vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MEDİA-QHT  
23:11 | 12 noyabr 2017 | Bazar Məqaləyə 2722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sovet jurnalistikası və başabəla televiziyalarımız...

Məmurların marağında deyil, yazıçılar nə yazır, teatrda nə oynanılır, kinoda nə çəkilir ...

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Sovet ədəbiyyatı və kinosu haqqındakı yazıların ardınca sovet jurnalistikası barədə də yazmağım, principcə, təəccüblü görünməməlidir, ən azı ona görə ki, sadaladığım ilk iki sahədən fərqli olaraq jurnalistika mənə daha yaxındır və hətta özümü bu sahədə müəyyən qədər «mütəxəssis» də saya bilərəm.

Amma bilmirəm ki, həmin mövzuda əvvəllər də ara-sıra nəsə yazdığımdan idi və yaxud da başqa səbəbdən, hər halda, predmet məni elə də çəkmirdi.

Daha doğrusu, bir tərəfdən düşünürdüm, çətin ki, yeni və maraqlı nəsə deyə bilim.

Digər tərəfdənsə, kinodan, hətta ədəbiyyatdan fərqli olaraq, sovet jurnalistikası daha spesifik sahə idi və yenə də kinoya və ədəbiyyata rəğmən o, dövrün siyasi konyunkturasına, ilk iki sahə ilə müqayisədə siyasətə «bir köynək» yaxın idi və elə bu səbəbdən sovetizmin ideoloji təsirinə və nəzarətinə hissolunacaq dərəcədə artıq məruz qalırdı.

Bu da özünü ilk növbədəcə onda təzahür etdirirdi ki, bu sferada yaradıcılıq imkanları xeyli dərəcədə məhdud idi, çünki bir daha deyirəm ki, jurnalistika ətrafındakı nəzarət və təzyiq çərçivələri daha möhkəm idi və səbəbi də onunla bağlıydı ki, bu başıbəlalı sahə sovet rejiminin ideoloji ruporu idi.

Ona görə də ədəbiyyatdan, kinodan, musiqidən, ümumiyyətlə, mədəniyyətin bütün sahələrindən fərqli olaraq onun yadda qalan, parlaq səhifələri olduqca az idi və yaxud da demək olar ki, yox idi...

Ədəbiyyatdan və ya kinodan, eləcə də digər istiqamətlərdən söz düşərkən uzağı, rejimlə çarpışan və onun nəzarət şəbəkəsinin gözündən yayınaraq bizə nəsə çatdırmağa müvəffəq olan insanların yaradıcılığına üz tuta bilirik. Amma sovet jurnalistikası ilə bağlı heç bunu da etmək mümkün deyil, çünki hətta o vaxt «samizdat» deyilən fenomenin də ona dəxli və ya aiddiyyatı yox idi, sonuncu da sırf ədəbiyyatla bağlı idi...

Hələ onu demirəm ki, hətta sovetlərin süqutundan sonra yaranmış bəzi gənc dövlətlərdə belə indi də məmurları ədəbiyyatdan və kinodan daha çox jurnalistika «maraqlandırır»; onlar elə də fərqində deyillər ki, yazıçı və şair qardaşlarımız nə yazır, elə də maraq göstərmirlər ki, kinoçular nə çəkir, teatrçılar nə oynayır, amma jurnalistikanın hər addımını izləyirlər, çünki o, bilavasitə informasiya siyasəti, təbliğat və sözsüz ki, ictimai rəy deməkdir.

Bu ictimai rəy isə elə bir incə məsələdir ki, sən onunla hətta hesablaşmaya və onu nəzərə almaya da bilərsən, amma bilməyə və idarə etməyə bir növ, borclusan, çünki təkcə repressiv üsullarla cəmiyyəti idarə etmək olmur və bir az da insanları aldatmağı bacarmalısan. Bunu isə adətən mətbuat, radio və televiziya, son dövlərdəsə həm də internetin köməyilə edirlər.

Amma bütün bunlardan öncə bir məsələyə də aydınlıq gətirim. Principcə, sovet dövrünə, əgər belə demək mümkünsə, silsilə yanaşmam kiməsə başqa aspektdən də «maraqlı» görünə bilər. Hətta düşünə bilərlər ki, indikilərdən yazammır və o səbəbdən də düşüb sovetin üstünə...

Belə deyil. Əslində ədəbiyyatla və kino ilə bağlı bəzi məsələlər lap çoxdan beynimdə dolaşırdı, ən azı ona görə ki, bəndəniz də bir oxucu və tamaşaçıdır, özü də pis oxucu və tamaşaçı deyil.

Üstəlik, oktyabr inqilabının 100 illiyinin yaxınlaşması da məndəki həvəsi bir azca da artırdı, düşündüm ki, xeyli vaxtdır, sovet dövrünü və xüsusən də onun mənəvi – mədəni dəyərlərini heç çək–çevir etmirik, bir – iki yazıyla bunu etsək, hər halda, pis olmaz.

Etiraf edirəm ki, bunun müəyyən siyasi motivləri də vardı. Hələ də müəyyən qism insanlarımız, xüsusən də yaşlı nəsil hər dəfə sovetlərdən söz düşəndə dərin «ah» çəkib «Necə xoş əyyam idi!» deməkdən özlərini saxlaya bilmirlər...

İkincisi, şanlı məmurlarımızın çoxunun indiki qaydalar və yeni «imkan»lar quru sovet prinsiplərindən daha çox üərəyincə olsa da və onlar iqtisadiyyatda ən azı məcburiyyət üzündən müəyyən dəyişikliklər aparsa da, bunu idarəçilik fəlsəfəsi və siyasi mədəniyyətlə bağlı demək olmur, başbilənlərimiz və idarəedənlərimiz siyasi düşüncə sarıdan bizim homo soveticusdan çox da uzağa getməyimizdə elə də maraqlı deyillər...

Qərəz, sovetin kabusu, yenə də adda-budda, orada –burada başımız üstdə dolaşır və bu səbəbdən də fikirləşdim ki, mən də ona bir daş atsam, heç də faydasız olmaz. Ona görə də bir az əvvəldəcə qeyd olunan iki yazını yazdım.

Fəqət, elə bu iki yazıda da dayanmaq istəyirdim ki, birdən tanınmış diktor və çox maraqlı da bir insan olan Rafiq Hüseynlinin ölüm xəbərini eşitdim və qərara gəldim ki, sovet junalistikası, xüsusən, onun televiziya və radio kimi çox spesifik sahələri haqda anladığım bır sıra məqamları bölüşüm.

Belə götürəndə, jurnalistikamız da tarixi spesifika baxımından həm ədəbiyyatımızla, həm də kinomuzla səsləşir. Məsələn, milli mətbuatımız sovetə qədər də mövcud olub, özü də kifayətcə dərin ənənələri olub, üstəlik, novatorluğu və fədakarlığı ilə də seçilib.

Amma kinomuz kimi radio və televiziyamız da sovetin vaxtında yaranıb. Elə bu səbəbdən də bu faktla hesablaşmaya bilmərik, çünki ən azı bu sahələrin texnikası baxımından həmin dövrün təcrübəsini də öyrənmək zorundayıq.

Çünki bütün yaradıcı sahələrin həm də bir peşə və yaxud da texnika tərəfi də olur ki, onlar bir növ, siyasi rejimlərdən asılı olmur. Bu, bütün sahələrə aiddir, istər kino olsun, istər ədəbiyyat və yaxud da bəstəkarlıq və ya da rəssamlıq!

Elə «məktəb» deyiləndə də ilk növbədə məhz bu, nəzərdə tutulur. Məsələn, fırçanı necə tutmaq, işığı və kölgəni necə vermək, rəngləri necə almaq – aydındır ki, bunlar bütün dövrlərin rəssamlığına aiddir...

Eləcə də bəstəkarlıq və hətta bədii yazı texnikasını da bura əlavə etmək olardı. Məsələn, sən sovet yazıçısı və yaxud müstəqil dövlətin yazarı ola bilərsən, amma əvvəlcə bilməlisən ki, şeir nədir və hekayə nə olan şeydi, yaxud da roman nə məsələdir...

Bunu eynilə jurnalistikaya da və xüsusən də onun radio və televiziya kimi sahələrinə də aid etmək olar. Bir az əvvəldə tanınmış diktorumuz və bir daha deyirəm ki, çox maraqlı insan olan mərhum R.Hüseynlinin adını çəkdim.

Düzünü desəm, diktorluq sənəti haqda elə də yüksək fikirdə deyiləm. Amma az öncə dediyim sırf texnika baxımından burada da öyrənməli çox şey var: məsələn, səlis Azərbaycan nitqi, sanballı efir görünüşü və s. və i...

Bunlarsız, bunları bilmədən və ya nəzərə almadan efirə çıxmaq cinayətdir, çünki televiziya jurnalistinə yüz minlərlə adam baxır, radio aparıcısını minlərlə insan dinləyir!

Belə öyrəniləsi texniki detallar vaxtilə yazılı jurnalistikada da vardı. Bəlkə də inanmazsınız, sovetin vaxtında insanlar orfoqrafiya qaydalarını və yazı üslubunu mətbuatdan – qəzet və jurnallardan öyrənirdilər!..

Amma ki, bütövlükdə götürəndə, təbii, sovet televiziyası və radiosu, eləcə də mətbuatı, əsasən totalitar quruluşun ruporu idi. Buradan hər gün insanlara bir - iki maraqlı xəbərlə bahəm minlərlə də yalan ötürülürdü!..

Sovet quruluşuna da sovet jurnalistikası yalnız bircə məqsəd üçün - yalanı yaymaq və tirajlamaq üçün lazım idi! Biz niyə bunu unudur və ya inkar edirik?

Bir daha deyirəm ki, sovetin jurnalistikasında da nəsə tapmaq olar, amma bunlar daha çox sırf texnika ilə, jurnalist texnikası ilə bağlı olan məqamlardır.

Məsələn, daha bir detalı deyim. Sovet vaxtında bir siyasi şərhçi vardı – Aleksandr Bovin. Həm də televiziyada «Beynəlxalq panoram» verilişini aparırdı. Dünyanın hər yerindən xəbərdar idi!..

Təbii, o, da sözünün sərhədlərini yaxşı bilir, nə danışdığının fərqində idi, rejimlə kəllə-kəlləyə gəlməkdən də tamam uzaq idi.

Daha doğrusu isə, bir dəfə rejimin tabularını azacıq pozmuşdu və elə buna görə də onu götürüb Mərkəzi Komitənin aparatından «İzvestiya» qəzetinə atmışdılar ki, səndən aparat işçisi çıxmaz, get, jurnalistika ilə məşğul ol!..

Bu adamı nədən xatırladım? Sözsüz, indi xeyli əcnəbi politoloq və ya siyasi analitik tanıyıram. Amma bizim guya ki, «politoloq»luq və yaxud «analitik»lik edən bir sıra insanlarımıza baxanda həmin A.Bovin yadıma düşür və onlara demək istəyirəm ki, heç olmasa, onun kimi məlumatlı və intellektli olun!

Başa düşürəm, sizləri efirə yalnız tərifçün buraxırlar, amma bunu da elə edin ki, adamda heç olmasa, təəssürat yaransın ki, bəli, kişi məlumatlı və savadlı şəxsdi!

İnsanları aldadanda da bunu savadlı bir şəkildə etmək lazımdır ki, ən azı nəticəsi olsun...

Qərəz, sovet jurnalistikasının «incə»liklərilə çox da yormayacam sizi, çünki o dövrün jurnalistikasında qiymətli saydığım bəzi məqamları artıq çatdırdım.

O ki qaldı çağdaş jurnalistikamıza və onun sovet jurnalistikasına münasibətinə, üzümüzü az - çox ağ edən yenə də yazılı jurnalistikadır. Televiziyalarımız və radiolarımız isə elə həmin sovetin vəziyyətindədir və hətta ondan da bedtərdir, çünki sovetin vaxtında, heç olmasa, jurnalist texnikası, dinləyicidə və tamaşaçida inandırıcı təəssürat yaratmaq üçün savadlı və məlumatlı görünmək zərurəti vardı. İndisə hətta bu da yoxdur, yetər ki, beş–üç müğənnilə «mırt» vurmağı bacarasan,- bir də görəcəksən ki, olmusan lap efir ulduzu...