vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
09:46 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 2013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovski - dəli, yoxsa hiyləgər?

Vəfa Quluzadə: «Əgər Rusiya NATO-ya qalib gəlib Ukraynanı fəth etsə, onda ardınca bizim növbəmizdir»

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski yenidən Qarabağın Rusiyaya birləşdirilməsi planından danışıb. O, Dövlət Dumasında jurnalistlərə verdiyi açıqlamada ABŞ və Qərbin Rusiyanı sanksiyalarla hədələməsinin mənasız olduğunu, bu sanksiyaların əslində onların özlərinə zərbə vuracağını deyib.

Jirinovski bundan öncə də Krım hadisələrindən ilhamlanaraq Qarabağın Rusiyaya birləşdirilməsini təklif etmişdi. Onun bu avantürası hətta işğalçı Ermənistanda da etirazla qarşılanmışdı. Bu dəfə isə Jirinovski deyib ki, muxtar respublikaların vaxtilə SSRİ-nin tərkibində qalmaq hüququ var idi. «Biz xalqın səs verib yeni dövlət yaratdığı və ya Rusiyaya birləşmək istədiyi istənilən ərazini tanıyacağıq. Qarabağ Rusiyaya birləşmək istəsə, qəbul edəcəyik» - deyə o bildirib. Xəstə təxəyyül sahibi olan Jirinovski hesab edir ki, Azərbaycanla Ermənistan onsuz da öz aralarında razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı Qarabağı Rusiyaya birləşdirməkdir.

Gülüstan sülh müqaviləsinə istinad edərək Qarabağın Rusiyaya birləşdirilməsi çağırışı ilə ilk dəfə ötən ilin payızında Zori Balayan prezident Putinə yazdığı açıq məktubla çıxış etmişdi. Ancaq Z.Balayandan fərqli olaraq Jirinovski Rusiya dövlətində mühüm post tutur və onun dediklərinə əhəmiyyət verməyib sadəcə «axmaq», «xəstə» deməklə ötüb keçmək düzgün deyil. Ən azı Jirinovskinin tutduğu mövqe onun hər sözünə ciddi reaksiya verməyi, sərt təpki bildirməyi zəruri edir. Bir sıra hallarda bu adam özünü dəliliyə qoyaraq Rusiya siyasətinin prioritetlərini açıqlayır, necə ki, Krımın ilhaq anonsu da ondan gəlmişdi. Və bu necə «dəli», «qeyri-ciddi» adamdırsa, Putin onunla tez-tez görüşür...

Düzdür, son günlər Jirinovskiyə qarşı tədbir görülməsi ilə bağlı təşəbbüslər müşahidə olunur. Məsələn, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin («AzərRos»un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Jirinovskinin son çıxışları ilə bağlı Dövlət Dumasının etika komitəsinə müraciət edəcəyini deyib. Bundan sonra isə o, Rusiya Baş Prokurorluğuna şikayət edib. Ancaq Jirinovskinin Azərbaycana qarşı sərsəm açıqlamalarına ən azı Azərbaycan parlamenti və XİN səviyyəsində reaksiya verilməlidir.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyir ki, Jirinovski olduqca çirkin bir şəxsiyyətdir: «Ona görə ki, əgər insan bilməzliyindən, qanmazlığından qəbahətlər edirsə, onu bağışlamaq olar. Ancaq əgər insan bilikli, savadlıdırsa və bilə-bilə qəbahətlərə yol verirsə, deməli, bu, çox çirkin və alçaq bir adamdır.

Jirinovskinin isə yüksək təhsili var. Sovet dövründə Jirinovski bu cür təlxəkliklər etmirdi. Başa düşürdü ki, təlxəklik etsə, indiki kimi bəyanatlar versə, onu cəzalandıracaqlar. Amma indiki dövrdə o hiss edir ki, belə mövqelərə tələbat var. Ona görə ki, Putin rejimi, Rusiyanın indiki vəziyyəti jirinovskilərə ehtiyac duyur. Onun dedikləri hamısı Putinin və onun ətrafının mentalitetidir. Onlar bu cür düşünürlər, lakin düşüncələrini başqa bir adamın çatdırmasını istəyirlər. Ona görə də Jirinovski ortalığa düşüb. Bu adam dediklərinə görə heç vaxt cəzalandırılmır, əksinə, yüksək vəzifələr tutur. Təsəvvür edin, hamı deyir ki, bu adam xəstədir, dəlidir, təlxəkdir. Amma o, böyük bir partiyanın rəhbəridir. Eyni zamanda Dumada spikerin müavinidir. Onun axmaq-axmaq fikirləri çoxdur. Məsələn, deyir ki, rus əsgəri gedib Hind okeanında çəkmələrini yuyacaq». Eks-müşavir şübhə etmir ki, Jirinovski rəsmi Moskvanın iradəsinə uyğun danışır: «Kreml elitasının fikirləri sovet imperiyasını bərpa etməkdir. Ona görə də Jirinovski Gürcüstanı ən çirkin söyüşlərlə təhqir edir. O, Rusiyanın hərəkətlərinə bəraət qazandırır, deyir «əcəb etmişik, Abxaziya və Cənubi Osetiyanı işğal etmişik, nahaq yerə Tiflisi işğal etmədik». Qarabağ məsələsini da yaradan rus imperiyasıdır».

V.Quluzadə Jirinovskinin Qarabağla bağlı son açıqlamasının hansı təhlükəli planlardan xəbər verməsinə bu cür reaksiya verdi: «Bizim torpağımızın 20 faizinin işğalı elə təhlükəli plandır. Atəşkəs xəttində hər gün atəşin pozulması elə təhlükəli haldır. Biz yalnız 1998-99-cu illərdə Rusiyanın narazılığına baxmayaraq ermənilərlə snayper müharibəsinə son vermək haqda razılığa gəldik. Amma erməni parlamenti güllələnəndən, İstanbul sammitinin gündəliyindən Qarabağ məsələsi çıxarılandan sonra düşmən tərəf yenə od püskürməyə başladı. Bu, Moskvanın siyasətidir. İndiki situasiyada, Jirinovskinin dediklərindən sonra biz gərək diqqətlə Ukraynadakı Rusiya-Qərb qarşıdurmasına fikir verək. Məntiqlə bu qarşıdurmada Rusiya məğlub olmalıdır. Yəni artıq Krım məsələsi Abxaziya və Osetiya kimi nəticələnməməlidir. Əgər onda Putinə dirəniş göstərilsəydi və onu geri oturtsaydılar, bəlkə indi Krım məsələsi ortaya çıxmazdı. Amma indi daha böyük məsələ ortaya çıxıb, özü də düz Avropanın ortasında. Hiss olunur ki, Qərb Rusiya imperiyasını çökdürməkdə və hakimiyyəti dəyişdirməkdə çox israrlıdır. Əgər bu, baş versə, biz xilas olacağıq. Hər halda, Qərb çox israrlıdır. Bütün görünən tədbirlər ona doğru gedir. Yox, əgər Rusiya NATO-ya qalib gəlsə, Ukraynanı fəth etsə, onda ardınca bizim növbəmizdir».

V.Quluzadə onu da qeyd etdi ki, Jirinovski sovet vaxtı «KQB»-nin agenti kimi Türkiyədə işləyib: «Bu da onun Putinlə yaxın olmasının səbəblərindən biridir. Bir dəfə o, Putinlə yanaşı oturarkən ciddi siyasi səhvə yol verdi. Bu barədə sujeti televiziyada özüm izlədim. Jirinovski dedi ki, inqilabdan sonra Rusiyada hakimiyyətə şarikovlar gəlib. Şarikov da Bulqakovun «İt ürəyi»nin personajıdır. Putin bu ağır ifadələrdən sonra ona baxıb dedi ki, mənim də atam fəhlə olub. Əslində bu, çox ağır ifadə idi. Ancaq buna baxmayaraq, Putin bu dediklərini ona bağışladı». («Yeni Müsavat»)