vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
09:22 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1232 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşğalçı ağır seçimlə üz-üzə

Problemin həllində söz sahibliyini itirməsi təcavüzkar ölkəni qəliz duruma salıb; sabah Ermənistan Milli Təhlükəsizlik Şurasının fövqəladə Qarabağ toplantısı keçiriləcək...

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 2-də Ermənistanın Avrasiya Birliyinə üzvlüyü məsələsinə baxılacaq. Xatırladaq ki, qurumun Astanadakı təsis toplantısında İrəvan üçün məhz belə bir təxmini tarix müəyyən edilib. Əslində Ermənistanla bağlı məsələ bu marionet ölkə ötən il sentyabrın 3-də Gömrük İttifaqına qoşulmaqla bağlı Moskvada Serj Sərkisyanın verdiyi bəyanatla bitib. Sadəcə, zaman söhbətidir. Bu dəqiqə Kremlin əsas qayğısı şübhəsiz ki, Azərbaycanı quruma cəlb eləməkdir.


Dağlıq Qarabağ ətrafında son zamanlar cərəyan edən proseslər, diplomatik və siyasi fəallıq müstəsna olaraq bu imperativdən qaynaqlanır. Özü də fəallıq bütün mümkün istiqamətlərdə müşahidə edilməkdədir. Hətta ortada hansısa gizli anlaşmaların olduğu barədə informasiyalar var. İlk növbədə də Bakı ilə Moskva arasında intensiv zondaj getdiyi haqda məlumatlar gəlir.

Qarabağ məsələsində öz yanlış siyasəti üzündən söz sahibliyini faktiki olaraq itirən Ermənistan da məhz buna görə narahatdır. İrəvan əndişə keçirir ki, gizli Qarabağ bazarlaşmasında onun maraqları ciddiyə alınmaz. Görünür, bu və digər səbəblərdən iyulun 2-də Ermənistan Mili Təhlükəsizlik Şurasının xüsusi toplantısı nəzərdə tutulub. «Qraparak» qəzetinin yazdığına görə, fövqəladə iclas Ermənistanın yüksək çinli məmurlarının son vaxtlar Xankəndinə etdikləri səfərlərdən dərhal sonraya təsadüf eləməsi ilə də diqqət çəkir.

Qeyd edək ki, sonuncu dəfə baş nazir Abramyanın bir neçə gün öncə Xankəndində olub və burada separatçıların liderləri ilə saatlarla danışıqlar aparıb. Bütövlükdə iyun ayı ərzində Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan xaricdəki diplomatik korpusla, parlamentin spikeri Qalust Saakyan deputat nümayəndə heyəti ilə, habelə Gevorq Konstanyan başda olmaqla, Baş Prokurorluğun rəhbər heyəti, müdafiə naziri Seyran Ohanyan, ən sonda isə ədliyyə naziri Ovanes Manukyan Dağlıq Qarabağda olublar. Ən sonda isə Serj Sərkisyanın separatçı bölgəyə baş çəkib qayıtdıqdan sonra iclasın öz işinə başlayacağı bildirilir. Demək, hələ bütün «i»lərin üzərinə nöqtələr qoyulmayıb.

«Joxovurd» qəzetinin yazdığına görə isə bu səviyyəli səfərlər təsadüfi deyil və ortada Qarabağa dair hansısa plan var. Sitat: «Bizim diplomatik mənbələrimiz iddia edir ki, Xankəndində müzakirələrin əsas mövzusu Ermənistanın Avrasiya İttifaqına qoşulmasından sonra yaranacaq yeni situasiya ilə bağlı hər bir idarənin üzərinə düşəcək vəzifələri qabaqcadan nəzərdən keçirmək olub».

 

***

 

Mövzuya aid maraqlı detallardan biri də eyni gündə - iyulun 2-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısının nəzərdə tutulmasıdır. Bəzi məlumatlara görə, həmin toplantıda KTMT qüvvələrindən Dağlıq Qarabağda sülhməramlı qismində istifadə olunmasının mümkünlüyü diqqət mərkəzinə gətiriləcək. Əgər belə bir müzakirə olacaqsa, bu, qurumun tarixində ilk dəfə olacaq.

Bütün bunlar bir daha onu göstərir ki, işğalçı tərəf narahatdır və o səbəbdən sürəkli olaraq daxili məsləhətləşmələr aparır. Düşmən ölkə mətbuatının da qeyd elədiyi kimi, ermənilərin hər addımda Dağlıq Qarabağı münaqişə tərəfi kimi danışıqlara qoşmağa çalışması bu narahatlığın başqa bariz təzahürü sayıla bilər.

Yeri gəlmişkən, ATƏT Parlament Assambleyasının Bakı toplantısında da erməni nümayəndələr söz alar-almaz bu məsələni qaldırıblar. Guya separatçı rejim məsələdə hansısa söz sahibidir. Halbuki hazırda heç «müstəqil» Ermənistanın özü Qarabağ mövzusunda ciddi söz sahibliyindən məhrumdur, o ki qala «KQB» casusu, separatçı rejimin başçısı Bako Saakyan.

 

***

 

İşğalçı ölkənin mürəkkəb durumu xarici siyasi təhlilçilərin və diplomatların da diqqət mərkəzindədir. Söhbət öncəliklə ATƏT-in Minsk Qrupunu amerikalı həmsədri Ceyms Uorlikdən gedir. Ötən həftə diplomat bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan prezidentlərini təcili şəkildə Fransa prezidenti Fransua Ollandın görüş təklifinə razı olmağa və Qarabağa dair anlaşma əldə eləməyə çağırıb. Oxşar fikri Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter səsləndirib.

Problemin həllinin ləngiməsinə görə narahatlığı ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern də dilə gətirib. «Amerikanın səsi» radiosunun erməni redaksiyasına müsahibəsində diplomat Minsk Qrupu həmsədrlərinin həll axtarışı yönündə «ciddi səylər göstərdiyini» bildirib və qeyd edib ki, «amerikalı həmsədr Ceyms Uorlikə hər iki tərəfi təşviq eləmək göstərişi verilib». Eyni zamanda etiraf edib: «Hazırda danışıqlarda cüzi tərəqqi var. Səfir Uorlikə təlimat verilib ki, həm Bakının, həm də İrəvanın yollar axtarmasına təkan versin, tərəflər bir-biri ilə daha çox danışsınlar».

«Ermənistan ağır vəziyyətdən çıxmaq üçün özü qərar verməlidir. Bu xüsusda onun yaxşı variantları yoxdur, ancaq pislərdən ən yaxşısını seçməyi bacarmalıdır». Bu sözləri isə eyni adlı radionun erməni redaksiyasına müsahibəsində tanınmış amerikalı politoloq Pol Qobl söyləyib.

«Mən düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Moskva Ermənistandan sırf öz maraqları naminə istifadə edir», - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, Rusiya Krımı işğal eləməklə məhz öz maraqları baxımından olduqca ciddi səhvə yol verib: «Çünki indi bütün ölkələr Rusiyanın zor gücünə sərhədləri dəyişmək siyasətindən narahatdır. Əgər Ermənistan da bu yolla gedib Qarabağı zorla özünə birləşdirsə, yeni müharibəyə tuş gələcək və təcrid duruma düşəcək».

«Keçmiş sovet respublikalarının sərhədləri Stalin dövründə müəyyənləşib və buna kimi onların arasında dəqiq sərhədlər olmayıb. Həmin sərhədlər nə qədər mübahisəli olsa da onların dəyişdirilməsi qat-qat təhlükəlidir, nəinki saxlanması» - əlavə edib Qobl.

 

***

 

ATƏT-in Bakı sammitində də sərhədlər məsələsi məxsusi diqqətə olub. Bununla bağlı təşkilatın hazırkı sədri Burkhalter deyib: «ATƏT-in münaqişələrin həllində rolu artmalıdır. Bu sahədə ATƏT-in yerlərdəki ofislərinin fəallığının artması vacib olacaq. ATƏT-i gücləndirmək üçün Helsinki Yekun Aktının prinsiplərinə əməl etmək zəruridir. Biz Avropa Birliyinin Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişi imzalaması yönündə fəaliyyəti dəstəkləyirik. Biz gələcək nəsillərin təhlükəsizliyinə nail olmalıyıq. Bunun üçün Qərblə Şərqin ayrılmamasına çalışmalıyıq».

Təşkilat rəhbəri daha sonra bildirib: «Dağlıq Qarabağ kontekstində isə biz ümid edirik ki, danışıqların fəallaşmış və strukturlaşmış prosesi tezliklə işə düşəcək. Biz həmçinin ən yüksək səviyyədə vasitəçilər və dialoqda iştirak edən vətəndaş cəmiyyətləri arasında mübadilələrə kömək edirik. Münaqişənin həllinə gəlincə, planımız belədir: növbəti mərhələdə prezidentlər arasında yeni görüş keçirilməlidir. Yeni debatın əsasını qoymaq istəyirik. Çünki bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Hər iki prezidentlə bir neçə həftə bundan əvvəl bunları müzakirə etmişik. ATƏT vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək niyyətindədir. Düşünürük ki, ATƏT-in böyük potensialı var. Sadəcə, mən sizdən xahiş edirəm, münaqişə barədə 57 dövləti dolğun məlumatlandırasınız ki, yüksək dəstək ifadə olunsun».

Azərbaycan prezidenti İlham Əliyev də öz çıxışında Helsinki Yekun Aktının müddəalarına əməl edilməsini problemin həllində vacib sayıb. Sitat: «Həmsədrlər bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını etməyə gəlinə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb».

 

***

 

Beləliklə, iyul ayı ATƏT sədrinin də ümid elədiyi kimi, Qarabağ münaqişəsi ətrafında duruma əhəmiyyətli şəkildə aydınlıq gətirməlidir. O sırada Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün reallaşıb-reallaşmayacağı da daxil olduğumuz ayda dəqiqləşməlidir. Bu görüş yeni situasiyaya təsadüf eləməlidir.