vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
09:12 | 19 iyul 2018 | Cümə axşamı Məqaləyə 6650 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarpız qızıla dönüb, xəbəri yox fermerlərin

Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı ...

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

İyul ayının ortaları olsa da, bazarlarda hələ də qarpızın qiyməti enməyib. Satıcılar bu giləmeyvənin kiloqramını 60-70, hətta bəzi növlərini 1-1,5 manata təklif edirlər. Məsələn, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Setkalı bazar”da qarpızın kiloqramı 60 qəpikdir. Köhnəlmiş, görünüşü o qədər də xoşagələn olmayan qarpızları isə kiloqramı 50 qəpikdən almaq olar.

Marketlərdə də qiymətlər bazardan ciddi şəkildə fərqlənmir. Demək olar ki, əksər supermarketlərdə və meyvə-tərəvəz köşklərində qarpızın kilosu 60-70 qəpiyə satılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətin iki–üç dəfə baha olması deməkdir. Digər tərəfdən, küçələrdə əvvəllər addımbaşı rast gəldiyimiz qarpızla dolu yük maşınları da demək olar gözə dəymir. Satıcılar qiymət artımını elə bu amillə, məhsulun qıtlığı ilə əlaqələndirirlər.

Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən meyvə-tərəvəz mağazasının sahibi virtualaz.org-a deyir ki, bu mövsümdə satışa çıxarılan qarpızın çox az hissəsi Sabirabaddan gəlir. Rayonda indiyə qədər qarpız əkilən sahələrdə artıq fermerlər pambıq plantasiyaları salıblar.

“Hər il ən çox və ən keyfiyyətli qarpız Sabirabaddan gəlirdi, amma bu il demək olar ki, Sabirabad qarpızına rast gəlinmir. Bazarlara qarpız daha çox Bərdədən, Saatlıdan və başqa rayonlardan gəlir. Sabirabadda fermerlərə şərt qoyublar ki, sahələrinin ən azı yarısını pambıq plantasiyası eləsinlər. Kim pambıq əkməyə razılaşmırsa, ümumiyyətlə, qarpız da əkməyə qoymurlar. Ona görə də belə vəziyyət yaranıb. İllərlə qarpız əkən, bu işin peşəkarı olan adamlar qalıblar əliboş...”, - deyə adını söyləmək istəməyən həmsöhbətimiz bildirir.

Digər satıcı Məhəmməd Səfərov isə qiymətin yüksək olmasını məhsulun “Meyvəli” bazarından baha alınması ilə əlaqələndirir. Onun sözlərinə görə, kiloqramı 60 qəpiyə satdıqları qarpızı topdansatış mərkəzindən 50 qəpiyə alırlar: “700 kiloqram qarpız almışam, kiloqramını mənə 50 qəpikdən veriblər. Mən topdan aldığıma görə hələ ucuz veriblər, siz getsəniz 60 qəpikdən aşağı ala bilməzsiniz. Allaha and olsun ki, burada qazancım həmin 10 qəpikdir. Əgər onu da qazana bilsəm. Hər reysdə azı 7-8 qarpız kal çıxır, çünki qapalı məhsuldur, kim bilir içində nə var. Müştəri də vurub qoltuğuna qaytarır geri. Bunu da hesablasaq, bizə xeyirdən çox ziyan qalır”.

Bazardakı qarpız alverçiləri də məhsulun qıt olmasından şikayətlənirlər. Onların sözlərinə görə, qiymətlərin əhalinin cibinə uyğun olmaması onların da ziyanınadır: “Bollaşmayıb, ona görə bahadır. Baxın, bu bazarda cəmi iki yerdə qarpız satılır. Hər il Sabirabaddan tonlarla qarpız gəlirdi, ilin bu vaxtı demək olar ki, əksər meyvə-tərəvəz satanların piştaxtasında qarpız görərdin. Bol olduğuna görə kilosu 20 qəpik olurdu. Müştəri də alırdı, biz də qazanırdıq. İndi kilosu 60-70 qəpiyə heç kim yaxın gəlmir...”, - deyə satıcı Badam Xələfova bildirir.

Meyvə-tərəvəz mağazalarının birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla da qarşılaşdıq.  Və əlbətdə ki, dərhal söhbət builki qarpızların keyfiyyətindən düşür. E.Hüseynov məsləhət görür ki, nə ucuz, nə baha, ümumiyyətlə qarpız almasaq yaxşıdır. Çünki qarpızın tərkibində nitratın miqdarı normadan dəfələrlə çoxdur və onun təşkilatına əhalidən çoxsaylı belə şikayətlər daxil olur.

E.Hüseynov əlindəki nitratölçən cihazla  elə mağazadaca bir neçə qarpızı yoxladı. Məlum oldu ki, qarpızın hər kiloqramına düşən nitratın miqdarı normadan iki dəfə çoxdur.

“Hər kiloqramda nitritin miqdarı normalda 60 mq olmalıdır. Amma bu qarpızda özünüz də gördünüz ki, 149 mq-dır. Bizim keçirdiyimiz reyd zamanı bundan daha acınacaqlı nəticələrlə qarşılaşdıq. Hətta “Yaşıl bazar” kiloqramına düşən nitritin miqdarı 300 mq olan qarpızlar da tapıldı. Bu isə çox təhlükəlidir. Əgər immuniteti yüksək olan adam bir sutka ərzində bundan təxminən 3 kiloqram yesə zəhərlənər. Zəif orqanizmi olan və ya qrip olan adam, o cümlədən azyaşlı bundan bir kiloqram yesə zəhərlənər. Az yedikdə zəhərlənmə verməsə belə, zəhərli maddələr oynaqlara yığılır”, - deyə AİB sədri bildirir.

E. Hüseynov deyir ki, qarpızın bol olmaması həm də istixanada yetişdirilən qarpızların bitməsi ilə əlaqədardır. Hələ bostanda yetişən məhsul çıxmadığından qarpız az tapılır və bu da qiymətin qalxmasına səbəb olur.