vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
22:26 | 13 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəhənglər alternativlərə keçir

Külək və günəş enerjisi neft və qazı əvəz edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» qəzeti yeni təhlili hesabata əsasən yazır ki, yaxın onillikdə nəhəng neft və qaz şirkətləri investisiyalarının beşdə birini külək və günəş enerjisinə yönəldəcəklər.

Hesabatda deyilir ki, neftə olan tələbatın azalması və bərpa olunan enerji növləri sahələrinin sürətli inkişafı BP, «Shell» və «Total» kimi nəhənglər üçün həm hədə, həm də yeni imkanlar deməkdir.

Araşdırmanın direktoru Valentina Kretşçmar (Valentina Kretzschmar) deyib ki, artıq bərpa olunan enerji növləri qarşısıalınmaz inkişaf mərhələsinə qədəm qoyub.

Hesabatda deyilir ki, neft-qaz nəhəngləri bu meyli görür və ondan nəticələr çıxarmağa başlayırlar. Bu, əlbəttə, onların biznesi üçün böyük çətinliklər vəd edir.

Xammal ticarəti təhlilçilərinin hazırladıqları hesabatda deyilir ki, ən böyük enerji şirkətləri 2035-ci ilədək külək və günəş enerjisinə 350 milyard dollar xərcləyəcək. Bu da göstərilir ki, 2035-ci ilədək onların bazardakı payı neft və qaz bazarında olduğu kimi 12 faiz təşkil edəcək.

«Wood Mackenzie» firmasının ekspertləri isə bildirirlər ki, bu rəqəm hətta neft nəhəngləri üçün də çox yüksəkdir və buna görə də ağlabatan ssenariyə bənzəmir. Amma ekspertlərin fikrincə, buna baxmayaraq, bərpa olunan enerji növlərinə xərclər rahatca kapitalın beşdə biri qədər ola bilər.

«The Guardian» yazır ki, artıq indidən iri neft və qaz şirkətləri iqlim dəyişikliyi ilə bağlı siyasətlərinə düzəliş edirlər.

Məsələn, Norveçin «Statoil» şirkəti dünyanın ilk üzən külək platformasını Şotlandiya sahillərində dənizə buraxacaq. İndi «Statoil» üçün söhbət ofşor neft-qaz yataqlarından yox, ofşor külək stansiyalarından gedir.

«Shell» özünün may ayında keçirilmiş illik baş məclisində bir neçə iqlim dəyişikliyi və bərpa olunan enerji layihələrini müzakirə edib. Bu layihələrdən biri də Hollandiya sahillərində ofşor külək stansiyasının quraşdırılmasıdır.

«Wood Mackenzie» bildirir ki, bir çox neft və qaz şirkətləri bərpa olunan enerjinin onların varlığına yaratdığı təhlükəni başa düşüblər və siyasətlərinə dəyişiklik edirlər.

Kretşçmar deyir ki, «Exxon» şirkəti səhmdarlarının 62 faizi iqlim dəyişikliyi sahəsində daha şəffaf siyasətə səs verib.

BP şirkəti də «Wood Mackenzie» kimi proqnoz verib ki, qarşıdan gələn iki onillikdə bərpa olunan enerji növlərinə tələb daha sürətlə artacaq. Məsələn, illik artım reydi külək enerjisi üçün 6 faiz, günəş enerjisi üçün 11 faiz, neft üçünsə cəmi 0, 5 faiz olacaq.

«Wood Mackenzie» bunu da bildirir ki, bəzi yerlərdə külək və günəş enerjisi texnologiyaları o qədər ucuzlaşıb ki, subsidiyalara ehtiyac qalmır.

Kretşçmar əlavə edir ki, bərpa olunan enerji növlərinə Avropanın neft-qaz şirkətləri, Amerikadakılardan daha çox can atırlar, çünki ABŞ-da neft və qazın maya dəyəri daha aşağıdır.

«Statoil» şirkəti bildirir ki, indi onun enerji həlli departamentində 100-dək əməkdaş çalışır. Bu bölmə külək enerjisi və karbonun ixtisarı sahələri üzrə ixtisaslaşır. Fransanın Total şirkətinin günəş, bioyanacaq və batareyalarla işləyən bölümündə 13 min insan çalışır ki, buna da 2016-cı ildə 4, 7 milyard dollar xərclənib.

İngilis-Holland şirkəti «Shell» bildirib ki, 2020-ci ilədək bioyanacaqların, hidrogen və bərpa olunan başqa yanacaq növlərinin inkişaf etdirilməsinə 1 milyard dollar xərcləyəcək. Halbuki bu rəqəm ötən il cəmi 200 milyon dollar idi.

«Wood Mackenzie» bildirir ki, bərpa olunan yanacaq növləri hələlik onlara xərclənən pulun gətirdiyi xeyrin məbləğinə görə neft və qazdan iki dəfə geridə qalır, lakin iri şirkətlər neft və qaz gəlirlərindən külək stansiyalarının maliyyələşdirilməsi üçün istifadə edə bilirlər.

Hazırda neft və qazın gətirdiyi gəlirlər bərpa olunan enerjinin gətirdiyi gəlirdən 33 dəfə çoxdur, lakin bu fərq 2035-ci ilədək 13 dəfə azalacaq.