Talançılıq, rüşvətxorluq, yerlibazlıq ...
Mübarizə ona nifrət edənlərlə ona satılanlar arasında gedirdi
Xeyli vaxtdır yazırıq və söyləyirik ki, çox ciddi ideoloji boşluqdan keçirik... Uzun müddət hakimiyyətdə olan və yüksək post tutan məmurların bir çox məsələlərdə ciddi yanlış strateji xətt yürütmələri nəticəsində ölkəyə o qədər zərbə vuruldu ki, bir gün bu zərbənin ən böyük qurbanı elə özləri olacaqlarını anlamadılar. Və oldular da.
Son günlər kütləvi müzakirə mövzusuna çevrilən məsələlərdən biri də prezident aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin şiddətli şəkildə tənqid olunmasıdır. Bu mənə sovet dövrünü çox xatırlatdı. Doğrudur, sovetin süqutu prosesi mənim uşaqlıq və yeniyetməlik illərimə təsadüf edib, lakin mən sovet tarixini yaxşı bilirəm. Hər yeni gələn sovet rəhbəri özündən əvvəlki rəhbərliyi tənqid atəşinə tuturdu, sosialist inqilabına xəyanətdə suçlayırdı. Bu ənənəyə sadiq qalan kiçik sovet məmuru da öz növbəsində sələfini tənqid edirdi və bütün gündəlik iş hesabatlarını belə, bu tənqidlərlə başlayırdı. Stalin əvvəlki inqilabçıları vətənə xəyanətdə suçladı, Leninə bir söz deyə bilməsə də, Krupskayanı vurdu, Xruşşov Stalini və ətrafındakıları vətənə xəyanətdə suçladı, Brejnev Xruşşovu kəskin tənqid edib lağ obyektinə çevirdi, Qorbaçov isə ümumiyyətlə sovet rəhbərlərini tənqid edirdi...
Təəssüf ki, tarixin arxivinə gömülən sovetlərin bu iyrənc ənənəsi bəzi müstəqil dövlətlərdə bu gün də davam etdirilir. Bu, çox qorxulu tendensiyadır.
Heç şübhəsiz, Ramiz Mehdiyevin və onun komandasının etdikləri ən şiddətli tənqidi belə, geridə qoyur. Talançılıq, rüşvətxorluq, ailəbazlıq, yerlibazlıq kimi dövlət idarəçiliyində yol verilməyəcək bütün bu kimi nöqsanlar bu komandanın işində yer almışdı... Məhz onun 25 ildən çoxdur ideoloji və siyasi rəhbərlikdəki hegemonluğu və yürütdüyü boz xətt nəticəsində formalaşan siyasi münasibətlər sisteminə baxanda bir daha əmin olursan ki, bu sahədə biabırçı bir vəziyyət hökm sürür (Onu da nəzərdən qaçırmayaq ki, biz 30 illik yeni qurulan bir ölkəyik...). Bu müddət ərzində vətəndaş cəmiyyəti institutlarını sıradan çıxardılar, müxalifət partiyalarının normal şəkildə fəaliyyətinə imkan vermədilər, mətbuatı sıradan çıxardılar, ölkədə bu dövləti sevən, inkişafını istəyən və bu üzdən də məsələlərə tənqidi yanaşan hər kəsi xalq düşməni elan elədilər. Bazar açdılar, aldılar, satdılar, istifadə edib sıradan çıxardılar və satılanlarla satılmayanlar arasında savaş yaradıb kənara çəkildilər... Əsas odur ki, savaşın digər tərəfi özləri deyildi... Mübarizə onlara nifrət edənlərlə onlara satılanlar arasında gedirdi...
Savaşanlar isə bir şeyin fərqində olmadılar - XALQ elə ONLAR idi - satılan və satılmayanlar...
Ölkənin taleyinə biganə olmayan aktiv ictimai-siyasi fəaliyyət göstərən xadimlərin sıradan çıxarılma prosesi gedirdi... Yerində isə yeni, süni yetişdirdikləri "siyasətçilər" var idi..
Bütün bu aparılan ağrılı prosesin sonu nə
oldu, bilirsinizmi?
Yalançı qəhrəmanlar yetişdi, namərdi qovub mərd elədilər, söyüş söyənlər bizim
Avropadakı vətən sevənlərimizə çevrildilər, öz dilində danışa bilməyən, azadlıq
hərəkatını lağa qoyan, milli dəyərlərə saldıran adamlar cümhuriyyətçilik fikirləri
altında partiya qurub qəhrəmana çevrildilər, müstəqil mətbuatı tamamən sıradan
çıxardılar. Indi məlum olur ki, vüqarsəfərlilər, əlihəsənovlar nə milyonlar mənimsəyib
medianı özəlləşdirməklə…
Süni yetişdirdikləri gənc “nurçu”, “fətoçu” siyasiləri populyarlaşdırıb hücrədə saxladıqları digər adamları ilə bu gün hücrəni açib vuruşdurmağa başladılar... və bütün bunlardan ən çox zərəri təkcə xalq görmədi, elə indi hakimiyyətin özü də görür... Görməsəydi, millət vəkili olan partiya sədri həyəcan təbili çalmazdı... Bəs yaxşı, indi proses necə getməlidir?
Bu gün ölkənin düşünən beyinləri, ictimai siyasi təfəkkürü olan şəxslər, aydınlar, şair, yazıçı və s. söz demək, fikir söyləmək potensialı olan insanların çox böyük əksəriyyəti ya nifrət qusur, ya kəskin aqressiya göstərir, bəzilərinin psixoloji durumu pozulub və elə vəziyyətə gətirilib ki, nə etdiyinin fərqində belə deyil...
Elə bir toplum formalaşdırdılar ki, deyir ancaq söy, aqressiv ol ki, səni bəyənim. Amma nə olur-olsun, düşündürəcək bir şey demə! Onu oxumağa təhəmmülüm, qəbullanmağa səbrim yoxdur.
Və belə bir aqressiv durumda isə sovetin ölməyən iyrənc ənənəsi ilə tənqid səbrləri daha da tarıma çəkir. Ona görə tarıma çəkir ki, bir çox hallarda bu tənqidlər xalqın içində nüfuzu olanlar tərəfindən deyil, əksinə heç bir nüfuzu olmayan şəxslər tərəfindən aparılır.
Əslində, bu tənqidlər tənqid şəklində deyil, "vur, oğlan" formatında aparılır. Tənqid edənlər kiməsə xoş gəlmə yarışına giriblər.
Şübhəsizdir ki, tənqid dövlət idarəçiliyində strateji məsələdir.
Məhz müxalifət partiyalarının, vətəndaş cəmiyyətlərinin, müxtəlif qeyri-hökumət qurumlarının müstəqil formalaşması ona görə vacibdir ki, hakimiyyət sağlam şəkildə tənqid edilsin və dövlət üçün faydalı nəticələr çıxarılsın.
Hakimiyyət bunu etməyəndə, gözə almalıdır ki, hər vəzifədən çıxarılan söyüş hədəfinə çevriləcəkdir. Deməli, bu metoddan artıq imtina edilməlidir.
Nə qədər ki cəmiyyətdəki ab-havaya nəzər yetirilmir, hakimiyyətə yeni təyin olunan gənc kadrlar media və sosial şəbəkə vasitəsi ilə hakimiyyət və xalq arasında körpü rolunu oynaya bilmir, özünü bu sovetdən qalma prosesin qurbanına çevirir, o zaman hələ güvənli və dövlət təfəkkürlü kadr problemi çox uzun sürəcək...
Nəhayət, unutmayaq ki, qurulduğu ilk illərdən qaranlıq və cəhalət məkanında təşəkkül tapan sovet hökuməti standart həyat tərzini təbliğ edərək və bu yolla gedərək uğursuzluğa düçar oldu və sonda çökdü. İnkişafdan qalan sistem özü özünü məhv elədi. Biz o zaman qalib və güclü olacağıq ki, sovetin bütün iyrənc metodlarından imtina etməyi bacaraq.
Sizə həqiqi tənqidmi lazımdır, cənab hakimiyyət?
O zaman şərait yaradın və əl uzadın...