vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:11 | 25 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın çıxılmaz dilemmaları

Sülhün yeganə istiqaməti – Azərbaycanadır

İsmayıl NADİRXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın beynəlxalq münasibətlərdə üzləşdiyi vəziyyət getdikcə daha da mürəkkəbləşir. ABŞ və Qərbin uzun illər davam edən dəstəyi artıq əvvəlki təsirini itirib, rəsmi İrəvan isə çıxılmaz bir durumda qərar tutub. Paşinyan hökuməti indi reallıqları dərk edərək, çıxış yolu axtarır və bu yolun yalnız bir istiqamətə – Bakıya yönəldiyi artıq şübhəsizdir. Lakin sülhə doğru atılacaq hər bir addım, Azərbaycanın şərtlərinin tam şəkildə yerinə yetirilməsi ilə mümkündür. Əks halda, Ermənistan zamanın və fürsətlərin tükəndiyi bir mərhələyə daxil olur.

Regionda yeni geopolitik vəziyyətin formalaşması artıq qaçılmazdır. Cənubi Qafqazda baş verən dəyişikliklər bütün dövlətlərin maraqlarını və strateji hədəflərini yenidən nəzərdən keçirməsini tələb edir. Ermənistan isə bu prosesin ən həssas nöqtəsindədir. Vaxtilə ABŞ, Avropa İttifaqı və Fransanın dəstəyi ilə mövqeyini gücləndirməyə çalışan rəsmi İrəvan, artıq bu ölkələrin öz daxili problemləri ilə məşğul olduğunu və Ermənistanın onların prioritetlərindən uzaqlaşdığını anlayır.

Xüsusilə ABŞ-da administrasiya dəyişikliyi və Trampın prezident postuna geri dönüşü Ermənistan üçün daha ciddi problemlər yaradıb. Əvvəllər Bayden administrasiyasının himayəsi altında olan Paşinyan hökuməti indi Ağ Evin diqqətindən kənarda qalıb. Vaşinqtonun əsas prioritetləri Ukrayna böhranı və Çinlə münasibətlərdir. Ermənistan isə ABŞ üçün yalnız əlavə problemlər yaradan bir ölkə kimi görünür. Paşinyan sonuncu ABŞ səfərində bunu açıq şəkildə hiss etdi və istədiyi dəstəyi ala bilmədən geri döndü.

Eyni zamanda, Avropa Birliyinin aparıcı gücləri – Fransa və Almaniya da öz gələcək taleləri ilə bağlı ciddi mübarizə aparırlar. Onlar üçün Ermənistan məsələsi artıq strateji əhəmiyyət daşımır. Bu, rəsmi İrəvanın Qərbdən gələn dəstəyə bel bağlamaq imkanlarını minimuma endirib. Nəticə etibarilə, Ermənistan üçün beynəlxalq himayədarların rolu zəifləyib və bu, ölkənin xarici siyasətində ciddi təlatümlər yaradıb.

Belə bir şəraitdə rəsmi İrəvanın sülh prosesinə geri dönməkdən başqa çıxış yolu qalmayıb. Halbuki, uzun müddət ərzində Paşinyan hökuməti Azərbaycanın sülh təkliflərini manipulyasiya edərək, Qərbin göstərişləri ilə hərəkət edirdi. Lakin indi vəziyyət tamam fərqlidir. Ermənistan iqtisadi blokada şəraitindədir və bu vəziyyət davam edərsə, ölkənin sosial-iqtisadi sisteminin tam çökməsi qaçılmazdır.

Digər bir vacib məqam Ermənistanın Türkiyə ilə münasibətləri və sərhədlərin açılması məsələsidir. Rəsmi İrəvan bu istiqamətdə də danışıqlar aparır, lakin Ankara açıq şəkildə bildirir ki, Ermənistan əvvəlcə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Yəni, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün ilkin şərt Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılmasıdır.

Azərbaycanın təqdim etdiyi sülh şərtləri isə beynəlxalq hüquq normalarına tam uyğun gəlir. Rəsmi İrəvan, ilk növbədə, sülh sazişi üzrə yekun mətnə razılıq verməli, Ermənistan konstitusiyasında ərazi iddialarını ləğv etməli, ATƏT-in Minsk Qrupunun tam ləğvi üçün Azərbaycanla ortaq müraciət etməli və Avropa Birliyinin adı altında fəaliyyət göstərən kəşfiyyat strukturlarını ölkədən çıxarmalıdır.

Maraqlıdır ki, Ermənistan artıq bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Konstitusiya dəyişikliyi ilə bağlı proseslər başlanıb və bu, Azərbaycanın tələb etdiyi əsas məsələlərdən biridir. Bu, rəsmi Bakının tələblərinin nə qədər prinsipial və Ermənistan üçün qaçılmaz olduğunu bir daha göstərir.

Beləliklə, Ermənistan üçün sülhün və inkişafın yeganə ünvanı Bakı olaraq qalır. Paşinyan hökuməti bunu nə qədər tez dərk edərsə, Ermənistanın fəlakət ssenarisindən qaçmaq şansı bir o qədər yüksək olar. Əks halda, Ermənistanın təkbaşına bu blokada şəraitində uzun müddət davam gətirməsi qeyri-mümkündür və nəticədə ölkə daha dərin bir böhrana sürüklənə bilər. Ermənistan üçün zaman tükənir və seçim artıq İrəvanın öz əlindədir.