vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ANALİZ  
15:58 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 2929 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanı Suriyada daha ağır mərhələ gözləyir

İŞİD sonra əsas məsələ – Əsədlə silahlı müxalifətin köhnə haqq-hesabı gəlir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml noyabrın 18-də Soçidə Suriya xalqlarının konqresini təşkil etmək istəyir. Görəsən, Kremlin məqsədi nədir? Rusiya hakimiyyəti görür ki, Suriyada faktiki İŞİD terrorçularının əsas hissəsi neytrallaşdırılıb, terrorçuların nəzarət etdikləri ərazilər xeyli daralıb. Moskva qorxur ki, bundan sonra Suriya müxalifəti Bəşər Əsəd rejimi ilə çoxdanki problemlərini həll etməyə çalışacaq. Məsələ burasındadır ki, Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə həyata keçirilən Astana prosesi Əsədlə silahlı müxalifət arasında müvəqqəti atəşkəsin əsasını qoydu. Bu zamanın tələbi idi. Çünki ortada İŞİD kimi ortaq düşmən var idi. İndi isə ortaq düşmən yox olmaq həddinə çatıb. Demək növbəti mərhələyə keçib Suriyada hakimiyyət bölgüsü məsələsini gündəmə gətirməyin vaxtı yetişir. Bu mərhələdə isə Əsədi bəlkə də İŞİD-lə mübarizədən də ağır sınaq gözləyir. Əsəddən hakimiyyətini bölüşməyi tələb edəcəklər. Bu avtoritar rejim üçün asan məsələ deyil. Rusiya əbədiyyətə qədər Əsədi qorumaq istəmir, bu onun hərbi və diplomatik enerjisini sovurur, ancaq Suriyada elə bir rejimin davamını arzulayır ki, növbəti hakimiyyət Əsəd kimi Rusiya ilə müttəfiqliyə sadiq qalsın. Bunu həyata keçirmək Moskva üçün İŞİD üzərində qələbədən də ağır işdir.

Birincisi, Suriya müxalifəti rəngarəngdir. Heç də bütün müxalifət təmsilçiləri Soçidə toplanmağa isti yanaşmır, bunu Moskva ilə Əsəd rejiminin hiyləsi sayır. Buna baxmayaraq, Soçidəki toplantıya qatılan müxalifət təmsilçiləri də olacaq. Elə Moskva və Dəməşqin də əsas məqsədi odur ki, müxtəlif müxalifət təşkilatları arasında fikir ayrılığı yaratsın. Suriyada müxalifətə iddia edən qüvvələr Avropadan tutmuş, İstanbul, Dubay, Ər-Riyad və Qahirəyə qədər şəhərlərdə qərargahlar qurublar. Ona görə də müxtəlif yerlərdə qərar tutan müxaliflər arasında təfriqə yaratmaq Rusiya üçün çətin olmayacaq. Moskva «parçala və hökm sür» siyasətinin ustasıdır.

İkincisi, Rusiya hakimiyyəti Soçidə keçirməyi planlaşdırdığı konqresə Suriya kürdlərinin təmsilçilərini də dəvət etməyi planlaşdırır. Moskvanın bununla bağlı yanaşması belədir: «Suriya kürdləri də İŞİD-lə mübarizədə əzmkarlıq nümayiş etdirdilər, ona görə də bu real güclə hesablaşmaq lazımdır». Ancaq bu prinsipi Rusiya ilə birgə Astana dialoqunda iştirak edəcək Ankara qəbul edəcəkmi? Türkiyə hakimiyyəti haqlı olaraq Suriyada döyüşən kürd qruplaşmaları terrorçu PKK-nın törəmələri sayır. Həmin kürdlər bunu Raqqa şəhərini İŞİD-dən azad edərkən PKK lideri Abdullah Öcalanın böyük şəklini asarkən bir daha «sübut» etdilər. Bu baxımdan Rusiyanın «kürdlər də gəlsin» təklifini onun tərəfdaşı Türkiyə «PKK da gəlsin» kimi dəyərləndirib Moskvaya ciddi etirazını bildirəcək. Məsələnin başqa məqamı da odur ki, Suriyadakı kürd qruplaşmalara əsas hərbi dəstəyi ABŞ verdi. Amerika isə Rusiyanın rəqibidir. Ona görə də Moskva kürdlərdən danışarkən özü də amerikanpərəst kürdləri o birilərdən ayırmaq məcburiyyətində qalacaq. Bu isə Moskva üçün asan məsələ deyil.

Beləliklə, Rusiyanın növbəti Suriya həmləsi İŞİD-lə mübarizə qədər asan olmayacaq. Etiraf edək ki, Rusiya ordusu güclüdür və necə ki, ağır qanlar hesabına vaxtilə Çeçenistanı ram etdi, indi də eyni işi Suriyada başa çatdırmaq üzrədir. Sadəcə fərq ondadır ki, Rusiya Çeçenistanın tamamını ram etdisə, Suriyanı başqaları ilə bölüşmək məcburiyyətində qalıb. Suriyada ağır döyüşlər dövrü bitmək üzrədir. İndi diplomatiya dövrü gəlir və Suriyada barış üçün gərgin əmək sərf etmək lazımdır. Rusiyanın bunu bacaracağına dair ciddi suallarım var. Rusiya dağıtmağı və nəzarət etməyi yaxşı bacarır, Kreml bunu Ermənistanın torpaqlarımızı işğalı vasitəsilə də «sübut» edib. Ancaq quruculuq işi beyin oyunu və güzəşt deməkdir. Bunu Rusiya Suriyada bacaracaqmı? Çətin. Yəni elə ola bilər ki, Əsəd ordusu ilə silahlı müxalifət arasında vətəndaş müharibəsi başlasın. Rusiyanın İŞİD-lə silahlı mübarizədən fərqli olaraq Suriyaya budəfəki müdaxiləsi və silahlı müxalifəti neytrallaşdırmağa çalışması başqa dövlətin daxili işlərinə qarışması kimi dəyərləndiriləcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)