası yoxdur.

Sovet filmlərinin ekranlardan düşməməsinin səbəbi tək tarix məsələsi olsaydı, yenə dərd yarıydı. Düşünürəm ki, əsas səbəb bu, deyil və odur ki, yeniliyi təqdim etməyə heç də hamı ürəkli olmur, xüsusən də yenilik çətinliklə yarananda və azacıq da mübahisəli olanda...

Sovet filmlərinə nə var ki? Hamı tərəfindən «qəbul olunub», hamının «senzura»sından keçib, hamı onları «klassika» – «şedevr» kimi qəbul edir, – ona görə də ürəyin istəyən qədər fırlada bilərsən...

Amma məsələ yenə də tək bunda deyil. Bu prosesin passiv və aktiv iştirakçıları var. Passiv iştirakçılar televiziyaçılarımızdır, - efiri doldurmaq və guya ki, bir az da maraqlı etmək üçün yeri gəldi– gəlmədi, sovet filmlərini dürtüşdürürlər ekranlara.

Əsas iradımsa prosesin aktiv iştirakçılarına, o filmləri bizə təqdim edənlərə, onlara «kommentariya»lar verənlərədir. Bax, burada həqiqətən ağlamalı vəziyyətdir.

O «təqdimat»ları və yaxud «kommentariya»ları yetərincə izləmişəm, ən müxətlif insanlarımızın-kinoşünaslıq edən jurnalistlərin və bu sferada da «özünü sınamaq» istəyən bəzi «yazıçı»larımızın ifasında...

O filmlərdə maraqlı nə idi? Dövrün rejissorları, ssenaristləri bir sözlə, işarə ilə, bəzən bircə baxışla açıq deyilməsi mümkün olmayan mətləbləri çatdırmağa çalışırdılar!

Çox filmlərimizdə var bunlar. Sadəcə, misallarla yormaq istəmirəm. Amma bütün bunlar qalır tamam kənarda, əvəzində məlum olur ki, Qatır Məmməd də, yeddi komsomolçu da hələ də xalqımızın igid və qəhrəman oğullarıdır!..

O gün baxıram, teleaparıcı guya ki, durub «Yeddi oğul istərəm» filmini «təqdim» edir. Nə deyir? «Xalqımızın yeddi cəngavər oğlu!»...

Həmin filmi vaxtilə mən də sevmişəm. Maraqlı aktyor oyunları və maraqlı musiqisi var ki, onu da səhv etmirəmsə, sevimli bəstəkarımız X.Mirzəzadə yazıb. Həm də maraqlı ssenarisi var. Bunu da bizim həqiqətən istedadlı yazıçımız Y.Səmədoğlu yazıb - bəli, az, amma, necə deyər, saz yazan yazıçılarımızdan biri...

Ssenaridə qiymətli nədir? Birincisi, məsələnin qoyuluşudur və dövr üçün qətiyyən xarakterik deyil.

Beyinlərində yalnız komsomolçuların necə qəhrəmanlar olduğunu göstərmək fikri dolaşan senzorların vaxtilə poemada diqqətindən qaça bilərdi belə detal, gəl, daha asudə vaxtda, özü də daha geniş auditoriya üçün nəzərdə tutulan sənət növündə necə bunu nəzərə almayıblar, – hər halda, maraqlıdır...

Əslində bu, ölkədə vaxtilə gərgin sinfi mübarizənin, böyük və kütləvi inqilabi proseslərin getdiyi haqdakı cild – cild «əsər»lərə tüpürmək idi – bəli, cəmi yeddicə komsomolçu, heç də geniş xalq kütlələri və ya böyük insan seli yox, yeddicə komsomolçu gedib bir mahalda sovet hökuməti qurdu!..

İkincisi və daha mühümü isə oradakı mənalı atmacalardır. Filmdə nə qədər belə detal var! Yalnız birini, ən adisini və az qala, adamın gözünə girənini deyəcəm.

İxtiyar bir kişi soruşur ki, oğul, proletar kimdir və komsomolçulardan biri ona deyir ki, sənsən! Kişi qayıdır ki: «Kim?.. Mən?.. Allah eləməsin, oğul, mən hara, proletar hara?!.»...

Digər filmlərdən də onlarla belə detal sadalaya bilərəm. Məsələn, «Axırıncı aşırım» filmində nə qədər bu cür işarə, sətraltı mətləblər var!

Məsələ təkcə inqilabi mövzularda çəkilmiş filmlərlə də yekunlaşmır – elə başqa filmlərdə də kifayət qədər işarələr var... Mən hələ «Bir cənub şəhərində» kimi iki gerçəkliyin biri – birindən nə qədər uzaq olduğunu apaydın göstərən filmləri demirəm...

Di gəl, bunların hamısı yaddan çıxır, qalır tamam «arxa plan»da. Yox, deməyin ki, bu adam hər şeyə sırf siyasi mənadan, yalnız və yalnız sovet gerçəkliyini ifşa edən detalların prizmasından baxır. Qətiyyən belə deyil. Sadəcə, ağlım kəsən bir detalı dedim. Başqa məqamlar da var.

Məsələn, mənə elə gəlir, müharibə dövrü haqqında çəkilmiş ən yaxşı filmimiz heç də Mehdi Hüseynzadə, Həzi Aslanov haqdakı filmlər yox, «Tütək səsi»dir...

Düzdür, bunlar bir az fərqli müstəvilərdə olan filmlərdir–ilk ikisi bizim iki qəhrəman azərbaycanlı haqqındadır.

Hətta onları da heç iki nəfər götürməzdim, düşünürəm, 42 Sovet İttifaqı Qəhrəmanının, müharibədə həlak olmuş 300 min azərbaycanlının və hətta cəbhəyə yollanan 600 min azərbaycanlının hamısı haqda, prinsipcə, film çəkmək olardı və onlar buna layiq idi.

Bunları deyirəm və elə qəfil də yadıma düşür ki, həmin müharibə cəbhəsinin o biri tərəfi də vardı–orada da azərbaycanlılar vuruşurdu və onların heç də hamısı əsirlikdə məcbur olub o biri tərəfə keçməmişdi...

Özü də tək azərbaycanlılarla bağlı deyildi bu, cəmi sovet xalqları o faciəni yaşadılar. O müharibədə hər xalqdan iki «nüsxə» idi, biri sovetin, digərisə almanın tərəfində və onlar biri-biri ilə vuruşurdu.

Əgər səhv etmirəmsə, bu xüsusda Ə.Fətəlibəyli-Düdənginskinin U.Çörçillə ünvanladığı çox maraqlı məktub var. Qərəz, bu faciə nə vaxt kinematoqrafda ifadəsini tapacaq, - doğrusu, bilmirəm...

Amma bunu da bir yana qoyur və qayıdıram hamımızın bildiyi - tanıdığı müharibəyə və «Tütək səsi» filminə...

Həmin filmdə böyük müharibə ilə yanaşı başqa müharibələr də gedir –bir elin-camaatın bir insanla qınaq müharibəsi, həmin insanın da özünün özü ilə, hissləri ilə müharibəsi...

Hamı hesab edir ki, əsas məsələ böyük müharibədir, qalan hər şeyi bir tərəfə qoymaq, yalnız və yalnız bu böyük müharibədə qalib gəlmək üçün çarpışmaq, hər şeyi də ona qurban vermək lazımdır.

Elə o bir nəfər də belə düşünür. Amma onun qəziyyəsi daha böyükdür. Çoxu üçün «lemis» torpaq sərhədlərini pozmuşdusa, o, bir insan kimi əsl dostluq - kişilik qanununu, həm də müharibənin tabusunu pozmuş və əsgər amanatına tamah salmışdı...

Fəqət, özü ilə bacarmır, həyatını da «yaşamaq» və hətta yenidən «qurmaq istəyir». Cəbrayıl əqidəcə qılınc Qurbandan heç də geri deyil, onda geridir ki, bir az qaradinməzdir, özü haqda az danışır...

Əslindəsə o, da əsl bolşevikdir, taraz evi–eşiyi də yoxdur, bir həsirdir, bir də Məmmədnəsir, o vaxt deyildiyi kimi, dövlət üçün də, qələbə üçün də hər şeydən keçməyə hazırdır, aldığı məvacibə də demək olar, tamam toxunmur, cəbhəyə göndərir. Hətta şəxsi həyatını da qura bilməyib və dostuna görə vaxtilə məhəbbətindən də keçib.

Gec də olsa, güc də olsa, belə ağır dövrdə həyatını «qurmaq» istəyir, hissi ilə bacarammır və «qara kağız»ı gəlmiş dostunun çəpərini aşmaqdan özünü saxlaya bilmir.

Qərəz, bir daha deyirəm ki, film əslində bir yox, azı üç müharibə haqqındadır – biri ən böyük müharibədir, digəri bir elin bir insana elan etdiyi qınaq müharibəsidir, üçüncüsü isə onun özünün özüylə hər saat, hər gün apardığı müharibədir. Hələ onu demirəm ki, dördüncüsü də var burada - qapısını açdığı qadının iki gənc oğlunun namus müharibəsi...

Məni bu qənaətimdə israr etməyə, «Tütək səsi»nin müharibə dövrü haqqında ən yaxşı film olduğunu təkid etməyə vadar edən həm də odur ki, əslində bütün böyük sənətlər, o cümlədən də əsl filmlər son nəticədə İNSAN haqdadır, qalan, hər şey, - müharibə də, siyasi sistem də, aclıq və səfalət də, daha nə bilim, nələr də, fondur, nəticə etibarilər «qab»dır ki, qəhrəman onun içində çabalayır və bütün bu çabaların finalında bizlər də hökmümüzü çıxarırıq: qarşımızdakı əsl sənətdi, yoxsa...

Ona görə də, mənim zənnimcə, məsələn, Qarabağ haqda hələ nəinki dəyərli, hətta maraqlı bir şey çəkilməyib. Olan-qalan bir-iki cəhd isə bizə ən yaxşı halda «milli Remboları» və yaxud da bəzi sovet filmlərinin «kopirovka»sını sırımaqdan savayı şey deyil.

Biz Rembolar idiksə niyə torpaqlarımızı belə asanlıqla itirdik? İkincisi, hətta gerçək Amerikanın özündə belə Rembolar olmur, ən son nəticədə ən vəhşi dəniz piyadası da yenə insandır və təsadüfi deyil, amerikalıların da müharibə mövzusunda çəkdiyi ən dəyərli filmlər də ilk növbədə insan və onun hissləri haqdadır.

Nəhayət, gəlirəm, son mətləbə... Bəlkə də dünyada indiyədək yazılmış ən nikbin bircə cümlə var: həyat davam edir... Bəli, dostlar, həyat davam edir və bunu kinoda da duymalıyıq. Sovet oldu, keçdi və bitdi! Yaxşısı ilə də, pisilə də...

Kiminsə yaddaşında daha çox yaxşılıqlar, kimininsə, əksinə pisliklər qaldı. Hərənin öz işidir və kimsəyə nəyisə zorla qəbul etdirmək fikrində deyilik.

Həyat davam edir və haqqımız yoxdur ki, sonrakı nəsillərə dəyərlərimizi, hətta təcrübəmizi belə zorla sırıyaq! Hamı həyatını özü yaşamalıdır. Yeni filmlər çəkilməli və yeni də kino yaranmalıdır, - sovet filmlərisə artıq tarixdir...

Mən soveti artıq görmüşəm – pisi də olub, yaxşısı da... İndisə yeni nəsə görmək istəyirəm.

Çox istəyirəm ki, indiki rejissorlar, ssenaristlər və aktyorlar elə bu dönəmin də görə bilmədiyim tərəflərini göstərsinlər – heç olmasa, bircə sözlə, işarə və baxışla. Necə deyər, arifə bir işarə də yetər...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)