vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
17:55 | 18 iyun 2022 | Şənbə Məqaləyə 773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üzlərinin sayı itmiş siyasət

İran satılmışlarla Bakıda nəyi almaq istəyir?

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Həddən ziyadə qədim, kökü Babilistana dayanan deyimlərdən birində balığın başdan iy verməyə başladığı söylənir. Ola bilər və əslində, belədir.

Amma İran İslam Respublikasında Azərbaycana münasibətlər müstəvisindəki siyasət balığı başdan yox, quyruqdan iy verir.

Kəsif teokratiya, başqa dövlətin işlərinə aşkar müdaxilə və siyasət həyasının pərdələrini dələrək toz basmış şovinizmi aşkarlayan bir qoxu.

Üfunəti yayanlar az deyil və onlar faktiki olaraq İran rəhbərliyinin Azərbaycanla bağlı verdiyi bəyanatlarla razılaşmadığını, Tehran-Bakı münasibətlərindəki inkişafı əsla təqdir etmədiklərini vurğulayırlar.

Məsələn, Azərbaycana xüsusi antipatiyası ilə tanınan siyasi şərhçi Əliəkbər Raefipur sosial şəbəkələrdə sürəkli olaraq “Şimali Azərbaycanın ram edilməsi” ilə bağlı çağırışlar edir.

Onun sözlərinə görə, İran artıq Azərbaycanda “xüsusi könüllü silahlı dəstələr yaradıb” və bu dəstələr də “imperializmə satılmış Bakı rejimini devirməlidir”.

Ərdəbilin imam-cüməsi, İranın ali dini rəhbəri Əli Xamneyinin nümayəndəsi Həsən Amili də mahiyyət etibarilə eyni, amma formaca nisbətən diplomatik çağırışları ilə tanınsa da, Bakıya ünvanlanmış “şirin quyğunu ilə oynamayın” hədəsi ilə tanındı.

Şir dedikdə o, İranı nəzərdə tuturdu və vurğulayırdı ki, əgər rəsmi Bakı bölgədə Tehranın maraqlarını nəzərə almazsa, “Azərbaycanın vəziyyəti heç yaxşı olmaz”.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian məntiqlə, diplomatdır, soyuqqanlı olmalıdır və ölkədəki “mühafizəkarlar” kəsiminin Bakıya qarşı tutduğu aqressiv mövqedən, marazmatik ritorikadan kənar olmalıdır.

Fəqət, o da vəzifəyə təyin olunduğu, postda rasional və praqmat Cavad Zərifi əvəzlədiyi ilk gündən bəri tam 24(!) dəfə Bakının ünvanına əsla birmənalı sayılmayan bəyanatlar səsləndirib.

Bütün bunların səbəbi nədir?

Maraqlı sual olduğuna görə, cavab aramağa çalışaq.


İki üzlü yox, üzlərinin sayı itmiş siyasət


İran İslam Respublikasında hazırda təqribən 39 milyon azərbaycanlı yaşayır. Soydaşlarımız İranın demək olar ki, bütün bölgələrindədir.

Daha konkret, dəqiq statistikaya gəldikdə paytaxt Tehranda 8,26 milyon, Qərbi Azərbaycan vilayətində 4,2 milyon, Şərqi Azərbaycanda - 5,15 milyon, Həmədanda - 2 milyon, Zəncanda - 1,75 milyon, Qəzvində - 1,57 milyon, Ərdəbildə - 1,77 milyon, Gülüstanda - 1,95 milyon, Əlborzda - 4,1 milyon, Savada - 430 min, Ərakda - 670 min, Qumda - 1,17 milyon, İsfahanda - 1,171 milyon, Kürdüstan vilayətində 500 min, Xorasan-Rəzavidə isə 4,67 milyon soydaşımız ömür sürür.

Ermənilərə gəldikdə isə, İranda təqribən 100 min erməni var.

İranın Konstitusiyasına görə, ölkədəki bütün vətəndaşlar eyni hüquqlara malikdir. Ölkənin ali qanununun 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan və fars olmayanların arasında sadəcə, ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər.

Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni qriqorian kilsəsinin İranda 3 yeparxiyası və 42 kilsəsi (!) var.

Bütun bunların müqabilində İrandakı klerikal hakimiyyət Azərbaycan dilində tədrisi yasaqlayıb, yüzlərlə soydaşımızı ana dilində təhsil almaq istədiyi və ya öz ana dilində danışdığı üçün həbs edir.


44 günlük sınaqdan keçməyən Tehran


44 günlük İkinci Qarabağ Müharibəsi İrandakı hakimiyyət üçün sınaq oldu.

Sadəcə, bir fakt: Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 nəfəri həbs etmiş, fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarmışdı.

Müharibə günlərində İran rəsmiləri Azərbaycanın haqq savaşını dəstəkləyən bir bəyanat (!) da vermədilər. Bilaəks, “tərəfləri sülhə çağırırıq” tipli amorf bəyanatlar səsləndi.

Savaş bitdi, İran sərhədlərimizin yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başladı.

Halbuki son 30 ildə İran sərhədimizdə belə təlimlər keçirməmişdi.

Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən heç bir təlim keçirilmirdi? Niyə bu biz bu torpaqları azad edib 30 illik əsarət və işğala son qoyandan sonra edilir?

Suala rəsmi Tehran hələ də cavab verməyib.


Bağırzadə oyunu, media əllaməçiliyi


İranda xüsusi xidmət strukturlarının Azərbaycandakı proseslərə təsir etmək üçün sosial şəbəkələrdən, xüsusilə də İranın özündə yaradılan media qurumlarından istifadə edir.

Ölkəmizə qarşı xüsusi aktivliksə sosial şəbəkələrdədir və burada fiqurant, daha doğrusu, marionet rolunda Azərbaycandan qaçaraq İrandakı ağalarına sığınan binəvalardır.

İranın “Arannews”, “Dana”, “Farsnews”, “Shia-news”, və “Qafqaz” kimi informasiya resursları fasiləsiz olaraq Azərbaycana qarşı yönəlmiş propoqanda ilə məşğuldur.

Həmin resurslarda son illərdə əksər hallarda müxtəlif başlıqlı olsa da, mətnləri eyni olan “xəbər” və “şərh”lərdə Azərbaycanda müsəlmanların “təxzyiqlərlə təqiblərə məruz qalması” refren təki təkrarlanır.

Xüsusi diqqətsə Azərbaycanın Qərb ölkələri, ABŞ, Türkiyə, Pakistan və İsraillə əlaqələrinə həsr olunub.

Ekstremist “Müsəlman Birliyyi Hərəkatı”nın rəhbəri, hazırda həbsdə olan Taleh Bağırzadə isə adıçəkilən resursların daimi “qəhrəman”ıdır.

İranın xüsusi xidmət orqanlarının yaradaraq tam idarə etdikləri təşkilatlar arasında yer tutan “Hüseyniyyun”un üzvləri Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədov haqlarında Azərbaycanda cinayət işləri açılaraq, axtarış elan olunsalar da, Tehranda özlərini çox asudə hiss edirlər.

Onlar az qala hər gün “YouTube” videoservisi vasitəsilə çıxışlar və çağırışlar edir, sosial şəbəkələrdə ölkəmizə qarşı aşkar ekstremist fəaliyyətlə məşğul olurlar.


Səfirliyin önündə tragikomediya


İranın ölkəmizdəki səfirliyinin binasının qarşısında Taleh Bağırzadəyə dəstək məqsədilə keçirilmiş aksiya da təsadüfi hadisə, qəfil olay deyil.

Bu aksiyanın sifarişçisi, təşkilatçısı və idarəçisi Tehrandadır, daha dəqiq olsaq, İran hakimiyyətindəki klerikal mühafizəkar və aqressiv düşərgədir.

Onlar ekstremizmdə suçlanmış T.Bağırzadəni az qala “millət fədaisi”, “siyasi” və “vicdan məhbusu” qismində təqdim edir, onun  “rüşvətxorluğa qarşı mübarizə aparmaq, imam Hüseyn əzadarlığı, Allahın əmri olan hicabı müdafiə etmək və onu yaymaq” və s. bu kimi digər amillərə görə həbs edildiyini iddia ediblər.

Halbuki Taleh Bağırzadə və ona yaxın şəxslər Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişmək və dini dövlət qurmaq, bu istiqamətdə silah və partlayıcı maddələr əldə etməklə ölkədə terror aktları törətməyə cəhd etdikləri üçün həbs ediliblər. Azərbaycan hüquq-mühafizə orqanlarının 2015-ci ildə Nardaranda bu radikal dini qruplaşmaya qarşı keçirdiyi əməliyyat nəticəsində isə 2 polis islamçıların odlu silahdan açdığı atəş nəticəsində həlak olmuşdular.  Bu isə bir daha Taleh Bağırzadənin Azərbaycan Respublikası ərazisində şəriət dövləti yaratmaq istiqamətində silahlı müqavimətə hazırlaşdığını bir daha nümayiş etdirirdi.

Səfirlik önündəki aksiya əslində bu olayı idarə edənlərin illərdən bəri səsləndirdikləri, Azərbaycanda dövlət çevrilişə cəhdlərin məcmusu olan çağırışların yeni təqdimatıdır.

İranda ölkəmizə düşmən kəsilmiş siyasətçilərin, məmurların, din xadimlərinin, hərbçilərin və s.-nin hədəfləri Azərbaycanın konstitusiyada sekulyar dövlət kimi nəzərdə tutulmasıdır. Agentliklər bununla ölkənin konstitutsion quruluşuna müdaxilə edərək, əslində Azərbaycanda “şiə mərkəzli dini dövlət”in qurulmasının “daha doğru” olduğu fikrini təlqin edirlər. 

Məhz bu səbəbdən Azərbaycan vətəndaşlarının sekulyar yaşam seçimi “yüngül həyat tərzi” qismində təqdim olunur.

İş o yerə çatıb ki, Təbrizin mərkəzi məscidindəki cümə namazlarından birindəki xütbədə deyilib: “Rəqs etmək, spirtli içki qəbul etmək, eyş- işrətlə məşğul olmaq, eləcə də məst müğənniyə yüz dəfə qulaq asmağın əksinə olaraq, Allahdan, hicabdan, Allahın qayda- qanunlarından, Məhəmməd peyğəmbər və Fatimə Zəhra və imamlardan danışan insanlara diqqət ayrılmalıdır və onların qədri bilinməlidir”.


Səbəblər...


İran hələ də Azərbaycanı öz tarixi ərazisi kimi gördüyündən “Arazın bu tayındakı Azərbaycanın” müstəqil, dünyəvi və demokratik olmasını öz ərazilərinə təhdid sayır.

Azərbaycanı Livan, Bakını da Beyrut kimi görmək istəyən İran Yaxın Şərqdəki qanlı savaşların və qarşıdurmaların girdabına düşməklə yanaşı, anlayır ki, zəifləyən, amma çox qüdrətli olduğunu fasiləsiz vurğulayan və regional dövlət statusundan çıxıb yüksələ bilməyən ölkədir.

Tehran onu da dərk edir ki, İkinci Qarabağ Müharibəsində Azərbaycanın tam qələbəsindən sonra bölgədə başlanan və aramsız sürətlənən geosiyasi proseslərdən faktiki olaraq kənarda qalmaqdadır.

Kapitulyasiyaya uğramış Ermənistanla tərəfdaşlığın uğursuz, əməkdaşlığın isə mənasız olduğunu İran çox gec olsa da, anlayır və bu səbəbdən Bakı ilə münasibətlərin yeni formatını arayır.

Axtarışlar nəticə verə bilər: bir şərtlə ki, İran hakimiyyəti iy verən quyruğundakı mikrobların təmizlənməsinə başlaya.

Əks təqdirdə heç nə dəyişməyəcək: köhnə mollalar, köhnə və özündən başqa, kimsəni qorxuda bilməyən Tehran...